"Dünyanın əmtəə və maliyyə bazarlarında baş verən
proseslər, daha dəqiq desək, neftin və qızılın ucuzlaşması,
dolların isə bahalaşması Neft Fondunun vəsaitlərinə təsirsiz
ötüşməyib".
Axar.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev öz
Fesybuk səhifəsində yayıb. O, 2014-cü ilin 3-cü rübünün Neft Fondu
üçün o qədər də uğurlu olmadığını bildirib:
"Dünən Dövlət Neft Fondunun 2014-cü ilin doqquz ayı ərzində
gəlir və xərclərinə dair məlumat açıqlandı. Məlum oldu ki, 2014-cü
ilin 9 ayı ərzində Fondun aktivləri 3,98% artaraq $35877,5
milyondan $37305,3 milyona yüksəlib. Ancaq məlumatların analizi
göstərir ki, 3-cü rüb Fond üçün bir o qədər də uğurlu olmayıb".
Samir Əliyev Neft Fondunu gözləyən təhlükələri belə izah
edib:
"1. Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan
gəlirlər azalıb. Yanvar-sentyabr aylarında Fondun vəsaitlərinin
idarə olunmasından əldə olunan gəlirlər 162,3 milyon manat təşkil
edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,9% azdır.
2013-cü ilin yanvar-sentyabr aylarında Fondun gəlirləri 311,2
milyon manat olub. 2012-ci ilin uyğun dövründə isə bu göstərici
daha yüksək - 440,4 milyon manata bərabər olub.
2. Fondun investisiya portfelinin gəlirliliyi azalıb. Əgər ötən
ilin 9 ayında portfelin gəlirliliyi 1,1% idisə, cari ilin analoji
dövründə gəlirlilik 0,6%-ə düşüb. Halbuki 2012-ci ilin müvafiq
dövründə gəlirlilik 1,7% olub.
3. Qızılın gəlirliyi azalıb. Ötən ilki 243,2 milyon manatlıq
zərərdən sonra Fonda gəlir gətirməyə başlayan qızıl yenidən itki
verməyə başlayıb. Qızılın qiymətinin dəyişməsindən yaranan gəlir I
rübdə 60,8 milyon manat, II rübdə 78,1 milyon manat olduğu halda,
III rübdə 3,7 milyon manata düşüb.
4. Fondun aktivləri 0,8% azalıb. Cari ilin 3-cü rübündə Fondun
aktivlərinin həcmi əvvəlki rübə nisbətən 317,1 milyon dollar
azalaraq oktyabrın 1-i tarixinə 37305,3 milyon dollara düşüb.
Aprelin 1-i tarixinə aktivlərin həcmi 37622,4 milyon dollar
olub.
5. Valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərər
artıb. Fondun hesabatına görə, yaranan fərq üzrə zərər 966,4 milyon
manat olub. Halbuki ötən ilin uyğun dövründə zərərin həcmi 38,7
milyon manat təşkil edib. Zərərin bu həddə çatmasına səbəb Fondun
valyuta ehtiyatına daxil edilən valyutaların əksəriyyətinin il
ərzində ucuzlaşmasıdır. İkinci ən böyük paya malik avronun (35,4%)
manata olan məzənnəsi 2014-cü ilin 9 ayında təxminən 7% ucuzlaşıb.
Zərərin məhz böyük hissəsi 9,7 milyard avroluq valyutanın
dəyərsizləşməsi hesabına yaranıb. Bu müddətdə Britaniya funtu
(5,3%-lik pay) 1,2%, Avstraliya dolları (0,5%-lik pay) 1,8%, türk
lirəsi (1,2%-lik pay) 5%, rus rublu (1,3%-lik pay) 16% ucuzlaşıb.
Yeganə olaraq 1,2%-lik paya malik Cənubi Koreya vonu 0,5%
bahalaşıb. Ehtiyatın 51,7%-nə malik ABŞ dolları son aylar
əhəmiyyətli dərəcədə bahalaşsa da manata nisbətən məzənnəsi sabit
qalıb".
O, son hesabatda Neft Fondunun investisiya portfelinin
gəlirlərinin azalmasının müşahidə edildiyini də vurğulayıb:
"Son hesabat göstərdi ki, Neft Fondunun investisiya portfelinin
gəlirliyinin azalması müşahidə edilir. İnvestisiya siyasətinə
edilmiş dəyişiklik nəticəsində portfelə daxil etdiyi yeni
valyutalar 2014-cü ildə xeyli ucuzlaşıb. Əgər türk lirəsi və
avronun ucuzlaşması əsasən dolların bahalaşması ilə bağlı idisə,
rus rublunun dəyərsizləşməsi həm də Rusiyaya tətbiq edilən
sanksiyaların nəticəsi idi. Situasiyanı düzgün qiymətləndirən Fond
ilin əvvəlində rus rublunun müəyyən hissəsindən imtina edə
bilmişdi. Ən böyük paya malik ABŞ dollarının (51,7%) bahalaşması
digər valyutaların ucuzlaşmasını kompensasiya edir. Ancaq dolların
manata olan məzənnəsinin sabit qalması Fondun valyuta
ehtiyatlarının manat ifadəsində milyarda yaxın zərərə düşdüyünü
göstərir...
Neft Fondu üçün qarşıda çətin günlər durur. Güman ki, bir
tərəfdən neft hasilatının və onun ucuzlaşması nəticəsində
daxilolmaların azalması, digər tərəfdən dövlət büdcəsinin gələn il
pula ehtiyacın daha da artması Fondun aktivlərinin azalmasına
gətirib çıxaracaq. Üstəgəl, Fondun puluna Rusiya şirkətlərinin göz
dikməsi vəsaitlərin səmərəsiz istiqamətə yönəldilməsi ilə
nəticələnə bilər. Fond Çin yuanını valyuta ehtiyatına daxil etmək
planını açıqlayıb. Bu təqdirəlayiqdir, ancaq onun məbləği müzakirə
mövzusudur. Çünki Çin iqtisadiyyatında müşahidə edilən zəifləmə
yuanın məzənnəsinə mənfi təsir göstərə bilər. Məncə, yuanın daxil
edilməsi avronun payının azaldılması hesabına baş verməlidir. Yəqin
ki, yaxın 1-2 ildə Rusiya aktivləri cəlbediciliyini itirəcək.
Müşahidələr göstərir ki, yaxın dövrdə ən etibarlı valyuta məhz ABŞ
dolları olacaq".