Bir neçə gün əvvəl müasir Azərbaycan dövlətinin qurucusu
Heydər Əliyevin vəfatının 10 ilini andıq, xidmətilərini xatırladıq.
Onlar çoxdur. Amma Heydər Əliyevin imzasına bağlı bir əməl də var
ki, Azərbaycan və azərbaycanlılar bu gün də, sabah da onun
bəhrəsindən faydalanacaqlar.
Söhbət 1994-cü ilin sentyabr ayında imzalanmış "Əsrin
müqaviləsi" ilə tanınan məşhur konrtaktdan gedir. Məhz bu müqavilə
Azərbaycanı yeni təhlükəsizlik sisteminə qoşdu və Bakı-Ceyhan əsas
ixrac boru kəməri dövlətin təhlükəsizlik kəmərinə çevrildi. Bu
müqavilənin imzalanması adi protokol qarası deyildi. Bu qlobal bir
iqtisadi-siyasi dəyişikliyin bünövrəsi idi. Bu müqavilənin
imzalanmasına razı olmayan güclü qüvvələr və onların maraqlarının
Azərbaycanda icraçıları var idi. Milli Təhlükəsizlik Nazirliyinin
təcridxanasından qaçışı təşkil edənlər, Afiyəddin Cəlilovun və
Şəmsi Rəhimovun qətlə yetirilməsi ilə ölkədə iğtişaşlara rəvac
verilməsini planlaşdıranlar, Qarabağda vəziyyətin Azərbaycanın
ziyanına dəyişdirilməsi və daha neçə-neçə ciddi səbəblər "Əsrin
müqaviləsi"nin imzalanması əleyhinə atılan addımların tərkib
hissəsi idi.
Amma Heydər Əliyevin qolu güclü çıxdı və sənədə qoyulmuş bu qol
Azərbaycan dövlətinin regionda əzələ nümayişi oldu. Və elə bununla
da ölkənin iqtisadi qüdrətinin artırılmasına start verildi.
Beləliklə, Heydər Əliyev "Əsrin müqaviləsi"nin müəllifi kimi
tarixə düşdü. Bir neçə gün keçəcək, daha doğrusu, dekabrın 17-də
Azərbaycanda 21-ci əsrin müqaviləsi imzalanacaq. Bu müqavilənin
müəllifi isə İlham Əliyev olacaq. Şahdəniz, Cənubi Qafqaz boru
kəməri, TANAP və TAP layihələrinin işlənməsi ilə bağlı imzalanan
kontrakt Azərbaycanın yaxın 100 ilinin müstəqilliyinin əsas
təminatçısı rolunda çıxış edəcək.
Biz əslində, böyük bir tarixi günün ərəfəsində olduğumuz üçün
fərqinə varmırıq. Söhbət 20 sentyabr kimi, 17 dekabrın da dövlətin
və millətin təqviminə qırmızı rəngdə yazılacağından gedir. Və təbii
ki, bu tarixi hadisə də ucuz başa gəlmir. "Əsrin müqaviləsi" kimi,
bu sənədin imzalanması ərəfəsində də Azərbaycan müxtəlif
provakasiyalarla üzləşir. İstər xaricdən, istərsə də daxildən bu
böyük hadisənin qarışısını almağa çalışanlar var. Daxildə sabitliyi
pozmağa cəhd edən qüvvələrin gücü az olsa da, hər halda ayrı-ayrı
fəsadlara, qan qaraltmağa çatır. Milli Təhlükəsizlik Nazirliyinin,
Daxili İşlər Nazirliyinin, Azərbaycan Sərhəd Xidmətinin gördüyü
tədbirlər göstərir ki, dövlət sərvaxtdır. Xarici qüvvələrin
Azərbaycana təzyiq göstərmək imkanları isə 1993-94-cü ildə olduğu
qədər deyil. O zaman tətbiq olunan texnologiyalar üçün də bu gün
elə bir baza yoxdur. Buna görə də yeni üsullara əl atılır. Məsələn,
məndən ötrü Qlobal Uitnes Təşkilatının yaydığı Hesabatla MTN-in
təcridxanasından təşkil olunmuş qaçış və ya Şəmsi Rəhimovla
Afiyyədin Cəlilovun qətli arasında məzmun fərqi yoxdur. Hər iki
halda söhbət nəhəng tarixi layihənin qarşısının alınmasına
yönəldilmiş addımlardan gedir. Mən indi sizə Qlobal Uitnes-in
bəyanatındaki detallar barədə danışmayacağam. Ona görə yox ki, bu
sənəddə səslənən fikirlərin araşdırılmasında maraqlı deyilik,
sadəcə ona görə ki, bir az əvvəl qeyd etdiyimi provakasiyanın
ictmailəşdirilməsinin tərəfdarı deyiləm. Dövlət Neft Şirkətinin
bəyanatını da sizə təqdim etməyəcəyəm. Bircə onu deməyi lazım
bilirəm ki, şirkət Hesabatda biznes partnoyrların seçilməsi ilə
bağlı əks olunan bəyanatları qurumun dünyada artan nüfuzuna xələl
gətirməyə cəhd kimi qiymətləndirir və bildirir ki, bəyanat öz
qeyri-dəqiq məlumat bazasına əsaslanır və istifadə olunmuş
məlumatların bir hissəsi təhrif edilib, digər hissəsi isə köhnəlib.
Vəssalam. Bununla kifayətlənirəm. Gəlin, dekabr ayının 17-ni
gözləyək. 21-ci əsrin müqaviləsi imzalansın. Elə həmin həftə biz
Dövlət Neft Şirkətinin rezidenti ilə müsahibə edərik, ondan bütün
suallara cavab alarıq. Məncə, o söhbətdən sonra boş yer
qalmayacaq.