"Azərbaycanda daxili bazarın qorunmasına start
verilib".
Axar.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev öz
Feysbuk profilində qeyd edib.
O, dekabr ayında Mərkəzi Bankın öz ehtiyatlarının 8%-ni
itirdiyini qeyd edib:
"Hökumətin qarşısında qeyri-neft sektorunu inkişaf etdirmək kimi
bir vəzifə durur. Səbəb də aydındır. Artıq neft gəlirləri əvvəlki
səviyyədə deyil. Qeyri-neft sektorunu inkişaf etdirmək üçün ya
ixrac stimullaşdırılmalı, ya da daxili bazar qorunmalıdır. Manatın
devalvasiyasının indiki dövrdə təhlükəli olması stimullaşdırma
ideyasını hələ ki, arxa plana keçirir. Hələ kiçik gərginliyə görə
təkcə dekabr ayında Mərkəzi Bankın ehtiyatlarının 8 faizini
itirməsi vəziyyətin daha da kritik olmasından xəbər verir.
Hökumətin devalvasiya riskinə getməsi inandırıcı görünmür, halbuki
bütün şərtlər bunu diktə edir. Deməli, daxili bazarı qorumaqla
yerli istehsalın rəqabət qabiliyyətini artırmaq variantı gündəmə
gəlir. Ucuz və keyfiyyətli xarici malın qarşısında ancaq və ancaq
ondan da ucuz yerli istehsal tab gətirə bilər".
Gələcəkdə ölkədə inflyasiya artımının olacağını deyən ekspert
siqaret və spirtli içkilərin qiymətinin daha da bahalaşacağını
bildirib:
"Fikrimcə, bir sıra mallara, o cümlədən geniş istehlak olunan
siqaret və spirtli içkilərin idxalına qoyulan aksizlərin
artırılması daha çox daxili bazarı qorumaq məqsədi daşıyır. Çünki
Azərbaycanın əsas ticarət tərəfdaşları olan ölkələrin demək olar
ki, hamısında milli valyutalar devalvasiyaya uğrayıb. Bu isə o
deməkdir ki, onların istehsalı olan məhsullar ölkəyə gətiriləndə
yerli mallarla müqayisədə ucuz olur. Bu da yerli istehsala problem
yaradır. Hökumət bu yolla daxili istehsalı qorumağa çalışır.
Bunun arxasında dövlət büdcəsinə vergi daxilolmalarının
artırılması kimi məqsəd də durur. Hər halda neft gəlirlərinin
kəskin azalması hökuməti alternativ mənbələr axtarmağa vadar
edir.
Nazirlər Kabinetinin siqaret və spirtli içkilərin idxalına
tətbiq edilən aksiz vergisi dərəcəsinin artırması gələcəkdə ölkədə
inflyasiya artımına gətirib çıxaracaq. Təbii ki, adıçəkilən
malların bahalaşması qaçılmaz olacaq".