Martın 31-i mənfəət, gəlir, əmlak və yol vergisi üzrə
bəyannamələrin vergi orqanlarına təqdim edilməsinin son
müddətidir.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Axar.az-a
veriləm məlumata əsasən, 2014-cü
ilin yekunlarına görə gəlir vergisinin ödəyiciləri olan rezident və
qeyri-rezident fiziki şəxslər gəlir vergisi bəyannaməsini, mənfəət
vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi
şəxslər isə mənfəət vergisinin bəyannaməsini cari ilin mart ayının
31-dək vergi orqanına təqdim etməyə və hesablanmış vergiləri tam
həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.
Əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin
bəyannaməsini, Azərbaycan Respublikasının ərazisində 2014-cü ilin
sonu vəziyyətinə mülkiyyətində və ya istifadəsində avtonəqliyyat
vasitələri olan hüquqi şəxslər isə yol vergisinin bəyannaməsini
vergi orqanına təqdim etməyə, hesablanmış vergiləri tam həcmdə
dövlət büdcəsinə ödəməyə borcludurlar.
Vergilər Nazirliyi bildirir ki, Azərbaycan Respublikasının Vergi
Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən vergi
hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən
edilən müddətdə təqdim etməyən vergiödəyiciyə vergi orqanının
qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq
edilir. Büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə
yayındırdıqda isə vergiödəyiciyə yayındırılmış vergi məbləğinin 50
faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Vergilər qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, bir
ildən çox olmamaqla ödəmə müddətindən sonrakı hər bir ötmüş gün
üçün vergiödəyicidən ödənilməmiş vergi məbləğinin 0,1 faizi
miqdarında faiz tutulur.