Rusiya Prezidenti Vladimir
Putin Avrasiya İqtisadi Birliyi ölkələri arasında istifadə ediləcək
yeni pul vahidi yaradılmasını təklif edib. Bu pulun adı türkcə
"Altın" (Qızıl) olacaq.
Avropa.info xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin
Dumaya göndərdiyi bir qanun layihəsi ilə Avrasiya İqtisadi
Birliyində ortaq pul vahidi yaradılmasını təklif edib.
Yeni pul vahidinin adının "Altın" seçilməsi isə müəyyən suallara
səbəb olub. Müasir Rusiyanın yerləşdiyi coğrafiyada 15-ci əsrdə
monqol-tatarların Qızıl Orda dövləti mövcud olub ki, adı çəkilən
dövlət 400 il ərzində "Altın" adlı pul vahidindən istifadə edib.
Lakin həmin dövlətin pul vahidi sözün həqiqi mənasında qızıl idi.
Rusiyanın və onun Avrasiya İttifaqındakı müttəfiqlərinin pul vahidi
kimi qızıldan istifadə edə biləcəkləri ağlabatan görünmür.
Layihə Dumadan keçərsə, avro və dollara rəqib olaraq Avrasiya
məkanında yeganə pul vahidi olan bir "Altın" zonası yaratmaq
planlaşdırılır.
Avrasiya İqtisadi Birliyi Rusiya, Ermənistan, Belarus,
Qazaxıstan və Qırğızıstanı əhatə edir. "Altın"ın 2020-ci ilə qədər
dövriyyəyə buraxılması planlaşdırılır.