Biz inkişaf dinamikamızı daha da sürətləndirməliyik və
Azərbaycanda dayanıqlı inkişaf davam etməlidir. Son illər ərzində
iqtisadi və siyasi sahələrdə əldə edilən uğurlar onu göstərir ki,
biz düzgün yoldayıq.
Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev
Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan
iclasında bildirib.
"Hər zaman olduğu kimi, birinci rübdə də bizim çox fəal xarici
siyasətimiz olmuşdur. Ancaq hesab edirəm ki, biz birinci rübdə daha
da fəal işləmişik. Mən birinci rübdə bir çox xarici səfərlərdə
olmuşam - həm rəsmi, həm işgüzar səfərlərdə. Davos İqtisadi
Forumunda, Münxen Təhlükəsizlik Konfransında, Londonda Suriyaya
dəstək konfransında iştirak etmişəm. Birləşmiş Ərəb Əmirliklərinə,
İran İslam Respublikasına, Türkiyəyə, Amerika Birləşmiş Ştatlarına
səfərlərim olubdur. Bütün bu səfərlərin coğrafiyası özlüyündə bir
göstəricidir. Onu göstərir ki, Azərbaycan çox fəal və çoxşaxəli
xarici siyasət aparır, bizim dostlarımızın sayı artır. Hətta
bir-biri ilə o qədər də yaxın münasibətlərdə olmayan ölkələrlə
Azərbaycan çox səmərəli, qarşılıqlı hörmət və maraqlar üzərində iş
qurubdur.
Beləliklə, bizə beynəlxalq ictimaiyyət tərəfindən olan inam
artır. Azərbaycan çox etibarlı tərəfdaş kimi tanınır və bölgədə
sabitləşdirici rol oynayır. Onu da qeyd etməliyəm ki, birinci rübdə
Azərbaycana 10 xarici dövlət və hökumət başçısı səfər etmişdir.
Onların arasında rəsmi səfərlər olubdur və IV Qlobal Bakı Forumunda
iştirak etmək üçün dövlət və hökumət başçıları gəlmişlər.
Bir daha demək istəyirəm ki, bu, bizim uğurlu xarici
siyasətimizi göstərir. Bu siyasət davam etdiriləcək. Bir daha qeyd
etmək istəyirəm ki, dünya birliyi Azərbaycana böyük hörmətlə və
rəğbətlə yanaşır. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl biz
BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq. Bu, o vaxt da bizim üçün
təsadüfi deyildi və bu gün də əldə edilən uğurlar bunu bir daha
göstərir.
Bununla bərabər, yeni regional əməkdaşlıq formatı yaranır,
formalaşır. Azərbaycan-İran-Rusiya regional formatı, xarici işlər
nazirləri görüşmüşlər. Ondan bir-iki gün əvvəl İranda
Azərbaycan-İran-Türkiyə xarici işlər nazirləri görüşmüşlər. Digər
üçtərəfli formatlar var. Azərbaycan-Gürcüstan-Türkiyə formatı var.
Yəni, bütün bu üçtərəfli təşəbbüslər regionda təhlükəsizliyin təmin
edilməsi və əməkdaşlığın dərinləşməsi üçün çox vacibdir. Gördüyünüz
kimi, Azərbaycan hər bir formatda iştirak edir", - İlham Əliyev
qeyd edib.