Yuxarı

"Tütək səsi"nin Nurusu: "Ağlaşma qurmayacam..."

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsahibimiz "Cin mikrorayonda" filmində yaratdığı Rüstəm obrazıyla yaddaşlarda silinməz iz buraxan Əməkdar artist Ötkəm İsgəndərovdur.

Hal-hazırda ADMİU–nun "Teatr və kino aktyoru" fakültəsinin dekanıdır.


Rayona pərt qayıtmamaq üçün elektirik qaynaqçısı oldum

- Ötkəm bəy, xahiş edirəm özünüz haqda qısaca məlumat verəsiniz.


- 1955–ci ildə Nefçalada fəhlə ailəsində dünyaya göz açmışam. Orta məktəbi bitirdikdən sonra Bakıya gəldim, İncəsənət inistutunun aktyorluq fakultəsinə sənədlərimi verdim. Birinci ixtisas imtahanından kəsildim. Küçədə bir bildiriş gördüm: Elektrik qaynaqçısı peşə məktəbinə qəbul elan edilirdi. Rayona pərt qayıtmamaq üçün sənədlərimi verdim ora. Orda ayda 75 manat təqaüd verirdilər, evdəkilərə çox əziyyət olmasın deyə, həmin məktəbi seçdim. Eyni zamanda televizorda eşitdim ki, aktyor kursları məktəbi var, rəhmətlik Adil İsgəndərov rəhbərlik edir. Sənədlərimi ora da verdim. Gündüz elektirik qaynaqçılığı təhsili alırdım, axşamlar da aktyorluq kurslarına gedirdim. Bir il sonra yenidən sənədlərimi verdim İncəsənət inistutuna. Məndən qabiliyyət imtahanlarını Adil İsgəndərov götürdü. Və beləliklə, 1973–cü ildə mən ixtisas imtahanından 5 alaraq İncəsənət inistutunun aktyorluq şöbəsinə daxil oldum. İki il orda oxuduqdan sonra 1975–ci ildə, Rəhmətlik Rasim Ocağov məni "Tütək səsi" filminə dəvət elədi. Və mənim çəkildiyim ilk filim oldu "Tütək səsi". O filimdə Nuru obrazını canlandırdım. Bundan sonra "Firəngiz" filminə çəkildim. Moskovanın Kinematoqrafiya institutunun Azərbaycan şöbəsi açılanda Kamil Rüstəmbəyov mənə məsləhət gördü ki, təhsilimi orda davam etdirim və belə də oldu. Həmin kursa Sovet İttifaqının xalq artisti, Yevgeni Matveyev rəhbərlik edirdi. Biz o kursda 15 nəfər idik. Həmidə Ömərova, Fərhad İsrafilov, Ömər Nağıyev, Sona Mikayılova və sairə.
Üçüncü kursda oxuyarkən Qorki adına studiyadan "Naqqal" filminə dəvət aldım. O filmlə İttifaqda ilk dəfə azərbaycanlı obrazının azərbaycanlı kimi ifaçısı mən oldum. 1979–cu ildə oranı bitirdikdən sonra Azərbaycana qayıdaraq ardıcıl olaraq filmlərə çəkilməyə başladım. "Məlikməmməd", 1985–ci ildə "Cin mikrorayonda", ümumilikdə 44 filmə çəkilmişəm. Bir müddət sonra 2003–cü ildə Ələkbər Kazımovskinin rejissoru olduğu "Tənha durna" filmində baş rolu ifa etdim. Sonuncu dəfə çəkildiyim film 2007–ci ildə İranda oldu, "İtkin pay".

"Tütək səsi"ndəki Nuru

- Çəkildiyiniz filmlərdən ən çox hansını sevirsiniz?

- Çəkildiyim bütün filmlər doğmadır mənə. Anadan soruşarlar ki, hansı övladını daha çox sevirsən? O da cavab verər ki, bütün övladlarımı çox sevirəm. Bu da belə bir şeydir. Amma təbii ki, "Tütək səsi" filmində canlandırdığım Nuru obrazı mənə xoş bir xatirə kimi əzizdir. O film nümayiş olunandan iki gün sonra avtobusa minəndə yaşlı bir xanım durub öz yerini mənə verib dedi: "Buyurun, əyləşin Nuru müəllim".

- Sovet İttifaqı dağıldıqdan sonra, film çəkilişlərində uzunmüddətli durğunluq yarandı. Belə olan halda siz nə etdiniz, nə işlə məşğul oldunuz?

- 1991-ci ildən sonra, məni Məlikməmməd filminə çəkən rejissor Tofiq İsmayılov İncəsənət universitetinə gətirdi və mən müəllim işləməyə başladım. Əvvəllər öhdəsindən gələ bilməyəcəyimdən qorxurdum. Müəllimlik çətin peşədir. Həm də filmlərə çəkilmədiyimə görə sıxılırdım. Amma yavaş-yavaş alışdım. Artıq 23 ildir ki, müəllim işləyirəm.

Filmdə İsa Hüseynovu canlandırırdım

- Nuru obrazını canlandırdığınız "Tütək səsi" filminin rejissoru Rasim Ocaqovla işləmək, sizin üçün çətin olmadı ki? Həm də ilk dəfə filmdə rol alırdınız.

- Əlbəttə çətin idi. Rasim Ocaqovla işləmək çox rahat idi. "Tütək səsi" Rasim Ocaqovun sərbəst rejissor kimi ilk işi idi. Mənə nə tələb olunduğunu başa salırdı və mənim də ifam onu qane edirdi. Məsələ burasındadır ki, əgər filmə fikir vermisinizsə, filmin ssenari müəllifi İsa Hüseynovun özünü canlandırırdım. Sınaqlarda İsa Hüseyinovun özü demişdi ki, bu aktyor Nuru obrazı üçün yaxşıdır. Üzü işıqlıdır, nurludur, ağıl yağır üzündən bu aktyorun. (Gülür)

- İsa Hüseynov filmin çəkiliş proseslərində iştirak edirdimi?

- Bəli, İsa Hüseynov filmin çəkiliş meydançasında olurdu həmişə.

Ssenarist-rejissor çəkişməsi

- Sizcə, rejissorlara çəkiliş zamanı ssenaristlər müdaxilə etməlidirmi? Bu cür müdaxilə rejissorlara mane olmur ki?

- Ssenaristlər müdaxilə etməlidirlər. Bəzən rejissorlar gileylənirlər bu müdaxilələrindən. Rejissorlar ssenaridəki hansısa rüşeyimi tutaraq, onun ardınca getməyə və öz fantaziyalarını ortaya qoymağa çalışırlar. Buna görə narazılıqlar olur. Bu, təbii bir şeydir. Yaradıcılıqda çəkişərək bərkimək yaxşıdır. Yaradıcılıq heç bir çərçivəyə sığmamalıdır. Ancaq ssenari müəllifi ilə qurluşçu rejissor ümumi dil tapanda, bu anlaşmadan daha çox qazanan tərəf film olur.

Serial çəkənlərin çoxunun rejissorluğa dəxli yoxdur

- Sizi, yeni çəkilən seriallara dəvət edirlərmi?

- Əvvəla, dəvət eləsələr də, seçim edərəm. Rejissoru kimdir, mövzu nədir? Bir də ki, mən o yaşda deyiləm axı ikinci dərəcəli obrazlar canlandıram. Demirəm ki, Robert Deniroyam. Çəkilən seriallar isə, məni qane etmir. Nə rejissor işi, nə aktyor işi, nə operator, nə də səsləndirmə. Düzü, dəvət eləmirlər, sanki unudulmuşam. Bildiyimə görə, serial çəkənlərin bir çoxunun rejissorluq sənəti ilə heç bir əlaqəsi yoxdur. Rejissorluq sənətindən anlamayan, "başla", "motor" sözlərindən başqa heç nə bilməyənlərin bir çoxu serial çəkir. Film sənətdir. Heç olmasa ruslara, türklərə baxıb nəsə öyrənsinlər, belə olmaz axı. Bizim seriallarda çoxlu çənə döymə, çoxlu boş-boş danışıq var. Filmdə, çox sözə yer vermək lazım deyil. Oyunlar daha çox baxışlar, hərəkətlər, hissləri canlandırmaq üzərində qurulmalıdır. Belə seriallardansa, gedib roman oxumaq daha yaxşıdır. Bunlar mənim şəxsi fikirlərimdir, kimsə inciməsin. Yeni çəkilən tammetrajlı filmlər içərsində, "Dolu" və "Xoca" filmlərini çox bəyənirəm. "Xoca"da baş rola çəkilən Nigar mənim tələbəm olub, ona görə baxmışam o filmə.

Namiq Qaraçuxurlu seriala çəkilir, nə oyun oynayır?

- Aktyorluq təhsili olmayan, ancaq aktyor kimi filmlərə çəkilənlərə münasibətiniz necədir?

- Aktyorluq sənətindən heç bir məlumatı olmayan Namiq Qaraçuxurlu seriala çəkilir. Namiq nə oyun oynayır ki, orda? Heç nə. Vaxtı ilə ekrana çıxdı, məhşurlaşdı, indi də o məhşurluğu müxtəlif yollarla əlində saxlamaq istəyir. Hər şeyin bir təhəri var.

- Bayaq bir sıra çətinliklərlə üzləşdiyinizi söylədiniz. Nə ilə bağlıdır çətinlikləriniz?

- Həyat yoldaşım ağır xəstədir (susur). Ayaqları tutulub, yeriyə bilmir. Bakıda 36 həkimə göstərdim onu, hərəsi bir müalicə yazdı, amma sağalmadı. Məcbur oldum Türkiyəyə apardım, orda da əlac edə bilmədilər. Burdakı həkimlər çoxlu səhv müalicələr yazdıqlarına görə, bir çox problemlərlə üzləşdim. Əgər həkim öz işini bilmədən həkimlik edirsə, qazandıqları pullar onlara haram olsun. Bayaq sual verdiniz ki, teatrlara gedirəmmi? Gedə bilmirəm. Azacıq vaxtım olan kimi, evə, həyat yoldaşımın yanına qaçıram. Onun yeməyini verirəm, dərmanlarını vaxtında atmasına diqqət yetirirəm. Mənim 8–ci mikrorayonda birotaqlı evim var... (bir az fikirə gedir) Yox, mən bəzi aktyorlar kimi ağlaşma qurmayacam, ağlamayacam. Ev uzaqda olduğuna görə, həm də 5-ci mərtəbədə yerləşdiyi üçün, burda, universitetin yaxınlığında kirayədə qalıram. Hamı deyir ki, universitetin dekanıdır, Əməkdar artistdir, yaxşı dolanar yəqin. Amma elə deyil.

Müəllimliklə dolanmaq, qız övladıma təhsil vermək, xəstəyə baxmaq çox çətindir. Səhər saat 9–dan axşam 7–yə qədər işdə oluram deyə, tez-tez həyat yoldaşıma baş çəkmək üçün universitetin yaxınlığında kirayədə qalmağa məcburam. Həm də öz evim pis gündədir, təmirsizdir. Nəmişlik olan yerdə, xəstə həyat yoldaşımı saxlaya bilmərəm. Bax belə... (dərindən ah çəkir). Bu çətinliklərlə barışmışam. Sadəcə, ümid edirəm ki, hər şey yaxşı olacaq, həyat yoldaşım sağalacaq. Mənim bir tək istəyim budur. Evsiz yaşamaq asandır. Amma həyat yoldaşımın bu vəziyyətdə olması, mənim üçün bir dərddir.

- Hansı obrazı canlandırmaq istərdiniz?

- Hamleti özüm üçün oynamışam. Və bu obrazı canlandırmaq mənim ən böyük arzumdur. Hamlet obrazı aktyorlar üçün şah obrazdır. Aktyor obrazları düşünə-düşünə yaşamalıdır. Belə olanda, həmin obrazlar adama hopur. Otellonu canlandıran məhşur aktyor Sergey Bandarçuk metroda gedə-gedə canlandıracağı obrazı düşünərək əlinə baxıb deyirmiş: "Mən qarayam, buna görə məni aldadırlar addımbaşı. Hətta məni aldadır həyat yoldaşım Dezdamona da". (Əlinə baxa-baxa həmin səhnəni canlandırır.) Bəli, obrazı yaşamaq lazımdır.

- Ötkəm bəy, sizinlə söhbətləşmək ayrı bir zövq oldu.

- Çox sağ olun. Mən də "Axar.az"a öz minnətdarlığımı bildirirəm. Hər kəsə, hamıya uzun ömür, can sağlığı rahat həyat arzu edirəm Allahdan. Rahat həyat tərzinin içində həm sağlamlıq, həm də problemlərin olmaması var. Mən istərdim ki, çətinliklərlə yox, gördüyüm işin tərəqqisi ilə məşğul olum.

Tarix
2014.03.01 / 13:42
Müəllif
Elçin Aslangil
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla