Və yaxud, soyuq dolur içimə...
Qəribədir, nədənsə həmişə dağ adamlarına qarşı bir hörmət hiss
etmişəm özümdə. Həmişə doğma gəlib bu insanlar mənə. Ata, qardaş,
ana, bacı bilmişəm özümə dağ adamlarını... Bəlkə də bunlar içimdəki
qəriblikdən, gözlərimdəki nisgildən, ürəyimdəki havasızlıqdan əmələ
gəlir.
Həmkarlarımızdan biri Gədəbəy rayonundan gələndə, İsmayıllıdan
danışanda xəyallarım məni Dəlidağın bənövşəli qoynuna, xınalı
daşlarına, dumanlı yoxuşlarına qoparıb aparır. Uşaq kimi sevinirəm.
Elə bilirəm ki, mənim gözlərimlə baxıb gəliblər o dağlara. Onlar
mənə doğma gəlir, tanış gəlir... Boynuma biçilən quzulamış
həsrətimi onların dağ təəssüratları ilə bir anlıq unuda
bilirəm...
Belə gözəl insanlardan olan şair-kardioloq Qalib Şəfahət təkcə
şeirləri ilə deyil, həm də insani xüsusiyyətləri ilə bütün
həmkarlarının hörmətini qazanıb həmişə hər iki sahədə...
Şəxsiyyətini həkim kimi tanıdığım şairin vəzifəsi, peşəsi həkim
olsa da, məşğuliyyəti yazıçılıq, şairlik olub.
"İçimə od salan yox" misrasını oxudum "Soyuq dolur içimə"
şeirində. Belə qənaətə gəldim ki, Qalib qardaşımız içindəki
təlatümü, poeziyanı hələ tam ifade edə bilmədiyi üçün dəniz kimi
çırpınır, dalğalarla döyüşür, ürəyinin səsiylə şeir adlı sevgisini
soraqlayıb gedir...
Poeziyamızın bu labirintli yollarında Qalib Şəfahətə uğurlar
arzulayıram. Qoy qələmin iti olsun - ürəkləri sağaltdığın həbin
qədər... Duyğuların günəş olsun - zülmətlərdən öləziyən ulduz boyda
işıq qədər... Yaz, qardaş, yaz! Axı sən ürək həkimisən! Ürəkləri
oxşa yaz!
Soyuq dolur içimə
Qışda soyuq ev kimi
Soyuq dolur içimə.
Səsim donub içimdə
Soyuq dolur içimə.
Nə talayan, talan yox,
Nə içimdə qalan yox.
İçimə od salan yox,
Soyuq dolur içimə.
Ay içimə azdıran,
Min bir yana yozduran,
Qızınmadım qızdıram –
Soyuq dolur içimə.
Qalmağa bir kəsi yox,
Kimi yox, kimsəsi yox,
Qapı pəncərəsi yox –
Soyuq dolur içimə.
Yırğalanmır beşiyim,
Çəkən yoxdu keşiyim,
Yiyəsiz ev-eşiyim –
Soyuq dolur içimə.
Bu dərd əlimdə soyuyub
Hənirti yox nəfəsimdə,
Bu dərd əlimdə soyuyub.
Əynimdə kirli görünür,
Görən, bu dərdi kim yuyub?
Çovğun-qarda ürək donur,
Hər əsəndə külək dolur.
Bu dərd məni fağır sanır,
Oyub, ürəyimi oyub.
Ta yada salmayır məni,
Vecinə almayır məni,
Yanımda qalmayır mənim
Daha bu dərd məndən doyub.
Axıb göz yaşımnan gedib,
Çəkilib qaşımdan gedib,
Əkilib başımdan gedib,
Məni yenə düzdə qoyub.
Bir misra qədərdi bizim eşqimiz
Tək bircə misralıqdı eşqimiz,
Sonu şeir olmayan misra qədər…
Amma tez əzbərləmək olar,
Tez itirmək qədər…
Bir misra içində çabalayırıq,
Hələlik yol tapmırıq
Nəğmə kimi oxunmağa,
Ya da şeir olmağa.
Bircə misra boydadı boyumuz,
Bircə misrada boğuluruq biz.
Bircə misra
Qazamatdan betərdi bizə.
Darlıq edir ikimizə…
Sahib ola bilmirik
Bir misralıq eşqimizə.
Nə əlimizi aça bilirik,
Nə də ayağımızı ata bilirik.
Dönmüşük sükuta…
Bir misra qədər dillərdə qalmaq olarmı?..
Sonsuz olan şeir qədər…
Onu da kimsə ağızından salıb itirər,
Ya qəh-qəh çəkib güləndə,
Ya da bir qurtum su içəndə.
Su kimi aydın olsun ömrümüz…
Əlvida… Tələsək…
Bu misranın axırı gələnə qədər.
Hələ bu misraya qoymayaq nöqtə,
Bəlkə axırı gələr…
Dərdimiz oxunur,
Bir misra qədər.