Axar.az mərhum xalq artisti Telman Adıgözəlovun oğlu
Tural Adıgözəlovun Teleqraf.com-a müsahibəsini təqdim edir:
- 6 ildir ki, Telman Adıgözəlov aramızda yoxdur. Sizin
hislərinizi bilmək, sizin dilinizdən atanızı xatırlamaq və
xatırlatmaq istərdik.
- Çox sağ olun. Onun haqqında danışmaqdan heç zaman qaçmamışam.
Nə vaxt dəvət ediblər, çağırıblar, qəbul edib məmnuniyyətlə
suallara cavab vermişəm. Atam zarafatcıl, mehriban, insanlara dəyər
verən adam idi. Evdə ata, səhnədə bir aktyor idi. Evdə heç vaxt
işdən danışmazdı. Səhnədə nə qədər zarafatcıl, deyib-gülən olsa da
həyatda bir o qədər ciddi, mehriban, sadə idi.
İnsanlarla ünsiyyət qurmağı sevirdi. Onun üçün insan faktoru çox
önəmliydi. Deyirdi ki, nə qədər dostum, tanışın çox olsa, o qədər
yaxşıdır. Sevmədiyi insanlarla bir araya gəlmirdi. O insanlar da
çox az idi.
- Məşhurluğunu nə vaxt hiss etdiniz?
- Elə uşaqlıqdan... Atamla harasa gedəndə hamı onu tanıyırdı,
görüşürdü, söhbətləşirdi.
- Heç məktəbdə atanıza görə sizə güzəşt
olub?
- (gülür) Yox, xüsusi güzəştlərim olmayıb. Amma bir-iki dəfə
nəsə ola bilərdi.
- Məşhurların övladları adətən dəcəl, kaprizli
olurlar...
- Yox, mən dəcəl deyildim. Yadımdadır ki, aşağı siniflərdə atam
məni məktəbə aparardı, amma yuxarı siniflərdə özüm gedirdim. Elə
şərait yaratmırdım ki, atam mənə görə məktəbə gəlsin, tənbeh
götürsün.
- Telman bəyin ailəcanlığı həmişə hiss olunurdu. Çox az
aktyor belə ailəcanlı olur.
- Atam çox ailəcanlı idi. İşləri çox idi, amma ailəsinə maksimum
vaxt ayırardı. Ata tərəfdən heç vaxt korluq çəkməmişik. Bir az
asqıranda, öskürəndə xəstələnməyimizdən narahat olurdu, həkimə
aparırdı. Bizi hər altı aydan bir həkimə aparıb, yoxlatdırırdı. Özü
də deyirdi ki, nə edirəmsə, ailəm üçün edirəm.
- Onun haqqında çox qəribə və təzadlı şayiələr gəzir.
Məsələn, bəziləri deyir, o, çox korluq çəkib, bəziləri isə biznesi
olduğunu deyir.
- Yazılanların hamısıyla tanışam. Guya deyirdilər ki, atamın
imkanı olmadığına görə dişlərini müalicə etmək istəməyib (gülür).
Ailəmiz həmişə orta səviyyədə dolanıb, yəni korluq çəkməmişik.
Dişlərini də xofu olduğuna görə müalicə etdirməyib. Bir dəfə
həkimə gedib, iynəni düz vurmayıblar, boğazı şişib, az qala
boğulurmuş. Ona görə böyük stress yaşayıb və elə sonralar da diş
həkiminin xofu canında qalmışdı. Deyirdi qızım diş həkimi olacaq və
mənim dişlərimi düzəldəcək. Bacım diş həkimliyini bitirdi, öz
sahəsində püxtələşdi, amma atam heç onda da gedib dişlərini
düzəltdirmədi.
- Bəs bununla bağlı narahatlıq keçirmirdi?
- Axır vaxtlar deyirdi ki, artıq bu vəziyyətə öyrəşmişəm. Bunu
da yəqin həkimə getməməyin dərdindən deyirdi.
- Həmişə fikirləşirdim ki, aktyorlar toylarda tamadalıq
etməyə sadəcə məcburiyyətdən gedirlər. Amma bir dəfə Əjdər Həmidov
söhbət əsnasında dedi ki, toylara çağrılmadığım gün faciəm
başlanacaq. Çağırılıramsa, deməli, sevilirəm, tələb
olunuram.
- Atam o işi sevmirdi, sadəcə məcburiyyətdən, gəlir xatirinə
edirdi. Teatrda maaşlar çox aşağı idi, ona görə buna məcbur idi.
Amma 50 yaşından sonra daha toylara az-az gedirdi. Deyirdi çox
yoruluram, başım ağrıyır.
- Sizi tamaşalara aparırdı?
- Həmişə. Mən bütün tamaşaların səhnə arxasında gəzərdim.
Bufetdə oturardıq, aktyorlar ora yığışırdı. Premyeralara da ailəvi
gedərdik. "Kino klub" verilişinin çəkilişlərində də iştirak
edərdim.
- Tural bəy, atanızın bu sənətdən getmək istədiyi anları
olub? Getsəydi, xüsusi qabiliyyəti olduğunu başqa peşə
vardımı?
- Teatrdan ayrılmaq istəyi olmayıb. Bu sənəti çox sevirdi. Onu
başqa peşədə təsəvvür etmək çətindir. Amma atam çox gözəl rəqs
etməyi bacarırdı. Çünki gənclikdə uzun müddət rəqslə məşğul olub.
Hətta ansambla çıxış edib. İkinci sahə kimi rəqsi deyə bilərəm,
amma biznesi olmayıb. O işi bacarmayıb.
- İstəyi olub?
- Təklif ediləndə deyirdi ki, o işi bacarmıram, ona nə vaxtım,
nə də səbrim var.
- Amma deyirdilər Telman Adıgözəlovun qızıl dükanı
var.
- Səhv məlumatdır. Olsaydı, deyərdim.
- Tural bəy, atanızın ən çox yadınızda qalan məsləhəti,
sözü hansıdır?
- Çox məsləhətləri olub, amma hər zaman xatırladığım bir sözü
var. Deyirdi insanlara söz verdinsə, onu mütləq yerinə yetir. Kişi
verdiyi sözün ağası olar.
- Ananıza qarşı qısqanc olub deyəsən. Çox yerə getməyə
qoymurmuş. Hətta işləməyə belə...
- Yox, işləməyə icazə verirdi. Anam bağçada müəllimə işləyirdi.
Sadəcə atam bir az qısqanc kişilərdən idi. Anamı neçə dəfə bağçaya
müdir qoymaq istəyirdilər, amma atam istəmədi. Deyirdi sən bütün
gün işdə olacaqsan, yorulacaqsan. Atam ailəsinə qarşı çox diqqətcil
və qapalıydır. Neçə dəfələrlə bizi ailəlikcə çəkmək istəyirdilər,
amma atam razılıq vermirdi. Anamdan müsahibə götürmək istəyən
jurnalistlərə deyirdi oğlum danışa bilər, amma yoldaşım yox.
- Ananız hələ də müsahibə vermir.
- Elədir. Atam sağlığında istəmirdi, indi də anam onun
istəmədiyi şeyi etmək istəmir.
- Sizə, bacınıza qarşı da qadağası vardı?
- Sənət baxımından heç vaxt qadağası olmayıb. Oğlu olaraq mənə
əsas qadağası içkiylə bağlıydı. Atam toylara getdiyinə görə çox
adam elə bilirdi ki, içki içib. Amma atam heç vaxt içməyib. Yalnız
siqaret çəkirdi. Bəzən deyirdilər axı atanı içərkən görmüşük. Çünki
atam məclisə görə əlinə bakal alıb, tutuşdururdu, amma içmirdi.
Mənə də deyirdi səni içən görməyim. Yaxın dostları bunu təsdiqləyə
bilər.
- Ananızla tanışlığı haqda danışmağınızı istəyirəm.
Qohum idilər?
- Qohum yox, Balakəndə qonşu olublar. Anam da balakənlidir.
Atamgil əslən ordubadlı olsalar da köç zamanı Balakəndə
məskunlaşıblar. Atam Balakəndə anadan olub. Balakənin rütübətli
havası atama düşmədi. Uşaq vaxtı ona soyuq dəyib, qolundakı yara
irinləyib, həkim də deyib ki, burda qala bilməz. Balakəndə qalsa
uşağın qolu çürüyə bilər. Ona görə məcbur olub Bakıya köçüblər. O
yaranın izi həmişə qaldı, onun sol qolunda dəri sümüyə
yapışmışdı.
Atam 30 yaşında anamla ailə qurdu. O vaxt üçün bu yaş gec idi.
Elə həmişə də deyirdi gec evlənmişəm. Qonşu olduqlarına görə
uşaqlıqdan bir-birlərini tanıyırdılar. Anam təbiətcə çox sakit
qadındır. Atamın sözündən çıxmazdı.
- Telman bəyin qısqanclığını dediniz, bəs ananız onu
qısqanmayıb?
- Səhnədə və çəkilişlərdə olanları sənət kimi qəbul edirdi, ona
görə qısqanmırdı.
- Deyirlər, ölümü də əvvəldən hiss etmək olurmuş. Özü
hiss etmişdimi?
- Biz hiss etməmişik. Hətta mən ümumiyyətlə... Atamın sonuncu
çəkilişi "Kino klub" verilişində olub. Verilişin sonunda atamın bir
kadrı var: orda həmişəlik vidalaşan bir adam kimi danışır və ən
sonda əli ilə hamıyla sağollaşır. Çox qəribə kadrdır.
Bir də Fatmayidə bağ qonşumuz deyirdi, vəfatından iki gün öncə
ora gedib, onlara baş çəkib. Dediyinə görə, bir az söhbət edib və
sonda atam onunla sanki vidalaşırmış kimi sağollaşıb, ayrılıb.
Bəlkə də ölümünü hiss edirmiş. Amma yenə deyirəm, ailəsi olaraq
bizə hiss etdirməyib.
- Doğrudur ki, Telman bəyin ölümünə səbəb düzgün
diaqnozun qoyulmaması olub?
- Bəli. Atam mikroinfakt keçirmişdi. Həkimə gedib, düzgün
diaqnoz qoymayıblar. Deyiblər belində duz var, ona uyğun da müalicə
yazıblar. Altı ay sonra yenidən infarkt oldu. Ürək damarlarının
tıxanması baş verdi və bu dəfə ürək fəaliyyətini dayandırdı.
- Hacı İsmayılov deyirdi, Telman 57 rəqəmindən
qorxurmuş. Deyəsən, maşının nömrəsini də buna görə
dəyişib.
- O lap köhnə maşınının nömrəsi idi. Amma 57 rəqəmiylə bağlı bir
söz deyə bilmərəm, çünki hiss etməmişəm. Onu bilirəm ki, doğum
günlərində həmişə kövrək olurdu. Görünür, yaşının üzərinə yaş
gəlməsindən qorxurmuş.
- Telman bəyi qalstuk-kostyumsuz təsəvvür etmək
qeyri-mümkündür. Bilirəm ki, geyim ən həssas yeriymiş. Özü də brend
markaların geyimlərini sevirdi. Bakıdan alırdı?
- Ən çox Bakıdan alırdı. Xarici ölkəyə də gedəndə alıb
gətirirdi. O, brend markalı kostyumların birinci müştərisi idi.
Hətta rəhmətə gedəndən sonra bir brend dükanın sahibi evə gəlib,
bizə pul verdi, dedi, Telman bir kostyum üçün beh qoyubmuş. O qədər
qalstuk, ayaqqabı, köynək, kostyum alırdı ki, evdə onların əlindən
tərpənmək olmurdu (gülür).
- Bir müsahibənizdə demisiniz ki, əsgərliyə gətirdiyi
sovqatı geri göndərdiyinizə görə peşman olmusunuz. Sizdən çoxmu
incimişdi?
- Mən Milli Qvardiyada qulluq etmişəm. Atamı hamı tanıyırdı
deyə, ora çox gəlməsini istəmirdim. Doğrudur, orda heç kəsə
ayrıseçkilik qoyulmur. Amma yenə də tez-tez gəlməsinin əleyhinə
idim. Gələndə də nə gətirəcəyi ilə bağlı mənimlə
məsləhətləşərdi.
Yadımdadır ki, yeni il bayramı idi, qar yağmışdı, yanıma gəldi,
məndən xəbərsiz sovqat da gətirmişdi. O sovqatı bölüyün içinə
aparmağı özümə sığışdırmadım. Ona görə geri göndərdim. Mənə heç nə
bildirmədi, amma yəqin ki, incidi. Çünki heç nə demədi. Halbuki o
sovqatı götürə bilərdim. Gərək qaytarmayaydım.
- Tural bəy, atanızın qəbirüstünün düzəldilməməsiylə
bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə aranızda gərginlik
yaşanmışdı. İndi vəziyyət necədir?
- O məsələdən sonra bir də üz-üzə gəlmədik. İnciklik deyəndə ki,
adamın Allahı var, qəbirüstünü düzəltdilər, yas mərasimini də
dövlət etdi. İncikliyimiz Fəxri Xiyaban və vida mərasiminin
keçirilməməsi oldu. Bunu bizə təklif etməmişdilər.
- Amma xatırladığım qədər qəbirüstünün düzəldilməməsiylə
bağlı narahatlığını mətbuata açıqlamışdınız.
- O məsələdə mən cavanlıq etdim. Tələsdim. Heç atamın 40 günü
olmamış, artıq qəbirüstü hazır idi.
- Telman bəy övladlarının toyunu və nəvələrini görmədi.
Neçə nəvəsi var?
- Üç. Mənim bir oğlum, bir qızım, bacımın isə bir qızı var.
- Oğlunuzun adını Telman qoymusunuz. Şəkillərdən
gördüyüm qədər elə atanızın uşaqlığına oxşayır. Atanızı balaca
Telmanın simasında görmək necə bir hissdir?
- Atam aprel ayında dünyaya gəlib, oğlum da o ayda doğulub.
Atamın adını qoyduq, böyüdükcə də elə ona bənzəməyə başladı...