Klare Hollinqvorst jurnalistika kariyerasına müdhiş bir
xəbərlə başladı. 1 sentyabr 1939-cu ildə alman birliklərin Polşaya
girdiyini, II Dünya savaşının başladığını dünyaya ilk bildirən o
oldu.
Axar.az xəbər verir ki, 1911-ci ildə İngiltərənin Lester
şəhərində dünyaya gələn Hollinqvorst hazırda Honkonq şəhərində
yaşayır.
Yaxın qohumu Patrik Qarrett Hollinqvorstun həyatından bəhs edən
kitab yazıb. Onun Polşaya ezam olunduqdan sonra yaşadıqlarını DV-ə
danışan yazar xanım müxbirin müharibənin ən dəhşətli səhnələrinə
şahidlik etdiyini deyib:
"Klare işğaldan bir neçə gün öncə sərhəd boyu kəşfiyyat işləri
aparan alman tanklarını gördü. 29 avqustda "Deyli Teleqraf" qəzeti
üçün qələmə aldığı ilk xəbərdə 1000 tankın Polşa sərhədinə
yerləşdirildiyini və 10 diviziyanın hücuma keçmək üçün əmr
gözlədiyini yazdı.
Hücumun başladığı gün – 1 sentyabr 1939-cu ildə o, Katoviçe
şəhərindəydi. Bombardmançı təyyarələrin gurultusuna yuxudan ayıldı.
Gərginlik çoxdandır hiss edildiyi üçün polşalılar öncə bunu hərbi
təlim zənn etdilər.
Klare dərhal müdirinə zəng etdi. Müdiri də məlumat əldə etmək
üçün Polşa Xarici İşlər Nazirliyinə zəng etdi. Nazirlik Polşaya
hücumu mətbuatdan öyrənmişdi. XİN əvvəl hücumu təkzib etdi. Ancaq
telefon danışığı davam edərkən Varşavada həyəcan siqnalı eşidildi.
Paytaxt sakinləri müharibənin başladığını anlamışdı".
Qarrett Hollinqvorstun müasir dünyanın problemlərinə baxış
tərzinin fərqli olduğunu deyib:
"Onun dünyada baş verən hadisələrdən bəhs edən yazıları bu gün
də aktuallığını itirməyib. ABŞ-da prezidentliyə namizəd Donald
Trampın NATO üzvləri ilə məsafəli siyasət yürütmək planı barədə
dedikləri Klarenin 1960-cı illərdən bəri yaxından izlədiyi
mövzulardan biridir. Klare İsrail dövləti qurulanda orada olub. II
Dünya müharibəsini də Yaxın Şərqdə keçirib".
İran şahından müsahibə alan dünyanın ilk qadın müharibə müxbiri
olan Hollinqvorstun hazırda 105 yaşı var.