Xoşqədəm xanımdan incik olduğum üçün dəvəti qəbul edib
getmədim.
Axar.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Seymur
Verdizadə Musavat.com saytına müsahibəsində deyib.
O, teleaparıcı Xoşqədəm Hidayətqızı ilə aralarında yaranan
soyuqluğa aydınlıq gətirib:
"Xoşqədəm xanımla aramız dəyib. Belə demək mümkünsə, Xoşqədəm
xanım məndən inciyib. O, hesab edir ki, ötən il ANS-də onun
müəllifi olduğu "Sən tək deyilsən" və "Səni axtarıram" verilişləri
bağlananda onu yetərincə müdafiə etməmişəm. Hansı ki, həmin vaxt
mən sizin qəzetinizə, o cümlədən başqa bir saytda bu verilişin
əhəmiyyəti barədə geniş açıqlamalar vermişdim.
ANS-də növbəti verilişini başlayanda da məni bir müddət verilişə
dəvət etmədilər. Daha sonra verilişin prodüseri məni dəvət elədi. O
zaman da mən Xoşqədəm xanımdan incik olduğum üçün dəvəti qəbul edib
getmədim. Beləcə, arada bir soyuqluq yarandı. Mən Xoşqədəm xanımın
verilişi ilə paralel olaraq Xəzər TV-də Zümrüd xanımın müəllifi
olduğu "Yeri gəlmişkən" verilişində də ekspert idim. Hər həftə o
verilişə də çıxırdım.
Amma növbəti yayım mövsümündə Zümrüd xanımın da verilişi
qapandı. Və nəticə etibarilə mən televiziyadan uzaq düşdüm. Keçən
dəfə Xoşqədəm xanımın verilişi bağlananda da demişdim ki, mənim o
verilişdə iştirakım davamlı ola bilməz, mən televiziya jurnalisti
deyiləm. Mənim işim yazmaq, danışmaqdır. Hazırda bir neçə layihədə
də rəhbər vəzifəsində olduğuma görə efirlərə can atmıram. Mənə elə
gəlir ki, efirdə öz sözümü demişəm".
Jurnalist telekanallardakı ümumi vəziyyətdən də söz açıb. Onun
sözlərinə görə, bəzi vəkil və psixoloqlar efirə çıxmaq üçün veriliş
aparıcısına və telekanal rəhbərliyinə qeyri-leqal ödəmələr edir,
efirdən bir növ reklam vasitəsi kimi istifadə olunur:
"Efirdə olmağıma görə mənə heç bir qonorar ödənilməyib. Mənim
qohumlarım, dostlarım soruşurlar ki, orda qazancın nədir? Hər zaman
zarafatla deyirdim ki, əvvəllər hər verilişin sonunda bizə "çox sağ
ol" deyirdilər. Amma indi hər verilişin sonunda dava düşdüyü üçün
heç "sağ ol" deyən də olmur.
Təəssüf ki, Azərbaycan teleməkanında ekspertlərə pul ödənilmir.
Sizə bir sirr açım, Azərbaycanda bir çox insanlar efirə çıxmaq üçün
veriliş aparıcısına və telekanal rəhbərliyinə qeyri-leqal ödəmələr
edirlər. Vəkillər, psixoloqlar bu məsələdə öndə gedirlər. Mən
umurdum ki, verilişə çıxdığıma görə mənə qonorar verilməlidir. Amma
sonra gördüm ki, mənim sağımda-solumda oturan adamlar pul ödəyib
gəlirlər.
Söhbət birbaşa Xoşqədəm Hidayətqızının verilişindən getmir. Mənə
bu yaxınlarda danışıblar ki, özəl kanallardan birindəki verilişdə
müğənni canlı yayım zamanı, hələ veriliş bitməmiş 300 manat pulu
efirdə oturduğu kreslonun üstünə qoyub. Psixoloqlar, vəkillər isə
efirə çıxmaq üçün bu pulu ödəyirlər. Çünki daha sonradan bu, onlara
gəlir olaraq qayıdır. Jurnalistika elə sənətdir ki, burda şöhrət
sərvət gətirmir. Amma tanınmayan bir vəkil mülki bir işlə bağlı
müqaviləni 300 manata bağlayırsa, tanınan vəkil bu müqaviləni
2000-2500 manata bağlayır.
Tanınmayan psixoloqun aylıq qazancı 800-1000 manatı keçmir.
Efirə çıxan, tanınan psixoloqlar isə ayda 10 min manata yaxın
qazanırlar. Mənimsə efir vasitəsilə populyar olmağım şəxsi büdcəmə
müsbət təsir göstərmədi. Ona görə ictimai nəqliyyatdan istifadə
edirəm ki, aylıq qazancımı ailəmin dolanışığı, uşaqlarımın
təhsilinə ancaq bəs edir. Maşın almaq üçün gərək övladlarımın
boğazından kəsim. Öz şəxsi rahatlığım üçün övladlarımın nəinki bir
gün, bir saat belə ac qalmasına razı ola bilmərəm".
Azərbaycan teleməkanındakı vəziyyətdən gileylənən jurnalist
şou-biznes nümayəndələrinə "yaşıl işıq" yandığını deyib:
"Efirə daha çox şou biznes əhli hakimdir. Onların da
intellektual , mədəni səviyyəsi Azərbaycan xalqının səviyyəsindən
aşağıdır. Dostlarım dəfələrlə irad bildiriblər ki, bu verilişlərə
çıxmayım. Mən də bir dəfə bu verilişə çıxmadım. Nə oldu,
bilirsizmi? Mənim yerimə Rəqsanəni çıxartdılar. Mən çıxmayanda
Rəqsanəni çıxarırlar. Ona görə də çalışıram bütün dəvətlərə gedim.
Çünki inanıram ki, səviyyəm, hadisələrə yanaşmam Rəqsanəninkindən
daha yüksəkdir və cəmiyyətə ondan artıq fayda verə bilərəm. Biz
rəqsanələrin əlini-qolunu bağlamaq üçün efirə çıxmışıq".