Görkəmli azərbaycanlı yazıçı Səməd Behrəngi 1939-cu il iyunun 24-də Təbriz şəhərində, fəhlə ailəsində anadan olub. İlk hekayələri “Adət” və “Binam” 1959-cu ildə dərc olunub. Bundan sonra “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” kimi hekayə və nağılları yazıb. İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Birinci yeri tutduğuna görə kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilib.
1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub.
Kult.az məşhur yazıçının uşaqlar üçün qələmə aldığı “Qar dənəsinin hekayəsi” əsərini təqdim edir:
Qarlı bir gündə pəncərədən eşiyə baxırdım. Qar dənələri oynaya-oynaya gəlib hər bir zadın üstünə qonurdular: şəritin (zivə) üstünə, divarların, kərdinin (bostan) qırağındakı aftafanın – hər bir zadın.
İri qar dənələri pəncərəyə sarı gəlirdi. Əlimi eşiyə uzadıb, bir qar dənəsinin altına tutdum. Qar dənəsi yavaşca əlimdə oturdu. Ağappaq, tər-təmiz idi! Nə qədər gözəl şəkli, düzənli biçimi var idi! Öz- özümə dedim:
- Kaş bu qar dənəsinin dili olaydı, başına gələnləri mənə söyləyəydi.
Birdən qar dənəsi səslənib dedi:
- Mənim hekayəmi bilmək istəsən, qulaq as sənə deyim... Mən neçə ay bundan qabaq bir su damlası idim Xəzər dənizində. Milyard damla ilə yanaşı oyan-buyana gedib, günümü keçirərdim. Yay günlərinin birində dənizin üzərində gəzişirdim. İsti günəş şaxarkən qızışıb buxarlandım. Minlərlə damla da mənimlə birlikdə buxarlandı. Yüngüllükdən qanadlanaraq, öz-özümüzə yuxarı gedirdik. Yel arxamızdan düşərək, bizi hər bir yana aparırdı. O qədər yüksəldik ki, daha adamları görmədik. Hər bir tərəfdən buxar topası gəlib bizə yapışırdı. Hərdən də biz gedib böyük topalara yapışırdıq. Bir-birimizə qısılırdıq, sonra yenə yüksəlirdik. Uzaqlara gedərək çoxalıb, daha da topalaşırdıq (orijinalda: kumalaşırdıq), daha da sıxlaşırdıq. Hərdən Günəşin qabağını tuturduq. Hərdənsə ayla ulduzların önünü tutaraq, gecəni daha qaranlıq edirdik.
Bəzi buxar zərrələrinin dediyinə görə, biz bulud olmuşduq. Külək bizə girdikdə bizdən əcaib-qəraib şəkillər düzəldirdi. Dənizdə olan çağlarımda buludları dəvə, adam, eşşək, habelə ayrı şəkillərdə görmüşdüm.
Göydə neçə ay didərgin olduğumuzu bilmirəm. Biz çox yuxarılara getmişdik. Hava soyumuşdu, bir-birimizin içinə sıxışmışdıq deyə, əl-ayağımızı uzada bilmirdik. Birlikdə hərəkət edirdik. Haraya getdiyimizi bilmirdim. Yan- yörəmi də görmürdüm. Günəşdən xəbər yox idi: sanki günəşin önünü özümüz tutmuşduq. Alanımız geniş idi. Neçə yüz kilometr enimizlə boyumuz idi. Yağış olub yerə dönmək istəyirdik. Yerə qayıtmaq üçün can atırdım. Bir müddət keçdi, yarımız su idi, yarımız buxar. Yağış olmaqdaydıq. Hava birdən elə soyudu ki, mən titrədim. Hamı titrədi. Çevrəmə baxdım. Birinə “nə olub?” - dedim.
“Bizim olduğumuz yerin bu bölümündə indi qışdır. Başqa bölgələrdə isə hava isti də ola bilər. Bu sərt sazaq daha qoymaz biz yağış olaq. Bax! Mən qar olmaqdayam, habelə sən də...” – cavabını verdi.
Yoldaşımın sözünün ardı tutmadı, qara çevrilib yerə doğru yollandı. Onun ardınca mənimlə birlikdə minlərlə qar dənəsi yerə yağdıq.
Dənizdə olarkən ağır idim. İndi isə yüpyüngül idim. Bir yelpənək kimi göydə uçurdum. Soyuğu da heç bilmirdim. Soyuq artıq bədənimin bir bölümü idi. Oynayaraq yerə düşürdük.
Yerə yaxınlaşarkən Təbriz şəhərinə düşdüyümü gördüm. Xəzər dənizindən nə qədər uzaqlaşmışdım?!
Göydən bir uşağı gördüm. O uşaq bir iti dəyənəklə döyüb vəngildədirdi. Gördüm belə getsəm, belə bir uşağın düz başına düşəcəm. Küləkdən istədim məni qurtararaq, ayrı bir yerə götürsün. Külək məni götürüb buraya gətirdi. Sən əlini mənim altıma uzadarkən səndən xoşum gəldi və...
Burda qar dənəsinin səsi kəsildi. Baxıb gördüm su olub.