Cek London və ya Con Qriffit Çeyni...
Yəqin ki, hər kəs bu yazıçını Amerikanın sərgüzəştlərlə dolu
hekayələrinin və dünyaya səs salan "Martin İden" romanının müəllifi
kimi tanıyır.
Amma Cek Londonun həyatı heç də onun yaradıcılığı kimi parlaq,
yaradıcılığı kimi rəvan keçməyib. Kim bilir, bəlkə də, elə ağır
həyat tərzi, gəncliyində və ömrünün yetkin çağlarında aldığı həyat
zərbələri, insanların soyuq baxışları və bu soyuq baxışların
arxasında gizlənən satirik gülüşlər onu bir yazıçı kimi
formalaşdırıb. Axı sözün böyük mənasında yazıçı yaşamasa yaza
bilmir. Və o da doğrudur ki, xoşbəxt insanların həyatı maraqsız,
sıxıcı olur... Elə buna görə də Cek Londonun qəhrəmanları ömürləri
boyu xoşbəxtlik axtarışında olsalar da, bu xoşbəxtliyin gözəlliyini
dada bilmirlər. Onun özü kimi Martin İdeni də ömrü boyu bu
arzularla yaşayır. Xoşbəxtlik onun evinə qədər gəlsə də, mənzilinə
girə bilmir... Amma yox, yanılırıq. Onun arzusunda olduğu,
xoşbəxtliyinin açarı hesab etdiyi Ruf onun evinə qədər, hətta
mənzilinə qədər gəlir. Ancaq Martin gözlənilmədən onu rədd edir və
beləcə, bütün həyatını tənhalıq, məşəqqətlər içində başa
vurur...
Acınacaqlı həyat yolu...
Con Qriffit Çeyni 1876-cı il yanvarın 12-də San-Fransisko
şəhərində anadan olub. Çox kiçik yaşlarından ağır zəhmətə
qatlaşmalı olan Cek məktəbdə oxuduğu illərdə qəzet satır, on dörd
yaşında isə konserv zavodunda işə düzəlir. Lakin ağır iş şəraitinə
Cekin hələ bərkiməmiş çiyinləri tab gətirə bilmir. Ona görə də bir
müddət sonra konserv zavodundan uzaqlaşan gələcəyin dahi yazıçısı
qadağan olunmasına baxmayaraq, San-Fransisko limanında dəniz
ilbizlərinin ovu ilə məşğul olur. 1893-cü ildə isə o, Yaponiya
sahillərinə və Berinq dənizinə dəniz pişiyi ovuna çıxan gəmiyə
matros düzəlir. Bu səyahət isə onu həbs düşərgəsinə qədər aparıb
çıxarır...
Ancaq bütün çətinliklərə baxmayaraq, Cek Berkeley Universitetinə
girməyi arzu edirdi. Bu arzusunu reallaşdırmaq üçün davamlı olaraq
çalışan London 1896-cı ildə adıçəkilən universitetə daxil olur. Bu,
Cek Londonun ilk uğuru idi. Ancaq Tanrının onun üçün hansı
sürprizlər hazırladığından yeniyetmə Cekin hələ xəbəri yox
idi...
O, universitetdə oxuduğu illərdə kurs yoldaşı Meybl Epplqart
adlı gözəl, mavi gözlü, uzun saçlı bir qıza vurulur. Qızın beli o
qədər incə olur ki, əgər ürək edə bilsəydi, Cek onu iki barmağı ilə
tuta bilərdi. O, fortepianoda çalır, boş vaxtlarında isə Ceklə
birlikdə şəhər gəzintisinə çıxırdı. Xoşbəxtlikdən Meyb sosializm
ideyalarına yoluxmuş və Ceki yaxşı həmsöhbət bilən qardaşı da var
idi. Onlar saatlarla sinifsiz cəmiyyət, təkcə Avropada yox, həm də
Amerikada dolaşan kommunizm haqqında uzun-uzadı danışırdılar.
Qəribəsi odur ki, Meybl də Cekə vurulmuşdu. Bazar günləri hava
imkan verərdisə, onlar birlikdə qayıqda üzür və şeir oxuyurdular.
Meybl ilk adam idi ki, Cek "Mən yazıçı olacam" deyəndə o gülmürdü.
Ancaq onun yazıçı olacağına inanan daha bir nəfər də var idi, anası
Flora. Oğlunun növbəti dəfə evə qayıtmasını gözləyən ana ona bir
qəzet uzadır. Qəzetdə ən yaxşı hekayə müsabiqəsi elanı verilmişdi.
Anasının xeyir-duasını alan Cek həmin qəzetə ilk hekayələrindən
göndərir və qalib gəlir! Bu onun üçün ilk uğurlardan biri idi, ilk
dəfə idi ki, Cek yazıçılığa görə bir neçə dollar qazana bilmişdi.
O, əsil yazıçı olacaq! O zəngin olacaq və Meybl Eppilqart onun
arvadı olacaq! Amma hələ ki, Cekin ona öz dəli sevgisindən başqa
verə biləcəyi heç nəyi yox idi, kapital cəmiyyətin "quru" və bəzən
də "mənasız" sevgi adlandırdığı hislərdən başqa heç nəyi...
Cek Meyblə qıymazdı ki, o da anası kimi 20 il eyni paltarı geyib
gəzsin. Ancaq dərslər üçün lazım olan vəsaitin olmaması səbəbindən
o, təhsilini yarımçıq qoymalı olur və beləcə, gələcəyin böyük
yazıçısının təhsillə olan əlaqəsi bununla da bitir. İlk
uğursuzluğundan sonra o, 1897-ci ildə "Qızıl cüzam" dövründə
daş-qaş tapmaq məqsədi ilə uzaq Alyaskaya üz tutur. Şimal qışının
bütün gözəlliklərini özlüyündə hiss edən Londonu tale qızılla yox,
gələcək əsərlərinin bir çox qəhrəmanları ilə
qarşılaşdırmışdı...
Uğursuz məhəbbət və ölümə aparan yol…
23 yaşından etibarən Amerikanın müxtəlif qəzet və jurnallarında
onun hekayələri çap olunsa da, bunun üçün verilən pul gündə heç bir
dəfə yemək yeməyə də bəs etmirdi. Beş hekayəyə görə ona cəmi 20
dollar vermişdilər. Gözlədiyi poçtalyon vəzifəsindən də imtina
etmişdi.
Görünməyən qonorarlar, nəşriyyatların hekayə üstündə bir-birini
didməsi, minlərlə akr torpağın alınması, öz gəmisi, Amerikanın yeni
dahisinin şöhrəti, ətrafında saysız-hesabsız qadınlar – bütün
bunlar çox sonralar olacaqdı... Ancaq hələ ki, Meybl gələcək
xoşbəxtliyin işartılarını heç üfüqdə də görə bilmirdi. "Bəlkə poçta
gedəsən, hə?" deyə Meybl 6 aydan sonra yalvarmağa başladı. "Axı mən
onda yaza bilməyəcəyəm. Başa düş, buna heç vaxtım da olmayacaq. Bir
az da döz", - deyə Cek yalvarırdı. Onda Meybl ağladı və dünyasında
dilinə gətirməyəcəyi sözləri dedi:
"Sənin hekayələrin xoşuma gəlmir. Onların dili kobuddur. Sən
yalnız əzab və ölümdən yazırsan, axı həyatda sevgi də var, Cek!
Bəli, həyatda sevgi də var, Cek! Mən səni sevirəm... Sən yazıçı
yox, sadəcə xəyalpərəstsən, özü də bədbəxt bir xəyalpərəst!"
Bu hadisədən sonra gələcəyin dahi yazıçısı Meyblin rəfiqəsi
Bessi ilə evlənir. Ona görə yox ki, o Bessini sevirdi. Ona görə ki,
Bessi onun hekayələrini sevirdi.
Meybl Epplqart isə Ceklə ayrılandan sonra ərə getmir. Və bir
daha heç vaxt heç kimi sevə bilmir. Bessi isə Cekə iki uşaq doğur.
Amma onun arzuladığı kimi oğlan yox, ikisi də qız olur. Elə buna
görə də bu izdivac uzun davam etmir. Bir neçə ildən sonra Bessi ilə
boşanan Cek bu dəfə Çarmian ilə evlənmək qərarına gəlir. Amma
Amerika cəmiyyətində onların evliliyi qanunsuz hesab edilir. Çünki
Kaliforniya qanunlarına əsasən boşananlar bir ildən sonra rəsmi
nikaha girə bilərdilər. Cek Londonun bu addımı isə Amerika
cəmiyyətində böyük səs-küyə, qalmaqala səbəb olur. Ancaq Cek London
Çarmiana görə bunlara dözürdü. Axı o, kişi kimi boks vurur, qılınc
oynadır və Cekin özü kimi səyahəti sevirdi. Cek onu "qadın yoldaş"
adlandırırdı. Ancaq Çarmian cəmi 3 gün yaşamış bir xəstə qız
doğandan sonra bir daha ana ola bilmir. İndi onun həyatı Cekin
ardınca gəzib onu güdməkdən ibarət idi. Çünki Ceki başqa qadınla
iki dəqiqədən artıq təklikdə qoymaq mümkün deyildi. İndi o meşşan
təbiətli Amerika qadınlarının sevimlisinə çevrilmişdi. Cek həmişəki
kimi başını səyahətlə qatırdı. Sağlamlığı pozulan və böyrəkləri
sıradan çıxan vaxtlarda o, həyatının sevgisinə rast gəldi.
Qəribədir ki, bu sevgisi barədə Cek bir kəlmə də yazmadı və heç
kimə danışmadı. Çox-çox sonralar dostu Corc Sterlinq Cek Londonun
qızına bu sevgi barədə hekayət danışır. Amma qadının kimliyini
gizlədir. Meybl Epplqartdan sonra onun həyatında saysız-hesabsız
qadınlar olur. Qızlar onun fotolarını səliqə ilə jurnallardan kəsib
saxlayır, nəşriyyatlar yeni kitabları uğrunda bir-birini didirdi.
İntellektuallar onu gözəl həmsöhbət sayırdı. Evinə gəlmiş qadınlar,
dilənçilər bilirdi ki, burada onları heç olmasa bir qəhvə viski
gözləyir. Onu həmişə sevirdilər. Amma Meybl Epplqartdan sonra özünü
son dərəcə bədbəxt və kimsəsiz hesab edən yazıçıya elə gəlirdi ki,
bütün Amerika cəmiyyətindəki münasibətlər yalnız pul üzərində
qurulub...
Öz matəm mərasimimdə iştirak etmək
istəyirəm
İndi o, seçim qarşısında qalmışdı, ya bu saxta cəmiyyətdə
yaşayacaq, ya da bu cəmiyyətdən qopub ayrılacaqdır. Və tez bir
zamanda o fikrini qətiləşdirərək ikinci yolu seçir, "Martin İden"
in məntiqi sonluğu olaraq...
Cek London "Martin İden"də öz taleyini təsvir edərək yazırdı:
"...qısa, lakin qaynar həyat arzulayıram. XX əsrin kəhkəşanında bir
kometa kimi parlayıb, sonra sönmək istəyirəm. İstəyirəm ki, bu
kometanın işığı göylərdə sönsə də, ürəklərdə bu dünya durduqca
yaşasın. Parlaq alovla, sürətlə yanmaq, dünyanı işıqlandırmaq
istəyirəm, asta-asta tüstülənib insanların gözünə dolmaq, hamını
yormaq istəmirəm. Mən öz matəm mərasimlərində iştirak etmək
istəmirəm, işimi görən kimi dərhal bu dünyadan getmək istəyirəm.
İstəyirəm ki, ölüm məni haqlayanda əlinə heç nə keçməsin – axırıncı
fikir də, axırıncı mis pul da xərclənib qurtarmış olsun"…
Elə belə də olur 1916-cı ildə Əzrayılın üstünə gülə-gülə gedən
yazıçının ona verməyə heç nəyi yox idi, quru candan başqa. Ruhu isə
çoxdan göylərdə idi…