Axar.az
bu məsələni
ötən onilliyin Nobel mükafatı laureatlarının timsalında
araşdırıb.
Yaxşı yazıçı, oxunan yazıçı olmaq üçün nə lazımdır? İstedad,
inad və mənlik duyğusu... Bəs təhsil? Həkim inadına, mühəndis
istedadına, pianoçu isə ambisiyalarına dayanaraq işləyə bilərmi? Ən
adi nümunələri – Anton Pavloviç Çexov həkim, Lüis Keroll
riyaziyyatçı, Lev Tolstoy mütəfəkkir olmaq üçün hüquq
fakültəsindəki təhsilini yarımçıq qoymuş "ibtidai" filosof idilər –
bir kənara qoyub elitlərin elitinə, ədəbiyyat üzə Nobel
mükafatçılarına müraciət edək. Son onillikdəki adları götürək. Hara
çevirsək də, Nobel – Olimp mükafatıdır və bu zirvəyə yalnız super
peşəkarlar qalxa bilir. Gəlin görək bizim ən alilərimiz necə təhsil
alıblar.
2011-ci il. Tumas Transtremer (İsveçrə)
Həkim-psixoloq təhsili alıb. Öz peşəsindən həbsxanadakı
yetkinlik yaşına çatmamış dustaqların tərbiyəsində istifadə edib.
Transtremer – XX əsr isveç ədəbiyyatının ən böyük nümayəndəsidir,
hələ sağlığında klassik kimi qəbul edilirdi. Belman (1966),
Petrarka (1981) adına mükafatlara, ədəbiyyat üzrə Şimal Sovetinin
mükafatına layiq görülüb. Ondan çox şeir toplusu nəşr olunub, çoxlu
sayda kitabı əcnəbi dillərə tərcümə edilib. Göründüyü kimi,
filoloji təhsilinin olmaması onun yolunda əngələ çevrilməyib.
2010-cu il. Mario Barqas Losa (Peru)
Peruan-ispan nasir-dramaturqu, publisist, siyasi xadim. Bütün
qəlbi ilə narazı olsa da, atasının təkidi ilə hərbi məktəbə daxil
olmuş, təhsilini bitirməyə bir il qalmış isə dözə bilməyib məktəbi
atmışdı. Mario jurnalist olur, sonra San-Markos Universitetinin
filologiya fakültəsinə daxil olur və hətta ədəbiyyatşünaslıq üzrə
dissertasiya müdafiə edir.
2009-cu il. Qerta Müller (Almaniya)
Rumıniyada anadan olub, universiteti alman və rumın ədəbiyyatı
mütəxəssisi kimi başa vurub. Zavodda tərcüməçi işləyib, Çauşeskinin
gizli polisi ilə əməkdaşlıqdan imtina etdiyi üçün işdən azad edilib
və uşaq bağçasında tərbiyəçi kimi fəaliyyət göstərib, yeri düşəndə
evdə alman dilindən dərslər də verib. Sonralara frau Müller həyat
yoldaşı yazıçı Rixard Vaqnerlə birlikdə Almaniyaya köçüb, burada
mühazirələr oxuyur və gördüyümüz kimi, olduqca səmərəli bir
yaradıcılıqla məşğul olur.
2008-ci il. Jan-Mari Qustav Le Klezio
(Fransa)
Müasir fransız ədəbiyyatının ən çox tərcümə edilən
yazıçılarından biri. İlk romanını 23 yaşında yazıb və dərhal
Honkurov mükafatına layiq görülüb. Le Klezio üç dildə kamil
danışıb-yaza bilir. Filoloji təhsil alsa da, daha çox tarixlə
maraqlanaraq, Meksika tarixi üzrə doktorluq işi müdafiə edib.
2007-ci il. Doris Lessinq (Böyük Britaniya)
Görkəmli yazıçı, hekayə, pyes, publisistik məqalələr müəllifi.
1999-cu ilin dekabrında Şərəf Ordeni ilə təltif olunub (bu ordenə
xalq, millət qarşısında xüsusi xidmətləri olan insanlar layiq
görülürlər). Doris əvvəlcə katolik məktəbində, sonra isə
paytaxtdakı qızlar üçün məktəbdə təhsil alsa da, oxumağı yarımçıq
qoyub. Lessinqin heç bir ali təhsili yoxdur. Xəstə baxıcısı,
telefon operatoru, jurnalist kimi fəaliyyət göstərib. Lakin bütün
bunlar ona Harvard universitetinin doktoru elmi dərəcəsini almağa
mane olmayıb.
2006-cı il. Orxan Pamuk (Türkiyə)
Pamuk Türkiyədə olduğu kimi, onun sərhədlərindən kənarda da nəşr
olunur. Valideynləri onu mühəndis görmək istəyirdilər. Odur ki,
Orxan İstanbul Texniki Universitetinin mühəndis-inşaatçı
fakültəsinə daxil olur. Lakin üç ildən sonra təhsilini yarımçıq
qoyur, çünki yazıçı olmaq istəyirdi. Daha sonra isə jurnalistika və
Nobel mükafatı...
2005-ci il. Harold Pinter (Böyük Britaniya)
Kral Akademiyasını bitirərək aktyorluq sənətinə
yiyələnir və İrlandiyada kiçik əyalət truppasında işə başlayır.
Harold Pinterin yaradıcılığı dramaturgiya ilə bağlıdır: ilk pyesini
Bristol universitetinin teatr fakültəsinin tələbələri üçün yazıb.
Sonra isə bir-birinin ardınca yeni-yeni əsərləri ərsəyə gəlib.
Nəticədə Pinterin pyesləri dramaturgiyada yeni bir hadisə kimi
qəbul edilərək hətta bəzən "pinterizm" adı ilə elmi araşdırmaların
obyektinə çevrildi.
2004-cü il. Elfrida Yelinek (Avstriya)
Romançı, dramaturq, şair və ədəbi tənqidçi. Nobel mükafatından
başqa Henrix Böll (Köln, 1986), Georq Bühner (1998), Henrix Heyne
(2002), Frans Kafka (2004) mükafatlarına layiq görülüb. Elfrida 13
yaşında Vena koservatoriyasına daxil olur, burada bir çox musiqi
alətlərində ifa etməyi öyrənir. Orqan sinfi üzrə konservatoriya
diplomu alır. Elfrida Yelineki cəsarətlə təxribatçı, kobud,
qalmaqallı yazıçı və dramaturq adlandırmaq olar. O, xüsusi filoloji
təhsil almasa da, çox məhsuldar işləyərək böyük şöhrət qazanıb.
2002-ci il. İmre Kertes (Macarıstan)
Kertes bütün ömrü boyu ədəbi fəaliyyətlə məşğul olub. Əvvəlcə
tərcüməçi (alman dilindən macar dilinə və əksinə) işləyib, sonra
isə şəxsi ədəbi karyerasına başlayıb. İki il nasist düşərgəsində
keçirib ki, bu da onun ədəbi yaradıcılığına xüsusi təsir göstərib.
Ali təhsili olmayıb.
2001-ci il. Vidiadxar Suracprasad Naypol
(Trinidad)
Hind mənşəli ingilis dilli yazıçı. Oksford universitetini
bitirib, incəsənət üzrə bakalavr dərəcəsi alıb. 1971-ci ildə
Bukerov mükafatına layiq görülüb. Harada incəsənət varsa, orada
ədəbiyyat da var. Bu yazıçı "peşəkarlar komandası"na bir xal əlavə
edib.
Nəticə necədir?
Görkəmli yazıçıların çoxumu peşəsinə uyğun təhsil alıb? Nəticə,
təəccüblü də olsa, heç-heçədir. 2001-2011-ci illərdəki 10
laureatdan 5-i peşəkar təhsil alıb, 5-i isə yox. Ancaq yenə də gənc
yazarlar yoldan çıxmamalıdırlar. Bir bizim siyahıya baxın:
"təhsilsiz" yazarlar 81-92 yaş arasında Nobelə layiq görülüblər.
Onlar müharibələr, inqilablar görmüş, rejimlərin dəyişməsinin
şahidi olmuş, ölkələrini, hətta qitəni belə tərk etməyə məcbur
olmuşlar. Bir sözlə, onların öz universitetləri olub. Ancaq daha
gənc yazıçıların oxumaq üçün həm imkanları, həm də vaxtları olub və
onlar da bundan səmərəli istifadə ediblər. Hər bir işdə həm
istedadın, həm də zəhmətin payı var. Və bu ikinci hissə Sizin öz
əlinizdədir.