Nüsrət Kəsəmənlinin ölümündən 11 il ötür...
O, sevgi şairi idi. Onu
sevirdilər. İlk sevgi həyəcanını yaşayanlar öz hislərini onun
şeirlərilə ifadə edirdilər. Sözlərinə yazılan mahnıların sədası
altında qol götürüb oynayanlar – qanad açıb xoşbəxtliyə uçurmuş
kimi qanadlananlar vardı.
1946-cı ildə Qazaxda dünyaya gələn sevgi şairi elə ilk ayrılığı
öz ailəsində görür. Nüsrət hələ dünyaya gəlməmiş valideynləri
qısqanclıq zəminində ayrılır. Nüsrətin bu acısı gələcəkdə onun
"Biri vardı, biri yox" şeirində özünü tapacaqdı.
***
Şair çox ağır həyat keçirir.
Bakıya qəbul imtahanına gələndə gecə Sabir adına bağda yatır. Gecə
yarısı milislər gəlib onu şöbəyə aparırlar. Nüsrət imtahan vərəqini
göstərir ki, abituriyentəm, sadəcə, qalmağa yerim
yoxdur.
Gənc Nüsrət imtahan verərək Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsinə qəbul olur və burada gələcəkdə ona sevgi
şeirləri yazmasına səbəb olan Sevda adında qızla tanış olur. Cütlük
bir-birilərini dəlicəsinə sevir. Universitetdə onlara "Nüsrətin
Sevdası", "Sevdanın Nüsrəti" deyə müraciət edirlər. Lakin onların
bu sevgisi xoşbəxt sonluqla bitmir. Necə və nə səbəbə ayrılmalarını
isə Nüsrətlə Sevdadan başqa kimsə bilmir.
Sevda başqası ilə evlənir. Bundan təsirlənən şair "Dünən toyun
idi" şeirini yazır. Sevda gənc yaşda çox ağır xəstələnir və tez
rəhmətə gedir. Onun şəkli ölənə qədər Nüsrət Kəsəmənlinin stolunun
üstündə durur.
Bundan sonra Nüsrət Rəhilə xanımla evlənir və Rəşad, Araz adlı
iki oğlu olur.
"Daha nağıllara inanmıram mən", "Unuda bilməyəcəksən", "Etiraf",
"Yandır məktublarımı", "Dünən toyun idi", "Dünya köhnə dünyadı",
"Sən demə təzədən sevmək olarmış", "Bəhanəsiz get", "Dəli bir
ağlamaq keçir könlümdən" adlı sevgi, gənclik, duyğular aləmi ilə
dolu saysız şeirləri gənclər arasında qısa müddətdə populyarlıq
qazanır.
Şairin 150-dək şeirinə musiqi bəstələnir. Nüsrət Kəsəmənli
14-dən çox filmin ssenari müəllifi, redaktoru olub. O, 1989-cu ildə
ekranlaşdırılan "Doğma sahillər" filmində İran generalı Mustafa
Nəsirov obrazını canlandırıb.
"Dünyaya pəncərə" adlı televiziya verilişinin ssenari müəllifi
və aparıcısı olub.
Şair uzun müddət böyrək ağrılarından əziyyət çəkir və müalicə
olunmaq üçün Təbrizə üz tutur. Əməliyyat uğurlu keçsə də, bir neçə
gün sonra onun vəziyyəti pisləşir.
Nüsrət Kəsəmənli 17 oktyabr 2003-cü ildə Təbrizdə vəfat
edir.