Ovçular Birliyinin fəxri üzvüdür, lakin heç vaxt ilana
atəş açmayıb, çünki bu fikirdə olmayıb, səbəbini isə heç özü də
bilmir. Vətən və ideya uğrunda ölənlərin qarşısında baş əyir, qadın
uğrunda ölənlərin ruhu qarşısında isə diz çökməyə hazırdır. Saz
üstündə köklənən, lakin caz sevgisini daşıyan qəlbi
var.
Şəkil və foto çəkməyi də bacarır. Pianonu da dilləndirir, amma
əsil söz adamıdır. Özünü iki dəfə öldürmək istəyib, min dəfə isə
tam əksinə, özünü öldürməyib... Xalq şairi, Əməkdar incəsənət
xadimi, Milli Məclisin deputatı olan Vaqif Səmədoğlunun xəstəlikdən
öncə verdiyi müsahibəsini təqdim edirik.
- Saat və aksesuarlar - bu iki əşya üstünüzdə olanda
əhvalınızda nə baş verir?
- Saat zaman göstəricisidir, vaxt göstəricisidir. Yəni bilirsən
günün hansı zamınındasan, hansı vaxtındasan. Sözün doğrusu,
qalustukun nə fəsləsəfəsini bilirəm, nə də tarixini. Mən kəpənək
qalstukları sevirəm. Düşünürəm ki, insan səmimidirsə, qalstuk belə
ona təsir edə bilməz. Mən şortikdə o qədər qeyri-səmimi insanlar
görmüşəm. Bununla yanaşı həmişə qalstukda olan səmimi insanlar da
tanıyıram.
-Vaqif müəllim sonuncu dəfə piano arxasında nə zaman
əyləşmisiniz?
Fikirləşir...
- Həmişə onun arxasındayam, xəyalən. Çünki mənim həyatım onunla
bağlıdır. Musiqi məktəbində oxumuşam, Konservatoriyanı bitirmişəm.
Moskva Konservatopriyasında bir müddət təhsil almışam, işləmişəm.
Bizim Konservatoriyada on ilə yaxın fortepianodan dərs demişəm.
Hətta piano müəllimi olmuşam. Fiziki nöqteyi-nəzərdən hərdən
otururam. Onu da deyim, fortepianoda çalmaq kifayət qədər ağır
işdir. Məşhur bir professor bunu qara fəhlənin zəhməti ilə müqayisə
edirdi. Axırıncı dəfə sizin yanınızda oturdum.
- Musiqi və kitab ruhun qidasıdır. Musiqi və kitabın
insan həyatındakı rolu nədən ibarətdir?
- Musiqinin yeri daha çoxdur. Çox insanlar tanıyırıam ki,
əllərində bir dəfə də kitab tutmayıblar, amma musiqi dinləməyi
xoşlayırlar. Burada musiqi və kitabın insana nə verdiyindən söhbət
getmir. Əsas odur ki, insan bunlardan nə ala bilir. İnsan var ki,
nə müsiqindən, nə də kitabdan heç nə götürə bilmir. Canı sağ olsun.
İnsan da var, yaxşı musiqi ilə, yaxşı kitab oxumaqla formalaşır.
İnsan kimi yetişir, insan kimi püxtələşir.
-Vaqif müəllim, bəzən şairlərin də susduğu bu şəhərdə nə
hiss edirsiniz, hazırki söhbət sizə nə verir?
- Mənə imkan verir ki, verilən sullara cavab verim. Bacardıqca
müfəssəl və abırlı cavab verim.
- Birdən zaman haqqında düşündüm. 37-ci ildə Səməd
Vurğun tutulsaydı, 39-cu ildə Vaqif Səmədoğlu dünyaya gəlməyəcəkdi…
Bununla da Azərbaycan hansı ziyalısını itirə bilərdi?
- Nəbilim... (fikirləşir) Əgər məni ziyalı hesab edirsinizsə,
yəqin ki, mən olmayacaqdım. Amma Səməd Vurğunun 37-ci ildə də,
52-ci ildə də tutulmaq şansları vardı. (yenə fikirləşir)
Xoşbəxtlikdən tutulmadı...
- Ad günü təəssüratları... Ad günlərini necə
keçirirsiniz? Son ad gününüzü nə zaman qeyd etmisiniz?
- Hər il... Çünki mənim həyat yoldaşım Nüşabə xanım ad
günləridi, bayramlardı - bunlara çox diqqətlə yanaşan insandır. Çox
təntənəli yox. Böyük restoran da bağlatmırıq. Yaxın dostlar,
qohumlar yığışıb evdə qeyd edirik. Çox qəribədir, özümü tanıyandan
mən ad günlərimdə kədərli oluram... (fikrə gedir.) Həmişə kədərli
olmuşam. Bunu anlatmaq çox çətindir. Bu emosional halın obyektiv və
subyektiv səbəbləri var. 24 yaşla 74 yaşı qeyd eləmək arasında fərq
var. 24 yaş əmindi ki, gələn il 25 yaş var. 74 yaşda artıq o
əminlik yoxdur. Bilmirsən ki, gələn il 75 yaşını qeyd edə
biləcəksən ya yox? Bəlkə orden verdilər.
Özümü iki dəfə öldürmək istəmişəm
- Heç olubmu saata baxıb demisniz ki, əqrəblərindən daş
asılıb. Zaman sizə düşmən kəsilib, getmək istəməyib...
- Mən də yalnız aeroportda təyyarəni gözləyəndə, uçuşlar təxirə
salınanda əqrəblərdən daş asılır. Gəlmisən ki, bir saatdan sonra
uçursan, deyirlər, on iki saat gözləməlisən! Adətən vaxt çox
tələsir. Mən istədim, sən istədin - vaxt gedəcək. Vaxtı yox, saatı
biz yaratmışıq. Biz zamandan asılıyıq, zaman bizdən yox.
- Deyirsiniz, özümü iki dəfə öldürmək istəmişəm, min
dəfə öldürməmişəm. Sizcə, bu dünya üçün Tanrıya xəyanət etməyə
dəyərmi? İntihar xəyanətdirmi?
- Hesab eləmirəm. Mən elə hesab eləmirəm ki, intihar Tanrıya
xəyanətdir. Tanrıya xəyanət ümumiyyətlə ola bilməz. Günaha bata
bilərik. Ölüm qorxusunu addamaq, qorxu səddini keçmək. Onun
üstündən adlamaq. Ancaq ölümdən də dəhşətli hiss var... (nəsə
düşünür) Qorxu!!! Bu qorxudan milyonlarla insan bəşər tarixində
özünü öldürüb. Kasıblıqdan yox, zənginlikdən yox, narkomaniyadan
yox, məhz, qorxudan insan itihar edir. İnsan qorxuya dözə bilmədiyi
üçün intihar edir. Mən intiharı heç bir zaman Allaha xəyanət saya
bilmərəm. Baxmayaraq ki, yer üzündə mövcud dinlər intiharı günah
hesab edir. (gülümsəyir) Amma mən dəqiq bilmirəm Allahın buna
münasibəti necədir…
"Vaqif Səmədoğlu nə gic-gic danışır orada?"
- Dostoyevski "Günah cazibə qüvvəsidir" - deyirdi. Bəzən
biz insanlar istəməyərəkdən günaha doğru gedirik. İnsan bilərəkdən
günah edirsə, nədir bunun fəlsəfəsi?
- Dostoyevskinin sözlərində də həqiqət var. Cazibə məsələsi
elədi ki, insanın diqqətini çəkir. Bəzən qaranlıqda gedirsən, bir
işıq görüsən işığın cazibəsi insanı özünə çəkir. İşığın cazibəsi
olduğu kimi, zülmətin də öz cazibəsi olur.
- Bəs ziyalıların təqdimatı oxucuya nə
verir?
-Yenə də baxır hansı ziyalıdı, hansı oxucu. Bax, bu söhbəti
kimsə oxuyanda deyəcək ki, aaa… Vaqif Səmədoğlu nə ağıllı adamdı
(fikirləşir), kimsə də deyəcək, nə gic-gic danışır orada. Bu da
təbiidir. Amma hər yüz tamaşaçıdan biri bu söhbətdən nəsə götürə
biləcəksə, ən əsası yeni bir fikrə, ideyaya gələcəksə, sən də, mən
də xoşbəxt ola bilərik. Kiməsə impulus ola biləcəyiksə, nə xoş
bizim halımıza.
Bu zamanədə nəvə olmaq…
- Babanızı və nənənizi necə xatırlayırsınız? Baba
olandan sonra, nəvə xoşbəxtliyini necə yaşayırsınız?
- Mən baba görməmişəm. Bircə nənə görmüşəm. Mənə həmişə maraqlı
olub ki, onlardan mənə nə keçib? Genetik kodlar... Bax, bu məni çox
düşündürür. Yəqin ki, mənim nəvələrimi də bu düşündürəcək. Bir də
bilirsiz nə var, indiki zamanədə nəvə olmaq daha yaxşıdır. Mənim
nəvələrimlə o qədər videom, o qədər şəklim var ki. Onu da deyim,
özümün də balaca video-kameram var. Fotolarım da çoxdur. Özüm də
fotoqrafam.
Ramız ona görə də dovşan balası yazmayıb
- Məşhur bir şer var: "İlan balası". Ümumiyyətlə, bir
insana gələcəyinə görə dəyər vermək nə qədər düzgündür? İlan
balasına bir körpə kimi münasibət bildirmək lazımdır, yoxsa ilan
balası olduğunu nəzərdən qaçırmamaq?
- Həə, Ramizin şeridi. Bir şey də deyim, məndən sənə əmanət -
bir qız yanında bir qız tərifləmə, bir də br şair yanında bir şairi
tərifləmə (gülür). Ramiz Rövşən mənim canım-cigərimdir. Yumurtadan
çıxan balaca, yeddi-səkkiz santimetr olan gürzə barmaqla başından
basanda öləcək, amma zəhəri artıq beş illik ilanın zəhəridi. Ramız
onun üçün İlan balası yazıb, dovşan balası yazmayıb. Yəni bu, artıq
ilandı. Amma təbiəti, heyvanları sevmək lazımdı. Mən heç vaxt ilan
öldürməmişəm. Ovda çox olmuşam. Bir vaxtlar günlərim çöldə,
meşələrdə keçirdi. Ovçuluqla məşğul olmuşam. Azərbaycan Ovçular
Cəmiyyətinin fəxri ovçusuyam. (Gülür) Mən də təccübləndim məni niyə
tüfəngsiz çağırırlar. Heç bir vaxt ilana atəş açmamışam.
- Düşünürsüz ki, ilana atəş açmaq olmaz?
- Nə danışırsan, mən ovçuyam. Atasını yandıraram. Harada ilan
görsəz, ondan ehtiyatlı olun, xüsusilə də gürzədən. Elə ilan var
ki, tapdamasan, insanı sancmaz, amma elə ilan da var, insana hücum
edir. Mən bunu görmüşəm.
Onun üçün də internetə aludə olmuşam
- Hər hansısa bir toplum sizi qəbul eləmirsə, o topluma
necə əlvida deyirsiniz?
- Toplumlar da yaş ilə formalaşır. Hər şey öz yerini tutur. Məni
qəbul eləməyən toplumda nə işim var? Mən hörmət elədiyim, sevdiyim
və hörmət gördüyüm insanın evinə gedirəm və o insanı öz evimə dəvət
edirəm. Ünsiyyət çərçivəsi get-gedə daralır. Virtual ünsiyyəti
demirəm. Canlı ünsiyyəti deyirəm. Çalışıram ünsiyyətdən qaçmayım.
Onun üçün də aludə olmuşam internetə. Üniyyəti zəhmətə çevirmək
olmaz. Onu da tarazlaşdırmaq lazımdır.
- İlk itkidən sonra nə dəyişdi həyatınızda?
- Bilirsən, Nigar, yaxınlardan ilk ölüm kimi məni (fikirləşir…)
nənəmin ölümü heyrətə gətirdi. Yeddi yaşım olanda nənəm rəhmətə
getdi. Onda heyrətə gəldim ki, yaxınımı itirdim. Nədənsə mən
həddindən artıq müdrikləşdim, amma hələ də ağıllanıram. İtki həmişə
itkidir, itki həmişə dərddir.
- Deyirlər, ağrı sərt bir ləzzətdir…
- Çox qədimdə deyiblər bu fikri. İnsanın ən yüksək zövq aldığı,
ləzzət götürdüyü məqamlar, anlar xüsusi ilə məhəbbətdə ağrıdır
(düşünür). Ağrının ən yüksək pilləsi. Mən gördüyüm ölümlərdə ölüm
aqoniyası deyilən bir termin var. Aqoniyaya bizdə canvermə
deyirlər. Nevropatoloqların, həkimlərin dediyinə görə, onda bütün
ağrılar kəsilir, bütün ağrılar yox olur. İnsan eyforiya vəziyyətinə
düşür. Keyf, ləzzət eyforiyası. Mən normal azarla ölən insanları
deyirəm, qəflətən gülədən ölənləri yox. Ya faciənin keyfi, ya da
keyfin faciəsi olur...
İndi də qumar oynayan yazıçılar var
- Yaşadığı dövrdə qəbul olunmayan, ölümdən sonra dahi
kimi qəbul edilənan yaradıcı insanlara münasibətiniz necədir?
Məsələn, klassik yazıçılardan Dostoyevski "Qumarbaz" romanını
yazmaq üçün ruletka oyununun vətəninə qədər səyahət edir.
Ümumiyyətlə, hər hansı bir yazıçı pis vərdişləri romanında yazmaq
üçün onu öz həyatında yaşamalıdırmı? Yəni bu hadisələrin içindən
keçmək nə qədər məntiqə uyğundur?
- Dostoyevski qumarbaz idi, Puşkin də qumarbaz olub. O dövrdə
XVIII- XIX yüzillikdə qumar heç də ayıb şey, heç də qəbahət
sayılmırdı. İnsan ünsiyyətinin formalarından biri idi. İndi də
qumar oynayan yazıçılar var. Özüm sevmirəm. Qətiyyən.
Dostoyevskinin Badenbadendə getdiyi kazinoya mən girmişəm və
Dostoyevski oturan "lober masası"na əlimi də vurmuşam. Salam
vermişəm Dostoyevskinin ruhuna! (gülür).
- Hər kişinin yaddaşında bir qadın mütləqdir. Maraqlı
bir fakt yaddıma düşdü. Fransız yazıçısı Balzak öz xanımı ilə on
beş il yazışdıqdan sonra evlənib. Maraqlıdır, bir xanımı yalnız
dahilərmi bu qədər gözləyə bilər? Vaqif Səmədoğlunun xanımlar
qarşısında səbri və dözümü nə qədərdir?
- (Susub düşünür və diqqətlə harasa baxır...) Dözümüm sonsuzdur.
Qadın haqqında mən həmişə bir şey deyirəm, indi də təkrar eləyirəm.
Mən vətən uğrunda, ideya uğrunda ölənlərin qarşısında baş əyirəm.
Amma qadın uğrunda ölənlərin qarşısında diz çökürəm...
Ay unutdun aaa...
- Hər insana doğma olan ev və evinizdəki iş otağınız
haqqında nə deyə bilərsiniz? Gecələr nə düşünürüsüz, hansı dostlar
yadda düşür?
- Səməd Vurğunun oğluyam. Evimizdə həmişə saz, muğam olub.
Evimizdə Aşıq Mirzə, Xan Şuşinski kimi xanəndələr olub. Hazırda
alaqırıq xatirələr yazıram və ömrümdə təsəvvürümə gətirə bilməzdim
ki, xatirə yazmaq işgəncədir. Doğurdan işgəncədir. Çalışıram səmimi
yazım, düzünü yazım. Mən xatirələri yox, xatirələr başlayır məni
yazmağa. Bilirsən necə? Xatirələrin öz iradəsi var... Yadına bir
yaxşı xatirə salmaq istəyirsən, birdən yadına eləsi düşür, deyir,
kişisənsə bunu da yaz. Əsasən, xatirələr gecələr olur. Xatirələr
kompromisə getmir. Ancaq yaxşı xatirələrlə yaşaya bilmirsən. Mütləq
böyründən biri çıxır. Elə hadisə var ki, onu unutmaq istəyirsən.
Ayy unutdun aaa... Heç vaxt.
Qara avtomobil
Bu sözləri deyəndən sonra Xalq şairi mənə balaca bir konfet
verib, çantasını əlinə aldı, ətrafı maraqla seyr etdi, qoluma
girdi, aram-aram piləkənləri düşdü, sonra qara avtomobilinə oturub
yola düşdü...