"Əhməd filmə baxandan sonra deyirdi ki,
bilsəydim bu Qaloş belə oğraşdı, heç onun əvəzinə at
çapmazdım..."
Zığ kəndinə
gəlişimin səbəbi isə, məşhur prokurorun evinə it bağlanmasının
şahidi olmağımdır.
200 yaşlı
bəy evi
Bu evin sahibi Məmmədhüseyn bəy olub. Ona da atasından qalıb.
Evin 200-ə yaxın yaşı var. Bu haqda evin yerləşdiyi həyətdəki o
biri evin hazırkı sahibi Mehdi Məmmədov danışır. Haqqında bəhs
edəcəyimiz evdə isə Mehdi kişinin əmisi Cənnət kişi yaşayıb.
Ev iki mərtəbəlidir. İndi bu evdə heç kəs yaşamır. Mülk
acınacaqlı vəziyyətdədir.
Bəy evində tövlə
Mehdi kişinin atası Əli bəy isə həyətdə tikilən ikinci
ikimərtəbəli evdə yaşayıb. Həmin evdə Mehdi kişinin mərhum oğlunun
ailəsi qalır. Cənnət kişinin isə oğul övladı olmayıb. Qızları isə
ailə qurub, gəlin köçüblər. Ev baxımsız haldadır. Daha doğrusu,
evdən tamam başqa məqsədlə istifadə olunur. Otaqlardan biri zibillə
doludur. Digər alt qatdakı otaqlardan isə tövlə kimi
yararlanırlar.
Prokuror Mehmanın evi
Haqqında bəhs etdiyimiz ev qədimliyi ilə yanaşı arxitektura
baxımından maraqlı görüntüsü ilə də diqqəti çəkir. Öyrənirəm ki, ev
Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınsa da, tarixi abidə kimi
qorunmur və tarixi binaların siyahısına salınmayıb.
Bu ev "Qanun naminə" filminin çəkildiyi evdir: Prokuror Mehmanın
evi.
İtkiləri olan həyət
Mehdi kişi həm də bu evin sahibi kimi tanınır: "Babamın evidir.
Babamın atasının mülkü olub, ta ordan o yananını bilmirəm. Yadıma
gələn odur ki, bizim bağlarımız olub, Hövsana qədər. Yuxarıda (əli
ilə Günəşli yaylasını göstərir) bizim xırman yerimiz vardı. İndi
mən o xırman yerində ev tikmişəm, bağ-bağat salmışam, orda da
yaşayıram. Kiçik oğlum da mənimlə olur. Ailəlidir. Bu evi isə
ortancıl oğluma vermişdim, dünyasını dəyişdi, balaları qalır", –
deyir və qarşımızdakı qədim ikimərtəbəli evi göstərib əlavə edir: -
Bu həyətdə itkilərimiz çox olub. Nəsillər dəyişib.
"Yaxşı pul"
Bu evin də yaşı 100–ü çoxdan keçib. Səni maraqlandıran bu
"prokuror evi" isə əmim Cənnət kişinin olub. Qızları var, evin
varislik hüququ onlara məxsusdur. Sökməyə də qoymurlar. Əvvəllər
yaxşı idi yenə, bu evdə çəkilişlər olardı. Elə "Mehman" kinosu
("Qanun naminə") çəkiləndə gəldilər bu evi bir az abıra saldılar.
1969-70-ci illər idi. Artistlər bizim evdə geyinib-soyunurdular.
Bizi də qarovulçu kimi "aformit" eləmişdilər. Yaxşı da pul
verdilər.
- Təxminən nə qədər pul verirdilər, məsələn, maşın almaq
olardımı o pula?
- Yox, əşşi, day o qədər də yox, amma qonum-qonşunun paxıllığı
tuta biləcək qədər idi", - Mehdi kişi hazırcavablıq edir.
Prokurorun söykəndiyi məhəccərə bağlanan it
Evin alt qatını birgə gəzirik. Burda iki inək bağlanıb. Yuxarı
qatın artırmasında isə bir it özünü həyətdəki qələbəlikdən uzağa
salaraq "gizlənib". İti məhəcərə bağlayıblar. Həyətdə nişan
mərasimi olduğundan, əl-ayağa dolaşmasın deyə, iti açıb buraxırlar,
anında azadlığın dadını çıxarmaq üçün güllə kimi qaçıb gözdən itir,
heç şəklini də çəkməyə macalımız olmur. Nişan isə Mehdi kişinin qız
nəvəsinin nişanıdır.
Cavanlar Floraya baxırdı
- Bax Flora burda oturmuşdu (xalq artisti Flora Kərimova –
Mehmanın həyat yoldaşı Züleyxa rolunun ifaçısı - F.B), kədərli
mahnı oxuyurdu. Qazanları isə bax orda asmışdılar, - əli ilə hər
iki yeri göstərir. - Flora çox yaraşıqlı idi, kənd cavanları çox
vaxt onun yerişinə, duruşuna, hərəkətlərinə baxırdılar, filmə maraq
elə bil bu zalım qızına görə idi.
- Deyəsən o cavanlardan biri də siz olmusuz...
- Əstəğfürullah! O bizim həyətdə idi, kino da olsa, gəlin idi bu
həyətdə, həm də qonaq gəlmişdilər, kişilikdən olmazdı bu. O, bu
evin xanımı idi.
Bilsəydim bu Qaloş belə oğraşdı...
- Burda adam əlindən tərpənmək olmurdu. Qaloş, bax, o divara
söykənirdi. Elə bic kişi idi ki, kinoya baxandan sonra lap zəhləmiz
getdi ondan. Qonşumuz Əhməd vardı. Şoferdi. Qaloşun əvəzinə atı o
çapırdı. Qaloşu ancaq güclə ata mindirdilər. Dönüb hirsnən baxdı
ha, o səhnəni deyirəm. Rza Təhmasib oynayırdı o rolu, qoca kişi
idi, ayaq üstə zorla dururdu. Amma atı kəndin içi ilə üzü aşağı
Əhməd çapdı. Bax e, at çapdığına görə ona da pul verdilər. Əhməd
filmə baxandan sonra deyirdi ki, bilsəydim bu Qaloş belə oğraşdı,
heç onun əvəzinə at çapmazdım...
Evin birinci mərtəbəsində inək
Evin qəribə memar quruluşu var. Damda iki baca tikilib.
Bacalardan biri otağı işıqlandırmaq, o biri isə alt və üst qatdakı
buxarının tüstüsünü bayıra çıxarmaq üçündür. Divarlar uçmaq
üzrədir. Lakin bu ev illərin sınağından çox ləyaqətlə çıxıb.
Baxmayaraq ki, illərdir burada heyvan saxlanılır.
Evin həyəti yöndəmsiz daşlardan çox da hündür olmayan hasarla
əhatələnib. Daş hasarlarda çıxıntılar var. Bu çıxıntılar oyularaq
deşiklər yaradılıb ki, bu deşiklərə atlar bağlanarmış. Elə filimdə
də Mehmanın atı həmin yerə bağlanır.
- Özləri ilə camış da gətirmişdilər. Kənddə camışı olanlar
vardı. Gileyləndilər ki, bizim camışı niyə çəkməyiblar. Hamı kömək
etmək istəyirdi. Artistlər mehriban idi. Hamı onlara maraqla
baxırdı. Camaat çəkiliş zamanı demək olar ki, iş-gücünü atırdı.
Hələ biz də, mənim rəhmətlik atam da çəkilib bu filimdə. Kütləvi
səhnələr var e, kənd adamları barıdan boylanır, bax, orda.
Tarixi abidə Mədəniyyət Nazirliyində qeydə
alınmayıb
"Qanun naminə" filminin bəzi hissələri burada, bu həyətdə
oynanılıb. Kənd camaatı bununla fəxr edir. Söhbətlərində bunu hiss
etdim. Lakin evin bərbad hala salınmasına ürəkləri ağrısa da,
yığışıb bir iş görmürlər. Axı artıq bu ev Azərbaycanın tarixinin
kiçik bir parçasını özündə saxlayır. Keçmişimizə sahib çıxmağın
vaxtı isə çoxdan keçib.
Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat xidməti ilə
əlaqə saxladıq. Xidmətin müdüri İntiqam Hümbətov bizimlə söhbətində
dedi ki, Zığ kəndində 4 tarixi abidə qeydə alınıb. Onların
içərisində bu ev yoxdur.