Yuxarı

Çərkəz Qurbanlının böhtan atılan qızı hər şeyi açıqladı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin sabiq dekanı Vüsalə Elxan qızı Ağabəylinin böhtan, şər xarakterli yazıları səngimək bilmir. Bu yazılar Azərbaycan Dillər Universitetində təhsilimizin inkişafı naminə görülən mühüm və əhəmiyyətli işlərə kölgə salmaq məqsədi daşıyır.

Böhtan xarakterli yazılarda irəli sürülən fikirlərdən biri budur ki, xalq yazıçısı, akademik Kamal Abdulla müxtəlif vəzifələrə guya yaxın dostlarını, onların övladlarını təyin edib, onları irəli çəkib. Vüsalə Ağabəylinin “dostunun qızı” deyib hədəf seçdiyi və haqsız ittihamlarına məruz qalan mənəm - Nərgiz Qurbanlı. Böyüdüyüm mühit, aldığım tərbiyə səbəbindən onun böhtan dolu yazılarına cavab verməməyə çalışırdım. Son günlər Vüsalə Ağabəyli daha ağır ittihamlarla nəinki mənim ləyaqətimə toxunur, hətta haqq dünyasında olan atamın da ruhunu incitməkdədir.

Akademik Kamal Abdullanın dostlarından biri kimi adı çəkilən atam Çərkəz Qurbanlı 1966-2014-cü illərdə Azərbaycan Dillər Universitetində müəllim kimi fəaliyyət göstərib və kafedra müdiri, dekan, prorektor vəzifələrində çalışıb. Çərkəz Qurbanlı yazıçı Məhəmməd Əsəd bəyin Azərbaycandakı yorulmaz araşdırmaçılarından biri olub. O, Əsəd bəyin 6 əsərini, o cümlədən, “Əli və Nino” romanını alman dilindən Azərbaycan dilinə tərcümə edib. Çərkəz Qurbanlı XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmiş almandilli Avstriya yazıçısı Frans Kafkanın əsərlərinin tərcüməsinə görə Avstriya hökumətinin mükafatına layiq görülüb. Çərkəz Qurbanlı Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi də fəaliyyət göstərib. Atamın ictimai-siyasi fəaliyyətini Ulu Öndər Heydər Əliyevin ətrafındakı ziyalılar yaxşı xatırlayırlar. O, alman dili ilə yanaşı, rus, türk, ingilis və erməni dillərini də bilirdi.

Atamın milli-mənəvi zəmində davamçısı olan qardaşım Elçin Çərkəz oğlu Qurbanlı Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Ulu Öndərin çağırışı ilə könüllü olaraq 1994-cü ildə Qarabağ döyüşlərində iştirak etmək üçün cəbhəyə yola düşüb və Lələtəpə uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. (Xatırladım ki, qardaşım hərbi xidmətini 1988-1989-cu illərdə altı ay Macarıstanda, sonra isə Tiflisdə keçmişdi). Təbii ki, qardaşımın və mənim milli ruhda böyüməyimizdə atamın böyük rolu olub.

Mən Nərgiz Çərkəz qızı Qurbanlı səkkizinci sinfə qədər Bakıda təhsil almışam. Sonra isə orta təhsilimi davam etdirmək üçün Türkiyənin Qazi Anadolu Liseyinə daxil olmuşam. 1992-ci ildə Azərbaycan Respublikasının hansı şəraitdə olduğunu hər halda o dövrdə yaşayan insanlar daha yaxşı bilirlər. O vaxt mənim 15 yaşım var idi. Vüsalə Ağabəyli xatırlamaz o illəri, çünki onun təxminən 7 yaşı olardı. Liseyi bitirdikdən sonra Ankara Universitetinin iletişim (jurnalistika) fakültəsinə daxil olmuşam. Ankara Universitetində təhsil aldığım ilk illərdə qardaşım Elçin Lələtəpə uğrunda qəhrəmancasına şəhid oldu. Bundan sonra anamın səhhətində ciddi problemlər yarandı. Ona görə də mən təhsilimi BDU-nun Jurnalistika fakültəsində davam etdirməli oldum. Təbii ki, atam Türkiyədə təhsilimi başa vurmağımı istəyirdi, amma ailəmin ağır günündə onların yanında olmağa qərar verdim və Vətənə geri döndüm. 2000-ci ildə BDU-nun jurnalistika ixtisası üzrə bakalavr, 2002-ci ildə isə magistr səviyyəsini bitirmişəm. 2014-cü ildə ADU-nun doktorantı olmuşam. Eyni zamanda da 2006-ci ildə ADU-nun Pedoqoji fakültəsində ingilis dili ixtisası üzrə ikinci ali təhsil almışam.

On beş yaşından həyata atılan gənc qızcığazın, hər nə olursa-olsun, o yaşda öz ayaqları üstündə durması, təhsil arxasınca getdiyi yollarda çəkdiyi min bir əziyyətin müqabilində Vüsalə Ağabəylinin irəli sürüyü ittihamlar nə insanlığa, nə də “xanım”lığa yaraşar.

Vüsalə Ağabəyli iddia edir ki, akademik Kamal Abdulla rektor təyin edildikdən sonra mən jurnalistika ixtisası üzrə dərslə təmin olunmuşam. Vüsalə “xanım”ın nəzərinə çatdırım ki, on iki ildir ki, mən ADU-nun əməkdaşıyam. Beş ildir ki, jurnalistika ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğulam. Akademik Kamal Abdulla isə iki ildir ki, ADU-da rektor kimi fəaliyyət göstərir. Belə olan halda Kamal Abdulla məni necə dərslə təmin edə bilərdi? O ki qaldı kafedra müdirliyinə, akademik Kamal Abdulla rektor olana qədər jurnalistika ixtisasında tədrisin səviyyəsi ürəkaçan deyildi; ixtisas fənlərini qeyri-peşəkarlar tədris edir, tədris proqramlarında pərakəndəlik müşahidə olunurdu. Tələbələrin çoxsaylı müraciətlərini və tədrisin mobilliyini nəzərə alaraq, Virtual jurnalistika kafedrasının yaranmasına qərar verildi. Hörmətli rektor universitetdə bu ixtisas üzrə yeganə mütəxəssis olan məni ictimai əsaslarla kafedra müdiri təyin etdi. Xüsusi olaraq vurğulamaq istərdim ki, mənim ictimai əsaslarla Virtual jurnalistika kafedrasının müdiri vəzifəsinə irəli çəkilməyim şəxsi zəmində deyil, uzun illər jurnalistika ixtisasına aid fənləri tədris etməyimlə bağlı olub.

Çox qəribədir ki, məhz kafedra müdiri təyinatından sonra Vüsalə Ağabəyli mənə qarşı şər və böhtan xarakterli fikirlər söyləməyə başladı. Səbəbini hələ də anlaya bilmirəm, çünki həmişə normal münasibətlərimiz olub. Bəlkə kiməsə nəsə söz veribmiş, ya da başqa səbəblər varmış, hər halda özü daha yaxşı bilir.

Qeyd etmək istərdim ki, 2007-ci ildən əməkdaşı olduğum Azərbaycan Dillər Universitetində 2014-cü ildən “Jurnalistikaya giriş”, “Azərbaycan jurnalistikası tarixi”, “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi”, “Çap texnikası və qəzet istehsalı”, “KİV-in dili və redaktənin əsasları”, “Televiziyada praktiki iş” adlı fənləri tədris edirəm. Universitetimizdə jurnalistika ixtisasının tarixi uzun keçmişə dayanmasa da, bu qısa müddətdə tələbələrin peşəkar kimi yetişməsi üçün əlimdən gələni etməyə çalışmışam. Müharibə şəraitində yaşayan Azərbaycanda informasiya daşıyıcısı olmaq, cəmiyyəti məlumatlandırmaq kimi şərəfli peşənin nümayəndələrini yetişdirmək üçün bütün bilik və bacarığımdan istifadə etməyə çalışmışam. Həmçinin, KİV-in bütün sahələrində çalışan əməkdaşlarını ustad dərslərinə dəvət etmiş, tanınmış qələm adamlarları ilə tələbələrin görüşünü təşkil etmiş, onların praktik hazırlığına xüsusi önəm verimişəm. Yetirmələrimizin bizimlə birgə həmkar kimi çalışması, dövlət əhəmiyyətli tədbirlərin işıqlandırılmasının ADU məzunlarına həvalə olunması bunun əyani sübutudur. O ki qaldı dərslərin keyfiyyəti və səviyyəsinə, əgər dərsləri ingilis dilində keçmiriksə, bəs necə olur ki, tələbələr ingilis dilində imtahan verir və yüksək nəticələr toplayırlar.

Məsələnin maraqlı və təəccüblü tərəfi ondan ibarətdir ki, Vüsalə “xanım” niyə axı dekan vəzifəsində qalmaq iddiasındadır?! Axı akademik Kamal Abdulla onu işdən uzaqlaşdırmayıb, işində yol verdiyi nöqsanlara görə vəzifədən azad edib. Dekan kreslosunu heç kim özü ilə atası evindən gətirməyib. Müxtəlif illərdə bu vəzifəyə neçə-neçə insanlar gəlib-gedib. Amma nə tələbəlik illərimdə, nə də müəllim kimi çalışdığım müddətdə kimsənin bu kreslodan dörd əllə yapışdığının şahidi olmamışam, heç eşitməmişəm də. Görəsən, Vüsalə Ağabəylinin dekan vəzifəsinə bu qədər iddialı olmasının arxasında hansı maraqlar dayanır?

İndi isə keçək Vüsalə Ağabəylinin usanmadan təkrarladığı açıq dərs məsələsinə. Akademik Kamal Abdulla açıq dərslərin təşkili ilə bağlı əmr imzalanmışdı. Vüsalə Ağabəyli sədr olduğu komissiya üzvləri açıq dərsi 90 dəqiqə müşahidə etməli, qüsurlar qeyd olunmalı, sonra isə müəllimin iştirakı ilə müzakirə keçirilməli idi. Birinci açıq dərsimə Vüsalə Ağabəyli özü gəlmədi və jurnalistika ilə heç bir əlaqəsi olmayan birini göndərdi. Növbəti dəfə yenidən açıq dərs keçirildi. Bu dəfə Vüsalə Ağabəyli və komissiya üzvləri dərsin gedişini cəmi 8-10 dəqiqə dinlədilər. Halbuki dərslərin dinlənilməsi rektorun əmrinə əsasən 10 dəqiqə yox, 90 dəqiqə olmalı idi. Bir həftədən sonra Vüsalə xanım məni otağına çağırıb heç bir müzakirə olmadan “kafi” qiymət yazılmış protokola imza atmağa məcbur etmək təşəbbüsündə bulundu. Təbii ki, mən də bununla razılaşmadım, komissiya üzvlərinin rəyini tələb etdim. Vüsalə “xanım” iddia edir ki, dərslər ingilis dilində keçirilmir, tələbələr ingilis dilini bilmir və s. Xatırladıram ki, mən jurnalistika ixtisasında təhsil alan tələbələrə nə ingilis dilinin qrammatikasını, nə də fonetikasını tədris edirəm. Mən onlara öz ixtisasları - jurnalistika ilə bağlı fənləri tədris edirəm. Hesab edirəm ki, hər bir mütəxəssis ilk növbədə öz ixtisasını yüksək səviyyədə bilməlidir, təbii ki, paralel olaraq dil səviyyəsini də artırmalıdır.

Tələbələrlə təcrübədə olarkən ilk növbədə onların ixtisaslarını hansı səviyyədə bilmələri maraq doğurur. Onu da qeyd edim ki, bu il məzun olan dördüncü kurs tələbələrindən iki nəfər istehsalat təcrübəsi müddətində yüksək peşəkarlıq göstərdiklərinə görə ARB teleşirkətində müxbir kimi işlə təmin olunublar. Mən elmi rəhbərləri kimi teleşirkətdə olarkən şirkət rəhbərliyinin tələbələrimiz haqqında ağız dolusu danışmaqlarından qürur hissi keçirdirdim. Bu, böyük bir uğurdur! ADU-nun Jurnalistika ixtisası üzrə təhsil alan tələbələri məzun olmamış işlə təmin olunmuşlar. Onu da qeyd edim ki, tələbələr ingilis dilində yox, məhz doğma ana dilimizdə - dövlət dilində çalışırlar.

Xatırladım ki, Vüsalə Ağabəyli özü də müsahibələrinin birində ADU-nun jurnalistika ixtisasında təhsil alan tələbələrin birinci öz ixtisaslarını, sonra isə xarici dili öyrənməli olduğunu bildirmişdi: “Tələbə ilk növbədə ixtisasını ana dilində mənimsəsin, sonradan isə xarici dillərə yiyələnmək olar. İstənilən halda tələbəyə əlavə dil öyrətmək mümkündür”. Vüsalə xanım, axı bu fikirləri siz söyləmisiz, nə tez unutdunuz? Axı, özünüz də yaxşı bilirsiz ki, jurnalistika ixtisasında dərs deyən müəllim üçün əsas meyar ingilis dili bilməsi deyil. Unutmusunuzsa, xatırladım, ingilis dilini bilən və jurnalistika ixtisasından bixəbər bir müəllimi dəvət etmişdiniz. Nəticəsi acınacaqlı oldu: tələbələr həmin müəllimin dərsində iştirak etməkdən imtina etdilər.

Vüsalə Ağabəylinin Kamal müəllimin məni kursa göndərməyi barədə qaldırdığı iddiaya da toxunmaq istərdim. Vüsalə Ağabəyli dekan işlədiyi müddətdə özüm müraciət etmişdim ki, dil bilgimi artırmaq üçün şərait yaradılsın. Onun otağındaca belə qərara gəldik ki, bu barədə rektora müraciət olunsun, çünki ingilis dili kursuna getdiyimə görə müəyyən saatlarda işdə ola bilməyəcəkdim. Buna görə də rektora rəsmi olaraq, ərizə ilə müraciət etməli oldum. Bir daha vurğulayıram: kursa getməkdə məqsədim dil öyrənmək deyildi, biliyimi artırıb sertifikat almaq idi. Bütün bunları bilə-bilə niyə həqiqəti təhrif edir, absurd ittihamlar səsləndirirsiniz?

O ki qaldı atamın akademik Kamal Abdullanın dostu olması məsələsinə, mənim atam nəinki Kamal Abdullanın, eyni zamanda, Azərbaycanın təhsil ocaqlarında çalışan müəllimlərin, tanınmış ziyalıların, yüksək vəzifəli şəxslərin, Vətənini, xalqını sevən hər kəsin dostu idi.

Sonda onu demək istəyirəm ki, Hz. Mövlanə “Ədəbli ədəbindən susar, ədəbsiz də mən susdurdum deyə zənn edər” söyləyib. Bir ilə yaxındır böhtanlarınıza, hədyanlarınıza cavab verməməyim 70 yaşlı sinəsi övlad dağlı anamı sizin yaşatdığınız həyəcandan, əsəbdən, stressdən qorumağımla bağlıdır.

Amma bundan sonra mən və mənim kimi insanlar susmayacaq.

Nərgiz Qurbanlı - Kamal Abdullanın və yüzlərlə ziyalının dostunun qızı

Tarix
2019.07.15 / 22:07
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla