Axar.az "Tarixi nadir"
layihəsində Güntay Gəncalpla növbəti müsahibəni təqdim edir.
I hissə
– Güntay bəy, deyirlər, bizim dildə erotizm alınmır. Bu
haqda eyni fikirdəsinizmi? Yoxsa...
– Erotizm insanın ən əski duyğularından və
diləklərindən biridir. Bütün dillərdə, o cümlədən bizim dildə də
çox gözəl ifadə variantları var. Sadəcə, tabular və fərdiyyətə
qarşı törələr bu duyumun şeirə yansımasını əngəlləmiş. Bunun üçün
şeir sənətinin dərinliyinə enmək lazımdır. Şeir və insanın erotik
duyğuları haqqında estetik bilgi və elm sahibi olmaq gərəkdir. Bu
bilgili olma məsələsini ən gözəl şəkli ilə Füzuli açıqlayıb:
"Elmsiz şeir əsassız divar olur,
Əsassız divar qayətdə bietibar
olur".
Şeir sənətinin qaynağı xəyal, duyğular və düşüncələr ikən, ifadə
aracı dildəki sözlərdir.
– Erotik bəyan hər zaman etirazla qarşılaşıb, çox az
dillərdə buna meydan açılıb.
– Tarix mütəxəssisləri bəşərin yazı tarixinin şumerlərlə
başladığı qənaətindədirlər. Erotizm şumerlərdən bəri ədəbiyyatın
mövzusu olub. Şumerlərdən qalan çox önəmli kitab "Qılqamış"
(Gilqamış – red) əsəridir. Əsərdə Enkido adında vəhşi və güclü bir
insan var. Ur şəhərinin uzaq tarlalarında çobanları incidir,
qoyunları, malları aparıb yeyir. Ur şəhərinin padşahı Qılqamışa bu
xəbəri çatdırırlar. Qılqamış "tapınaq fahişələrindən birini aparıb,
məmələrini ona göstərin, əhliləşər", – deyir.
– Niyə fahişələrin?
– Çünki Şumerlər zamanında qadınlar üçün
fahişəlik dini bir mərtəbə və şərəf sayılırdı. Hər qadının
fahişəlik etmək haqqı yox idi, yalnız əxlaqlı qadınlar Allah
yolunda fahişəlik edərək günahlardan arınardılar. Hicab da ilk
olaraq Şumerlərdə ortaya çıxıb. Şumerlərdə, ancaq fahişə qadınların
fahişəlik müddəti içində hicabtaxma haqları var idi. Bu üzdən
Qılqamış daha əxlaqlı qadının sinəsinin Enkidoya göstərilməsini
istəyir. Enkido fahişə qadının sinəsinə toxunduqdan sonra əhliləşib
şəhərə girir, erotizmin də əsasında toxunuş durmaqdadır. Əsərdə
vəhşi bir insanı qadın məmələri əhliləşdirir və Enkido kimi güclü,
ancaq vəhşi insan qadın məmələrinə toxunmanın ləzzəti qarşısında
məğlub olur, şəhər həyatına başlayır.
– Erotizmin bizim dilimizdə qarşılığı necə ola
bilər?
– Bizim dilimizdə bunun qarşılığı olmamış və
yoxdur, lakin erotik halı anladan ədəbi nümunələrimiz var. "Erotik"
sözünün kökü "eros" kəlməsidir. Əski Yunanda Eros sevgi və şəhvət
tanrısıdır. Ərəb dilinə də bu söz təsir edərək, "ərus" sözü
düzəlmiş. Ərəbcədən də farscaya və türkcəyə keçmiş. Ərus, yəni
gəlin. Gəlin kimdir? Gəlin erotik duyğuları coşduran qadındır.
Məsələn, Mövlana təriqətində "şəbi-ərus" deyə bir anlayış var. Yəni
gəlin gecəsi. Ərus bir erkək tərəfindən toxunuş duyğularını
həyəcanlandıran qadındır. Erotizm bütün davranışlarımızda,
ilişkilərimizdə, dünyaya və həyata baxışımızda özümüz fərqində
olmadan ortaya çıxar. Hətta dini kitabların çəkici olmasının
səbəblərindən biri də erotik hissləri öz içində ifadə
etməsidir.
– Dini kitablar erotizmi öz içində necə ifadə
edir?
– Məsələn, öz din kitabımız Quranı götürək.
Orada hurilər və qılmanlar haqqında söhbət gedir. Bunların nə
olduğunu bilməsək də, insanın erotik duyğularına xitab etdiyini
qəbul etmək məcburiyyətindəyik. Özəlliklə Quranda elə ayətlər var
ki, birbaşa insanın erotik duyğularına xitab edir. Bu da doğaldır.
İnsanı Allah yaratmış və erotizmi də onun içində Allah
yerləşdirmişsə, o zaman insan haqqında bilgi verən Tanrı onun
erotik hisslərini unuda bilməzdi.
– Quranda ayələrlə bunu göstərə
bilərsinizmi?
– Məsələn, 35-ci surənin 33-cü ayəsində "Və
eynı yaşda, möhtəşəm bədənli gənc qızlar", ya da "Rəhman" surəsinin
72-ci ayəsində "Çadırlarda hurilər vardır", – deyir. Bunlar
istər-istəməz oxucunun zehnində erotik dünya və duyğular təsvir
etməkdədir. Hətta cəhalətpərəst molla-şeyxlər Quranın digər
mesajlarını unudub sırf bu mövzunu təhrif edərək xalqı yüzillər
boyunca aldadıblar. Guya molla-şeyx yalanları uğrunda şəhid olanlar
o dünyada şəhvət zövqü içində bayılacaqmışlar. İran-İraq savaşında
yeniyetmə gənclər üçün cənnətin qapısının açarını da verib savaşa
göndərirdilər. O dünyada gənc qızlarla sevişmə və şəhvət atəşlərini
söndürmək üçün bu tarixsiz və bilgisiz, çoxu türk olan gənclər
hərbi təcrübələri olmadan dəstə-dəstə varıb savaş meydanlarında
öldürüldülər. Ancaq Quran bir neçə ayədən ibarət deyil, hər bir
ayəni Quranın ontologiyası içində təfsir etmək lazımdır. Qurandakı
ayələri təhrif edə bilmədikləri üçün saxta hədislər uydurublar.
Buxari və Müslim kimi yalançılar Peyğəmbərin bir gecədə doqquz
qadınla yatdığını yazırlar. Hamısı yalan, məgər Peyğəmbər seks
həyatı mövzusunda ətrafındakılara məlumatmı verirmiş? Bunu necə
bilmək olar? Molla-şeyx-feodal sinfinin uydurduğu bu yalanlar
İslamı bir seks dini olaraq təqdim etməyə yönəlib. Onlar öz
şəhvətlərinə görə İslam peyğəmbərinə böhtan atıblar. Şəhvətpərəst
molla-şeyx-feodal sinfinin din anlayışına qarşı olaraq Xəyyam
rübailərində yazırdı: Din sırf hurilər üçündürsə, o zaman dinə
ehtiyac yoxdur. Çünki bu dünyada da gözəllər az deyildir.
– Belə anlaşılır ki, erotizm insanın təbii istəklərindən
biridir?
– Ümumən, xəyal dünyası ilə gerçəklik arasında
uyğunluq olmaz. Ortadakı uyğunsuzluq uçurumunu insan öz xəyalları
və fantastikaları ilə doldurmağa çalışır. Bu zaman, biz fərqində
olmadan, erotik istəklər dünyamızı süslər. Bu sürəc fərqindəliyin
nəticəsi deyil, fərqindəsizliyin yaşantısıdır. İnsan öz həyatını
bütünüylə fərqindəlik üzərində yaşamaz, yaşaya bilməz. Həyatımızın
çox hissəsi fərqindəsizliyin nəticəsidir. Xətalar, bədbəxtliklər və
xoşbəxtliklər, şans və təsadüflər də bu anlamda məna daşıyar. Ağla
gəlməyən başa gələr. Erotizm bu zamanlar bizim tənhalığımızı
süslər, depressiyaya girməmizi əngəllər. Erotik duyğularını sənətdə
bəyan etməkdə aciz olan toplum üzvlərinin çoxunun depressiyaya
uğradığı məlumdur. Xəstəhal olurlar. Lakin erotizm də digər sahələr
kimi eyitim və kültür gərəkdirir. Eyitimli bir insanla eyitimsiz
insanın erotik xəyalları da fərqli olmalıdır.
– Necə düşünürsünüz, erotizm ən çox hansı sənət növündə
özünü ifadə edə bilər?
– Erotizm bir kişinin dünyanı dişi, bir qadının
da həyatı erkək olaraq görmə instinktindən meydana çıxar. Şeir
erotizmin yatağıdır. Şeirdə nəsnələr dişiləşər. Bizim dilimizdə
nəsnələrin cinsiyyəti yoxdur. Ərəb və italyan dilində olduğu kimi
bəzi dillərdə nəsnələrin bir çoxunun dişi və ya erkək özəllikləri
var. Nəsnələrə cinsiyyət tanımayan dillərdə şeir yardıma gələr və
nəsnəni duyğu və qavrama sürəcində cinsiyyətləşdirər. Həyatda və
varlıqda erkəyin dişilik və qadının erkəklik araması şeirə
yansıyar. Ən çox şeir sənətində erotizm özünü bəyan edər. Xəyal
dünyamızın arxasınca olduğu dişi nəsnələri şeirdə taparıq. Şeirlə
nəzmin də fərqi burada ortaya çıxar. Nəzmdə şüuraltının fəaliyyəti
yoxdur. Realist ağlın fəaliyyəti var. Məsələn, M.Ə.Sabir şair
deyil, məncə, nasirdir. Çünki onun əsərində şeirdən əsər-əlamət
yoxdur. Sosial reallıq – olduğu kimi, bütün çirkinlikləri ilə
təsvir edilir. Hətta şeir arayan adamın Sabirin şeirlərini oxumağa
həvəsi olmaz. Çünki orada mürəkkəb şeir və həyat duyğusundan əsər
yoxdur. Sevimsiz təsvirlərdir. Şeirdə əsasən şüuraltı öz gələcəyini
bəlli etmək üçün fəaliyyət göstərər. Şüualtında yasaq deyə bir şey
yoxdur. Şüualtımızı kontrol etmək üçün ağlımızı qullanarıq. Şeir bu
kontrolu ortadan qaldırmağa çalışar. Şeir, məncə, şüuraltından bir
şeyləri şüurun anlaya biləcəyi sahəyə daşıyaraq mətnləşdirmə
fəaliyyətidir.
– Niyə sırf şeir sənəti bu sahədə öndə
olur?
– Ona görə ki, söz sənəti qədər insan ruhuna
təsir edən ikinci amil yoxdur. Toxunuşu erotizmin əməli olaraq
qəbul edərsək, şeiri onun nəzəriyyəsi kimi düşünmək olar. Hətta
sözlərlə toxunuş daha diksindirici və təsirli olur. Bir kişi, ya da
bir qadın qarşı tərəfdən "səni sevirəm" sözünü duyduğunda yaşadığı
mutlu ruh halı bəyan edilməzdir. Hələ bu qarşılıqlı olduğunda daha
da üstün ruh halları yaşanar. Bu, sözlərlə qadın və kişinin
bir-birinin ruhlarına qonması, sözlərlə toxunuşdan ibarətdir.
Sözlər qədər gücləndirici və gücsüzləşdirici ikinci bir durum
yoxdur. Digər tərəfdən şeir, sadəcə, sözdən ibarət deyil. Şeir
sözlərin estetik hörülməsi və musiqi dili ilə bəyan edilməsidir.
Şeirdə sözlər öz melodiyasını kəşf edərək rəqs etməyə başlar. Bu
üzdən şeiri sözlərin rəqs meydanı kimi anlaya bilərik. Nəsrdə rəqs
yoxdur, nəsrdəki hərəkət başqadır. Fransız ədəbiyyatşünas Pol
Valeri bu haqda maraqlı fikir bəyan edir. O deyir ki, şeir rəqsə,
nəsr yürüməyə bənzər. Hər ikisi də hərəkətdir. Lakin rəqsin bir
yerə varmaq kimi amacı olmaz, rəqs zövq və ruhu hərəkətləndirmək
üçün genişlənməyən bir məkan meydana çıxarar. Ancaq yürümənin bir
amacı var, bir yerdən başqa yerə varılar. Bu açıdan Valeri şeiri
rəqsə və nəsri yürüməyə bənzədər. Amma burada "rəqs nədir" sualı
ortaya çıxar.
– Nədir rəqs?
– Rəqs, sadəcə, mutluluq icad etmək sənəti
deyil, məncə, erotizm icad etmək sənətidir. Çünki hər bir
mutluluğun əsasında erotik duyğular da dayanar. Rəqsdə bədən öz
görüntülərini dəyişərək, erotik görüntü sərgilər. Məsələn, balet
bütünüylə erotik rəqsdən ibarətdir. Rəqs erotizmin sərgilənməsi,
şeir isə bilgisidir.
– Dediniz, erotizm qeyri-şüuriliyin fəaliyyətidir,
mümkündürsə, bunu bir az daha açıqlayın...
– İnsan həyatı, sadəcə, oyaqkən keçirdiyi
yaşantıdan ibarət deyil. Həyatımızın, ən azı, üçdə ikisi yuxuda
keçər. Yuxu həyatımızda da erotizm bizi tərk etməz. Çünki sevişmək
və erotizm kimi duyğular insan təbiətinin özəlliklərindən sayılar
və biz yuxuda öz təbiətimizdən ayrılmırıq, tam tərsinə,
təbiətimizin istədiyi kimi yaşayırıq, çünki yuxu dünyasında insan
heç bir tabu ilə qarşılaşmadan mütləq azadlıq ölçüləri ilə yaşar.
Yuxu dünyamızda beynimizin bizə məlum olmayan qatları oyanır. Orada
arzu etdiyimiz şeirləri yaşarıq, yuxu dünyası bir də şeirin
mətnləşməsi deyil, yaşanma yeridir. Acı, mutlu, mutsuz duyğular
yaşantı olaraq önümüzə çıxar. Hətta göy üzündə uçduqlarımız da
olar. Hər kəsin yuxu tarixi var. Hamısını xatırlamaz, ancaq
yuxuların da bilmədiyimiz bir tarixi var. Gerçək həyatda biz,
sadəcə, müsbət zaman istiqamətində yaşayarıq. Lakin Quranda yazır
ki, Allah hər şeyi cüt yaratmış və bir olan ancaq Allahdır. Demək,
zaman da mənfi və müsbət olaraq cütlükdən ibarətdir. Lakin biz
mənfi zamanı, ancaq yuxuda yaşaya bilərik. Yuxuda bizdən yüz və ya
min illər öncə olan qadınlarla qarşılaşar, onlarla bəzən də
sevişərik. Tanımadığımız və həyatda heç bir zaman
qarşılaşmayacağımız hadisələri, qadınları görər, onlarla erotik
macəralar yaşarıq. Qadınlar da bu şəkildədir. Bu, erotik duyğuların
bizim instinktiv varlığımızın bir parçası olması üzündəndir.
Yuxumuzda da ağıl yatdığı üçün, ya da bizim tanıdığımız və gerçək
həyatda fəal olan ağıl yatdığı üçün sırf instinktlər bizi
yönləndirər.
(ardı var)