Ana səhifə Kult |
Azərbaycan Yazıçılar Birliyinin tərkibindəki saytlar bir müddət əvvəl qurumun Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhminin səlahiyyətlərinə daxil edilib.
Bu barədə Axar.az-a açıqlamasında İlqar Fəhmi məlumat verib. O, bununla yanaşı, yeni layihələri barəsində də danışıb: "Ümumiyyətlə, istənilən adam hansısa məsuliyyətli posta keçirsə, adaptasiya olmaq üçün müəyyən qədər vaxt lazımdır. Hesab edirəm ki, mən artıq o mərhələni keçmişəm. Düzdür, uzun illərdir ki, bu idarədə işləyirdim. Ancaq redaksiyaların özünün ayrıca nizam-intizam qaydaları var, AYB aparatının ümumi işindən müəyyən mənada kənardırlar. Ona görə də 10 ilə yaxındır ki, "Ulduz"da olmağıma baxmayaraq, aparatın işində təzəyəm. Haradasa, öyrəşməyim üçün 4-5 ay vaxt getdi. Artıq bir aydır ki, müəyyən layihələrə start vermişəm. Bunlardan əsas olanı bizim internet məkanının Yaradıcılıq katibliyinin kurasiyasına verilməsidir. AYB-nin istər mətbuat orqanlarının, istəsə də digər internet resurslarının hamısı, onların fəaliyyətinin müasir dövrə uyğunlaşdırılması artıq mənim səlahiyyətlərim daxilindədir. Azyb.net saytı genişləndiriləcək, artıq, sadəcə, arxiv saytı kimi yox, böyük bir ədəbiyyat saytı kimi fəaliyyət göstərəcək. Müəyyən işlər də gedir, yəqin ki, yaxın vaxtlarda konkret nəticələrini də görəcəksiniz. Bundan əlavə, AYB-nin Ədəbi seksiyalarının "Müzakirə klubu" layihəsini həyata keçirməyə başladıq. Son bir ay ərzində bir neçə əsərin müzakirəsini keçirtmişəm. Biri var ki, çoxlu adam yığasan, təqdimat keçirilsin, bu zaman onlar öz fikirlərini qısa deyirlər, əsərin məğzinə varmaq olmur. Amma "Müzakirə klubu" lahiyəsi çərçivəsində mənim otağımda dörd-beş ədib və tənqidçiylə toplaşıb yeni yazılan hansısa əsərin müzakirəsini keçiririk. İlk olaraq Natiq Məmmədlinin "Körpüdə ümid" romanının müzakirəsini keçirdik, müzakirə materialları mətbuatda oxucuların ixtiyarına verildi. Daha sonra İsa Hüseynova həsr olunmuş iki əsərin – Barat Vüsalın "Kufə əhli" və Zəlimxan Yaqubun "Ün" poemasının və keçən həftə Səxavət Talıblının yeni romanının müzakirəsini keçirdik. Bu müzakirələri sistemə salıb, AYB-nin ədəbi seksiyalarında həftəyə bir müzakirə təşkil etmək istəyirəm. Məqsədim odur ki, müəllif görsün, yazdığı əsərə AYB miqyasında reaksiya var. Bu həm müəllifə stimul vermək üçündür, həm də əsərin reklamı üçündür. Üçüncü layihəm də, haradasa, yaradıcılıq emalatxanası üslubunda olacaq. Təxmini, sentyabrdan bu layihəyə start verəcəyik. Bizdə, adətən, ədəbiyyat yaranandan sonra onun müzakirəsi keçirilir. Ancaq istəyirik ki, yaradıcılıq prosesinin metodikalarını, bir əsər necə qurulmalıdır, süjet xətti necə formalaşdırılır, bunu müzakirə edək. Dünyada yaradıcılıq emalatxanaları çoxdur. Hələki layihənin incəlikləri üzərində işləyirəm. Mən, ümumiyyətlə, belə işlərdə tələskənliyi sevmirəm. Tələsik səthi görülən işlər onsuz da kifayət qədərdir. Təkrara ehtiyac yoxdur.
Daha bir prioritet sahə AYB-nin bölgələrdəki bölmələrini daha da canlandırmaqdır. Bununla da bağlı fəaliyyət proqramım var, artıq müəyyən işlərə başlanılıb. Tez-tez bölgələrə səfərlər edir, oradakı yazarlarla görüşürəm. İstəyirəm, əlimdə olan imkanlardan istifadə edib, regionlardakı yazıçı, şairlərimizi həm internet məkanında, həm də TV məkanında tanıdım. Dövlət televiziyasında bölgələrdəki ədəbi qüvvələrin təbliğiylə bağlı işlər də artıq başlanılıb, aparıcısı olduğum "Məclisi-üns" ədəbi verilişi Gəncə ədəbi mühitindən çox gözəl verilişlər hazırladı, yəqin ki, yaxın günlərdə efirə gedəcək. Bu işlər də davam etdiriləcək".
İlqar Fəhmi hazırki işinin yaradıcılığına müəyyən mənada təsir göstərdiyini, ancaq bununla belə, yaradıcılıq fəaliyyətini də davam etdirdiyini qeyd edib: "Elə ilk vaxtlar o problem idi ki, vaxtımı necə bölüm ki, yaradıcılığa da vaxt qalsın. 4-5 ay, demək olar ki, heç nə yaza bilmədim. Amma indi bir balaca o bölgünü tuta bilirəm. Adətən, mən gecələr işləyirəm. Kinostudiyadan, televiziyadan, teatrdan müraciətlər olunur ki, ondan imtina edə bilmirəm. Ona görə də hamısını nizama qoymağa çalışıram. Bu il mənim 40 yaşım tamam olur. 4 ildir ki, təzə kitab çap etdirməmişəm. Ona görə də çap olunmamış əsərlər qalıb. İstəyirəm həm bu vaxtacan çap olunan, həm də çap olunmayan əsərlərimin hamısını toplayıb, yenidən redaktə edib, çoxcildlik formasında çap etdirim. Redaktələri artıq bitirmişəm, çapa hazırdır. Hazırda korrekturası gedir. Təqribən on iki-on üç kitab olacaq".
Tarix
2015.03.12 / 14:04
|
Müəllif
Aqşin Evrən
|