Yuxarı

Həmid Herisçi: “Biz çox əclaf işlə məşğuluq”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həmid Herisçi: “Biz çox əclaf işlə məşğuluq”

Axar.az yazıçı Həmid Herisçi ilə qısa müsahibəni təqdim edir.

– "Şəxsiyyət vəsiqəsi" verilişiniz başlayandan mətbuatda yazılarınız görünmür? Veriliş sizin vaxtınızı belə çox aparır, yaradıcılığa vaxt qalmır?

– Biz çox əclaf işlə məşğuluq. İstəyirik ki, xalqı maarifləndirək. Belə cəhdlər, razılaşın, cəzasız qalmır. Lakin digər əclaf işlərim də var. Məsəlçün, ötən il dörd ay ardıcıl olaraq sizin saytda öz avtobioqrafik hekayələrimi çap etdirdim. Oxşar yazıları "Müsavat"da da çap etmişəm. Fikrim var, on-on beş də əlavə avtobioqrafik hekayə qələmə alım. Sonra hamısını "Hekayələr" adı altında bir kitabda çap edim. Mən mistifikasiyaları, oxucunu aldatmağı çox sevirəm. Hekayələrimi "portret, konspiroloji süjet" adı altında çap edirəm. Oxucunu aldadıb, ona əsərlərimi oxuduram. Sonra bəlli olacaq ki, bütün bunlar, əslində, ayrı-ayrı bədii hekayələrdir. Meyxanaçılarla bağlı hekayələrim də var. Onları da bu kitaba əlavə edəcəm. Xülasə, ana hədəfim bu il həmin "Hekayələr" məcmuəsini çap etməkdir. Bu ilki "Azərbaycan" jurnalının 2-ci sayında 5 uzun şerim çap olunub. Yəni, yaradıcılığım öz axarındadır. Arada qısa fasilələr olur. Bu isə həmişə yeni üfüqləri aşmağa xidmət edir. Axır zamanlar Quranı çox oxuyuram. Hiss edirəm ki, təkcə mən Quranı oxumuram. Quran da məni oxuyur. Bu qarşılıqlı misteriyanı yaşamaq, inanın, çox gözəldi.

– Bəy, sizin ANS telekanalı ilə, daha doğrusu, Mirşahinlə reytinq məsələsinə görə mübahisəniz düşmüşdü. Hətta reytinqlə bağlı bir yazı da yazmışdınız. İndi necə, həmin yazınızın altından yenidən imza atırsınızmı? Və zəhmət olmasa, bu barışığın detalları barədə bizə məlumat verərdiniz.

– Azərbaycan teleməkanını bircə qüvvə idarə edir - şərti olaraq "reytinq" adlandırdığım bu şirkət xəyali bir qüvvə deyil, tam realdır. Xarici şirkətdir, okeanın o tayından gəlib. "AGB NIELSEN MEDIA RESEARCH OFFICIAL" beynəlxalq şirkətinin lisenziyası əsasında ölkəmizdə qeydiyyata alınmış bu şirkət TV MR AZ adıyla tanınır. Şirkət barədə dəqiq məlumatlar almaq çox müşkül məsələ olsa da, bir gün onun seyfindən bax bu sənədi aşkarladım. Həmin sənədi ilk dəfə dövri mətbuata məhz mən ötürmüşəm. Bu sənədlə tanış olun:

"ŞİRKƏT HAQQINDA ARAYIŞ AGB NIELSEN MEDIA RESEARCH şirkətinin rəsmi lisenziyası əsasında fəaliyyət göstərən TV MR AZ MMC-nin fəaliyyət növü televiziya kanallarının reytinqlərinin ölçülməsi və reklam monitorinqinin aparılmasından ibarətdir. Şirkətin apardığı işin texnologiyası beynəlxalq araşdırma standartlarına tam uyğundur, istifadə olunan müvafiq proqram avadanlığı sertifikatlaşdırılıb və illik verilən lisenziya əsasında istismar olunur. İşin quraşdırılmasında, təşkilində və texniki dəstəyində şirkətin yerli və xarici mütəxəssisləri (bax bu dözülməzdir, ölkənin teleefirinə birbaşa xarici müdaxilədən danışır) iştirak edir. Şirkətin təşkil etdiyi TV paneldə 400 ailə ilə əməkdaşlıq aparılır, həmin ailələrdə xüsusi piplmetr adlanan cihaz quraşdırılıb və bu cihazın vasitəsilə reytinq məlumatı toplanılır. Ailələr təsadüfi seçim vasitəsilə (!) əvvəlcədən keçirilən tədqiqat əsasında sosial-demoqrafik amilləri nəzərdə tutmaqla seçilib. TV panel yalnız şəhər əhalisini əhatə edir və ölkənin 17 şəhərini, paytaxt şəhər Bakı olmaqla, əhatə edir. Əlavədə şirkət haqqında təqdimat və hesabatların nüsxələri göstərilib. Bax, bu şirkət elə indi də mənə reytinq vermir. Tək mənə deyil, elə Mirşahinə də vermir, biləsiz. Məlumatlarına, cədvəllərinə inansaq, belə çıxacaq ki, guya Azərbaycanda "Şəxsiyyət vəsiqəsi" verilişinə cəmi 6 tamaşaçı baxır. Mirşahinə də bu şirkət yüksək reytinq verməkdən imtina edir. Neynək, görünür, dərdimiz eynidir. Bu səbəbdən bir-birimizi indi əvvəlkindən daha yaxşı anlayırıq.

Azərbaycanda televiziya 1956-cı ildə yaranarkən İranda, Türkiyədə, eləcə də onlarla digər ölkələrdə TV sənəti yox idi. Heyf ki, biz bu sahədə öncüllüyümüzü son on ildə itirdik. Maarifləndirici sovet TV modeli bizdə indi əyləndirici amerikan modeli ilə əvəzlənib. Əslində, bu "reytinq" şirkəti tək Azərbaycanın deyil, qonşu Ermənistan, Gürcüstan, Türkiyə, Ukraynanın da TV məkanına nəzarət edir. Şirkətin idarə heyətində çox sayda "sabiq" CİA, KQB təqaüdçüləri təmsil olunduğu səbəbindən ona AGB Nİelson deyil, bəzən KQB Nİelson da deyirlər. Ardını izah etməyə məncə, artıq ehtiyac yoxdur.

– Vaxtilə xalq yazıçısı Anar haqqında sizin mövqeyiniz çox sərt idi. Hətta gənclərin AYB ilə davasının öncüllərindən biri də məhz siz idiniz. Ancaq bu yaxınlarda Anar müəllimi tərifləyən bir yazı ilə çıxış etdiniz. Oxucularınız bunu necə anlasın, bir növ, peşmançılıq kimi, yoxsa AYO-dan qisas alırdınız? Bir də bu yazınız ANS-dəki verlişin hazırlığı ərəfəsində yazılmışdı. Bu yazınızın "Şəxsiyyət vəsiqəsi" verlişi ilə bir bağlılığı varmı, yoxsa sadəcə, təsadüfdür?

– Bəziləri, xüsusən Əsəd Cahangir mənə deyir ki, Anar bu romanında öz qəhrəmanı Əhlimanın prototipi kimi elə məni seçib. Məsəlçün, əsərdə bəzi məxfi hadisələr yaşadığım 8-ci mikrorayon ərazisində baş verir. Onun elmi rəhbərinin adı Qafarzadədir, mənim rəhmətlik atamın ismi Qafardır və s. Əsərdə bir sirli Təbriz xalçasından söz açılır. Bizim nəslimiz dəTəbriz xalçaçılarındandı, biləsiz. Əhliman, eynən mənim kimi mistika ilə maraqlanır, Akademiyada çalışır. "Gizli Azərbaycan" verilişimdə olduğu kimi, Əshabü-kəhv, Diri Baba ziyarətgahlarını ziyarət edib, bu yerləri tədqiq edir. Hətta bəzi rəqiblərini, düşmənlərini telepatiya yoluyla sıradan çıxarmaqda da ittiham edilir. Elmdə belələrinə "kilhanter" deyilir. Vaxtilə məni də oxşar ittihamlarla Rafiq Tağının ölümündə ittiham ediblər. Hətta bu barədə mənim ayrıca "İran casusu" adlı hekayəm də mövcuddur. Eyni mövzulu bir başqa hekayəm "Kilhanter" adlanır. Orda mən guya Anar Məmmədxanovu telepatik yolla qətlə yetirdiyimi boynuma alıram. Hər iki hekayə ötən il sizin saytda çap edilib. Anarın romanı da, mənim oxşar hekayələrim də təxminən eyni zamanda yazılıb. Qustav Yunq bu cür oxşarlıqları "sinxronizm" adlandırırdı. Onun bu mövzuda eyniadlı bir əsəri də var. Yunq deyir ki, bəzən cəmiyyətdə müxtəlif sinxron hadisələr yaşanır. Məsələn, Bakıxanov vaxtilə rus çarına qulluq edib. İndi onun adını daşıdığı küçədə Rusiya səfirliyi yerləşir. Bu, kor təsadüfdür, yoxsa daim təkrarlanan mistik süjet? Hə, bax, buna cavab axtarırsınızsa, onda həm Anarın romanını oxuyun, sonra mənim o iki hekayəmlə tanış olun... Əsil mistika ilə məhz bu vaxt üz-üzə gələcəksiz. Demək istəyirəm ki, biz axır vaxtlar Anarla elə eyni mistik mövzuları paylaşıb bölüşürük. Bu məni çox sevindirir. İndi Anarla aramızda elə bir ziddiyyət yoxdur. "Solaxay" romanımı oxusanız, bu sizə daha çox aydın olar. Hər iki romanda qəhrəman eyni fövqəlxüsusiyyətlərə malikdir. Bu sinxronizmin sirri mənə aydındır. Düşünürəm ki, tezliklə o, başqalarına da eyni dərəcədə aydın olacaq.

Tarix
2015.03.17 / 10:54
Müəllif
Rövşən Danyeri
Digər xəbərlər

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla