Rusiya Kinematoqrafçılar
İttifaqının sədri, Rusiya Mədəniyyət Fondunun prezidenti, məşhur
kinorejissor Nikita Mixalkov kinematoqrafçılarımızla
görüşüb.
Mədəniyyət və Turizm
Nazirliyindən Axar.az-a verilən məlumata görə, dünən sənətkar
Nizami Kino Mərkəzinin mətbuat klubunda Azərbaycan
kinematoqrafçıları ilə görüşüb və gənc rejissorlara ustad dərsi
keçib.
Görüşdə çıxış edən Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti
Şəfiqə Məmmədova qonaq haqqında ətraflı məlumatı iştirakçıların
nəzərinə çatdırıb. O, bildirib ki, ilk filmini 28 yaşında çəkən
Nikita Mixalkov tezliklə öz dəsti-xətti ilə seçilən rejissorların
sırasında yer alıb. Uzun illərdir Rusiya Kinematoqrafçılar
İttifaqına sədrlik edən sənətkarın yaratdığı Kino Akademiyasında
təhsil alan aktyor, rejissor və operatorların sayı ildən ilə
artır.
Sonra söz qonağa verilib.
Nikita Mixalkov Bakıya səfərindən və belə görüşün təşkil
edilməsindən məmnunluğunu ifadə edib.
Rejissor qeyd edib ki, Bakıya
qısamüddətli səfəri zamanı azərbaycanlı həmkarları ilə fikir
mübadiləsi apararaq gələcəkdə bir sıra layihələrin reallaşmasına
imza atmaq niyyətindədir. Yaratdığı Kino Akademiyasının fəaliyyəti
barədə geniş məlumat verən rejissor bildirib ki, kino həm də sosial
xətdir. Elə bu səbəbdən də akademiyada təhsil alanlar öz
istedadları ilə seçilirlərsə, bu zaman onlar təhsil haqqının yalnız
10%-ni ödəyirlər.
Kino təcrübəsindən söz açan
Nikita Mixalkov qeyd edib ki, kino kollektiv, ailəvi sənətdir.
Çəkiliş meydançasında bir araya gələn rejissor, operator, aktyor və
texniki işçilər əgər çəkiliş boyunca bir ailə kimi atmosferi qoruya
bilmirlərsə, bu ailənin yaradacağı yeni körpəni, yəni filmi hamı
eyni dərəcədə sevmirsə, bu zaman mütləq nəsə çatışmazlıq baş
verəcək. Ona görə də kino sənətində, çəkiliş meydançasında həm
mehriban, həm sevincli, həm də sərt və ciddi olmaq vacib şərtdir.
Yalnız bu zaman gözəl sənət nümunəsi yarana bilər.
Rejissor həmçinin bildirib ki,
teatr səhnəsindən fərqli olaraq, aktyor üçün kinoda oynamaq daha
çətindir. Çünki teatrda aktyor tamaşaçını hiss edə bilir, kinoda
isə o təkdir. Məhz buna görə də çəkiliş zamanı bütün heyət aktyoru
duymalı, onun oyununa həssas yanaşmalıdır:
"Kinonu çəkmək çox çətindir. Yaxşı, yaxud pis - fərq etməz. Buna
görə də bütün heyət bir-birinin uğuruna sevinməli, məhəbbət və
sevgi olmalıdır. Bunlar olmadısa, o film təbii alına bilməz. Bu isə
çox çətin mərhələlərdən keçən bir prosesdir".
İki saatdan çox davam edən
ustad dərsindən sonra rejissor azərbaycanlı gənc kino
mütəxəssislərinin suallarını cavablandırıb, intellektual kino,
Amerika kinosu və müasir zaman, filmlərindəki mesajlarla bağlı
fikirlərini bölüşüb. Nüfuzlu kino festivallarının mükafatçısı,
"Oskar" laureatı Nikita Mixalkov öz uğurlarının səbəbi və
ümumilikdə dünya kinosu ilə bağlı sualları da
cavablandırıb.