Yuxarı

Dünya şöhrətli bakılı: “Erməni dinləyicilərim...” – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan kamança sənətini dünyada layiqincə təmsil edən İmamyar Həsənov Bakıda anadan olub. ABŞ-ın San-Fransisko şəhərində yaşayır. San Fransisko Dünya Musiqi Festivalının Qlobal Musiqi Direktoru vəzifəsində fəaliyyətini davam etdirir.

Axar.az dünya şöhrətli kamançaçalan İmamyar Həsənovla müsahibəni təqdim edir.

Pis alət yoxdur, pis ifaçı var!

– Yaradıcı insan üçün əbədi və əzəli bir sualla başlayaq: Sənət barədə arzularınızla imkanlarınız bir-birinə uyğun gəlirmi?

– İnsanların arzuları həmişə imkanlarından artıq və tükənməz olur. Bu sənətdə də belədir. Mənim də sənət arzularım imkanlarımdan çoxdur. Ötən illərlə müqayisədə arzularımı nəzərdən keçirəndə görürəm ki, o zamankı arzularımla indiki imkanlarım uyğun gəlib. Amma yenə də indiki arzularım hazırkı imkanlarımdan daha çoxdur. Mən bunu bir reallıq kimi qəbul edib razılaşıram və ümid edirəm ki, vaxt gələcək, imkanlarım bu arzularımla da uyğunlaşacaq.

– Bu illər ərzində Amerikanı Azərbaycan musiqisi ilə kifayət qədər tanış edə bilmisinizmi? Yəni müəyyən bir "dinləyici ordusu" deməyək, qrupu varmı?

– 15 ildir ki, Amerikada yaşayıram. Bu illər ərzində Amerikanın bir çox ştatlarında keçirilən Dünya Musiqi Festivallarında iştirak edib, Kaliforniyanın Stənford Universitetində və 5 orta məktəbində Azərbaycan musiqisindən dərslər vermişəm. Hazırda da San Fransisko Dünya Musiqi Festivalının Qlobal Musiqi Direktoru vəzifəsində fəaliyyətimi davam etdirirəm. Sizin sualınıza gəlincə: Hələ kifayət qədər tanış etdiyimi düşünmürəm. Amma bir faktı da unutmayaq ki, bu, bir adamın – mənim fəaliyyətimdir. Belə bir faktı da oxucuların nəzərinə çatdırmaq istərdim ki, Amerika əhalisinin sayı Azərbaycanla müqayisədə qat-qat çoxdur. Azərbaycanın əhalisi 9 milyondursa, Amerika əhalisi 320 milyondur. Ona görə burada hələlik dinləyici ordusu yox, qruplar var. Amma fəxrlə deyə bilərəm, bu qruplar böyüməkdə davam edir və gələcəkdə orduya çevrilmə ehtimalı da böyükdür.

– Ümumiyyətlə, kamançada nəsə ilahi bir gücün olduğunu düşünürsünüzmü? Yoxsa biz Şərq təfəkkürü ilə bunu mistikləşdirmişik?

– Mən mistikləşdirmək, Şərq təfəkkürü fikirləriylə razılaşmıram. Hər musiqi alətinin özünəməxsus xarakteri olduğu kimi, kamançanın da özünəməxsus şirin, məlahətli və ürəyə yatan səs tembri var. Bu o demək deyil ki, onun ilahi gücü var. Fikrimcə, ifaçı özü ilahi istedada malikdirsə, musiqi aləti də bu istedaddan güc alır və dinləyicilər tərəfindən sevilir. Məsəl var: "Pis alət yoxdur, pis ifaçı var!"

Mən Azərbaycan türküyəm

– "Göy-Göl"ün sədaları San-Fransiskodan gəldi. Sevinənlər çox oldu, necə reaksiyalar aldınız?

– 2012-ci ildə Los-Anceles şəhərində bizim Baş Konsulluq tərəfindən təşkil olunmuş konsertdə, mən Azərbaycan və Amerika musiqiçilərindən ibarət Muğam və Cazın sintezini yaratdım. Həmin bu konsertdə bizimlə birgə amerikalı musiqiçilər də "Göy-Göl" mahnısını çox həvəslə ifa etdilər.

2013-cü ildə fəaliyyət göstərdiyim Festival "Dünya Həcmli Siniflər" layihəsinə başladı. Bu layihənin məqsədi dünya xalqlarının milli musiqi sənətçilərini Amerikanın orta məktəblərinə dəvət etmək və şagirdlərə milli musiqiləri öyrətməkdir. Mən də dahi bəstəkarımız Fikrət Əmirovun "Göy-Göl" mahnısını seçdim və ikinci sinifdən on ikinci sinfə qədər olan şagirdlərə bu mahnını Azərbaycan dilində çalıb oxumağı öyrətdim. Bu layihənin nəticəsi olaraq dərs verdiyim məktəblərdən biri ilə Bakının Mərdəkan qəsəbəsində yerləşən – birinci sinifdən səkkizinci sinfə qədər təhsil aldığım, Hacı Zeynalabdin Tağıyev adına 123 saylı orta məktəb arasında Tele-Körpü yaradaraq bu mahnını birgə ifa etdik. İki qızım, Nəzrin və Nərmin də daxil olmaqla amerikalı şagirdləri kamançada mən, azərbaycanlı şagirdləri isə tarda qardaşım Rüfət, nağarada atam Fikrət Həsənov müşayiət etdik. Bu hadisə mənim üçün çox sevindirici oldu.

– Orda təhsil almaq üçün sizdən kömək istəyən azərbaycanlılar olubmu? Və həmvətənlərimiz sizə yetərincə dəstək olurlarmı?

– Burada təhsil almaq üçün hələ ki, məndən kömək istəyən olmayıb. Olarsa, mən də əlimdən gələn köməyi əsirgəmərəm. Ümumiyyətlə, vətəndaşlarımızın Amerikada və ya hər hansı xarici ölkədə təhsil alması çox sevindirici haldır.

– Amerikada millətimizi azərbaycanlı kimi, yoxsa türk kimi tanıdırsınız?

– Mən Azərbaycan türküyəm və bununla fəxr edirəm! Eyni zamanda, sənət adamı olduğum üçün millətimi də sənətimlə tanıdıram. Sənətim də Azərbaycan musiqisini tərənnüm edir.

Ermənilərə də rast gəlmək mümkündür

– Müəyyən yerlərdə kamança erməni aləti kimi qəbul olunur. Hansı arqumenti gətirə bilərsiniz ki, bu bizim alətdir? Yoxsa həm də onlara aiddir?

– Kamançanın bir millətə aid olması fikriylə razı deyiləm. Kamança olduqca qədim musiqi alətidir. "Kamança aləti hansı ölkədə daha çox inkişaf edib?" - desək, bu, daha düzgün olar. Şübhə etmirəm ki, çox qədimlərdən insanlar musiqi aləti ticarətiylə də məşğul olublar. Beləliklə, kamança da bir çox musiqi alətləri kimi Orta Asiyanın bir çox ölkələrində yayılıb, istifadə olunub və təbii olaraq təkmilləşməyə məruz qalıb. Amma fəxrlə deyə bilərəm ki, bu gün, bu ölkələr arasında Azərbaycan kamançasının özünəməxsus yeri var. Buna səbəb kimi musiqimizin rəngarəngliyini, müxtəlif janrlı olmasını, istedadlı sənətkarlarımızı arqument gətirə bilərəm. Rəhmətlik Hacı Xanməmmədovun Kamança və Simfonik Orkestr üçün konsertini xüsusi olaraq qeyd etmək istərdim. Dahi bəstəkarımız öz musiqi əsəri ilə kamança alətinin nəyə qadir olduğunu dünyaya sübut edib.

Mən də bu konserti Amerikada ilk dəfə olaraq, Amerikanın istedadlı gənc musiqiçilərinə rəhbərlik və dirijorluq edən, milliyyətcə Azərbaycan türkü olan Fərhad Xudiyevin simfonik orkestri ilə ifa etmişəm.

– Ümumiyyətlə, mədəniyyətin xalqları birləşdirmə məsələsinə necə baxırsınız?

– Mədəniyyət xalqları birləşdirən güclü faktordur! Mən bir musiqiçi və musiqi direktoru kimi belə hallarla tez-tez rastlaşıram. Fəaliyyət göstərdiyim festivallarda aralarında siyasi problemlər yaşanan ölkələrin musiqiçiləri mehriban ailə üzvləri kimi eyni musiqiləri bir səhnədə ifa edərək tamaşaçılara və bütün dünya xalqlarına sülh mesajını nümayiş etdirirlər.

– Amerika erməni lobbisinin güclü olduğu bir yerdir. Sizə hansısa təzyiq olmur ki?

– Düzdür, Amerika erməni lobbisinin güclü olduğu ölkədir, xüsusilə də, Kaliforniya ştatı. Mən də bu ştatda yaşayıram. Nəzərə almaq lazımdır ki, Amerika demokratik ölkədir. Qanunun aliliyi yüksək səviyyədə qorunur. Bu səbəbdən heç bir təzyiqə məruz qalmamışam. Bir məsələni də qeyd etmək istərdim ki, konsertlərimdə iştirak edən pərəstişkarlarım arasında ermənilərə də rast gəlmək mümkündür.

Bir çox yeni, maraqlı və fərqli...

– Sizcə, müasir Azərbaycanın kamança sənətində hansı çatışmazlıqlar var?

– Zənnimcə, böyük bir çatışmazlıq yoxdur və buna çox sevinirəm. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, keçən əsrin əvvəlindən bu günümüzə qədər solist kamança ifaçılarımız çox az olub. Əksər kamança ifaçıları tarı müşayiət etməyə üstünlük veriblər. Xüsusilə, vurğulamaq istəyirəm ki, gözəl müşayiətçi kamança ifaçısı olmadan, solist kamança ifaçısı olmaq mümkün deyil. Ümid edirəm ki, tezliklə Azərbaycanda da solist kamança ifaçılar nəsli yetişəcək.

– Sizin kamançanız sanki bir az fərqli quruluşdadır. Ümumiyyətlə, kamança sənətinə hansısa yeniliklər gətirdiyinizi düşünürsünüzmü?

– Mənim 5 kamançam var. Sizin buyurduğunuz kimi, onların quruluşları bir-birindən fərqlənir. Bu alətlərin çoxu öz istəyim və təkliflərim əsasında hazırlanıb. Kamançalarımın üçü 5 simli, ikisi 4 simlidir. Bir kamançamın çanağı dəri ilə örtülməyib. Kamançalarımın üçü İstanbulda usta və ifaçı Arslan Həzrəti tərəfindən, biri Avstraliyada yaşayan Peter Biffin tərəfindən hazırlanıb. Bir kamançam da var ki, onu Azərbaycanda tələbə olan zaman almışam. Amma bu kamança mənim sifarişimlə hazırlanmayıb, ona görə də hansı usta tərəfindən hazırlandığını bilmirəm. Amma bu kamança mənə çox əzizdir. Sənətimə bununla başlamışam. Amerikada da ilk dəfə Azərbaycan musiqisini bu kamança ilə təmsil etmişəm.

Kamança sənətinə yeniliklər gətirməyimə gəldikdə, sözsüz ki, bu da var. Fikrimcə, ustad kaman ifaçıları buna daha düzgün cavab verib qiymətləndirə bilər.

– Bir az da qarşıdakı planlarınızdan danışardınız. Nə vaxt gəlirsiniz buralara?

– Keçən il mənim üçün çox uğurlu il oldu və düşünürəm ki, bu il də uğurlu olacaq. Bir çox yeni, maraqlı və fərqli layihələr üzərində işləyirəm. Onu da qeyd edim ki, Bakı Beynəlxalq Muğam Mərkəzi mənə bu ilin oktyabr ayında Azərbaycanda Debüt Konsertimin keçirilməsini təklif etdi və mən də böyük məmnuniyyətlə bu təklifi qəbul etdim.

Fürsətdən istifadə edib sizə, sizin simanızda bütün əməkdaşlarınıza və oxucularımıza təşəkkürümü bildirirəm. Hamınızı oktyabr ayında nəzərdə tutulan debüt konsertimə dəvət edirəm.

Tarix
2015.04.22 / 09:15
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla