Əməkdar artist Aslan Şirinlə
onun ad günü ərəfəsində görüşdük. Sevimli aktyorumuz həmişəki kimi
şən və hazırcavab idi. Elə ilk cümləsindən onun necə səmimi insan
olduğunu anlamaq çətin olmadı.
- Aslan Şirini aktyorluq qabiliyyəti ilə yanaşı, həm də
istedadlı müğənni kimi tanıyırıq.
- (Gülür) Elə deyirlər. Özümü tərifləməyi sevmirəm. Peşəkar
müğənnilərin rəğbətini qazandığım üçün çox xoşbəxtəm. Mən bu gün
əminliklə deyə bilərəm ki, Azərbaycanda ən çox tanınan müğənnilər
məhz Mədəniyyət və İncəsənət Universitetinin tələbələridir. Onları
siz də tanıyırsınız: Alim Qasımov, Faiq Ağayev, Brilyant Dadaşova,
Aygün Kazımova, Teymur Əmrah, Nazpəri Dostəliyeva, Gülyanaq, Gülyaz
Məmmədova bacıları və digərləri. Bu, universitetin uğurudur.
- Yaradıcı insan olaraq hansı yeniliklərə imza
atmısınız?
- Vaxtilə Azərbyacanda fəaliyyət göstərən "Şou Biz" əyləncəli
proqramlarla çıxış edən qrupun yaradıcısı olmuşam. O zaman şou
məkanında iki qrup var idi, bizim qrupumuz və "Şou Əlili"
qrupu.
Heç bəyənmədiyim ifadə var, amma təkrar etmək
məcburiyyətindəyəm: "uşaqlıqdan bu sənətdəyəm".
- İlk addımlarınız hansı sahədə olub?
- Uzun illər AzTV-də çalışmışam, "Tələbə klubu", "Gənclik və
zaman", "Test-əyləncəli proqram", "Gecə kanalı", "Salam gənclər" və
digər verişilərin aparıcısı olmuşam. Onu deyə bilərəm ki,
televiziyanın mənim püxtələşməyimdə yeri böyükdür və bu sahədə
artıq, necə deyərlər, bişmişəm.
Bu orduda intizam yoxdur
- Bugünkü televiziya verilişləri, şou proqramlar sizi
qane edirmi?
- Tam səmimi cavab verirəm; qətiyyən yox. İndi telekanallarda
sanki bir çaşqınlıq var. Bilirsinizmi, hər verilişin öz kütləsi
var, öz izləyici ordusu var. İndi təsəvvür edin ki, bu orduda
intizam yoxdur, aləm qarışıb bir-birinə. Verilişlərdə də vəziyyət
eynidir, uşaq proqramları böyüyə, böyüklər körpələrə qarışıb və
izləyicilər bu sadə üsulla hazırlanan tezbazar və keyfiyyətsiz
"xörəyi" yemək məcburiyyətindədirlər.
- Aparıcılara münasibətiniz necədir?
- Bir qədər əvvəl qeyd etdiyim kimi, aparıcıların mövqeyi
verilişin formatından asılıdır. Veriliş yüksək səviyyədə tərtib
edildikdə, bacarıqlı və peşəkar aparıcı mütləq şəkildə öz yerini
tutur. Burada təbii ki, savadsız və qabiliyyətsiz insanlar yer tuta
bilməz. Bu birmənalıdır.
- Sualı yersiz ünvanlamadım. Fikirləşdim ki,
televiziyada peşəkar şəkildə bişmiş Aslan Şirin nə üçün yenidən hər
hansı bir kanalda aparıcılıq etməsin?
- Əslində, bir neçə kanala aparıcılıq üçün dəvət almışam. İş
burasındadır ki, teatra ayırdığım vaxt baxımından, zamanım çox az
olur. Məhz bu səbəbə görə mən, edilən təkliflərdən imtina etmək
məcburiyyətindəyəm. Amma bu, heç də o anlama gəlmir ki, mən,
aparıcılıq etmək istəmirəm. Aparıcı olardım, həm də nümunəvi.
Təsəvvür edin ki, mənim televiziyada çalışdığım müddətdə hər efir
çıxışından sonra, bizə peşəkar diktorlar müxtəlif iradlar tutardı.
Misal üçün, hansısa sözdə bir hərfi zəif tələffüz etdiniz və ya
tutaq ki, "e" səsi səslənməli olduğu halda, "ye" deyildi və s.
Yəni, bu dərəcədə güclü senzura var idi.
- Hazırda efirimizi senzura xilas edə
bilərmi?
- Deyərdim ki, bəlkə də zamanla hə. Hər halda, bunun üçün çox iş
görmək lazımdır.
Türkiyəli rejissorlarla iş birliyim
- Bilirik ki, bir neçə yerli və əcnəbi seriallarda yer
almısınız. Müasir filmlərimizin durumu sizi qane
edirmi?
- Mən deyərdim ki, yox. Başlayaq elə rejissor işindən. Təsəvvür
edin ki, məhz rejissor işinin aktyora çox böyük təsiri var. Hətta
bir sıra seriallarda xaricdən dəvət almış aktyorları izləmişəm.
İnanın ki, bu bir dəhşətdir; mən inana bilmirdim ki, bu, həmin
məşhur insanlardır. Onlar istər-istəməz dəyişilmək məcbiriyyətində
qalıblar, filmə qarşı olduqca soyuq münasibət bəsləyiblər. Amma
gəlin, götürək elə Türkiyəni. Orada aktyor filmə canını qurban
verir. Mənim türkiyəli rejissorlarla çox sayda iş birliyim olub.
"Avropa-Avropa" serialında rollardan birini canlandırmışam. Xaricdə
sənətə və yaradıclığa münasibət tam başqadır.
- Necə edə bilərik ki, bizdə də münasibət tam başqa
olsun? Axı, prezidentimiz İlham Əliyev tərəfindən serialların və
filmlərin çəkilişi üçün dövlət büdcəsindən xeyli vəsait ayrılıb!?
Belə olan təqdirdə nə çatmır?
- Bizdə bu iş uzun zaman alacaq. Adicə bir misal çəkim sizə.
Rejissorla iş birliyi haqqında danışmağa gedirsən və görürsən ki,
adi bir çayxanada sadə geyimdə oturub səni gözləyir. Təxminən bir
ay keçir, bir də görürsən həmin rejissor artıq serial çəkilişinə
başlayıb və dəbli geyimdə, olduqca dəbdəbəli məkanda danışıqlar
aparır. Sizcə bu vəziyyət hansı məsələdən xəbər verir?
Peşəkarlara peşəkarcasına qonorar
- Yəni düşünürsünüz ki, ortada ədalət hökm sürərsə,
işlər də planlı şəkildə davam edər və nəticədə keyfiyyətli iş
meydana gələr?
- Əlbəttə. Bundan əlavə, gəlin, baxıb görək, seriallarda
çəkilənlər kimlərdir? Əksəriyyəti adi şöhrət arzusunda olan və
təmənnasız çəkilən insanlardır. Peşəkarlara isə qonorar elə
peşəkarcasına ödənilməlidir deyə, onların əksəriyyəti bu cür
serallarda yer almırlar. Rejissorlar bəzi tanınmış aktyorlardan öz
filmlərində reklam daşıyıcısı obrazında sözün əsil mənasında
istifadə edirlər.
- Sizin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
aparıcı aktyor olduğunuz haqqında məlumatlıyıq. Lakin bu yaxınlarda
sizi, tam fərqli ampluada gördük. Rejissor Nicat Kazımova məxsus
"Zorən şorgöz" və "Kölgə" tamaşalarında həm komik, həm də ciddi
obrazla yadda qaldınız.
- Bəli. Mən Nicata hədsiz minnətdaram. O, tamaşaçıya mənim bütün
səhnə bacarıqlarımı nümayiş etdirməyə geniş imkan yaratdı.
- Sizin üçün ciddi rol ifa etmək daha asandır, yoxsa
komik?
- Əslində, ciddi obrazla tamaşaçını güldürmək daha çətindir. Mən
komik obraz yaratdıqda, onsuz da hər kəs güləcək. Lakin deyərdim
ki, hər iki janr da olduqca çətin və məsuliyyətlidir.
- Deyilənə görə, uzun müddət Türkiyədə müğənni kimi
çalışdınız. Türkiyədə qalıb işləmək təklifi ilə
razılaşardınızmı?
- Qətiyyən. Sizi inandırım ki, mənə bir sıra təkliflər də
edilib, amma razılaşmamışam. Azərbaycanı heç bir ölkəyə dəyişmərəm.
Üstəgəl, mən ailədə yeganə oğlan övladıyam. Ailəmin, anamın və
bacılarımın mənə ehtiyacı var.
- Türk mahnılarının mahir ifaçısı kimi daha çox
tanınırsınız. Bəstəkar mahnılarına niyə az müraciət
edirsiniz?
- Türk mahnısı olan "İsyan"la bağlı deyirsinizsə, onu qeyd
edərdim ki, bu mahnını sırf özüm hiss etdiyim kimi ifa etmişəm.
Bəstəkar mahnılarına gəldikdə isə onu deyərdim ki, mən bəyəndiyim
mahnıdan heç bir zaman imtina etməmişəm. Ümumiyyətlə isə, Cavanşir
Quliyev, Elçin İmanov, Eldar Mənsurov kimi tanınmış bəstəkarlarla
çalışmışam.
- Səhnə həyatınızda baş vermiş gülməli bir hadisəni
danışardınız.
- Gülməli hadisələr çox olub. Amma bir hadisə oxucular üçün daha
maraqlı olar. Deməli, tərəf müqabilim gözəl aktrisa Firəngiz
Mütəllimova ilə "Varlı qadın" tamaşasında oynayırdıq. Mənim 30
saniyə zamanım var idi ki, pərdə arxasına keçib, cəld geyimimi
dəyişərək, yeni kostyum geyinim. Təsəvvür edin ki, pencəyi
geyindim, şalvar isə mənim ölçülərimə uyğun deyildi, bəlkə də 4-5
ölçü böyük idi. Kostymçu qadın özünü itirməyib mənə dedi ki, a, nə
yaman arıqlamısınız, Aslan bəy? Siz deməyin, kostyumlar səhv düşüb
və adları səhv salaraq Siyavuş Aslanın şalvarını mənə gətiriblər.
Mən dərhal şalvarı bir təhər kəmərlə bağlayıb, səhnəyə çıxdım, amma
tamaşanın sonuna qədər səhnədə üzü tamaşaçılara tərəf hərəkət etdim
ki, şalvarın arxasında yığılan büzmələr seyr edənlərin nəzərinə
çarpmasın.
Əməkdar artist
- Şəxsi və yaradıcı həyatınızdan
razısınızmı?
- Bəli. Şəxsi həyatım öz qaydasındadır. Bir qız övladım böyüyür.
Yaradıcılıqla bağlı onu qeyd edə bilərəm ki, dövlətimiz tərəfindən
iki il əvvəl əməkdar artist adına layiq görülmüşəm. Ümumiyyətlə isə
onu vurğulamaq istərdim ki, mən bu mərtəbəyə əziyyətlə,
dişimlə-dırnağımla yol açaraq gəlmişəm. Əziyyətli işin bəhrəsini
dadmaq başqa ləzzətdir.
Avtoportret yaradılsın
- Sonda sizin haqqınızda hansı məqamın qeyd olunmasını
istəyərdiniz?
- İstəyərəm, məni gördüyünüz kimi təsvir edəsiniz. Bir çox insan
mənə pozitiv olduğumu deyir. Biz hazırda teatrda sahilə qədər yol
boyunca insanlardan necə olduqları haqqında soruşsaq, heç biri
özünə pis deməz. Amma mən istərdim ki, mənim yaxşı cəhətlərimlə
yanaşı, çatışmayan cəhətlərim haqqında da deyilsin, bir növ
avtoportretim yaradılsın.
Aslan Şirinlə sağollaşaraq onun haqqında necə avtoportret
yaradacağımı düşündüm. Haqqında heç bir qalmaqal eşitmədiyim,
olduqca mədəni və intellektual aktyor haqqında yaratdığı obrazlar
danışdı. O, "Anamın kitabı"nı sonda qəbul edən müasir gəncdir,
"Zorən Şorgöz"ün vəfalı dostu Corcdur, o, ikili həyatını dərk
edərək, uzaqlaşan "Kölgədir" və nəhayət, o, bizim sevimli
aktyorumuzdur.
Teatrın əbədi simvolları olan gülüş və kədər simaları onun
taleyinin tərkib hissəsidir. O, məhz həmin sənətkardır ki, doğma
insan itkisini ürəyində dəfn edərək səhnəyə çıxıb və göz yaşlarını
gizlədərək, həmin kədərdən xəbərsiz olan biz tamaşaçıları
güldürməyi bacarıb. O, sadiq dostumuz Aslan Şirindir.