Bir dönəm Azərbaycan
musiqisində "Təlqin" mahnısı ilə şöhrət qazanan "Qan" qrupu hazırda
fəaliyyətini dayandırıb. Qrup dağılsa da, ifa etdiyi mahnılar hələ
də çoxları tərəfindən sevilərək dinlənilir.
Axar.az "Qan" qrupunun zərbçisi Fərdi Ramazanovla qrupun yaranma
tarixi, fəaliyyəti və dağılma səbəbi haqda söhbət edib:
Verilişlərdə çıxış etmirdik, amma...
– Əvvəlcə, lap başdan başlayaq. "Qan" qrupu necə
yarandı? Kimin ideyası idi və necə oldu ki, sən bu qrupa
qoşuldun?
– Vahid Mustafayevin ideyası idi. ANS telekanalının layihəsi...
Mən Türkiyədən qayıdanda "Ferrum" qrupunun üzvü İlkin Məhəmmədli
məni çağırdı və bir musiqi qrupuna kömək etmək lazım olduğunu dedi.
ANS telekanalına getdim və 1 saatlıq ifada zərbçi kimi qrupa
köməklik göstərdim. Bundan sonra mənə yenidən zəng edib qrupa
qoşulmağımı təklif etdilər. Şərtlər və qonorar məni qane etdiyindən
layihə təklifini qəbul etdim.
– Qrup yaranandan sonra fəaliyyətiniz nədən ibarət oldu?
Mən bildiyimə görə, sizin konsertləriniz də baş tutdu.
– Qrup ANS telekanalının və birbaşa Vahid Mustafayevin olduğuna
görə biz kanalın qrupu kimi fəaliyyət göstərirdik. Konsertlər isə
daha çox kanalın təşkil etdiyi tədbirlərdə olurdu.
– Amma ANS-in verilişlərində yer
almırdınız...
– Hə, verilişlərdə çıxış etmirdik, amma tədbirlərdə – məsələn,
Xocalı tədbirində, Çingiz Mustafayevin anım mərasiminə həsr olunmuş
günlərdə – bir neçə dəfə çıxış etmişik. Tez bir zamanda məşhurluq
qazanan və Vahid Mustafayevin sözlərinə yazılan "Təlqin" mahnısını
ilk dəfə Çingiz Mustafayevin anım mərasimində ifa etmişik.
Şərtlərimizi demişdik, rəhbərlik də
razılaşmışdı...
– Mahnılardan söz düşmüşkən, ifa etdiyiniz mahnıların
müəllif hüquqları kimə aid idi? Özünüz yazırdınız?
– Çox vaxt Vahid Mustafayev özü də mahnıların yazılmasında və
seçilməsində birbaşa iştirak edirdi. Eləcə də, məşqlərimizə
qoşulurdu.
– Qrup qısa zamanda məşhurluq qazandı. Çoxları sizi
dinləyir və sevirdi. Bəs "Qan" qrupu niyə parçalandı?
– Qrup başqa formata keçmək qərarına gəldi və mən də buna görə
ayrıldım. Çox keçmədi ki, bütün üzvlər ayrıldı. Yəni qrup üzvləri
arasında heç bir anlaşılmazlıq və ya problem yaranmadı. Sadəcə,
şəxsi zəmində meydana gələn problemlər, hərənin öz qayğıları və
dəyişən format bizi bu addımı atmağa məcbur etdi.
– Qrupun qonorar məsələsinə görə dağıldığını deyirdilər.
Bu haqda nə deyə bilərsən?
– Yox, qrupda fəaliyyətim boyu heç bir maddi problem yaşamadım
və qonorarımızı vaxtı-vaxtında kartımızı salıb bankdan götürürdük.
Çünki qrupa gəldiyimiz ilk gündən hamımız öz şərtlərimizi demişdik
və rəhbərlik bu şərtləri qəbul etmişdi.
Bütün diqqət Minaya yönəlmişdi
– Mina ilə olan layihəniz rezonans doğurdu. Bu layihədə
"Qan" qrupu artıq rok formatından ayrılıb, başqa bir formata
keçdi...
– Mina Vahid Naxışın "Qan" qrupuna kömək etmək üçün yaratdığı
layihə idi. Minanı isə keçirilən kastinqlərdə seçdilər.
– Mina ilə işləmək necə idi?
– Qrup Mina ilə işləməyə başlayanda mən artıq qrupdan ayrıldım.
Bu format mənlik deyildi. Artıq qrupa ehtiyac duyulmurdu. Bütün
diqqət yönəlmişdi Minaya. Artıq publikaya işləməyə başlanılmışdı və
format dəyişmişdi.
– Bəs özün bu layihə – Mina haqda nə
düşünürsən?
– Heç nə. Sadəcə, deyə bilərəm ki, bu, düzgün format deyil. Nə
popdu, nə pankdı, nə repdi – qeyri-müəyyən bir şeydir. Məsələ heç
onun yaxşı və ya pis olmağından getmir. Məsələ izləyicinin nə tələb
etdiyi və nə yaratdığıdır. Minanı izləyici özü yaradıb. Yaradıcılıq
tamam başqa şeydir. Amma şəxsi münasibətlər yaradıcılığa təsir
göstərməyə başlayanda bu, artıq yaradıcılıq və incəsənət olmur,
şəxsi münasibətlər olur.
Erməni gənclər müharibə istəmirlər
– Əvvəl "Unformall" qrupunun tərkibində idin. Ordan niyə
ayrıldın?
– Mən 2003-2004-cü illərdə ilk təcrübəmi "Unformall" qrupunun
tərkibində qazanmışam. Qrupun zərbçisi əsgərlikdə olduğundan mən
orada müvəqqəti fəaliyyət göstərdim. Sonra isə "Ferrum" qrupuna
qoşuldum. "Ferrum"la birgə biz Gürcüstanda rok festivalında
Azərbaycanı da təmsil etmişik. Orada gürcü, erməni və çoxsaylı
Avropa qrupları da iştirak edirdi.
– Erməni musiqiçilərlə aranızda problem yaşanmadı
ki?
– Yox, gənclər müharibə istəmir. Gənc gəncdir və onun heç bir
siyasi oyunda günahı yoxdur. Siyasətçilər dəyirmi masa arxasından
əmr verir, ortada gənclər gedir. "Rock-n-roll" daha
tolerantdır.
– İndi nə ilə məşğulsan?
– Hazırda fərqli qrupların tərkibində klublarda çıxış edirəm,
indi yalnız kommersiya düşünürəm. "Higgins" qrupunun tərkibində
"Pasifico"da Arda ilə türk qrupunun tərkibində Caz mərkəzində çıxış
edirdim. Bir sözlə, hara çağırsalar, ora da gedirəm və müxtəlif
musiqiçilərlə birgə işləyirəm.
– "Qan" qrupunun yenidən bir araya gəlməsi mümkündürmü?
Kanalın tədbirlərinə dəvət edilsən və ya yenidən birləşmək təklifi
gəlsə, necə qarşılayarsan?
– Bilirsən, əgər xalqa roku sevdirmək istəyirdinsə, bunu başqa
cür etməli idin. Rok tam başqa bir sferadır. Dəyişdirilən formatın
adı rok deyildi. Rokla reytinq toplamaq olmurdu, Mina isə onlara
sərf etdi, reytinqi qaldırdı. Heç kimə maraqlı deyildi ki, mən
"Təlqin" mahnısında nə qədər əziyyət çəkmişəm, albom yazılışlarına
görə 10 gün bütün sutkanı ANS-in studiyasında keçirmişəm. Bunları
bilmirlər...
– Bəs gələcəklə bağlı hansı planların var?
– Hələ ki, bilmirəm. Almaniyadan yeni gəlmişəm və yenidən ora
qayıtmağı planlaşdırıram. Artıq orda işləyib, orda yaşayıram.
Almaniyada konservatoriya təhsili haqda da düşünürəm.