Azərbaycanda və Türkiyədə
Polad Ələmdarın oxşarı kimi tanınan Tural Əsgərovla yeni çəkildiyi
"1 milyon manat" filminin premyerasında tanış olduq. Tanımasaydım,
elə bilərdim, qarşımdakı şəxs elə Poladın özüdür. Bir çox media
nümayəndələrinə müsahibə verməkdən imtina edən Tural bəy
suallarımızı cavablandırmağa razılaşdı.
Polad Ələmdarla tanışıq...
- Tural bəy, maraqlıdır ki, məşhur "Qurdlar vadisi"nin
baş qəhrəmanı Polad Ələmdar obrazını canlandıran Necati Şaşmaz sizi
tanıyırmı?
- Əslində, Necati bəylə üz cizgilərimiz bənzəsə də, onunla yaş
və boy fərqimiz var. Necati bəy məndən 10 yaş böyükdür. 1971-ci il
dekabrın 15-i o gəlib dünyaya, 1981-ci il 21 sentyabrda isə mən.
Onun boyu 168, mənimki isə 183 sm-dır. Şəxsən tanışıq.
- Tanışlığınız harada baş tutdu və sizi gördükdə çoxmu
təəccübləndi?
- Mötəbər nazirlərimizdən birinin dəvəti ilə o, 2011-ci il mart
ayının 19-u Azərbaycana gəldi. Hava limanında onu Mehriban
Xanlarova ilə mən qarşıladım. Əlbəttə, məni gördükdə çox
təəccübləndi. "Gəncliyimə bənzəyirsən", - dedi. Məni Tüykiyəyə
dəvət etdi və elə həmin il "Panafilm"in xətti ilə Türkiyədə 3 gün
onun qonağı oldum.
- Elə isə Necati Şaşmaz haqqında bizə danışın. Onu nə
cür insan kimi tanıdınız? Və oxşarınız o 3 gündə yaddaşınıza necə
həkk olundu?
- Necati bəy haqqında yalnız bir söz deyə bilərəm: kim onun
qədər zəngin, imkanlı və məşhur olsaydı, hazırda yolunu azmışdı.
Amma bu insan olsuqca sadə və səmimidir. 3 gün onun qonağı oldum,
gəzməli-görməli yerləri bərabər ziyarət etdik, çoxlu söhbətlərimiz
oldu, şahmat oyunları və s.
"Qurdlar vadisi"ndən yeni təklif...
- Düşünürdüm ki, Necati bəylə hər hansı bir pyoje
üzərində çalışacağınız haqqında açıqlama edəcəksizniz?
- Əslində, iki dövlət arasında olan qardaşlıq haqqında birgə
film çəkmək arzumuz oldu. Amma hələ ki, bu istək elə arzu olaraq
qalır.
- Azərbaycanda isə uğurlarınız olduqca boldur; bu
yaxınlarda yeni çəkildiyiniz "Bir milyon manat" filminin təqdimatı
keçirildi. Daha hansı filmlərdə yer almısınız?
- Yeni çəkildiyim "Bir milyon manat" filmində elə Polad Ələmdarı
canlandırıram. Çox xoşbəxtəm ki, bu filmdə xalq artisti Hacı
İsmayılovla tərəf müqabiliyəm. Əlavə olaraq, yerli telekanalın
birində yayımlanan "Boyunbağı" serialında baş qəhrəmanlardan birini
canlandırıram. Burada sırf özümü oynayıram desəm, yanılmaram.
Seriala tam təmənnasız çəkilirəm. Ümumiyyətlə, incəsənəti çox
sevirəm və yaradıcılığa olduqca bağlı insanam.
- Türkiyədə olduğunuz müddətdə nə üçün Necati bəy sizi
telekanalların verilişində oxşarı kimi təqdim etmədi? Ola bilərmi
ki, bu daxili narazılıq hissi ilə bağlı olsun?
- (Susur)...
- Axı nisbətən gənc və hündürboy bir "Polad Ələmdar"
onun yerini tuta bilərdi?!
- Türkiyəyə səfərim Ramazan bayramına təsadüf etdiyi üçün biz
heç bir telekanala dəvət almadıq. Mənimlə bağlı fikirləri haqqında
heç nə deyə bilmərəm. Amma bu səfərdən sonra yenidən Türkiyəyə
qayıtdım; bu dəfə "Yetənəksizsiniz" verilişinin iştirakçısı
kimi.
- Deməli, Türkiyə sizi tanıdı. Milyonlarla izləyicisi
olan verilişin iştirakçısı olmaq hər insana nəsib olmur. Ora necə
dəvət aldınız?
- Verilişi tam izləyirdim. İnandırım sizi ki, heç bir kömək
olmadan layihə rəhbəri və münsif Acun bəyə elektron məktubla
müraciət etdim. Tezliklə, məni verilişə dəvət etdilər. Onu da qeyd
edim ki, türk dilini olduqca gözəl bilirəm və verilişdə türk
dilində səsləndirdiyim şeirlərin müəllifi özüm idim. Ümumiyyətlə
isə ailəmizdə iki şair olub: babam və atam.
- Çox gözəl. Amma verilişdə, bildiyim qədər, finala
vəsiqə qazana bimədiniz.
- Elədir. Cəmi iki tur iştirak edə bildik. Birinci tur hər kəs
üçün maraqlı oldu. Türk tamaşaçısı və münsiflər şokda idilər. Daha
çox "Qurdlar vadisi"nin baş qəhrəmanlarından olan Əlif obrazını
canlandıran Özgün Amal təəccüb etdi. Onun xoş sözləri bizim ikinci
tura keçməyimizə təkan verdi. Lakin elə Əlif xanımın sayəsində biz
ikinci turda yarışmaya əlvida demək məcburiyyətində qaldıq.
Ailəsində söz-söhbət yarandı...
- Maraqlıdı...
- Mənim səhnədən Əlif xanımın - Özgün Amalın suallarına filmdən
olan epizodlarla cavab verməyim xanım münsifin həyat yoldaşının
xoşuna gəlmir. Məndə olan məlumata görə, gənc ailədə çox böyük
söz-söhbət yaranmışdı.
- Film nümayiş olunan zaman hər kəs Necati bəylə Özgün
Amalın yalnız filmdə deyil, elə real həyatda uzun illər sevgili
olduğunu deyirdi.
- Bəli. Elə ona görə də ikinci turda Özgün xanım qəhərlənərək,
bizə "yox" deməyə məcbur qaldı və biz 65% səs azlığı ilə ikinci
turda iştirakımızı dayandırmalı olduq. Əlif xanım pərdə arxasına
gələrək, mənimlə görüşdü. O ağlayırdı və yalnız bir kəlmə söyləyə
bildi: "Nə olur, Tural, məni əfv et!"
Məşhur "Yetənəksizsiniz"də yenidən...
- Maraqlıdır ki, siz Türkiyədə filmə çəkilsəydiniz və
Əliflə bir səhnəni paylaşsaydınız, onun həyat yoldaşı necə hərəkət
edərdi?
- (Gülür) Onu deyə bilmərəm, amma heç bir yerdə qeyd etmədiyim
yeni layihəm haqqında fikrimi sizinlə bölüşəcəm; bu yaxınlarda
yenidən Türkiyədə "Yetənəksizsiniz" verilişində iştirak etmək
niyyətindəyəm. Budəfəki iştirakıma daha güclü hazırlaşıram.
- Keçən dəfə çıxışınıza hazırlaşmamışdınız?
- İnternet səhifələrində gözəl tərzdə "Qurdlar vadisi" mahnısını
ifa edən gənc aşıq Sərxan Əliyev haqqında videoçarx izlədim. Onunla
tanış oldum və bu yarışmaya birgə hazırlaşdıq.
- Əlifin həyat yoldaşının qısqanclığı ucbatından
yarışmadan uzaqlaşmalı oldunuz. Digər insanların da qısqanclığı
həyatınıza və işinizə mane olurmu?
- (Gülür) Bəlkə də olur, amma xəbərim yoxdur.
Ailəmə sadiqəm...
- Ailəlisiniz?
- Bəli, mən çox gənc ikən valideynlərimin arzusu ilə ailə həyatı
qurdum və həyat yoldaşım öz qohumumdur. İki qızım böyüyür; böyük
qızımın artıq 10 yaşı var və o, ingilis təmayüllü məktəbdə dərs
alır, o biri qızım isə hələ kiçikdir.
- Yəqin ki, xanımlar tərəfindən tanışlıqlar və münasibət
qurmaq istəyi ilə çox qarşılaşırsınız?
- Bəli. Belə hallar həddindən artıq tez-tez baş verir.
- Bu tanışlıqlara necə cavab verirsiniz və xanımınız
sizi qısqanmır ki?
- Birmənalı şəkildə tanışlıqdan imtina edirəm. Bəzən olur ki,
xanım hansısa dost-tanış tərəfindən mənimlə tanışlıq yaradır, o
zaman sadəcə, dost qalmağımıza üstünlük verirəm. Mən ailəliyəm və
ailədə xəyanəti bağışlanmaz səhv kimi qəbul edirəm. Həyat yoldaşım
isə mənim ona sadiq olduğumu gözəl bilir, odur ki, heç bir
qısqanclıq da göstərmir.
Mafiyaya "yox" cavabı...
- Polad Ələmdar rolunu canlandıran Necati Şaşmazın
dünyanın tanınmış mafiya üzvləri ilə dostluq münasibətləri haqqında
Türkiyə mediasında kifayət qədər danışıldı. Tural Əsgərova
"qaranlıq dünyanın" insanlarından dostluq təklifi gəlsə, qəbul
edərmi?
- Qətiyyən. Mən sakit həyat tərzinə üstünlük verirəm. Əslində,
saysız-hesabsız dostlarım var. O qədər çoxdurlar ki, adlarını
yadımda saxlamağa belə çətinlik çəkirəm. Ola bilər, onların
arasında qeyd etdiyiniz "qaranlıq aləmin" nümayəndələri də olsun.
Hər halda, mən bu haqda xəbərsizəm. Lakin onların dostluq
əlaqələrinə kəskin şəkildə "yox" cavabı verərdim.
14 yaşlı tələbə...
- Eşitdiyimə görə, 14 yaşında universitet tələbəsi adını
qazanmısınız. Bu məlumat doğrudurmu?
- Tamamilə doğrudur. Ziyalı ailəsində göz açdığımdan, artıq üç
yaşımda sərbəst yazmağı və oxumağı bacarırdım. Mənimlə babam məşğul
olurdu. Məktəbə 5 yaşım tamam olmamış getdim. Tərtərdə orta
məktəbdə təhsil aldım. Sonra bir ilin də proqramını mənimsədim,
ekstra-imtahan nəticəsində bir sinif irəlilədim.
- Vunderkind uşaq çox zaman müəllimlərin sevimlisi
olur...
- Elədir. Müəllimlərim məni daha çox məntiqi düşüncəmə görə
bəyənirdilər. Mən ekstra-imtahan verdikdə komissiya tərtib edildi.
Bütün illik proqram haqqında soruşuldu, doğru cavablandırdım. Sonda
Bakıdan komissiya qismində təşrif buyuran müəllim mənə sual verdi:
"Yarpaq hansı rəngdə olur?" Mən ona elə sual ilə cavab verdim:
"Müəllim, hansı fəsildə?" Hər kəs mənim cavabımdan yaxşı mənada
təsirləndi.
- Eşitdiyimə görə, universitetə də maksumum nəticə
göstərərək qəbul olunmusunuz.
- Doğrudur. O zaman test imtahanları ölkədə ilk dəfə idi ki,
keçirilirdi. Mən 1998-ci ildə ən yüksək bal toplayarq, 596 bal ilə
İqtisad Universitetinə qəbul olundum. Yadımdadır, imtahan zamanı
bizə nəzarətçi təyin edilən müəllim mənim vaxtımdan olduqca tez
suallara cavab yazdığımı öyrəndikdə, "guya bunlar hamısı doğrudur
ki", - soruşaraq, rişxəndlə gülümsəmişdi.
- Bəz siz ona nə cavab verdiniz?
- Hansı fəndən dərs dediyini soruşdum. Məlum olanda ki,
coğrafiya fənnini tədris edir, xahiş etdim ki, coğrafiyadan
cavablandırdığım cavablara nəzər salsın. Müəllim cavablara
baxdıqda, təəccübünü gizlədə bilmədi; bütün suallara doğru cavab
yazmışdım. İmtahan zalından çıxanda onunla sağollaşdım və bu
sözləri dedim: "Məni ölkənin ən güclü tələbəsi kimi efirdə
göstərəcəklər və siz də bunun şahidi olacaqsınız". Həqiqətən də
məni efirdə göstərdilər, hələ üstəlik, həmin müəllim mənə
universitetdə uzun illər dərs də dedi.
Unutmaq istədiyim...
- Bütün oxucular üçün də maraqlı olar ki, Tural bəy
həyatda unutmaq istədiyi ağır məqamları bizimlə
bölüşərmi?
- Qarabağ müharibəsində iki gənc dayımı itirdim. Onlardan biri
Ədalət Paşayev Azərbaycanın Milli Qəhrəmanıdır. İllər sonra cavan
atam dünyasını dəyişdi. Keçirdiyi avtoqəza xəsarətsiz ötüşsə də,
yaşadığı həyəcan onun beyinində sağalmaz iz buraxdı və qısa
müddətdə o beyin xərçəngi xəstəliyindən dünyasını dəyişdi. Ailədə
bir oğlan övladıyam. Hazırda bütün yaxınlarıma cavan yaşlarında
həlak olmuş dayılarımı, dünyasını vaxtsız dəyişmiz atamı qismən də
olsa əvəz etməyə çalışıram. Ən azından onlar üçün bir
təsəlliyəm...