Yuxarı

Dünənki itkilərimiz açıqlandı, ancaq reaksiya yoxdur...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən müharibəsində yaşadığımız hissləri ən yaxşı və sadə şəkildə bu cür ifadə etmək mümkündür: bir gözümüz ağladı, o biri güldü.

Bir kəndin, qəsəbənin, rayonun azad edilməsi bizə necə böyük sevinc yaşatdısa, bir əsgərimizin şəhid olması o qədər üzüntü gətirdi. Amma təəssüf ki, başqa yolumuz yox idi, dünyada heç bir Vətən-Haqq savaşı itkisiz başa çatmayıb.

Biz hər gün əsgərlərimiz üçün dua etdik, onlardan birinin barmağının qanamaması üçün Allaha yalvardıq...

Amma qəribədir... Ön cəbhədə göstərdiyimiz bu həssaslığı arxa cəbhədə göstərmirik. Biz artıq hər gün 30 civarında vətəndaşımızı koronavirusdan itiririk, lakin bunu adi statistika kimi qarşılayırıq. İnsanlar öz doğamlarının gözü qarşısında can verir. Son vaxtlar tez-tez bu cümləni eşidirəm: Atam gözümün önündə əziyyət çəkərək öldü, heç nə edə bilmədim.

Bu dəhşətlərə rəğmən biz virus yox imiş kimi davranırıq. Axı hər ikisi insan ölümüdür. Doğrudur, Vətən uğrunda şəhadətə ucalmağın məqamı başqadır, amma nəticə olaraq ikisi də bizim itkimizdir.

Yaxşı, deyək ki, əsgərlərimizin sağ qayıtması üçün dua edirdik. Bəs indi niyə onları təhlükə atırıq? Bəli, biz özümüzü koronavirusdan qorumamaqla hərbçilərimizin də, onların ailəsinin də həyatına təhlükə yaradırıq.

Xəstəxanada yatan, hələ də yaralı olan əsgərlərimiz var. Heç düşünmüsünüzmü ki, onlar həkim çatışmazlığından və ya korona yoluxma ucbatından həyatlarını itirə bilərlər?

Hər bir koronaya yoluxma bir həkimin məşğul olmasına, vaxt azlığından yaralı əsgərimizlə lazımi səviyyədə maraqlana bilməməsinə səbəb ola bilər.

Ölkədə koronaya yoluxmada artım müşahidə olunur, gündəlik yoluxma sayı 4 minə yaxınlaşır. Amma hələ də aramızda “virusa inanmıram” deyənlər var. Qonşusu, qohumu, ailə üzvü virusa yoluxur, amma bu yenə də deyir ki, adi qrip idi, korona adı ilə yazdılar. Bax belə bir məqamda bu, artıq vətən xainliyinin başqa formasına çevrilir.

İşğalçı Ermənistana qarşı müharibədə vahid cəbhədə birləşmişdik, amma öldürücü koronavirusa qarşı birləşə bilmirik.

Əgər işğalçı ilə mübarizədə bizə ağır texnika, canlı qüvvə, xeyli silah-sursat lazım idisə, korona ilə mübarizədə cəmi 3 silah lazımdır – maska, məsafə gözləmək, dezinfeksiya etmək.

Deyək ki, ötən gün koronavirusdan 32 nəfər həyatını itirib. İndi gəlin bu statistikaya belə yanaşaq: “Ötən gün erməni vhərbçiləri 32 vətəndaşımızı qətlə yetirdilər”.

Bu xəbəri oxusanız, nə reaksiya verərsiniz? Erməniyə nifrət, ondan intiqam almaq və itkilərimizə görə kədər...

Amma bu 32 nəfərin koronadan öldüyünü biləndə sıradan yanaşırıq. Bu isə bizim növbəti faciəmizə çevrilə bilər.

Koronavirusla müharibə davam edir, hər gün itkilərimizi açıqlayırıq. Cəbhədəki itkilərimizə necə böyük ağrı və ciddiyyətlə yanaşırdıqsa, koronavirusdan ölüm hallarına da elə yanaşmalı, virusa yoluxmamaq və yoluxdurmamaq üçün qaydalara əməl etməliyik. Çünki burada da ölənlər bizim vətəndaşlarımız, yaxınlarımız, əsgərlərimizin doğmalarıdır.

“Müharibə” davam edir, biz virusa qarşı müdafiəmizi quraq – peyvəndi tapıb öldürücü hücuma keçəcəyimiz günə qədər.

Tarix
2020.11.27 / 13:36
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla