Jan Pol Sartrın "Ürəkbulanması" əsərində maraqlı sual
səslənir:
"Kəşf edilməyən bir adaya düşsəydiniz, yenəmi
yazardınız?"
Təbii ki, bu sualı hansı yazara versəniz o, indiyə qədər
səsləndirilən cavabları verəcək: "yazmasam, yaşaya bilmərəm",
"yazmaq ruhumu sakitləşdirir", "uşaqlıqdan yazmağı sevirdim" və
s.
Amma gəlin etiraf edək ki, heç vaxt dərc edilməyəcəyinə ümid
etmədən yazmaq çox çətindir və bu baxımdan da yazarların, məsələn,
daha çox göz önündə olmaq istəyən müğənnilərdən az eqoist olduğunu
düşünmürəm. Eyni zamanda bu suala səmimi cavab verənlərin sayının
çox olacağına da ümid etmək çətindir.
Amma biz ümidsizliyimizi bir kənara qoyaraq, eyni sualla
yazarlarımıza müraciət etdik.
Görək yazarlarımız iddiasız-filansız ədəbiyyat, yazmaq
aşiqləridirmi? Yoxsa oxucu olmadan yazmağın əhəmiyyəti yoxdur?
Şəxsən mən kimsəsiz bir adaya düşsəm…
Əkrəm
Əylisliyə eyni sualla müraciət etdik və bəlli oldu ki,
yazar belə bir adaya düşərsə, yazıb-yazmayacağını bilmir:
- Yaşın bu çağında ola bilər ki, hər hansı bir yaradıcı insan
yalnız özü üçün yazsın, amma mən inanmıram ki, onların sayı çoxluq
təşkil edə. Bu gün elə yazarların sayı çox azdır. Şəxsən mən
kimsəsiz bir adaya düşsəm, yazıb- yazmayacağımı bilmirəm. Bir yazar
yazılarının oxunmasını hər zaman istəyir. Bu yazarlıqda bir
qaydadır. Ona görə də kimsəsiz adada yazacağıma tərəddüd
edirəm.
Həbsxana da kimsəsiz ada kimidir
Sayman
Aruz hesab edir ki, yazmaq ruhun boşalmasıdır:
- Necə ki, insan genetik baxımdan öz ehtiyaclarını müəyyən
vasitələrlə ödəyir, ruh da ehtiyacını yazaraq ödəyir. Mən şəxsən
yazmadıqda pessimist oluram, sanki həyatımda nəsə çatışmır. Heç
vaxt oxucularımın çoxluğu barədə düşünməmişəm. Həmişə öz ideologiya
və arzularımdan yaranan sözlər ilə özümü yazmışam. Heç vaxt reytinq
xatirinə yazı yazmazdım.
Kimsəsiz adaya düşsəydim, əlbəttə, yenə də yazardım. O kimsəsiz
ada da mənim dostum, həmsöhbətim olar.
Əslində, buna bənzər hisslər yaşamışam. Həbsdə olanda da
kimsəsiz adada olan insanın hisslərini keçirirdim. Orada yalnız
düşünürdüm və fikirlərimi heç kimə demədən yalnız vərəqlərə həkk
edirdim.
Yazmamaq üçün bəhanələr tapan yazarlar
Qismət
bu suala cavab verərkən bildirdi ki, bəzən yazarlar heç adaya
düşmədən də yazmamaq üçün bəhanələr uydururlar:
- Təbii ki, söhbət əsl sənətkarlardan gedirsə, onlar yazmadan
yaşaya bilməzlər. Amma bu məsələnin başqa tərəfi də var.Təcrübə
göstərir ki, istənilən yazarlar müəyyən müddət yazmaqdan imtina
edirlər. Bu barədə İspan yazıçısı Enrike Vila Matasın bir romanı
var. Romanda yazmaqdan imtina edən yazarlardan söhbət gedir. Bəlli
olur ki, yazmamaq üçün bəhanələr tapan yazarların müəyyən
istinadları olur. Onların böyük əksəriyyəti yazmaq üçün mövzuların
qalmadığını düşünürlər.
Kimsəsiz adaya düşəcəyim halda yazıb-yazmayacağıma gəlincə, bu
məsələnin indiki çağda əsas tərəfi oxucudur. Biz hələ onu özümüzdə
formalaşdıra bilməmişik. Əgər yazı kitaba çevrilibsə, artıq o
əmtəədir. Ona görə də onun oxucusunun olması mütləqdir. Yəqin ki,
səhraya düşsən, yenə də yazarsan, ən azından özünü ifadə etmək
üçün, məşğuliyyət üçün ən gözəl vasitədir... Dünyanın inkişaf
etmədiyi vaxtda elə insanlar var idi ki, daşların üzərinə belə
içindəkiləri həkk etdirdilər. Əgər insanın içində yazmaq impulsu
varsa, o, mütləq yazacaq.

Şair
Aqşin
isə hətta dünyada tək yaşasaydı belə, yenə də yazacağını
bildirdi:
- Oxunub-oxunmamaq istedadın göstəricisi deyil. Sadəcə, indi
insanların içində yaşadığımız üçün oxunuruq və bu da bizə yaxşı
təsir bağışlayır. Bu mənim içimdə olan düşüncə tərzi, vergimi-nədir
bilmirəm, bunun adını qoya bilmirəm. Keçmişdə elə insanlar olub ki,
təklikdə qayalıqlar üzərində fikirlərini əks etdiriblər. Bu,
insanların içində olan təlabatdır. Kitablarımı oxumasalar da, mən
yenə yazaram. Oxucu mənim ilham mənbəyim deyil. Oxucu sayının mənim
yaradıcılığıma heç bir təsiri, əhəmiyyəti yoxdur.
Yazmadan da yaşamaq olar
Cəlil
Cavanşir "yazmayanda və ya yaza bilməyəndə özümü çox pis
hiss edirəm" dedi. Daha sonra yazar bildirdi ki, yazmayanda onda
ruh düşkünlüyü yaranır:
- Gərginləşirəm, hətta depressiyaya düşürəm. Belə anlarda çoxlu
içmək və tək qalmaq istəyirəm. Amma yəqin ki, bu yazıya olan
alışqanlıqdır. Özümü başqa formada ifadə edə bilmirəm. Dostlarla
dərdləşmək, söhbətləşmək belə anlarda kömək etmir. Amma böyük
ehtimalla bu vəziyyətdən xilas olmaq mümkündür. Özümü ifadə etmək
üçün başqa vasitələr tapsam, yazmadan da yaşamaq olar. Yazıçılıq
yaradıcı insanın özünüifadə vasitəsidir. Əgər yaradıcı insan özünü
ifadə etmək üçün başqa vasitə tapa bilsə, yazmadan da məhv olmaz.
Şəxsən mən özünüifadə forması kimi başqa bir vasitə tapsam,
yazmadan yaşaya bilərəm. Tənhalığı, təkliyi sevən adamam. Bəzən
yaxınlarım, doğmalarım da mənim üçün olduqca darıxdırıcı olur.
Tənha bir adada, bütün texnologiyalardan uzaqda və ya uzaq bir dağ
kəndində kitablarımla və yazdıqlarımla baş-başa qalmaq istərdim.
Amma istənilən əsəri nə vaxtsa heç olmasa bir nəfər oxuyur. O bir
oxucunun nə vaxtsa məni oxuyacağı ümidi ilə yazardım.
Yazmayan yazarın ürəyi dayanıb
Fikrət
Qocaya görə yazar artıq yazmırsa, demək ki, artıq onun
ürəyi dayanıb:
- Yazar necə yazmaya bilər? Yazar yazmırsa, demək ki, o, yoxdur
artıq... Kimsəsiz adaya düşən yazar yazmırsa, demək ki, onun
yazıçılıq ruhu yoxdur. Əlbəttə, müəyyən kədər hissi keçirə bilərsən
ki, yazılarını heç kim oxumayacaq, amma bu sənə heç vaxt yazmamaq
üçün bəhanə ola bilməz.
Mən də sözün xəstəsiyəm
Kənan
Hacıya görə yazarın yazmaqdan başqa çıxış yolu yoxdur:
- Orxan Pamuk esselərindən birində yazır ki, şəkər xəstəsi daim
dərmanla yaşadığı kimi, mən də sözün xəstəsiyəm və mənim dərmanım
gündə bir neçə saat yazmaqdır. Bu mənada yazmayan yazıçı artıq
istedadından könüllü imtina etmiş bir adamdır.
Əgər adaya düşsəydim, əlbəttə, yenə yazardım. Yazmaq dəli bir
ümidin ətəyindən tutub getməkdi. Mən kimsənin olmadığı səhrada
belə, yenə də yazardım.
Məhv olan onlarla yazıçı var
Sevinc
Elsevərsə bildirdi ki, yaza bilmədiyinə görə, məhv olan
onlarla yazıçı var. Onlardan ən məşhuru Mehdi Bəyaziddi. Əslində,
hər şey iradədən asılıdır. Yazmaq da sevmək kimi bir şeydi, birini
sevirsən, gözün ondan başqa heç kimi görmür. Elə bilirsən o olmasa,
ölərsən. Sonra görürsən yox, başqasını da sevə bilirmirsən. Yazanda
rahat olur insan… Adam var, yazıçılığa başlayır, sonra yazmağın
daşını atır, bənnalıq etməyə başlayır. O, bənnalıqda rahatlıq tapdı
demək ki… Bu, işin bir tərəfidi. Bir də var, sən yaza bilirsən,
amma səni yazmağa qoymayan səbəblər olsun. Bu daha çox məhv edir
adamı… İçkiyə qurşanırlar, intihar edir... Ədəbiyyat sevdası da
hardasa narkotik, içki aludəçiliyi kimi bir şeydi. Nə isə, bu çox
çətin sualdı, inanın, mən cavab verə bilmədim. Amma bir şeyi
bilirəm ki, ədəbiyyatın məhv elədiyi həqiqi ədəbiyyat sevdalıları
çox olub...
Adaya düşsəydim, mütləq yazardım.Təklikdən-tənhalıqdan bəhs
edərdi bütün yazılar… Həbsxanadan şeir yazıb göndərənlərinkinə
oxşayardı. Rəqabət hissi də mənə əziyyət verməzdi. Ədəbi
iddialar-filan olmazdı. Qələmim olmasaydı, qumlara nəsə cızardım,
dalğalar gəlib yuyardı. Bu çox romantik sualdı… Yadıma bir kədərli
əhvalatı saldı. Deməli, birinci dünya müharibəsi vaxtı necəsə bir
adaya düşən kişi oğluna məktub yazıb butulkanın içinə salır və
dənizə atır. Bir əsrdən sonra həmin butulka tapılıb keçmiş əsgərin
nəvəsinə çatdırılıb. Yüz ildən sonra kişi dünya ilə, insanlarla,
doğmalarıyla əlaqəyə girə bilib. Bundan gözəl, bundan işıqlı nə ola
bilər?!