"Kitabın tanrısı onun müəllifidir, taleyinin
tanrısı isə cəmiyyət".
(Viktor Hüqo)
Kitab yandırmağın tarixi 2200 il əvvələ gedib çıxır.
Bunu edən hər hakimiyyətin, qurumun və cəmiyyətin özünəməxsus
bəhanəsi olub: din, əxlaq, irqçilik, ideologiya və
sairə…
Tarixə nəzər yetirəndə bu hadisənin müxtəlif məqsədlər
ucbatından dəfələrlə təkrarlandığını müşahidə etmək olar: Çin
imperatoru Qin Şi Huanq eramızdan əvvəl 212-ci ildə bir çox fəlsəfə
və tarix kitabını imperiya üçün bir neçə nüsxə çıxartdıqdan sonra
yandırmaq əmri verir, xristianlığın meydana çıxdığı ilk illərdə
Efesdə bir çox kitab "qəribə və əcaib" olduğu üçün yandırılır,
nasistlər hakimiyyətə gəldikdə ideologiyalarına zidd olan
milyonlarla kitabı tonqala atır...
Ən məşhur kitab yanğınlarından biri İsgəndəriyyə kitabxanasında
baş vermişdi.
Kitabyandırma mərasimi ən çox orta əsrlərdə həyata keçirilib. O
dövrlərdə kitab yanğınlarından yüksələn tüstü göy üzünü bürüyüb.
Kilsələr gücləndikcə dinə xidmət edən ideologiya daha çox kitab
məhv etməyə başlayıb.
1233-cü ildə Maymonidin "Təəccübləndirmə rəhbəri" adlı kitabı
Cənubi Fransada yandırıldı. 1480-ci ildə Tomas Torvuemada katolik
dininə xidmət etməyən kitabları, xüsusilə də, yəhudilərin
Talmudunun yandırılacağını elan etdi.
Kilsənin yandırdığı incillər…
1497-ci ildə Girolamo Savonarolanın "Falò delle vanità" ("Qəflət
tonqalı") adlı kitabı "açıq-aşkar şəhvət oyandırdığı üçün" Covanni
Bokkaççonun "Dekameron"u kimi tonqalda yandırıldı.
Həmin illərdə İspaniyada bir çox ərəb əlifbası ilə yazılan
kitablar tonqallarda məhv edildi. Kilsə bəzən İncilin tərcümələrinə
də dözə bilmir və müqəddəs kitabın tərcümələrini belə yandırmaqdan
çəkinmirdi.
Kitablarla məhv edilən mayya tarixi
Mayyalıların böyük tarixi bütün dünyaya məlumdur. Onlar
eramızdan əvvəl hələ 100-cü ildə artıq yazı mədəniyyətini
mənimsəmiş və 1400 il boyunca tarixlərini, astroloji biliklərini,
təqvimlərini arxivləşdirmişdilər.
1562-ci ildə ispanlar gəldikləri ərazidə mayyalıları
sıxışdırmağa və onları işgəncə ilə xristianlaşdırmağa çalışıblar.
Bunun işə yaramadığını görəndə qarşılarına çıxan hər yazılı mənbəni
məhv ediblər.
Keşiş De Landa sözügedən hadisə ilə bağlı yazırdı: "Burada xeyli
kitab tapdıq. İçlərində şeytanın əməllərindən başqa bir şey
olmadığı üçün hamısını yandırdıq. Mayyalılar buna görə çox məyus
oldu…"
Qeyd edək ki, mayya yazılarından günümüzə yalnız 3 kitab
qalıb.
Ağ Evlə birgə yandırılan kitablar
1800-cü ildə ABŞ prezidenti Con Adams Konqresin işinə yarayan
kitabları qorumaq məqsədilə bir kitabxana yaratdı. 14 il sonra isə
ingilis işğalları ərəfəsində Ağ Evlə birlikdə yandırıldı. İçindəki
3 min kitabla yandırılan kitabxana elə də böyük faciə kimi
görünməyə bilər, amma bu hadisə gələcəkdə daha böyük faciəyə zəmin
yaratdı. Tomas Cefferson bu itkini aradan qaldırmaq məqsədilə öz
şəxsi kolleksiyasından 6500 kitabı hökumətə bağışladı. 1851-ci ildə
qəza nəticəsində yanğında kitabların üçdə ikisi yanıb külə döndü.
İngiltərə işğalı zamanı o kitabxana yandırılmasaydı, müasir dövrdə
daha çox ədəbi nümunələr mövcud olacaqdı.
Nasistlərin "Yandırma komandası"
Avropada kitab tonqalları nasional sosialistlərin Almaniyada
hakimiyyətə gəldiyi 30-cu illərdə tüğyan etdi. Onlar bir çox yəhudi
yazıçının kitablarını təntənəli mərasimlə yandırdılar.
Nasistlərin 1933-cü il mayın 10-da Berlindəki Opera Meydanında
kitablardan qaladığı böyük tonqal hələ uzun müddət tarixdə qalacaq.
Toman Menn, Erix Mariya Remark, Karl Marks və bu kimi digər
müəlliflərin 20 minə yaxın kitabı yandırıldı. Sözügedən hadisə
böyük bir kampaniyaya çevrildi və tezliklə Almaniyanın müxtəlif
ərazilərində təkrarlanmağa başladı.
Dünya müharibəsi ərəfəsində Varşavada 14 kitabxana yox
edilmişdi. Faşistlər kitab yandırmaqda olduqca mahir idilər, çünki
onların bu prosesi daha operativ aparan "Verbrennung Kommandos"
("Yandırma komandası") adlı xüsusi bir orqanı var idi.
Müasir kitabyandırma təbliğatları
1948-ci ildə Nyu Yorkda rahiblər, müəllimlər və uşaqlar 2 mindən
çox cizgi romanını dini səbəblərdən dolayı ocağa atıb yandırdılar.
90-cı illərin ortalarında Salman Rüşdinin islam dünyasında
birmənalı qarşılanmayan "Şeytan ayələri" adlı kitabı İngiltərədə
təntənə ilə yandırıldı.
2001-ci ildə Misir Mədəniyyət Nazirliyi Abu Nuvasın "erotik
şeirləri"ndən ibarət kitabının 6 min nüsxəsini radikal dindarların
müşayiəti ilə kül etdi.
Qərb dünyasında son zamanlar yandırılan kitablar arasında
bestseller siyahılarına rəhbərlik edən "Harri Poter" romanı da
olub. ABŞ-dakı müxtəlif kilsələr bu əsəri "şeytani" adlandırıb və
kitabın yandırılmasını tələb edib. Beləcə, "Harri Poter" romanı
təntənəli şəkildə minlərlə insanın müşayiəti ilə ocağa atılıb.