Yuxarı

İlk dəfə: Prezident Şuşanı Ona əmanət etdi!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşa ilə bağlı paylaşımlarını sosial şəbəkələrdə görəndə ilk ağlıma gələn bu oldu: Şuşadan sevgi mesajı alacağıq...

Şuşa bütün ürfani, ruhani aləmlərin, dərin hikmətlərin paytaxtıdır, başdan ayağa mistikadır, göründüyü qədər də görünməyəndir. Göstərmədiyi pünhan mizanları, sirləri, gözəllikləri, özəllikləri var. Mənəviyyat və Mədəniyyət emalatxanasıdır.

Və... Bu aləmləri birləşdirən məhz sevgidir.

Şuşa Sevgi şəhəridir. Sözün bütün anlamlarında...

O baxımdan İlham Əliyevin və Mehriban xanımın Şuşaya səfər etməsinin bir səbəbi də, zənnimcə, bu idi: Azərbaycan İnsanına – xalqımıza sevgi mesajları göndərmək. Buna əşhədü-ehtiyacımızın olduğu onlara bəlliydi...

44 günlük müharibənin Qələbəsi nə qədər miqyasagəlməz və möcüzəvidirsə, ağrılarımız da bir o qədər dərindir. Nur üzlü cəngavərlərimiz şəhid oldu Vətən savaşında. Şəhidlərimizin, yaralı qazilərimizin hər biri canımızdan bir parçadır. Onların fotoşəkilləri böyük bir travmadır hər birimizə. Bu zədələri, bu ağrıları yalnız Sevgiylə sağaltmaq mümkündür. Müzəffər Ali Baş Komandan da, gözəl qəlbli Birinci Xanım da Şuşanın Dirçəlişinin insanlarımızın dirçəlişindən keçdiyini bildiklərini müqəddəs şəhərimizə səfərləriylə göstərmiş oldular. Azadlıq ən yaxşı məlhəm, ən əvəzsiz dərmandır, ruhun qidasıdır. Onlar bizə Azad Şuşanı – ruhumuzun paytaxtını göstərdilər.

Onlar Şuşanı həm də Qələbəmizin Dəyəri kimi göstərdilər...

Anlatdılar və anladıq ki, bu Gözəllik uğrunda savaşmağa da, ölməyə də dəyərmiş...

Hamı kimi diqqətlə izlədim bu səfərdən lentə alınanları. Gözümə, könlümə ərməğan kimi izlədim. Dəfən-dəfən Allaha şükr elədim. “Şuşaya görə çox sağ olun, Cənab Ali Baş Komandanım” dedim dəfələrlə.

Dünyanın bir ucunda bir kəpənək qanadlarını tərpədəndə başqa bir ucunda meh əsər, ağacların yarpaqları yellənər, təsəvvür edirsənmi? Kainat bu qədər incəliklə, dəqiqliklə hesablanmış, nizamlanmış, bir-birinin daxilinə nüfuz etmiş, bu qədər ehtişamlı yaradılışı düşünə bilirsənsə, Şuşanı da hiss edə bilirsən, demək...

Bu nəhəng planet bapbalaca bir ovucun içərisinə sığışdırlıb sanki...

İnsan təfəkkürünün, bəsirətinin, sevgisinin qarşısında nə dağ, nə qalın divarlar dayana bilər. Şuşanın mənəvi sərhədləri əsrarəngizdir.

Həm də heyrətamizdir, əlbəttə... Həddən ziyadə heyrətamiz...

Bu dünyaya gəlmək, işığı, günəşi görmək, arzulamaq, xəyallar qurmaq, iddialar, sevmək, aşiq olmaq, elə vurulmaq ki, ölümdən belə qorxmamaq...

Bunların hamısı bir lütfdür.

Amma məncə, ən böyük lütfü bizə Şuşanın azad olunmasıyla, Qarabağın işğalçılardan təmizlənməsiylə müzəffər Ali Baş Komandan və onun Ordusu yaşatdı.

Yaza-yaza fikirləşirəm: insan daha nə istər ki?! Başqa nə istər ki?! Xoşbəxtlik – çoxumuzun xəyalını qurduğumuz, portretini cızdığımız xoşbəxtlik elə budur. Məsələn, mənimçün budur. Biz Şuşanın Azadlığını gördük. Prezident Şuşanı Mədəniyyət Paytaxtımız elan etdi. Prezident Şuşaya işıq və həyat apardı. Şuşanın gözəl perspektivinin anonslarını verdi. Böyük mütəfəkkirlərimizin, Azərbaycan mədəniyyətinin əvəzolunmazlarının – Üzeyir bəyin, Xurşudbanu Natəvanın, Bülbülün güllələnmiş heykəllərini doğma torpaqlara qaytardı. Rekonstruksiya etdirərək... Mədəniyyətimizin ən parlaq simalarının simvolları ən gözəl, ən sağlam şəkildə Şuşaya qovuşdular.

Ermənilərin 1-ci Qarabağ müharibəsi zamanı vandal kimi, barbar kimi yağmalayaraq apardıqları bu heykəllər məhz mərhum prezident Heydər Əliyevin müdaxiləsi ilə onlardan alınıb. Satın alınıb. İlham Əliyev atasının daha bir vəsiyyətini də bu səfər zamanı belə yerinə yetirmiş oldu...

Diqqət etdinizsə, hətta Şuşa səfərinin vaxtı da xüsusi seçilib. Düz 39 il öncə - 1982-ci ildə 21 yaşlı gənc İlham Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi olan atası Heydər Əliyevlə soyuq və qarlı bir gündə - yanvarın 14-də ilk dəfə Şuşaya gəlib. Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirak edib.

Sovet dönəmində Qarabağ xanının vəzirinə - Molla Pənah Vaqifə məqbərə ucaltmaq yetərincə ciddi hadisəydi. Heydər Əliyev buna necə nail olmuşdu? Əminəm ki, asan olmamışdı. Amma bu məqbərəni inşa etdirməklə böyük Heydər Əliyev həm də tarixi həqiqəti simvollaşdırmışdı. Qarabağ xanlığının paytaxtında Qarabağ xanının vəzirinə - görkəmli Azərbaycan şairinə və siyasi xadiminə abidə ucaltmaqla...

Bu gün biz ona görə rahatlıqla deyə bilirik ki, - necə ki, Prezident İlham Əliyev dedi - Pənahəli xanın saldırdığı şəhərə - Şuşaya necə iddia edə bilərsiniz? Şuşanın hər qarışı Azərbaycanındı.

***

Bu dünyada nələr olur, nələr! Cəmi bir neçə ay öncəyədək kimin ağlına gələrdi Azərbaycan Prezidentinin Şuşadan – Cıdır düzündən belə bəyanatlar verəcəyini?! Kim düşünə bilərdi ki, sıldırım qayaları yara-yara Şuşaya yol çəkəcəyik? Qısa müddətdə həyatımızda nələr oldu, nələr dəyişdi, normal ağlın və təfəkkürün gücü çatmazdı bu sürətə. Amma biz necə möcüzəvi dəyişikliklərin şahidi olduq. Əlçatmaz Şuşa əlçatan oldu. Mümkünsüz görünən hər şey mümkün oldu, təsəvvür edə bilirsənmi?..

Ətrafımızda, gözümüzün önündə baş verənlərə ad qoya, izah verə bilirsənmi, əlaqələri, çarpaz xətləri, birləşən yolları, qovuşduran körpüləri görürsənmi?

Yox! Biz görmürdük, görmürük. Dəmir Yumruq görüb. O körpüləri də, o yolları da yalnız O görüb. Ona görə əsgərlərinə Şuşanı almaq əmrini verib!

Bizə sıldırım qayalar şəklində görünən o keçilməzlər əslində Yol idi, Körpü idi, ona görə Azərbaycan Ordusunun cəngavərləri o sıldırımları aşa bildilər. Kürəklərindəki ağır yüklə... Çiyinlərində yaralı və şəhid yoldaşlarını daşıyaraq... Yaralanıb yerə yıxılanda heç nə olmamış kimi ayağa qalxıb yoluna davam edərək... Pəhləvan kimi... Robot kimi... Ağrı hiss eləmədən... Acı hiss eləmədən...

Şuşanın mistikasıdır bu...

Bu mistikanın bir fərqli tərəfini də bu gün Prezident özü açdı bizə.

Bir günlük səfər etmişdi Şuşaya! Gecə qayıtmalıydı. Ancaq Şuşa möcüzəsindən, Şuşa mistikasından, Şuşa ecazkarlığından ayrıla bilmədi və bir gün Şuşada qaldı.

Heyrətamiz idi: Prezident Şuşada keçirdiyi günü “həyəcanlı gün” adlandırdı, bir daha Cıdır düzünə qayıtdı, bir daha Cıdır düzündən xalqa sevgi mesajı göndərdi, “xoşbəxt xalqıq” sözlərini məhz Cıdır düzündə dilə gətirdi.

İlham Əliyev əslində Şuşa ilə danışırdı – necə ki, 8 noyabrda “Şuşa, sən azadsan” demişdi!

İlham Əliyev Şuşadan qayıtmaq istəmirdi və bunu açıq şəkildə dedi də: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Şuşaya gəlib, Şuşada qalıb və sözün düzü, Şuşadan getmək istəmir”...

Amma məhz Şuşa üçün, Qarabağ üçün, Azərbaycan üçün Bakıya dönməlidir: Prezident bunu Şuşaya sanki izah edirdi, könlünü alırdı, “gələcəm” deyirdi və...

Həm də vəd verdi, tapşırıq verdi, göstəriş verdi və bu vəd, tapşırıq, göstəriş Tarixi idi, bir az da Şuşaya 1992-ci ildə edilən xəyanəti bildiyinin izharı idi. Ali Baş Komandan Şuşanı əmin etdi ki, bir daha bu xalq səni yadlara verməyəcək, kimsə buna cəsarət etməyəcək!

Atatürk Türkiyəni xilas etdi, qurdu, qorudu və onu Orduya əmanət etdi!

İlham Əliyev Qarabağı və Şuşanı aldı və... İlk dəfə idi ki, Prezidentimiz, Ali Baş Komandan Orduya nəyisə Əmanət etdi. Bu Əmanət Şuşadır!

Bunu Şuşadan bütün Azərbaycana, Silahlı Qüvvələrə elan etdi.

Eşidirsənmi Ordumuz, Silahlı Qüvvələrimiz, canımız, ciyərimiz: Şuşanı geri alan Ali Baş Komandan Şuşanı əbədi qorumağı Sənə tapşırdı – bunu heç zaman unutma!

Tarix
2021.01.18 / 09:28
Müəllif
Aynur Camalqızı
Oxunub
45 255
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla