Yuxarı

Bayram günü bünövrəsi qoyulan Ağdam...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin payızında dövlət müstəqilliyimizin bərpasının 30-cu ildönümünü qeyd edəcəyik. Cümhuriyyətimizinsə 103 yaşı bu ay tamam oldu. Bəs 28 May bayram günü Ağdam şəhərində neçə il keçirilib?

Dövlət səviyyəsində: 1919, 1992, 1993; xəlqi səviyyədə: 1920, 1991 və bəlkə orta sovet illərində gizli şəkildə, kiçik qruplarla... Üst-üstə üç il-beş il...

Və budur, Ağdam azad olunub, müharibə sonrası ilk 28 May bayramında dövlət başçımız Ağdamda idi, şəhərin bərpasının təməl daşını qoyurdu! Bax, elə yalnız bu faktın özü bir hadisədir, bayrama bayram qatmaqdır!

Ağdam 6 ay öncə azad olunub. Onillər ərzində qurulmuş və erməni işğalı dönəmində vandalca dağıdılmış bir şəhərin xarabalıqları üzərində yeni bir şəhər inşa etmək yetərincə çətin işdir. Özü də ağıllı şəhər, abad şəhər, yaşıl şəhər və planlı şəhər! Şəhərin Baş Planının qısa müddət içində hazırlanması da hadisə kimi hadisədir. Bu hadisə özündə siyasi iradə, mədəni səviyyə, iqtisadi güc və gələcəyə böyük baxış kimi amilləri barındırır. Bu amillərin hər hansı biri olmazdısa, 28 may günü Ağdamda təməlqoyma mərasimi də olmazdı. Müzəffər Ali Baş Komandanın növbəti uğurudur bu!

Bəli, azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir. İşlər başlayıb, işğaldan azad olunmuş bütün ərazilər uyğun baş planlar əsasında bərpa olunacaq, yenidən qurulacaq.

Bilirsiz, dövlətlər var ki, bir çoxkeçidli körpünü, bir şəhərciyi vaxtlı-vaxtında tikib-qurtara bilmir; hələ-hələ müharibədən çıxmış ölkə üçün bu, o qədər də asan məsələ deyil. Nəzərə alaq ki, biz, necə deyərlər, adi müharibə etməmişik, ağır işğala son vermişik. Müharibə bizim ərazilərdə, ərazilərimizin dərinliklərində gedib. Özü də düşmən yalnız cəbhədə deyil, hər yerdə dağıntıya, ölümə çalışır, şəhərlərimizi, müxtəlif infrastukturları raket atəşinə tuturdu. Gəncə, Tərtər, Bərdə, Naxçıvan, Goranboy, Naftalan, Yevlax, Mingəçevir, Qəbələ, Xızı – hər tərəfə raket atırdı düşmən... Qadağan edilmiş, istifadəsi yasaq raketlər ölüm saçırdı. Beynəlxalq informasiya aləmində də hücum hücum ardınca davam edirdi və bütün basqılara, təhdidlərə baxmayaraq, yenə Azərbaycanın dövlət-xalq birliyi qalib gəldi.

O yüksək zəfərin ardınca, azad olunmuş torpaqlarımız minalarla dolu, xarabazarlıq olaraq çıxdı qarşımıza. Düşmən düşmənçiliyi də ləyaqətlə apara bilməmişdi. İndi təsəvvür edin: ərazində müharibə gedə, şəhərlərin dağıla, torpağın minalana... bunun üzərindən 6 ay kimi qısa bir zaman keçə və quruculuğa başlayasan. Bu unikal işdir! Qürur duyuruq!

Qarabağda infrastruktur quruculuğu işğalın həmən ardınca başlasa da, məhz Ağdamda şəhərin təməlinin atılması bir başqa hadisədir. Ağdam Ağdam olduğu gün separatizm və işğalçı tör-töküntülərin tabutuna son mismar vurulmuş olacaq. Onsuz da işğalçının beli qırılıb, status gorbagor olub, lakin Ağdam Ağdam olunca, 2020-ci ildəki tarixi zəfərimiz daha böyük gələcək adına biləvasitə taclandırılmış olacaq.

Prezident nəyi, nə zaman, harda və necə etmək lazım olduğunu Ağdamın bərpasına münasibətlə bir daha sübut etdi: Ağdam şəhəri məhz Baş Plan əsasında yenidən qurulacaq. Ağdamın tanınmış şəxsləri Baş Planla tanış olacaq, onların təklifləri də nəzərə alınacaq – bunun duyurulması çox önəmli məqamdır.

Ağdam şəhərinin yenidən quruluşuna 140 illik tarixə malik 1 saylı məktəbdən başlanması rəmzi məna daşıyır. Bu, gələcək nəsillərə ismarışdır. Bu, tarixə, irsə xüsusi qayğının ifadəsidir. Bu, gələcəyi necə şəkilləndirmək istəyimizin təcallasıdır: biz Ağdamın, Qarabağın gələcəyini təhsil, təlim-tərbiyə və elmlə sıx bağlılıqda görürük. Biz Ağdamın, Qarabağın, ümumən ölkəmizin gələcəyini savadlı gənc nəsillərin etibarlı əllərinə təslim edirik. Gələcək gənclərindir. O böyük, xoşbəxt gələcəyin quruculuğunda mədəniyyətə, tarixə, Azərbaycan həqiqətlərinə xüsusi önəm verilməsi – iğşalın izlərini və zəfərimizi dərindən ehtiva edən muzeyin yaradılması dediklərimizə sübutdur. Nadir Çörək Muzeyi öz qapılarını yenidən işçilərin, heyranların, mütəxəssislər və turistlərin üzünə açacaq. Qapı o qapı, muzey o muzey olmayacaq, amma ruh eyni olacaq, qonaqpərvərlik, sənətpərvərlik, çörəyə, çörəkçiyə, alın tərinə sayğı, qayğı həminki olacaq...

Şəhər yaşıl şəhər olacaq, ağıllı şəhər olacaq. Kənd təsərrüfatına əlçatan, Sənaye Parkından uzaq olmayan şəhər olacaq Ağdam şəhəri. Şəhər kimi şəhər, Ağdam kimi Ağdam yəni! Ağdamda yaşamaq bir qürur ünvanı olacaq. Ağdama dönüş şahanə olacaq. Ağdama şahanə dönüş, bütün məkrli plan “usta”larının, qaramat ustalıqlarının da çöküşü olacaq!

Dövlətimizin Qarabağa baxışının, quruculuq strategiyasının özünəməxsusluğu var. Hər şəhərin, kəndin öz yeri var bu strategiyada. Füzulidə beynəlxalq aeroport tikilir; Zəngilan mühüm beynəlxalq dəmiryol qovşağına sahib olacaq; Laçında da aeroport tikiləcək; Şuşa Mədəniyyət Paytaxtımızdır – şəhər haqqında ayrıca qanun qəbul olunacaq (artıq 2 oxunudan keçib); Kəlbəcər yəqin dörd mövsüm turizmin, o cümlədən müalicə turizminin döyünən qəlbinə çevriləcək və s. Hər bir kənd, hər rayon, şəhər öz tarixinə, tarixcəsinə, sərvətlərinə, coğrafi konumuna və günümüzün çağırışlarına, çağdaş həyatın (rifahın) tələblərinə uyğun yenidən şəkilləndiriləcək. 28 mayda dövlət başçısının yeni təməllərini atdığı Ağdam şəhəri də öz şanlı qədim tarixi və ağıllı şəhər bugünü ilə Qarabağın abadlığında özünəxas yerə, mövqe və rola sahib olacaq. Ağdam ruhlar şəhəri deyil artıq, ruhdirçəldən şəhər olacaq və sözün həm fiziki, həm mənəvi planında enerji qaynağına dönüşəcək – necə deyərlər, xəlqi energetikamızı təmin edəcək.

Ümumən Qarabağ bir başqa Qarabağ olacaq. Qarabağımz “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq.

Bayaq çörək, işğlal və zəfər muzeylərindən, tarixi-mədəni irsdən danışdıq. Qarabağ başdan-başa erməni vandalizminin izlərini daşıyır. Özümüzün də, başqalarının da bizi unutqan kimi xarakterizə etdiyini çox eşitmişik. Unutqanlıq da bir yerə qədər! Unutmağa haqqımız yoxdur. Kinli deyil, amma unutqan da olmayacağıq. Bu, bir daha soyqırımlar, fəlakətlər yaşanmaması üçündür. Ermənilərin törətdiyi insanlıq suçlarını gələcək nəsillər də görməli, duymalı, bilməlidir. Yeni Ağdam şəhər muzeyində Xocalı soyqırımı, dinc sakinlərin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması – bizim suyumuzu içib, çörəyimizi yeyənlərin içüzü sərgilənməli, dünya tərəfindən görülməlidir. Bizim qonaqpərvərliyimizdən quduranlar, tam əsassız yerə bizə nifrətlə böyüdülmüş ermənilər həqiqətlə üzləşməlidir. Çağdaş dünya insanı, mədəni millət, qədim xalq Ağdamda, müharibədə atəşkəs əldə edildikdən sonra yeni Xirosima, Naqasaki timsalı yaratmalıydımı? Belə qonşu, belə müharibə, belə vandallıqmı olar? Çağdaş dünyada heç kəs belə alçaqlıq etməyib. Ermənistan həm indiki, həm gələcək nəsillər qarşısında cavab verməlidir.

Ağdam cavab meydanıdır, tarixi imtahan meydanıdır. Ağdam ağ günlərinə qayıtdıqca daha gur səslə soruşacaq, tələb edəcək. Ağdam Azərbaycanın, ağdamlılar azərbaycanlıların ümumi fikrini ifadə edəcək. Ermənistanın, ermənilərin cavabı ya üzr istəmək, təzminat ödəmək olmalıdır, ya da tarix səhnəsindən cəhənəm olub getməldirlər. Ən adil seçənək budur. Mehriban qonşuluğu, birgəyaşayışı qəbul etməyənlərin əli ilə bölgəmizin daha bir faşizm görməsi, yaşaması ümumdünya fəlakəti olar.

Ağdamın bugünü kimi gələcəyi də bir daha göstərəcək ki, Azərbaycan necə bir şanlı qələbə qazanıb.

Bizim qələbə ümumbəşəri mahiyyət daşıyır. Faşizm yalnız bir xalqa qarşı yönəlmir – zor gücünə yayılma, talan, vandallıq, başqalarına xas və aid olanların sıradan çıxarılması, özünü ari xalq hesab etmək, başqalarına haqq-hüquq tanımamaq – bu, faşizmin üzü, üzsüzlüyüdür və Ermənistanın timsalında onun başını biz əzmişik! Bəli, Böyük Qələbə sayəsində bütün dünya ölkəmizin gücünə şahidlik etdi! – “Uğurlarımızın əsasında güclü dövlət və müstəqil siyasət dayanır. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü və müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi”. Və “Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək”!

Açığı, bu mükəmməl sözlərə nə isə əlavə etməyi doğru saymıram və məhz bu cümləni bu yazı üçün də ən yaxşı ümumiləşdirmə hesab edirəm.

Dövlətimiz var olsun!

Tarix
2021.05.30 / 16:54
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla