İlqar Musayevi
çoxları tanıyır. Müasir dövrümüzü əhatə edən
bir sıra filmlərdə baş qəhrəman obrazını canlandıran aktyorumuz bu
dəfə Axar.az-ın qonağı oldu. Suallarımdan qismən də olsa, yayınmağa
cəhd edən istedadlı aktyorumuz özünü tam fərqli ampluada təqdim
etdi.
İlqar Musayevlə müsahibəni təqdim edirik:
Bu, sənətə vurula biləcək ən böyük zərbədir
- Uzun illərdir aktyorluq fəaliyyəti ilə məşğulsunuz.
Peşənizdə nəyi sevir, nəyi qəbul etmirsiniz?
- Aktyor olmaq və aktyor kimi çalışmaq – bunlar
fərqli anlamlar daşıyır. Peşəkar aktyor olmaq üçün illərin
təcrübəsi azdır. Bunun üçün gərək həyat təcrübən də olsun.
Məşhurluğumla fəxr etmirəm, sadəcə, sevinirəm ki, tanıyırlar və
hörmətlə yanaşırlar. Amma məni üzən bir faktı açıqlamaq istərdim:
get-gedə bayağılaşırıq. Bu, bizim sənətə vurula biləcək ən böyük
zərbədir.
- Həyat təcrübəsindən danışdınız. Təcrübəniz
yetərincədirmi?
- Deyərdim ki, əlli-əlliyə. Hər halda uzun müddət ailəli və üç
uşaq atası olmağım rollarıma daha həssas yanaşmağıma imkan yaradır.
Olduqca çətin obrazlarım olub. Onların əksəriyyəti vətənpərvərlik
mövzusunda çəkilib.
- Elə isə vətən mövzusunda çəkildiyiniz filmlərin
içərisində ən çox sevdiyiniz film hansıdır?
- Filmlər sanki övladlarımdır. Ayırmaq olmur. Vətənpərvərlikdən
bəhs edən filmlər silsiləsində Vahid Mustafayevin "Yaddaş" filmində
Əli rolunu canlandırmışam. "Xoca" filmində baş rolda yer alan
qəhrəman Ələkbərin obrazını yaratmağa çalışmışam. Eləcə də,
Qarabağla bağlı "Bulağıstan" filmində yer almışam. Hər biri mənim
üçün əzizdir. Çəkiliş meydançasında yer alanda insan sanki əsl
döyüş meydanına atılır. Həmin an mən şəxsən döyüş bölgəsində yaşaya
biləcəyim həyəcan hissinə bürünürəm.
- Bildiyimiz kimi, tək kinoda deyil, həm də teatrda bir
sıra yaddaqalan obrazların yaradıcısı kimi
tanınırsınız.
- Bəli, uzun illərdir ki, Amaliya xanım Pənahovanın rəhbərlik
etdiyi Bələdiyyə Teatrının aparıcı aktyor heyətində çıxış
edirəm.
"Bələdiyyə"nin binası yoxdur...
- Təəssüf ki, Bələdiyyə Teatrı haqqında məlumatım azdır.
Bizimlə teatrınız haqda bilgilərlə bölüşərdiniz.
- Teatrımız haqqında ona görə az məlumatlısınız ki, Bələdiyyə
Teatrının binası belə yoxdur. Dəfələrlə Amaliya xanım müvafiq icra
orqanlarına müraciət etsə də, onun səsinə səs verən tapılmadı.
İnanın ki, biz aktyorlar o dərəcədə acınacaqlı və ağır şəraitdə
məşq edirik ki, çox vaxt bu bizim sağlamlığımıza ziyan vurur.
- Lakin bütün sıxıntılara baxmayaraq, teatr premyeralar
təşkil edir?
- Bəli. İyul ayının 3-də "Cehizsiz qız" tamaşası oynanıldı və
mən orada Paradov obrazını canlandırdım. Məcburi olaraq qəza
şəraitində məşqlər keçirsək də, tamaşalarımız anşlaqla keçir. Biz
Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan, Polşa və İranda qastrol
səfərlərində oluruq. Bütün uğurlarımıza baxmayaraq, yetərincə
diqqət görmürük. Amma teatr rəhbərliyi və aktyor heyəti adından bir
daha lazımi icra orqanlarına müraciət edirəm: bizi yeni bina ilə
təmin etsinlər, hələ oynanılacaq o qədər tamaşalarımız var ki!
- İlqar bəy, teatr və kino - hansı daha çox məsuliyyət
tələb edir?
- Teatrda aktyor çalışa-çalışa teatr sahəsini mənimsəyir. Kinoda
isə bu tam fərqlidir. Teatr canlı kütlə ilə təması sevirsə, kino
daha çox nostalji və avanqard çalarlarla aktyor həyatına bəzək
verir. Konkret olaraq isə bunu deyə bilərəm: filmdə hər hansı bir
səhnəyə yenidən düzəliş verib oynaya biliriksə, teatrın məsuliyyəti
və həyəcanı daha böyükdür.
Çəkildiyim seriallara belə baxmıram...
- Müasir filmlərimiz bir aktyor kimi sizi qane
edirmi?
- İnanın ki, mən çəkildiyim seriallara belə baxmıram. Qorxuram
ki, o saat səhv detalları taparam. Təbii ki, tamaşaçı bunu bir o
qədər hiss etmir. Amma yaradıcı insan hər hansı bir çəkilişi
izləyərsə, o ilk olaraq təqdimata tənqidi mövqedən yanaşacaq. Mən
film izlədikdə, ya kölgəni hiss edirəm və ya bum nəzərimdən qaçmır.
Odur ki, çalışıram baxmayım və tam qəti olaraq söyləyirəm: daha
güclü işlər görə bilərik, amma nədənsə hələlik gözləmə
mövqeyindəyik.
- Tarixi filmlərin Azərbaycanda az çəkildiyi haqqında
kino tənqidçiləri dəfələrlə rəy söyləyiblər. Sizcə, müharibə yolu
ilə addımlayan ölkəmizdə tarixi və sənədli filmlər hansı səbəbdən
ikinci plana keçib?
- Sualınıza öz yaradıcılığımda qazandığım nəticələri sadalamaqla
cavab verirəm. İctimai Televiziyanın ərsəyə gətirdiyi 7 sənədli
filmdə çəkilmişəm, Mehriban Ələkbərzadənin "Qara bayram" tarixi
filmində Şaumyanı canlandırmışam. Heydər Əliyev haqqında "İnsanları
xilas etməyə gedirəm" filmində yer almışam. Aqil M. Quliyevin
çəkdiyi " Kubinka" filmində Stalin obrazını yaratmışam. Hazırda
Milli Televiziyanın təsis etdiyi Xəlil Rza haqqında 5 seriyadan
ibarət filmdə çəkilmişəm.
Ümumiyyətlə isə, müstəqilliyimizə qədəm qoyduğumuz gündən bu
yerə qədər sənədli və tarixi filmlər indiki qədər çəkilmirdi. Bu
işə münasibət olduqca ciddidir.
- Seriallarda çəkildiyiniz haqqında danışdınız. Necə
düşünürsünüz, Azərbaycan rejissoru nə zamansa dünya tamaşaçıları
qarşısına populyar biri kimi çıxa biləcəkmi?
- Serial çəkilişində tək rejissor işi ilə kifayətlənmək azdır.
Burada yaxşı ssenari və aktyor işi əsasdır. Lakin bir həqiqəti qeyd
edim ki, dünya izləyicisi Azərbaycan serialını izləyə bilməsə də,
azərbaycanlı aktyorların çıxışı ilə təqdim olunan filmləri izləyir
və izləyəcək.
Rusiya gömrük işçiləri mənə dedi ki...
- Xarici seriallarda yer aldığınıza işarə
edirsiniz?
- Tək özümdən bəhs etmək istəmirəm, çünki bizim istedadlı
aktyorlarımız yetərincədir. Lakin bir məlumatı nəzərinizə çatdırım
ki, mənim 2013-cü ildə Rusiya Televiziyası tərəfindən dəvət aldığım
və baş rolda çəkildiyim serial inanılmaz uğur qazandı. Hətta mən
Azərbaycana geri qayıdarkən, Rusiya gömrük işçiləri mənə "bizim
məşhur aktyorumuz" deyə fəxrlə müraciət edirdilər.
- Amma siz onların deyil, bizim
aktyorumuzsunuz!
- (Gülür) Hə, elədir. Amma, növbəti təkliflərdən də imtina
etməyəcəm. Üstəgəl, bir sirri də açıqlayım, onlar bizim 5
seriyamızı əvəz edə biləcək qonorarı yalnız bir seriyaya təklif
edirlər ki, bu da olduqca əlverişlidir. Mənim xarizmatik aktyor
olduğumu vurğulayan rus rejissorlar sonradan da işbirliyimizin
olacağını dəfələrlə qeyd ediblər.
- Bizə bu serial haqqında bəhs edərdiniz.
- "Jasmin" serialı gənc qızın həyatından bəhs edir. Ümumilikdə
isə sevgi macəraları ilə bol bir çəkilişdir. Bu serialın çəkilişi
2013-cü ildə başlayıb.
Rus aktrisası ilə intim səhnələr...
- Məndə olan məlumata görə, serial başdan-ayağa sizin
iştirakınızla "isti" səhnələrlə boldur.
- Bu, Rusiya tamaşaçısı üçün adi haldır. Təbii ki, əgər biz
sevgililər obrazını canlandırırıqsa, orada öpüşmə və qucaqlaşma
səhnələri də istisna deyil. Mən tanınmış gənc rusiyalı aktrisa
Natalya Dvoreskaya ilə yetərincə intim səhnələr canlandırmışam.
- İcazənizlə sizdə narahatlıq yarada biləcək bir sual
ilə müraciət edim. Mümkündürmü ki, insan ünsiyyətdə və təmasda
olduğu insana qarşı tamamilə laqeyd olsun?
- Əlbəttə, mümkün deyil. İstənilən aktyor bunu qeyd edə bilər
ki, öpüşmə və qucaqlaşma səhnələrində ani də olsa, qığılcım
yaranır. Bəzən bu qığılcım böyük alova da çevrilə bilər və
aktyorlar uzun müddətli eşq yaşaya bilərlər.
- Elə isə Axar.az oxucuları üçün olduqca maraqlı olar:
İlqar Musayevin səhnə həyatında çoxmu "alovlar"
yaranıb?
- (Gülür) Əvvəlcədən deyim ki, məni həyat yoldaşımla dalaşdıra
bilməyəcəksiniz! O ki qaldı sualınızın cavabına, bunu söyləyə
bilərəm - tam səmimi deyirəm, qığılcım olub, o da ki ani.
Aktyorluq əla peşədir, ancaq...
- İnanın ki, həyat yoldaşınızla münasibətlərinizi pozmaq
niyyətim qətiyyən yoxdur. Sadəcə olaraq, xanımınızın o ani
qığılcımlara reaksiyası olduqca maraqlıdır.
- O mənimlə ailə qurduqda bilirdi ki, aktyorla evlənir. Odur ki,
biz bir-birimizi anlayırıq. Və mən bir həqiqəti qeyd etmək
istəyirəm ki, ailəmi, həyat yoldaşımı heç kimə dəyişmərəm.
- Bəlkə də bu sualı sizə əvvəldə verməli idim, amma
nədənsə məhz sonda ünvanlayıram: seçdiyiniz peşədən
razısınızmı?
- Ailəmizdə bacım da yaradıcı insandır – rejissordur. Təsəvvür
edin ki, bacımla uşaqlıqda vikinqlərdən bəhs edən filmə baxardıq,
sonra isə özümüzə qoşun düzəldərək, bir-birimizlə mübarizə
aparardıq. Biz artıq o dövrdən bu sənətin sehrinə düşmüşdük və uşaq
beynimizin incəliyi ilə nəyin nə olduğunu və necə baş verdiyini,
təbii ki, dərk etmirdik. Daha sonralar tar sinfinə getməyim və
gitarada ifa etmək bacarığım mənə yaradıcılıq işimdə çox böyük
köməklik göstərdi. Təsəvvür edin ki, tanınmış insanlarla bir
səhnədə yer almaq və onlarla yanaşı sənət yolunu bölüşmək nə
deməkdir. Mən bunu "Qorxma, mən səninləyəm" filmində gözəl
şəxsiyyət və yaradıcı insan Polad Bülbüloğlu ilə çalışdıqda hiss
etdim. Ümumiyyətlə, aktyorluq əla peşədir, ancaq bir balaca maddi
məsələ baxımından irəliləyiş olsa, demək olar ki, hər iş
yolundadır...
- Müsahibəni bəyəndinizmi?
- Həyəcanlı idim. Amma sizinlə danışdıqda narahatlığım yoxa
çıxdı, suallar xoşuma gəldi, öz cavablarımı isə bəyənmədim.
Ümumiyyətlə, özümdən heç bir vaxt razı qalmıram. Şairin sözü yerinə
düşür: bircə ondan razıyam ki, özümdən narazıyam...