İllüziyaçı Elxan L Mefisto "Özünü tanıt" yarışmasındakı
çıxışı ilə sosial şəbəkədə və mətbuatda müzakirə mövzusuna
çevrilib.
Axar.az tez bir zamanda məşhurluq qazanan gənc sehrbaz Elxan L
Mefisto ilə müsahibəni təqdim edir:
İllüziya bir insan həyatıdır...
– Elxan, neçə yaşınız var? Neçə ildir bu işlə
məşğulsunuz?
– 23 yaşım var. Artıq 5 ildir ki, bu sənətlə professional olaraq
məşğul oluram. Hobbimdir, ancaq professional məşğul olduğum
hobbidir.
– Bu sənətdən gəlir götürə bilirsinizmi, yoxsa əlavə iş
yeriniz var?
– Bəli, əlavə iş yerim var və ixtisasım üzrə işləyirəm. Bu işdən
pul qazanmağın çox yolu var, ancaq Azərbaycanda hələ ki, bunun öz
yolları inkişaf etməyib.
Sehrbaz olmaq üçün...
– Sehrbazlıqda uğur qazanmaq üçün fitri istedad
lazımdır, yoxsa ağıl və cəldlik?
– İllüziya da bütün sahələrlə eynidir. Bütün sahələrdə uğur
qazanmaq üçün o işlə həmin iş üçün yaranmış insan məşğul olmalıdır.
İllüziya da belədir. Düzdür, başqası da məşğul ola bilər, ancaq
süni alınar. Fikrimi bir sitatla izah edim. Eynşteynin bir sözü
var: "Hər kəs dahidir, ancaq siz bir balığı uça bilmədiyi üçün
mühakimə etsəniz, bütün ömrünü axmaq olduğunu düşünərək
keçirəcək".
– Bu sahədə professional ola bilmək üçün hansı
bacarıqlar şərtdir?
– Çox şey saymaq olar. Anlayış – insanları anlamaq. Bu, ilk öncə
dostlar, ailə və yaxın ətrafa şamil olunur. Daha sonra hissiyyat.
Burada söhbət olacaqları hiss etməkdən getmir, normal insan
hissiyyatından gedir. Sehrbaz olmaq üçün ən hissiyyatlı və ən
hissiyyatsız insanın hissini yaşamağı bacarmaq lazımdır.
Yaradıcılıq – illüziya 2+2=4 deyil. Qanunauyğunluq yoxdur, daim
inkişaf edir və yenilənir. Mütləq yaradıcı insan olmalısan. Cəldlik
– illüziyanın bəzi qolları var ki, bu, çox əhəmiyyətli
keyfiyyətdir. Cəldlik olmasa, olmaz. Məntiq, uzaqgörənlik. Çox şey
qeyd etmək olar, ancaq mən daha çox bunları vacib bilirəm.
İllüziyanın sirlərini çözsəniz...
- İllüziya nədir? Burada həqiqətən fenomenal bacarığın
rolu varmı?
- İllüziyanın sirlərini çözməyə çalışmayın. Əgər çözsəniz,
reallığa çevriləcək. Siz sirləri bilsəniz belə, illüziya sehr
olaraq qalır. Yaxşı şeylər düşünün, kimin harada, hansı şəraitdə
düşüncələrinizi oxuyacağı bəlli olmaz. İllüziya, əslində, bir
incəsənətdir. İzləyicilər nə xoşbəxt olur, nə narahat. Onların
həzzi qeyri-adi hislərdən toplanır. Bütün hisslərin qarışığı ilə
birgə qeyri-adi ani bir hiss keçirirlər və bu hisslərin çoxluğunu
təəccüb hissi təşkil edir. İnsanlar əsasən sirləri axtarmırlar,
onlara təəccüblənmək maraqlıdır. "Mənə yaxşı foks göstər" demək elə
"məni yaxşı aldat" deməkdir. Əlbəttə ki, nəsə sirr ola bilər. Bunu
tapmaqla insan öz həzzlərini azaldır. İllüziyasevərlər bunu
etmirlər. Təəssüf ki, Azərbaycanda illüziya etikası kifayət qədər
inkişaf etməyib. İnsanlar illüziyaya təəccüblənir və daha sonra
aldandığını düşünüb narahat olurlar. Elə bilirlər ki, təhqir
olunublar. Bu, heç də elə deyil. İnsanlar bundan həzz almalıdırlar.
Təəccüblənən insan ağılsız, axmaq yerinə qoyulmuş insan deyil.
Əksinə, həyatın dadını çıxaran insandır. Əgər sirləri çözərlərsə,
sehrbazlıq onlar üçün maraqsız olar.
- Ən qəribə sehrbazlıq nümunələrindən biri də insanı iki
yerə bölməkdir. Bu, necə baş verir?
- Bunun müxtəlif yolları var. Hər sehrbaz eyni
şeyi müxtəlif cür edə bilər. Əmin olun ki, sirri bilmək insanların
xoşbəxtliklərini azaldır. Sirri öyrənmək istəyi yeganə şeydir ki,
çox istəyirik, ancaq öyrəndikdən sonra xəyal qırıqlığına uğrayırıq.
Buna görə hər zaman bu istəkdən vaz keçmək lazımdır. Sirr önünüzdə
olsa belə, ona baxmamaq daha yaxşıdır. Mən bunun sirrini sizə deyə
bilmərəm. Sehrbazlar bütün sirləri bilirlər. Ən azından, bir çox
sirləri. Ancaq sirlərdən danışmaq ən sevmədiyimiz mövzulardır.
Çünki heç vaxt sirlərdən danışmırıq. Sirrin cavabı əlinizdə olsa
da, sehrbazlar onu sizə deməz. Özünüz öyrənə bilərsiniz, ancaq bir
sehrbazdan sirr eşidə bilməzsiniz. İnsanı iki yerə bölmək sehri
klassik nömrədir. Çox qədimdir. Azərbaycanda da daim edənlər var.
Mən bir dəfə etmişəm, ancaq böyük qutuların daşınması bunu daim
etməyimə mane olub. Mənim sevdiyim sahə düşüncə oxumaq, öncədən
bilmək, olacaqları təxmin etmək olduğundan bu işlərlə məşğul
deyiləm. Bütün Azərbaycanın tanıdığı Tofiq Əmi var, yəqin ki,
tanıyırsınız. O, tez-tez edir. Gözəl nömrədir, baxmayaraq ki, artıq
çox adam bunu bilir.