Bir çox texnoloji kəşflər zaman keçdikcə bəşəriyyət üçün
zəruri amilə çevrilərək müəlliflərinə külli miqdarda gəlir gətirib.
Ancaq təkcə həyatımızı dəyişən kəşflər deyil, bəsit tapıntılar da
sahiblərinə milyardlarla dollar qazandırıb.
Axar.az sahiblərini milyonçuya çevirən sadə və primitiv
ixtiraları təqdim edir:
Smaylik
Smaylik işarəsini 1963-cü ildə amerikalı rəssam Harvi Boll kəşf
edib. O, ilk dəfə smayliki təqdim edəndə rəssama cəmi 45 dollar pul
ödənilib. İllər sonra isə iki qardaş – Bernar və Mürrey Speyn dərk
etdilər ki, bu işarənin böyük marketinq potensialı var. Bundan
sonra qardaşlar bu işarə ilə 50 milyon qazanc əldə etdilər.
Slinki
Adətən, göy qurşağının rənglərini özündə birləşdirən slinki
dünyanın ən məşhur oyuncağı hesab olunur. Oyuncağın ideya müəllifi
Riçard Ceymsdir. Ceymsin sözlərinə görə slinkini yaratmaq ideyası
onun ağlına təsadüf nəticəsində gəlib – yerə düşən yaylar
yuvarlanıb və müəllifin ağlına slinkini yaratmaq gəlib. Bu "ixtira"
ilə Riçard Ceyms 250 milyon dollar qazanıb.
Oyuncaq yastıq
Uşaqlar yumşaq oyuncaqları çox sevir. Bir dəfə Cennifer Telfer
görür ki, oğlu yastıqdan daha çox oyuncaqlarla yatmağa üstünlük
verir. Bundan sonra Cenniferin ağlına yeni ideya gəlir. O, yumşaq
oyuncaqlardan oğluna müxtəlif yastıqlar düzəldir. Çox keçmir ki,
Cenniferin ideyası yayılır və məşhurluq qazanır.
Dairə
Sahibinə milyondan çox gəlir gətirən daha bir oyuncaq –
dairə.
Üstündən illər keçməsinə baxmayaraq, dairədən hələ də dünyanın
dörd bir yanında istifadə olunur. Statistikaya görə, indiyə qədər
100 milyondan çox dairə satılıb.
Plastır
Yəqin ki, hər evdə plastır var. İlkin yardım zamanı ən çox
istifadə olunan plastır ilk dəfə 1920-ci ildə "Conson & Conson"
şirkəti tərəfindən istehsal olunub.
Stiker
Yaradıcısına 1 milyarddan çox gəlir qazandıran stikerlərin
müəllifi Spens Silverdir. Spens yeni yapışqan üzərində işləyərkən
onu təsadüfən kağıza batırır və bundan sonra həmin kağızın yad
cisimlər üzərində asanlıqla durduğunu görür. Bu hadisədən sonra o,
stiker ideyasını irəli sürür və milyarderə çevrilir.