Yuxarı

Taborun içindəki iki casus necə yaxalandı...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

Bir anın içərisində bütün əsgərlər də Əmrah Əkbərovla bərabər atəşə qoşuldular. Gözlənilməz hücumla qarşılaşan düşmənin ön sırasındakı əsgərlər dəlik-deşik oldu, arxadakılar dərhal yerə uzanıb əks-həmlə qrupunun sığındığı tank səngərinə cavab atəşi açmağa başladılar. Ardınca artilleriya qurğuları dilə gəldi. Ərazi bir anın içərisində artilleriya atəşinin qaldırdığı toz dumandan görünməz oldu.

Komandir döyüş yoldaşlarına tərəf çevrilib göstəriş verdi:

- Biz burdan çıxmalıyıq, uşaqlar. Sağ tərəfdən bir-bir sürünərək sığınacaqdan çıxın, qarşıdakı böyürtkən kolları arasından keçib çayı adlayın. Çaydan iyirmi-otuz metr qarşıda yenidən böyürtkən kolları, ardınca dağıdılmış kənd ərazisi başlayır. Kəndə daxil olub öz hissələrimizə doğru hərəkət edin. Mən arxadan sizə çataram.

Əsgərlər hərəkətə başlayan kimi baş leytenant Dadaşov silahına sarılıb düşmənin hərəkətini nəzarətdə saxlamağa çalışdı. Əsgərlər bir-bir səngərdən çıxıb böyürtkən kolları istiqamətində süründülər. Düşmən əsgərlərin süründüyü istiqaməti aydın görməsə də, sığındıqları tank səngərini və bütün ətrafı ardıcıl atəşə tuturdu. Yoldaşlarının açıq sahədən keçib böyürtkən kolluqlarına qədər getməsinin çətinləşdiyini görən əsgər Zabil Azadlı ayağa qalxıb düşmən mövqeyini ardıcıl avtomat atəşinə tutdu. Bundan istifadə edən əsgərlər bir-bir ayağa qalxaraq böyürtkən kolluqlarına tərəf götürüldülər. Açıq sahədə olan yoldaşlarının artıq mövqelənib düşmən istiqamətində atəşə qoşulduğunu görən əsgər Zabil ayaq üstdəcə atəşi davam etdirməklə yoldaşlarının getdiyi istiqamətdə addımlamağa başladı. Amma sahəni sona qədər gedə bilmədi. Atəş nöqtəsindən çıxmağa bir neçə addım qalmış sinəsindən aldığı pulemyot gülləsindən üzü üstə torpağa gəldi.

- Zabili vurdular, komandir! - deyə əsgər Babək Cəfərov bağıraraq səngərdən çıxdı. Avtomatını sinəsinə sıxaraq düşmən üzərinə güllə yağdırmağa başladı. Döyüş yoldaşları böyürtkən kolluqlarından çıxıb Zabilin yıxıldığı yerə tərəf qaçdılar. Bu zaman baş leytenant Dadaşov da tank səngərindən çıxıb Babək Cəfərovla bərabər Zabilin cəsədini döyüş meydanından çıxaranlara atəş dəstəyi verdi.

Döyüş yoldaşları Zabilin cansız bədənini götürüb geri qayıdınca, bölük komandiri əsgər Babək Cəfərovla bərabər yenidən tank səngərinə atıldılar. Tank səngəri və döyüş yoldaşlarının getdiyi istiqamət düşmən tərəfindən müxtəlif silahlardan ardıcıl atəşə tutuldu. Yoldaşlarının uzaqlaşa bilmələri üçün bölük komandiri və əsgər Cəfərov səngərdə qalıb döyüşü davam etdirməyi qərara aldılar. Amma çox keçmədən düşmənin yaxınlaşdığını və güllələrinin tükənə biləcəyini nəzərə alan baş leytenant Dadaşov əsgər Cəfərova artıq çıxmağın vaxtı olduğunu bildirdi.

Komandir özü sürünüb səngərdən çıxdı. Boş sahədə mövqe seçib əsgərlərinin getdiyi istiqamətə boylandı. Uzaqlaşdıqlarını görüb əsgər Cəfərovun ardınca sürünməsini işarə etdi. Əsgər avtomatının kəmərini biləyinə keçirib komandirinin ardınca hərəkətə başladı. Onlar bir neçə metr süründükdən sonra qəfil qalxıb qarşıdakı böyürtkən kolluqlarına tərəf götürüldülər. Amma kolluqlara çatmamış düşmən onları görüb ardıcıl avtomat atəşinə tutdu. Baş leytenant Dadaşov özünü kolluqların içərisinə atıb yerə uzandı. Əsgər Cəfərovsa kolluqların on-onbeş metrliyində ayağından aldığı güllə yarasından səntirləyib yerə yıxıldı. Komandir əsgərinin, onun yanına sürünə bilməsinə şərait yaratmaq üçün qənaətlə düşmənin dayanmadan onlara tərəf gəldiyi istiqaməti atəşə tutdu:

- Yanıma sürün, Cəfərov, tez ol! - deyə bağıraraq əmr etdi.

- Məni vurdular, komandir, sürünə bilmirəm, – deyə artıq gücdən düşmüş əsgər Cəfərov özünü birtəhər yaxınlıqdakı çuxura salıb hərəkətdən qaldı.

Baş leytenant Dadaşov avtomatını çiyninə keçirib tələsik döyüş yoldaşına tərəf süründü. Cəld onu qucağına götürüb dərhal da arxaya, kolluqlara tərəf götürüldü. Düşmən onları yenidən avtomat atəşinə tutdu. Və bölük komandiri artıq ayağını kolluqlara atan anda komandirinin qucağında olan əsgər Cəfərov kürəyini və qolunu yarıb keçən daha bir güllə yarası aldı. Bölük komandiri səntirləyib yaralı qucağındaca kolluqların içərisinə yıxıldı. Dərhal da dikəlib böyürtkən tikanlarının bədənlərinə sancılmasına məhəl qoymadan yaralını kolluğun daha sıx yerinə sürüdü. Həm kürəyindən və qolundan güllə yarası alan, həm də pulemyot gülləsinin ayağını qopardığı əsgər ağrıdan sızıldayır, dırnaqları ilə torpağı eşir, əlinə keçən ağacları, kolları qəzəblə sındırır, dayanmadan zarıyırdı. Hələ də onların getdiyi istiqamətdə irəliləyən düşmənsə kolluqları və bütün ətrafı ardıcıl avtomat atəşinə tutur, dayanmadan güllə yağdırırdı.

Başlarının üstündən vıyıltıyla uçan, ağac budaqlarını, yarpaqları qoparıb üstlərinə səpən güllə yağışı altında baş leytenant Dadaşov yaralını kolluqların, bacardıqca daha dərin hissəsinə qədər çəkib dayandı. Əsgər Cəfərovun yarasından qan dayanmadan sızırdı. Baş leytenant Dadaşov hərbi formasının qolunu qoparıb bir parçası ilə yaralının qolunu sarıdı, digər parçasını isə kürəyindən aldığı yaranın üstünə basdı. Əli ilə ağzını sıxıb səs salmamasını xahiş etdi.

Düşmən tankının nəriltisi lap yaxından eşidildi. Amma gizləndikləri yer istiqamətdə atəş kəsildi. Düşmən, deyəsən, onların vurulduğunu zənn etmişdi. Bölük komandiri əsgərinin boynunun boşaldığını, zarıltısının kəsildiyini görüb tez əlini onun ağzından götürdü. Əyilib qulağını sinəsinə qoydu. Ürəyi döyünürdü. Əsgər ağrıdan huşunu itirmişdi...

Artıq düşmən əsgərlərinin səsi lap yaxından eşidilir, texnikanın hərəkətinin yaratdığı titrəyiş uzandıqları torpağın üzərində, sığındıqları kolların əsintisində aydınca duyulurdu. Komandir əsgərinə qısılıb gözlədiyi anda onlardan artıq xeyli uzaqlaşmış əsgərləri düşmən mövqelərini ardıcıl atəşə tutmuşdu. Eyni istiqamətdə cavab atəşi verən düşmən bölük komandiri və yaralı əsgərin sığındığı ərazidən səs-səmir gəlmədiyini görüb, onları unutmuşdu. Başlarının üstündən döyüş yoldaşlarının getdiyi istiqamətdə dayanmadan uçan güllələrin səsindənmi, ağrıdanmı, əsgərin göz qapaqları titrəyib yenidən aralandı. Dərhal da dartınıb yerindən qalxmaq istədi.

“Sakit!” - deyə bölük komandiri sinəsindən basıb onu yenidən yerə uzandırdı. Əsgər Cəfərovun kürəyindən və qolundan axan qan dayansa da, ayağından dayanmadan sızır, soyuqdan göyərmiş bədəni tir-tir titrəyirdi. Onun qan itirmədən öləcəyindən qorxan bölük komandiri əsgərin ayaqqabılarını çıxardı. Bağlarını açıb qanaxmanın qarşısını almaq üçün yaralandığı yerin bir qədər yuxarı hissəsindən möhkəm-möhkəm bağladı. Amma qanaxmanın qarşısını ala bilmədi. Əsgər Cəfərov özü belində əsgər kəməri olduğunu bildirib ondan istifadə etməyi məsləhət gördü...

Təxminən üç saatdan sonra ətrafa sakitlik çökdü. Atəş səsləri xeyli uzaqda eşidilirdi. Əsgərin yaralarının qanı dayansa da, halsızlıq onu aparır, tez-tez “su...” - deyə sayıqlayır, dayanmadan acgözlüklə qup-quru olmuş dodaqlarını gəmirirdi.

Baş leytenant Dadaşov hələ də göm-göy olan bir neçə böyürtkən qoparıb əsgərinin ağzına qoydu:

- Sən burda gözlə, qardaş, mən gedib yaxınlıqdakı çaydan su gətirib gəlirəm, - deyə qulağına pıçıldadı.

– Avtomatımı yanıma qoy, komandir. Əsir düşmək istəmirəm, – öz-özünə danışırmış kimi gözlərini belə açmadan söylədi.

– Buranı tapmaq asan deyil, Cəfərov. Ermənilər də artıq uzaqlaşdılar. Mən tez gələcəm, sən arxayın ol!

Ağrılara dözməyib, öz-özünü vuracağından qorxduğu üçün avtomatını əsgərin dediyinin əksinə olaraq bir qədər aralı qoydu. Sivişib böyürtkən kollarının arasından çıxdı. Çay onların sığındığı yerdən çox uzaq olmasa da, açıqlıqda, düşmənin hər an görüb atəş aça biləcəyi yerdə idi. Yalnız ehtiyatla, sürünərək getmək, sürünərək də qayıtmaq mümkün olacaqdı. Ona görə də baş leytenant Dadaşov yaralı əsgərin yanına üç saat yarımdan sonra qayıda bildi. Az qala komandirinin qayıdacağına ümidini itirən əsgər Cəfərov ətrafındakı otları yolaraq acgözlüklə yeməyə başlamışdı. Bölük komandirini qarşısında görüncə:

- Şükür, qayıtdın, komandir. Öləcəmsə, qoy elə sənin qollarında ölüm, komandir! - deyə pıçıldayıb öləziyən gözlərini qapadı.

– Ə, hara ölürsən, Cəfərov, biz hələ səninlə Şuşaya qədər gedəcəyik, inşallah! – Yanında əyləşib başını dizlərinin üstünə qoydu. Çayın ətrafından tapıb su ilə doldurduğu konserv bankasını astaca dodaqlarına yaxınlaşdırdı:

- İç, qardaşım, az-az, qurtum-qurtum iç.

Əsgər suyu ağzına alıb çətinliklə udqundu.

- Biz burdan getməliyik, Cəfərov! Bir azdan axşam düşəcək. Burada axşamlar zülmət kimi qaranlıq olur, - komandir dedi: - Axşamı gözləsək, buradan addım belə ata bimərik.

Susub diqqətlə əsgərinin soluxmuş sifətinə baxdı. Əsgər bir söz demədən başını yellədi. Görünür, danışmağa taqəti qalmamışdı. Komandir Cəfərovun yerindən qopub sallanmış ayağına baxaraq:

- Ayağından yenə də qan sızır, əsgər! - öz-özünə gileylənirmiş kimi dilləndi.

- Yaxşı! – Cəfərov dedi. Amma bölük komandiri Cəfərovun nə düşündüyünü, nə üçün “Yaxşı” dediyini anlaya bilmədi. Düşündü ki, yəqin əsgər elə özü də nə ilə razılaşdığını anlamır, nə dediyini özü də bilmir. Sadəcə sayıqlayır. Buna baxmayaraq təkrar soruşdu:

- Burdan getməkdə mənə kömək edə bilərsənmi? – Susub su içdikdən sonra sanki taqətini tamam itirən əsgərini başdan ayağa qədər bir daha süzdü: - Sən sadəcə boynumdan yapışa bilsən, kifayətdir. İkimiz də burdan qurtularıq! - özü-özü ilə danışırmış kimi cavabını gözləmədən söylədi.

Əsgər sadəcə yenə də “Yaxşı!” dedi.

Komandir əsgərini oturaq vəziyyətə qədər qaldırıb kürəyini sinəsinə dayaq verdi, qollarını çiynindən aşıraraq sinəsinə gətirdi. Astaca dizləri üstə yerində dikəlib ehtiyatla ayağa qalxdı. Gəldiyi istiqamətdə hərəkətə başladı. Kəndin qırağındakı çaydan keçib mərkəzindəki xarabalıqlarına doğru gedəcək, yaralını orada olduqlarını təxmin etdiyi təxliyə qrupuna təhvil verib, bölüyü ilə bərabər Xocavənd istiqamətində hərəkətə keçən hissələrimizə qoşulacaqdı. Amma ac, susuz və yuxusuz şəkildə iki gündən artıq dayanmadan hərəkətin yorğunluğu onu taqətdən salmış, nəinki yaralı, heç özünü belə daşımağa qüvvəsi qalmamışdı. Belə vəziyyətdə əsgəri çaydan keçirə bilməyəcəkdi. Həm də yaralarına infeksiya düşməsin deyə onu ətrafını qamışlıq basmış cirkab sudan qorumalı idi.

Çayın yaxınlığındakı uçulmuş tövlənin yanına qədər gələ bildi. Yaralını divarın dibində yerə qoyub, özü də yanında uzandı. Dincəlməyə, nəfəsini dərməyə ehtiyacı olsa da, yubana bilməzdi. Qalxıb ətrafı diqqətlə nəzərdən keçirdi. Yaralının yerini otuz-qırx santimetr hündürlüyü olan uçuq divarın arxasında rahlayıb astaca qulağına pıçıldadı:

- Uşaqlar burda, çayın o biri tərəfindədirlər. Səni çaydan keçirməyə taqətim qalmayıb, Cəfərov. Suya düşsək, yaran infeksiya qapa bilər. Sən burda gözlə, mən kömək götürüb qayıdıram.

Əsgərin cavab verməsini gözlədi. Cəfərovun isə qup-quru olmuş dodaqlarını bir-birindən ayırmağa gücü çatmadı. Yumulmuş gözlərini sıxmaq, qaşlarını əzabla çatmaqla eşitdiyinə işarə etdi...

Hava çoxdan qaralmışdı. Hərəkətə basladığı yerdən gəldikləri məkana qədər məsafə bir kilometrdən az olsa da, üç saatdan artıq vaxtını almışdı. Gedəcəyi istiqaməti təxmin edirdi. Mütləq şəkildə çayı keçməli, sonra isə burulub xarabaya çevrilmiş kəndin mərkəzinə girəcəyini düşünürdü. Amma sağamı, solamı burulmalı olduğunu xatırlaya bilmirdi. Diz üstə çöküb zülmət qaranlığın içərisində gəldikləri yerin və ətrafın xəritəsini görə bilmədiyi torpağın üstündə cızmağa çalışdı. Kəndin mərkəzindən hücuma keçmiş, kənarında özləri hücuma məruz qalıb atəş xəttindən sağ tərəfdən çıxmışdılıar. Əslində hər iki tərəf onu Merdinli kəndinin mərkəzinə aparır, amma bir tərəfdə hələ də düşmən qüvvələrinin mövcudluğu, digər tərəfdə isə düşməni geri oturdan öz hərbi hissələrinin möhkəmləndiyini ehtimal edirdi. Bir-neçə saat qabaq yerləşdikləri tank sığınacağında düşmən hücumuna məruz qaldıqlarından düşmənin hələ də yaxında olduğunu düşünürdü. Amma artıq yubana da biməzdi. Yaralı hər an ölə bilər, özü də gözləmədiyi hadisələrlə qarşılaşa bilərdi.

Zülmət, göz-gözü görməyən qaranlıqda çayı keçib sola buruldu. Qarşı tərəfdə ara-sıra atəş səsləri eşidilir, səmada qarşı və əks istiqamətdə işıqsaçan güllələr uçuşur, öləziyib tez də zülmətə çevrilirdi.

Ayağı altını belə çətinliklə görən baş leytenant Dadaşov xeyli irəlilədikdən sonra xarabalıqların içərisində yarıuçuq kiçik bir sığınacaqdan hənirti duyub yaxınlaşmağa başladı. Bir neçə metrliyində yerə çöküb qulaq verdi. Pıçıltı ilə azərbaycan dilində danışırdılar. Ürəklənib ehtiyatla sığınacağa yaxınlaşdı. Erməni zənn edib vuracaqlarından qorxduğu üçün qapının bir addımlığında dayanıb pıçıltı ilə səsləndi:

- Qardaş!

İçəridə səslər kəsildi. Baş leytenant Dadaşov da susub sığınacaqdakıların reaksiyasını gözlədi. Bir an sükutdan sonra:

- Silahını yerə qoy! - deyə sığınacağın içərisindən deyil, özünün də görə bilmədiyi ətrafından xırıltılı səslə göstəriş verildi.

Diqqətlə baxdıqda sığınacağın qapısının sağ tərəfindəki uçuq divarın arxasından iki avtomat lüləsinin ona tuşlandığını gördü.

Baş leytenant Dadaşov ehtiyatla ayağa qalxdı. Silahını əlindən buraxmadan pıçıldadı:

- Mən...

Sözünü tamamlaya bilmədi, qaranlıqdakı səs qətiyyətlə bir daha təkrarladı:

- Silahını yerə qoy və yaxınlaş!

Dadaşov silahını yerə qoyub asta-asta qapıya yaxınlaşdı. Qapının kənarında onu izləyən iki əsgərin yanından ötüb təklif gözləmədən qapısı qara rəngdə pərdə ilə örtülmüş sığınacağa daxil oldu. İçərisinə yalnız bir çarpayı yerləşən təxminən iki metr uzunu, metr yarım eni olan sığınacaqda çarpayının üstündə yanaşı oturmuş iki nəfərlə qarşılaşdı.

Baş leytenant Dadaşov salam verməyə macal tapmadan onu suala tutdular:

- Kimsən, burada nə gəzirsən?

Bölük komandiri diqqətlə baxanda onların səhər düşmənin qəfil hücumuna məruz qaldıqları zaman yoxa çıxdıqları məlum olan, özlərini Pənah və İlham kimi təqdim edən şəxslər olduğunu gördü. Sarsıldığını, onlardan şübhələndiyini hiss etdirməməyə çalışan komandir:

- Mənə kömək lazımdır, uşaqlar. Yaralı var, hər an ölə bilər. Onu çaydan tək keçirə bilmirəm! - deyə həyəcanını boğaraq dilləndi: - Kömək edin onu tez təxliyə qrupuna çatdıraq! – Çevrilib əli ilə gəldiyi istiqaməti göstərdi: - Bəlkə Allah rəhm elədi, ölmədi!

Çevrilərkən arxasında durub avtomatlarını ona tuşlayan iki gənc əsgərin sifətinə diqqət yetirdi. Qaranlıqda onları xatırlaya bilməsə də, üz gizgilərini yadda saxlamağa çalışdı.

- Gəldiyin kimi də buradan tez qayıt, biz sizə kömək edə bilmərik! - Hansının dilləndiyini ayırd edə bilmədi.

Təəccüblə durub sifətlərinə diqqət yetirdi. Ümumiyyətlə, onlardan hansının İlham, hansının Pənah olduğunu bilməyən baş leytenant:

- Yaralı hər an ölə bilər, uşaqlar! – deyə təəccübünü və həyəcanını gizlətmədən təkid etdi: - Siz yalnız onu çaydan keçirməyə mənə kömək edin. Qalan yolu özüm birtəhər apararam!

- Biz burdan ayrıla bilmərik, tapşırıq belədir. - İkinci şəxs də köməkdən qətiyyətlə imtina etdi: - Sizə isə məsləhətim belədir, tez burdan uzaqlaşın!

Baş leytenant Dadaşov geri döndü, qapıya qədər gedib dayandı. Çevrilib:

- Bəlkə suyunuz ola, heç olmasa yaralıya bir qurtum su aparım? – deyə onlarla ünsiyyəti davam etdirməklə əlavə müşahidə aparmaq istədi.

Adının İlhammı, Pənahmı olduğunu dəqiq bilmədiyi şəxs yerini çarpayıda rahatlayıb “get” deyə əlinin işarəsi ilə bayırı göstərdi.

Bölük komandiri sığınacaqdan çıxan kimi avtomatını qamarladı. Bir gözü arxada oradan uzaqlaşmağa çalışdı. Yolboyu düşündü: “Biz burdan ayrıla bilmərik, tapşırıq belədir” dedi. Kimin tapşırığı? Kimdir bunlar və burada nə gəzirlər? Həqiqətən casusdurlarsa, niyə məni vurmadılar? Yeni çağırışçılar bunların yanında nə gəzir? Gecə yarı ermənilərdən ayrılıb bura necə gəliblər?”

Suallar məngənəsində çırpınaraq nə vaxt yaralının yanına qayıtdığını özü də bilmədi. Yaralıya çatmamış onun soyuqdan titrədiyini, diş-dişə döydüyünü uzaqdanca duyub sürətini artırdı. Uzandığı yerdəcə qalan yaralının sifəti, qolları soyuqdan göm-göy göyərmişdi, nəfəsi çatmırmış kimi tez-tez nəfəs alır, ayağındansa dayanmadan qanı sızırdı.

Baş leytenant yaralının yanında yerə çöküb:

- Bir az da səbir et, qardaş, uşaqlar gəlirlər artıq! - deyə ona təsəlli verməyə çalışdı.

Zülmət yarılmış, hava işıqlanmağa başlamışdı. Uzaqdan düşmənin tutduğu mövqe və işğaldan azad olunmuş ərazilər çətinliklə sezilsə də, gedəcəyi istiqaməti təyin etməkdə çətinlik yaratmırdı. Havanın işıqlanmağını gözləmək yaralının daha çox qan itirməsinə və düşmənə görüntü verməklə hərəkət məhdudluğuna səbəb ola bilərdi.

Baş leytenant Dadaşov artıq dəqiq bildiyi istiqamətdə hərəkətə başladı. Azərbaycan ordusunun mövqelərinə çatanda onu ikinci bölüyün komandiri qarşıladı. Bölük komandirindən yaralını gətirmək üçün əsgər göndərməsini xahiş edib özü vacib bir məsələ ilə əlaqədar tabor komandiri ilə görüşmək istədiyini söylədi. İkinci bölüyün komandiri artıq onun və yaralı əsgər Babək Cəfərovun ardınca əsgər göndərildiyini dedi. Tabor komandirinin isə vacib bir məsələ ilə əlaqədar komanda məntəqəsinə çağırıldığını bildirdi.

Baş leytenant Dadaşova da təcili olaraq bölüyünün yanına getməyi xahiş etdi. İkinci bölüyün komandiri geniş məlumat verməsə də, baş leytenant məsələnin ciddi olduğunu anladı. Əyili vəziyyətdə öz bölüyünün yerləşdiyi səngərə doğru qaçdı. O, əvvəlcə yaralı əsgər Cəfərovun məsələsini həll edib sonra tabor komandirinin yanına getməyi düşünürdü. Səngərə yaxınlaşmamış Azərbaycan aviasyasının və dronların havaya qalxması onu ayaq saxlamağa məcbur etdi. Geniş hücum başlayırdı. Bir neçə dəqiqədən sonra artıq düşmənin tutduğu mövqe artilleriya zərbələri nəticəsində havaya sovruldu.

Komandir səngərə yaxınlaşmamış ikinci bölük komandirlərinin ardınca düşmənin geri çəkilib mövqeləndiyi istiqamətə doğru hücuma keçdi.

Baş leytenant Dadaşov cəld özünü bölüyünün səngərinə çatdırdı. Vəziyyətlə əlaqədar məruzə edən taqım komandiri bildirdi ki, tabor komandiri hücum üçün əmr gözləmələrini tapşırıb.

Bu zaman səngərə atılan əsgər Əmrah Əkbərov tələsik onlara yaxınlaşıb:

- Azadlı Zabil şəhid oldu, komandir! - deyə məlumat verdi.

- Bilirəm, Əkbərov, Allah rəhmət eləsin! Babək Cəfərov da ağır yaralıdır. Mən onu çayın qırağındakı xarabalıqda gizlətmişəm. Təcili olaraq onu təxliyə etmək lazımdır. Daha iki nəfər götürüb onu gətirməyə gedin.

- Biz onu artıq təxliyə qrupuna təhvil vermişik, komandir. Sizin gəlmədiyinizi görüb taqım komandirinin əmri ilə ardınızca getdik. Qayıdanda xarabalıqlarda zarıltı eşidib yaxınlaşdıq. Babək Cəfərov idi. Onu elə indicə təxliyə qrupuna təhvil verib gəlirik.

- Vəziyyəti necə idi? - Dadaşov xəbər aldı.

- Sayıqlayırdı, komandir, amma həkimin dediyinə görə sağalacaq, inşallah. Həkim yaxşı ki, qanının dayanmadığını dedi, yoxsa bu qədər vaxt iplə bağlı olduğundan qanqrena ola biləcəyini söylədi.

- Lap yaxşı, Allah şəfa versin! – deyə bölük komandiri üzünü taqım komandiri olan gənc leytenanta tərəf çevirdi: - Mən təcili olaraq tabor komandirinin yanına getməliyəm. Mən qayıdana qədər bölük sənə əmanət, - deyə göstəriş verdi.

İdarəetmə məntəqəsinin əlli-altmış metrliyində bir neçə nəfər üzü örtüklü xüsusi təyinatlı əsgər baş leytenant Dadaşovu saxlayıb tabor komandirinə yaxınlaşmağa icazə vermədi. Bölük komandiri vacib bir məlumat verəcəyini bildirib tabor komandiri ilə mütləq görüşməli olduğunu söylədi.

Əsgər radio vasitəsilə tabor komandiri polkovnik-leytenant Bahadur Cəfərovla əlaqə saxlayıb məruzə etdikdən sonra baş leytenanta idarəetmə məntəqəsinə yaxınlaşmağa icazə verdi.

Baş leytenant idarəetmə məntəqəsinə yaxınlaşarkən bölük mühasirəyə düşən gecə yoxa çıxan iki əsgərin əllərinin arxada bağlı vəziyyətdə hərbi prokurorluq və xüsusi idarə əməkdaşlarının qarşısında qaldığını gördü. Tabor komandirinə yaxınlaşıb hərbi təzim etdikdən sonra:

- Cənab polkovnik-leytenant, İlham və Pənah adlı bu iki nəfərdən şübhələndyimi bildirmək üçün yanınıza gəlmişəm, - deyə məruzə etdi.

- Onlar, sizin bildiyiniz kimi, İlham və Pənah deyillər, Dadaşov, onların kim olduğunu hüqüq-mühafizə orqanları aydınlaşdıracaq və qanun qarşısında öz layiqli cəzalarını alacaqlar! - Tabor komandiri məmnunluqla cavab verdi.

- Onlar tək deyildilər, cənab polkovnik-leytenant, onlarla daha iki nəfər gənc çağırışçı da var idi.

- Hər şeydən xəbərimiz var, baş leytenant, onlar və onlar kimi vətən xainləri daim xüsusi-xidmət orqanlarımızın nəzarəti altındadırlar. Azərbaycan ordusunda vətən xainlərinin fəaliyyətinə heç vaxt imkan verilməyib, heç vaxt da imkan verilməyəcək, arxayın ola bilərsən!

- İcazə verirsiz gedim, cənab polkovnik-leytenant? - Dadaşov artıq bütün narahatlıqdan qurtulmuşdu.

- İcazə verməzdən qabaq tapşırıq vermək istəyirəm, Dadaşov, məlumunuz olsun ki, Azərbaycan ordusu Qaraxanbəyli qəsəbəsi ətrafındakı düşmənin bütün hərbi birləşmələrini darmadağın edib, möhkəmləndikləri mövqeləri alıblar. Bölüyünlə işğaldan azad olunmuş ərazilərdə möhkəmlənməyə və işğal altında olan digər ərazilərimizə doğru irəliləməyə hazır olun!

- Oldu, cənab polkovnik-leytenant! – deyə baş leytenant Dadaşov hərbi təzim edib hücuma hazırlaşan bölüyünün yanına tələsdi...

Ardı BURADA

Tarix
2021.10.10 / 10:00
Müəllif
Etibar Muradxanlı
Digər xəbərlər

AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video

70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt

Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti

Duda İrəvanda Azərbaycandan danışdı

Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video

Samirə Ermənistana getdi, Paşinyana mesaj verdi - Foto

Kəşfiyyatçılar Moskvada bir araya gəldi

"Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər

Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... - Markov

Duda Bakıdan sonra niyə İrəvana getdi?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla