Yuxarı

Füzuli döyüşü: Tabora sızan iki erməni casusu...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

Taborun qərargah rəisi əsgər yataqxanasından çıxıb tələsik meydana gələn briqadanın siyasi rəhbəri mayor Valeh Mustafayevin qarşısına yeridi:

- Cənab mayor, quru qoşunları briqadasının könüllü olaraq Vətənin müdafiəsinə qoşulmuş gənclərdən təşkil olunmuş üçüncü taboru əmrinizlə düzülüb! Taborun qərargah rəisi kapitan Hüseynov! - Və nizami addımlarla kənara çəkilib üzü tabora tərəf dayandı.

Mayor Mustafayev əlini gicgahindan endirib “azad” demədən cərgənin qarşısında meydanın düz ortasına yeridi. Əsgərlərlə üzbəüz durub sıraya ani nəzər yetirdi. Boğazını arıtlayıb ucadan danışmağa başladı:

- Əsgərlər, Vətəni işğaldan azad etmək üçün Ali Baş Komandanın səsinə səs verərək, ailənizi, yaxınlarınızı qoyub, dərhal cəbhəyə gəlmisiz. Qarşıda bizi ağır döyüşlər gözləyir. Qarşımızda çox hiyləgər, mənfur, namərd düşmən var, illərlə torpaqlarımızı işğalda saxlayan, həmvətənlərimizin, qız-gəlinlərimizin başına olmazın işgəncələr gətirən yağı düşmən!. İllərlə işğal altında olan torpaqlarımızı azad etmək arzusu, işgəncələrə, zorakılığa məruz qalmış xalqımızın qisasını yağı düşməndən almaq yanğısı ilə yaşadıq. Artıq zaman çatıb, cənab Ali Baş Komandan bu fürsəti bizə verdi. İndi meydan bizimdir. Tapşırıq hamıya aydındır: Qanımız, canımız bahasına düşməni məhv edib torpaqlarımızı azad etmək, başları kəsilmiş qardaşlarımızın, zorlanmış qız-gəlinlərimizin, süngüyə taxılmış körpələrimizin qisasını almaq, illərlə Vətən, yurd həsrəti ilə yanan həmvətənlərimizin öz doğma yurd-yuvalarna qayıtmalarını təmin etmək! Bu şərəfli işdə şəhadətə yüksəlmək də var, qazi olmaq da! Bu şərəfli işdə ölüm də var, itim də! Bu şərəfli işdə ömür boyu qoltuq ağacından, ayaqlarınızı əvəz edəcək bir cüt təkərdən asılı olmaq, yaxud dünya işığına həsrət qalmaq da var, mərd-mərdanə, alnı açıq, üzüağ, şərəfli bir ömür, şərəfli bir ölüm də! Biz şərəflə yaşayıb, şərəflə ölmək yolunu seçdik! Bu yolda sizinlə bərabər addımlayacaq, sizinlə bir döyüşəcək, ölsək birlikdə öləcəyik, amma nəyin bahasına olursa-olsun, torpaqlarımızı yağı düşmən işğalından azad edəcək, əsarətdən qurtaracağıq! Ya Qarabağ, ya Ölüm! Qarşımızda yalnız bu iki yol var!..

Susdu mayor. Diqqət kəsildi. Sıradan da səs çıxmadı. Əsgərlər farağat vəziyyətində durub yalnız baxışlarını hərəkət etdirməklə komandirlərinin davranışını izləyir, nəfəs belə almadan səbirlə çıxışını dinləyirdilər. Mayor Mustafayev danışmadan cərgənin qarşısında bir xeyli gəzinib tam mərkəzdə qərar tutdu. Üzünü kapitan Hüseynova çevirib sanki əsgərlərə yox, ona komanda verirmiş kimi:

– Azad! – deyə sərbəstlik verdi.

Kapitan siyasi rəhbərin əmrini təkrar edincə mayor əsgərlərin sifətinə baxmadan, sanki öz-özünə gəzinirmiş kimi yenidən, amma asta tonla danışmağa başladı:

- Əsgərlər, əgər aranızda ölümdən, yaxud bizi gözləyə bilən hər hansı təhlükədən qorxan varsa, icazə verirəm, çıxsın sıradan və bu döyüşdə iştirak etməsin! – Susub, başını yuxarı qaldırmadan gəzinməkdə davam elədi. Sanki bununla əsgərlərə sərbəstlik vermək, qərar verməkdə azad olduqlarını bildirmək və çəkinmədən rahat ürəklərini açmaq üçün şərait yaratmaq istəyirdi: - Bunu bilin, qorxaq əsgər bizə ön cəbhədə lazım deyil. - Kimsənin dillənmədiyini görüb əlavə elədi: - Canının qorxusunu çəkən əsgərlə döyüşmək olmaz! O öz canının hayına qaldığı, düşmənlə üz-üzə gəlməkdən qorxduğu, çəkindiyi, yaxud başını səngərdən qaldırmağa cəsarət etmədiyi üçün yoldaşlarına yalnız əlavə yük ola bilər. Biz qorxaq əsgərlə qalib gələ bilmərik!..

Yenə də dillənən olmadı. Mayor heç kəsin gözünün içinə baxmadan bir daha sıranı nəzərdən keçirdi:

- Bizə cəsarətli, qorxmaz, bir an tərəddüd etmədən canını Vətən yolunda qurban verməyə hazır olan əsgərlər lazımdır! Siz buna hazırmısız!?

- Hazırıq, cənab mayor! – bir ağızdan ucalan cavab yaxınlıqdakı dağlarda əks-səda doğurdu.

Mayor Mustafayev susdu. Bu dəfə bir-bir əsgərlərin gözlərinin içinə baxaraq sıranın qarşısında addımladı. Heyət susub diqqətlə siyasi rəhbərin hərəkətlərini izləyirdi, mayor Mustafayev də səbirlə döyüşçüləri müşahidə edirdi.

Kapitan Hüseynov addımlayıb mayor Mustafayevin bir addımlığında dayandı:

- Tabor döyüş tapşırığını yerinə yetirməyə hazırdır, cənab mayor!

Mayor Mustafayev başını yelləməklə qərargah rəisinin məruzəsinə əminliyini bildirdi:

- Əsgərlər, əksəriyyətiniz könüllü olaraq mülkü həyatdan orduya yazılsanız da, şəxsi işinizi yoxladıqda hamınızın hərbi xidməti bir ildən gec olmayaraq başa vurub tərxis olduğunuz məlum olur. Bu, sizin kifayət qədər hazırlıqlı, hətta hazırda hərbi xidmətdə olan çağırışçılardan daha hazırlıqlı və təcrübəli olduğunuzu, könüllü olaraq bura gəlməyiniz isə həm də psixoloji cəhətdən hazır olduğunuzu, qəlbinizin torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulmaq həsrətilə çırpındığını göstərir. Buna baxmayaraq, sizə təcrübəli zabitlər, döyüşlərdə sınaqlardan çıxmış komandirlər rəhbərlik edəcək. Əmin olun, bu haqq işimizdə Allah da bizimlədir! Yolunuz açıq, işiniz avand olsun! Allah amanında!

***

Kapitan Ülvi Hüseynovun rəhbərliyi altında quru qoşunları taboru xüsusi tapşırıqla Füzuli rayonunun işğal altında olan ərazıləri istiqamətdə hərəkətə başladı. Taborun qarşısında xüsusi təyinatlıları addımbaaddım izləmək, XTQ-nin hücum əməliyyatlarına dəstək vermək, düşməndən geri alınmış ərazilərdə mövqelər qurub, qoşunlarımızın orada möhkəmlənməsini təmin etmək və işğal olunmuş torpaqlarımızın dərinliyinə doğru dayanmadan irəliləmək kimi mühüm bir tapşırıq qoyulmuşdu. Əsgərlərin əksəriyyəti səfərbərliklə çağırılanlar, Vətənin müdafiəsinə könüllü gələnlər olsa da, heç biri döyüş görməmiş, heç biri canlı hədəfə atəş açmamış, heç biri qan görməmişdi.

Təlimlər üçün artıq zaman belə yox idi. Əsgərlərdən yalnız “Avtomatdan atəş açmağı unutmamısan ki!” deyə soruşulmuşdu. İndi hamı irəli can atır, hamı döyüşmək, düşməni məhv etmək, nəyin bahasına olursa olsun, torpaqları düşmən işğalından azad etmək, əsarətə son qoymaq haqqında düşünürdü; indi hamının ürəyi yalnız möhkəm-möhkəm sinələrinə sıxdıqları silahları ilə döyünür, nə vaxt döyüşə qatılacağı həsrəti ilə çırpınırdı...

Digər hərbi hissələrə aid olan bölmələr də eyni istiqamətdə döyüş tapşırığı almışdı.

181 saylı hərbi hissənin motoatıcı taboru Füzuli rayonunun Alxanlı kəndindən Qaraxanbəyli kəndi istiqamətində yola düşdü. Qaraxanbəyli kəndini keçib Xocavənd rayonu istiqamətində hərəkət edəcəkdilər. Düşmən tərəfindən dağıdılıb xarabalığa çevrilmiş Qaraxanbəyli sovetliyinin Merdinli kəndinin girəcəyinə gecə saatlarında çatdılar. Əksəriyyəti könüllülərdən formalaşdırılmış yeni tabora baş leytenant İlham Dadaşov bölük komandiri təyin edilmişdi. Bütün gecəni aramsız yağış altında uzun yol qət edən əsgərlər xarabalıqlarda daldalanacaq tapıb paltarlarını qurutmaq istədilər. Ocaq qalamağa icazə verilmədiyindən paltarlarını çıxarıb sıxdıqdan sonra yaş halda da əyinlərinə taxdılar. Uzun yolun yorğunluğu dərhal özünü göstərdi. Əsgərlər soyuğa və bədənlərinin yaş olmasına baxmayaraq, dağıdılmış evlərin uçuq divarlarının dibində bir-birinə qısılaraq şirin yuxuya getdilər.

Bircə saat keçmədi ki, növbətçi təyin olunmuş əsgərlər də döyüş yoldaşlarının böyründəcə uzanıb mürgüləməyə başladılar...

Duman getdikcə qatılaşmağa, narın yağış səpməyə başladı. Amma nə yağış, nə də soyuq hava yorğunluq və yuxuya təslim olmuş əsgərləri oyada bilmədi...

Tabor hələ növbəti döyüş tapşırığını almamışdı. Onlar təyin olunmuş yerə çatdıqdan sonra bölüklər üzrə hərəkət etməli, xüsusi təyinatlıların düşməni qovub çıxardıqları ərazilərdə mövqeləri möhkəmləndirməli, ehtiyac olduqda əks-hücum qrupuna dəstək verməli idilər.

...Düşmən tankının atdığı mərmi əks-həmlə taborunun arxasında daldalandığı divarın qarşısında partladı. Mərminin qaldırdığı daş-kəsək dərin yuxudan hələ də ayıla bilməyən könüllülərin yuxusunu çilik-çilik elədi. Torpağa uzanıb hərəsi bir tərəfdə qundaqları çiyinlərinə sıxdılar. Bölük komandiri baş leytenant İlham Dadaşov sürünüb divarın arxasından qarşı tərəfə çıxdı. Divar yerindən silkələnmişdi və hər an arxasında gizlənən əsgərlərin üzərinə uça bilərdi.

- Döyüşə! – deyə qışqıraraq, əsgərlərə kənarlara sürünüb məsafəli şəkildə müdafiə olunmağı əmr etdi.

Qarşıda isə iki düşmən tankı lülələrini əks-həmlə qrupunun mövqeləndiyi yerə tərəf tuşlayaraq ardıcıl atəş açırdı. Bir anın içərisində əks-həmlə taborunun yerləşdiyi ərazı mərmilərin qaldırdığı toz-torpaqdan görünməz oldu. Başları üstündən uçan qəlpələrin, ətraflarından şütüyən güllələrin vıyıltısı baş qaldırmağa macal vermədi. Taborun siyasi məsələlər üzrə komandir müavini mayor Vidadi Əhmədov yaralı və şəhidləri arxaya, sağlam divarların arxasına sürüməyi əmr etdi. Özü isə hələ də özünə gələ bilməyən əsgərinin əlindən qumbaraatanı dartıb alaraq, atəşə hazır vəziyyətə gətirdi. Dizi üstə çökərək onları atəşə tutan düşmən tankını nişan aldı. Atəş açmağa macal tapmamış qarşısında partlayan mərminın qəlpəsi başının alnından yuxarı hissəsini bıçaq kimi kəsərək havaya uçurdu.

Bölük komandiri kapitan Mübariz Babayev mayorun əlindən kənara uçan qumbaraatana tərəf süründü. Amma uzatdığı əli silahın qundağının üzərindəcə qaldı. Düşmənin tankın üstündəki pulemyotdan açdığı ardıcıl atəş kapitanın və yanında ona atəş dəstəklə yardım etməyə çalışan əsgər Nicat Hüseynovun bədənini dəlik-deşik etdi.

Əsgər Nicat Hüseynov üzü üstə çevrilib torpağı qucaqlayaraq can verdi. Kapitan Mübariz Babayev isə aldığı güllə yaralarından huşunu itirdiyindən şəhid kimi bilinsə də, sonradan özünə gəlmiş, sürünərək döyüş meydanından çıxa bilmişdi...

Baş leytenant İlham Dadaşov ətrafı diqqətlə müşahidə edib düşdükləri vəziyyətdən çıxış yolu aramağa çalışdı. Onlar qarşı, sağ və sol tərəflərdən atəşə tutulmuşdular. Qarşı tərəfdə düşmənin piyada qüvvələrindən əlavə iki tank da mövqe tutmuşdu, sağ və sol tərəflərində isə yalniz kiçik çaplı silahlardan güllələr yağdırılırdı. Hava işıqlansa da, çiskin və duman vaxtın təyin edilməsində çətinlik yaradırdı. Səmanı qara buludlar tutmuşdu, ara-sıra yağış səpir, ətrafı duman bürüyür, tez də çəkilib yox olurdu. Çarpaz atəş altında qaldıqlarını anlayan baş leytenant Dadaşov yalnız irəli sürünməyi əmr etdi. “Ən güclü müdafiə hücumdur” deyə düşünən komandir bu vəziyyətdə yalnız irəli, düşmənin üzərinə getməyi qərara almışdı. Və bu addımı atarkən qatı dumanın gəlməsindən istifadə etməyi düşünürdü. Bir qədər süründükdən sonra “Ardımca!” – deyə qəfil yerindən sıçrayıb ziqzaq şəklində irəli şütüdü.

Duman arasından fırtına kimi çıxan baş leytenant Dadaşovun komandiri olduğu iyirmi beş nəfərdən ibarət bölük açıq sahədə görünən kimi düşmənin pulemyot, avtomat, snayper atəşi ilə qarşı-qarşıya qaldı. Dərhal da yerə uzanıb müxtəlif istiqamətlərdə sürünərək özlərinə daldalanacaq aramağa başladılar. Kiçik çuxurlara, kol-kosların arxasına sığınıb görə bilmədikləri düşmənin mövqelərini cavab atəşinə tutdular. Bu an taborun arxada qalmış digər bölükləri də eyni istiqamətdə güllə yağdırmağa başladı.

Tağım komandiri baş leytenant Samiq Fərzəliyev özünü siyasi rəhbər və bölük komandirinin şəhid olduğu yerə yetirdi. Və nə siyasi rəhbərin, nə də bölük komandirinin fürsət tapıb atəş aça bildiyi qumbaraatanı yerdən qamarlayıb atəşə hazır vəziyyətə gətirdi. Gözünü uğrunda şəhid olduğu torpağın üzərindəcə qalmış şəhid komandirlərinin cəsədindən ayırmadan “Şərəfsizlər, sizin ananızı!” deyə bağıraraq düşmənin ünvanına söyüş yağdırdı. Qumbaraatanı elə ayaq üstəcə çiyninə qoyub düşmən tankını nişan aldı. Amma baş leytenant Dadaşovun bölüyünün düşmən səngəri üzərinə hücuma keçdiyini görüb tez hədəfi dəyişdi. Atəş açdı və tankın sağ tərəfindəki düşmən səngəri havaya sovruldu.

Baş leytenant Samiq Fərzəliyev baş leytenant Dadaşovun bölüyünün tanka yaxınlaşdığını və aralarındakı məsafə kiçildiyi üçün tankın üzərindəki mərmiatan və pulemyotun atəş trayektoriyasından çıxdığını, kiçik çaplı silahlarla silahlanmış səngərdəki piyadaların isə hədəfinə çevrildiyini nəzərə alib, səngəri nişan almışdı. Hərəkətdən və düşmənin ünvanına söyüş yağdırmaqdan qalmayan baş leytenant Fərzəliyev qumbaraatanın gözünə daha bir qumbara qoyub atəşə hazır vəziyyətə gətirdi. Yenə elə ayaq üstə düşmən səngərini yenidən nişan aldı. Və düşmən səngərinin daha aktiv digər bir hissəsi də havaya sovruldu.

Bu an düşmən pülemyotçusunun diqqətini cəlb edən baş leytenant Fərzəliyev qumbaraatanı təkrar doldurmağa fürsət tapmadı. Onun hərəkətlərini izləyən düşmən tankının pulemyotçusu atəş açdı. Baş leytenant Fərzəliyev sinəsindən və başından aldığı ardıcıl pulemyot güllələrindən səntirləyib üzü üstə torpağa düşdü. Baş leytenant Dadaşovun rəhbərlik etdiyi bölüyün əsgərləri yerlərindən sıçrayıb bir ağızdan “Allahu əkbər” deyərək irəli şığıdılar. Zəncir şəklində qaçaraq düşmənin iyirmi-iyirmi beş metr qarşıdakı tank üçün nəzərdə tutulmuş səngərinə atıldılar. Və mövqelənib baş leytenant Fərzəliyevin ardıcıl olaraq endirdiyi iki qumbaraatan zərbəsindən sonra səngərdən çıxıb geri çəkilməkdə olan düşmən yaraqlılarını atəşə tutdular...

Sol cinahdan hücuma kecən ikinci və üçüncü bölüyün əsgərləri də düşmənin həmin istiqamətdəki müqavimətini qırmış, dağıdılıb yerlə yeksan olmuş Merdinli kəndinin mərkəzində mövqelənərək geri çəkilməkdə olan düşmən qüvvələrinə atəş yağdırırdılar.

Günün nə vaxt batdığını heç kəs bilmədi. Əslində, Günəşin nə vaxt çıxdığını da heç kəs bilməmişdi. Yalnız hava işıqlandı və qaraldı. İşıqlı olduğu müddətdə də qara buludlar və mərmilərin qaldırdığı toz-duman, partlayışdan doğan alov və tüstü çiskin və yağışa bürünərək təbiətə qaramtıl-boz bir rəng qatmış, hüzünlü bir don geyindirmişdi. Hava qaralanda isə butün bunlar zülmət bir cadraya bürünüb işığı uddu və göz-gözü görməz oldu.

Baş leytenant Dadaşovun bölüyü düşməndən geri aldıqları tank üçün nəzərdə tutulmuş səngərdə səhərə qədər gözləmək məcburiyyətində qaldı. İki günün yorgunluğu öncə soyuğa və aclığa qalib gəldi və əsgərlər islanmış kürəklərini bir-birinə dayayıb tank üçün nəzərdə tutulmuş üstü örtülü, kənarları isə açıq sığınacaqda yuxuya getdilər. Amma çox kecmədi ki, susuzluq yuxularına haram qatdı. Heç kimdə artıq bir qurtum da su qalmamış, hətta ağırlıq etməsin deyə su qablarını da atmışdılar. Dəbilqələrini tank səngərinin kənarına düzüb, aramla yağan yağışla doldurmağa çalışdılar.

- Komandir, bizə tərəf gələn var! – Pusquda duran əsgər Əfsər Yarməmmədov çevrilib bir addımlığında silahını qucaqlayıb mürgü döyən baş leytenant Dadaşovun qulağına pıçıldadı.

Baş leytenant cəld yerindən sıçrayıb əsgərin göstərdiyi istiqamətə boylandı. Səhərin alatoranında qarşı - bir gün qabaq düşmənin geri çəkildiyi tərəfdən iki nəfərin onlara doğru addımladığını aydınca gördü. Əsgər Yarməmmədovun icazəsiz onları nişan aldığını görüb:

- Dayan! - deyə gözləmək əmri verdi. Çevrilib: - Şəxsi heyətin hamısı burdamı? - deyə xəbər aldı.

Komandirlə növbətçi əsgərin pıçıltı ilə danışdığını artıq hamı eşitmişdi. Dərhal da qalxıb döyüş mövqeyi tutmuşdular. Şəxsi heyəti sayıb dərhal da məruzə etdilər:

- Xeyir, komandir, iki nəfər yoxdur. Bizə sonradan qoşulan Pənah və İlham adlı iki nəfər yoxa çıxıb.

Komandir başını silkələyib şübhə ilə astadan pıçıldadı:

- Onlar özbaşına hara və niyə getməlidirlər!?

Əsgər Babək Cəfərov:

- Komandir, onlar bizə Füzuli batalyonundan ayrı düşdüklərini dedilər. Özlərini də çox şübhəli aparırdılar, - deyə məlumat verdi.

- Birinin başında da erməni papağı var idi, – qaranlıqda üzü görünməyən əsgər Elsevər Cəfərov da söhbətə qoşuldu.

- Bunu mən də görmüşdüm, - komandir səs gələn tərəfə boylandı: - Soruşdum, tapdığını dedi. Öz papağını itirdiyindən yağışda islanmasın deyə geyinmək məcburiyyətində qaldığını söylədi.

- Demək, belə çıxır ki, ya satqın, ya da erməni casusudurlar. Yoxsa qaranlıqda, xəbərsiz-ətərsiz niyə, hara yoxa çıxsınlar!? - Əsgər Babək Cəfərov yenidən müdaxilə etdi.

- Ola bilər, hər şey ola bilər. Yəqin ki, erməni papağını da erməniyə həm işarə vermək, həm də özünün təhlükəsizliyi üçün, erməni snayperi tərəfindən vurulmasın deyə geyinib, - komandir təəssüflə söyləndi: - Elə bu cür şərəfsizlərin, satqınların ucbatından torpaqlarımız otuz il işğal altında qaldı!.. - deyə qəzəbini bildirdi.

Gizləndikləri tank səngərinə qarşı irəliləməkdə olan iki nəfərdən xeyli arxada zəncir şəklində düzülərək onlara doğru hərəkət edən bir qrup erməni əsgəri göründü. Onların nə qədər arxayın addımlarla yerisələr də, silahlarını irəli tutub, ehtiyatı əldən vermədikləri alatoranlıqda aydınca hiss olunurdu.

Komandir silahını atəşə hazır vəziyyətə gətirdi:

- Hazır olun, uşaqlar! – deyə əsgərlərə tərəf çevrildi: - Ya şəhadət, ya qələbə!

Əsgər Əmrah Əkbərovun səbri çatmadı:

- Qarabağ Azərbaycandır! – deyə bağıraraq avtomatını sinəsinə sıxıb tətiyini çəkdi...

Ardı BURADA

Tarix
2021.10.02 / 08:30
Müəllif
Etibar Muradxanlı
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla