Yuxarı

Gizli döyüş: polkovnik yaralandı, leytenant isə...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

Polkovnik-leytenant meydanı, düşmənin mövqe tutduğu ərazini və özlərinin bu meydandakı mövqelərini diqqətlə izləyib hücumun növbəti mərhələsi üçün plan hazırlamağa çalışırdı. Düşməninsə gözləməyə səbri çatmadı. Ani səngimədən sonra ağır artilleriya və minaatanlarla yenidən dilə gəldi. Həmlə qrupunun nizamla düzülmüş avtomat və snayperlərdən düşmən səngərinə doğru ara-sıra uçurduğu güllələr susdu. Əsgərlər səngərlərin içərisində yerə çöküb vıyıltıyla başlarının üstündən uçan qəlpə və güllələrdən qorunmağa çalışdı.

Kəşfiyyat komandiri:

- Özünüzü qoruyun, əsgərlər! - deyə bağıraraq ətrafına boylandı: - Müşahidə etməklə döyüşü davam etdirin! – Başını səngərdən qaldırmadan tank əleyhinə vasitə olan SPK-9-u atəşə hazır vəziyyətə gətirməyi əmr etdi.

Düşmən mövqelərinin üzərinə eyni anda iki mərmi endirildi. Əks-artilleriya həmləsi ilə qarşılaşan düşmən dərhal minaatanların yerini dəyişdi. Amma uzaq məsafədən ağır silahlarla yağdırılan atəş səngimədi.

Polkovnik-leytenant səngərin içərisində çöməltmə oturub xəritəni qarşısında yerə sərdi. Şəhadət barmağını xəritənin üstündə gəzdirib düşmənin koordinatlarını təyin etməyə çalışdı. Eyni anda digər əlində tutduğu radionun düyməsini sıxaraq:

- Şahin, Qalxana cavab ver. Şahin! - deyə artilleriya divizionunun komandiri mayor Əşrəf Nəsibovu çağırdı.

Divizion komandiri cavab vermədi. Əlaqə kəsilmişdi. Polkovnik-leytenant yerini dəyişmək məcburiyyətində qaldı. Bir neçə dəfə yerini dəyişdirməklə, nəhayət ki, divizion komandiri ilə əlaqə yarada bildi. Dərhal da yerləşdikləri mövqenin koordinatlarını dəqiqliklə diktə etdi. Sözünü bitirər-bitirməz əlavə elədi:

- Diqqətlə qulaq as, Əşrəf, düşmən mövqeləri bizim durduğumuz yerdən düz 350 metr qarşıda yerləşir. Hədəfi dəqiq nişan alın. Yoxsa mərmiləri düşmənin yox, bizim üstümüzə yağdıra bilərsiz. Zatən üstümüzə gələn mərmilərdən başımızı belə qaldıra bilmirik!..

Əlaqəni kəsib düşmən tərəfə boylandı. Və düşmən mövqeyindən sıcrayıb üstünə şütüyən tank əleyhinə vasitə olan SPK-9-un mərmisi bəbəklərində böyüməyə başladı. Çevrilib üzü üstə səngərin içinə tullandı:

- Uzanın! - deyə var səsilə bağırdı.

“Uzanın” sözünün nidasını qoymamış mərmi başının üstündən üçüb bir-neçə metr arxadakı yamacda partladı. Partlayışdan doğan qəlpələr toz-torpağın içərisindən şütüyüb ətrafa sıçradı. Komandir ayağa qalxdı. Əlləri ilə qulaqlarını sıxaraq səntirləyib yenidən yerə çökdü. Eşitmir və aydın görmürdü. Dəbilqəsinin üst tərəfi yerindən qopub havaya uçmuşdu. Burnu yerindən qopmuş, sifətini deşən bir neçə qəlpə dərisini qoparmış, gözlərini qan tutmuşdu. Güllə keçirməyən gödəkçəsinin bir hissəsi qopub ciynindən sallanmış, bədəni saysız-hesabsız qəlpələrdən dəlik-deşik olmuşdu. Gözlərinin acısı ilə qulaq batıran, yeri-göyü lərzəyə salan ard-arda partlayışların qopardığı vahimənin içərisində onun üçün sükuta çevrilən ətrafa boylandı. Ölmüşdümü? Haqqında düşünmək belə istəmədiyi ölüm beləmi olur?

Göz qapaqlarını sıxıb əlini görmədiyi istiqamətdə irəli uzatdı:

- Mənə ratsiya verin!

Əsgərlər komandirdən bir neçə metr aralıda düşən radionu tapıb tez onun əlinə uzatdılar. Əsgərin uzatdığı radionun soyuq təmasını əlində duyunca ölmədiyini anladı. Döyüş yoldaşlarının yardım etməyə çalışdıqlarını duymadan, sorğularını eşitmədən xırıltılı səslə briqada komandirini çağırdı. Polkovnik Mövlanov dərhal cavab verdi.

- Yaralanmışam, cənab polkovnik, əmriniz nədir?

- Necə yaralanmısan, Saqi? Vəziyyətin necədir!?

- SPK-9-un qəlpələrindən yara almışam, cənab polkovnik. Vəziyyətim haqqında hələlik heç nə deyə bilmərəm!

- Olduğun yerdə qal, səni çıxarmaq üçün texnika ilə təxliyə qrupunu göndərirəm.

- Göndərməyin, cənab polkovnik, gəlib bura çıxa bilməzlər. Mərmi dolu kimi başımıza yağır. Özüm birtəhər çıxmağa çalışacam!

- Taqım və bölük komandirlərini təlimatlandır, sən olmadığın müddətdə döyüşü idarə edə, qrupu irəli apara bilsinlər. Tez-tez mənimlə əlaqə saxlasınlar. Özünsə ehtiyatlı və diqqətli ol. Mən səni tanıyıram, komandir, yaxşı tanıyıram, sən bu çətinliyi də keçib sağ-salamat yanımıza gələcəksən, gələcəksən!.. - Radioda komandirin səsinin tonunun dəyişildiyi, həmişə əmr, göstəriş verməyə öyrəşən polkovnikin indi xahiş etdiyi, yalvardığı aydınca hiss olundu: - Gəlməlisən!.. - Briqada komandiri bir daha təkrar etdi: - Gəlməlisən!.. Səni burdan izləyirəm, lazım olan anda dərhal kömək göndərəcəm. - Tələsik də əlavə etdi: - Özünüz keçib getdiyiniz yol üzrə arxadakı ən yaxın səngərə doğru hərəkətə başla. Özüm də ora gələcəm. Son dərəcə ehtiyatlı ol, son dərəcə, özünü qoru. Allah amanında! - əlaqə kəsildi.

Polkovnik-leytenant ətrafında ona yardım etməyə çalışan əsgərlərə dərhal zabit heyətini yanına çağırmağı əmr etdi. Onlar gələnə qədər özü ilə gəzdirdiyi su qabını çıxarıb yüngülcə sifətini yaxaladı. Gözlərinə dolmuş qanı, toz-torpağı təmizlədi.

– Bir neçə dəqiqədən sonra artilleriyaçılarımız verdiyim koordinatlar üzrə düşmənə zərbə endirməyə başlayacaq. Sonra düşmənin işğal etdiyi əraziləri azad etmək üçün qrupu daha irəli aparacaqsınız. Bugünlük hədəf düşmənin axşam boyu daşınıb möhkəmləndiyi səngərdir. Gördüyünüz kimi, səngərin arxa tərəfində düşmən iriçaplı silahlar yerləşdirib, dayanmadan üzərimizə mərmi yağdırır. İndiki halda irəliləmək ölümə bərabərdir. Tədbirli hərəkət etmək, ərazini diqqətlə müşahidə edib, taktikanı müəyyənləşdirmək lazımdır. Ən vacibi, uşaqların təhlükəsizliyini nəzərə alaraq, hücumu planlaşdırın. Şəhidsiz mümkün deyil, başa düşürük, amma şəhidlərimizin sayını minimuma endirməyə çalışın. Tez-tez kombriqlə əlaqə saxlayın, cənab polkovnik bütün məlumatlardan xəbərdar olmalıdır. - Avtomatına dayaqlanıb ayağa qalxdı: - Çox təəssüf ki, bu yara ilə sizinlə döyüşü sona qədər davam etdirə bilməyəcəm. Sizi Allaha tapşırıram. Özünüzü qoruyun! Allah amanında!

Kəşfiyyat rəisi zabitləri təlimatlandırınca xeyli arxada yerləşdirilmiş Azərbaycan artilleriyaçıları düşmən mövqelərini ardıcıl atəşə tutmağa başladı.

- Haqqınızı halal edin, uşaqlar! - deyə polkovnik-leytenant Babayev heç kimin köməyi olmadan arxa səngərə doğru hərəkətə başladı.

Başının üstündən aramsız uçan, düşmən səngərinin altını üstünə çevirən artilleriyaçılarımızın qopardığı tufanı duymurmuş kimi avtomatına dayaqlanaraq gəldikləri yolla ləng addımlarla geriyə qayıdırdı. Artıq arxa səngərə gələn, onu binoklla izləyən polkovnik Mövlanov kəşfiyyat rəisini qarşılamaq üçün bir neçə əsgərə göstəriş verdi.

Kəşfiyyat rəisi uzun və üzücü yolu çətinliklə keçib özünü bir gün qabaq düşməni qovub çıxardıqları arxa səngərə çatdıranda polkovnik Mövlanovla bərabər təxliyə qrupu və yaralıya ilkin yardım etmək üçün həkim heyəti hazır dayanmışdı. Polkovnik-leytenant həkimin köməyi ilə sanitar maşınına uzandırıldı. Sanki üç kilometr məsafəni qanı axa-axa, otura-dura, çətinliklə keçib gələn kəşfiyyat rəisinin gücü bura, döyüş yoldaşlarının himayəsinə çatana qədərmiş. Saqi Babayevə ilkin yardımı həkim o artıq huşunu itirdikdən sonra edə bildi.

Bu zaman mayor Əşrəf Nəsibovun komandiri olduğu artilleriya divizionu tapşırığı yerinə yetirmiş, motoatıcı briqada hərəkətə keçmişdi. Düşmənsə qarşıdakı səngərin arxasına topladıqları minaatanlarla deyil, uzaqvuran toplar və artilleriya qurğuları ilə hücumun qarşısını almağa çalışır, motoatıcı briqadanın piyadaları ilə bərabər hücuma dəstək verən Azərbaycan artilleriyaçılarını da hədəfə alırdı. Qarşıdakı səngərin arxasına topladıqları minaatanlarsa artıq məhv edilmiş, motoatıcıların irəliyə yolları qismən açılmışdı...

Artilleriya divizionunun hədəfə alındığını görən briqada komandiri divizionun yerdəyişmə etməsi haqqında əmr verdi. Divizion qarşısında atəşi dayandırmadan, düşmənin diqqətini üzərlərində saxlamaqla yerdəyişmə etmək kimi çox vacib və riskli bir tapşırıq qoyulmuşdu. Bu, motoatıcı bölmələrin manevrlərini dəstəkləməklə hücumunu sürətləndirmək, düşmən artilleriyasını azdırmaq və yerdəyişmə prosesində yeni mövqedən dərhal atəşi davam etdirərək düşməndə iki cəbhədən artilleriya hücumu qarşısında qaldıqları haqqında rəy yaratmaq məqsədi daşıyırdı.

Divizion dərhal hərəkətə başladı. Daşına bilən artilleriya qurğularından yalnız iki ədədi əvvəlki mövqedə qalıb atəşi davam etdirərkən digərləri yeni mövqeyə daşındı. Elə birinci minaatan daşındığı yerdə quraşdırılan kimi atəşə qoşuldu. Bu zaman artıq səkkiz kilometrdən uzaq məsafəni vura bilən artilleriya qurğularımız da dislokasiya tapşırığını yerinə yetirib atəşə hazır vəziyyətə gətirilmişdi. İlk mərmi uzaq məsafədən hücumun qarşısını almağa çalışan düşmən mövqesini havaya uçurdu. Ardınca ard-arda endirilən artilleriya zərbələri düşmən mövqeyini tamamilə susdurdu. Piyada qoşunları düşmənin yerlə yeksan olunmuş səngərinə, meyitləri üst-üstə qalaqlanmış, minaatan batareyası məhv olmuş mövqeyinə daxil oldu. Briqada komandiri isə dayanmamağı, mövqelənib müşahidə apardıqdan, ətrafı dəqiqliklə öyrəndikdən sonra hücumu davam etdirməyi əmr etdi.

Düşmənin geri çəkilərkən arxada, əks-həmlə ordusunun addımbaaddım keçəcəyi yolda qurduğu pusqu isə hələ “gizli döyüşü” davam etdirirdi...

Döyüş toplarının batareya komandiri baş leytenant Fərhad Müslümov ərazini öyrənmək məqsədi ilə ətrafı gəzərkən yerləşdikləri mövqedən təxminən altmış metr qarşıda dörd Azərbaycan tankının tüstüləndiyini müşahidə etdi. Onlardan üçü qüllə hissəsindən alovlanmağa başladığından artilleriya qurğuları ilə vurulduğu, birinin isə tırtılları qırıldığından və alt tərəfindən alovlanmağa başladığından tank əleyhinə minaya düşdüyü ehtimal edilirdi.

Fərhad Müslümov tankların içərisində yaralı əsgərlərin ola biləcəyini söyləyib onları da yoxlamağı məsləhət gördü. Və beş nəfərdən ibarət qrupla tankın açdığı cığırla həmin tanklara doğru irəliləməyə başladı. Tankların ekipajları zirehli maşınları tərk etmişdilər. Ətrafda da nə şəhid, nə də yaralı diqqəti cəlb etdi. Görünür, tankların heyətləri də piyadalara qoşulub hücumu davam etdirmişdilər.

Ətraf öyrənildikdən sonra baş leytenant Fərhad Müslümov dərhal topların yanına qayıtmağı əmr etdi. Briqada komandirinin əmri ilə həmləni davam etdirməli, növbəti yerdəyişməyə hazır olmalı idilər.

Düşmən artilleriyası isə qısa fasilədən sonra yenidən guruldamağa başlamışdı. Taqım komandiri tələsir, düşmənə vaxtında cavab vermək üçün özünü artilleriya qurğularının yerləşdiyi əraziyə çatdırmağa çalışırdı. Piyadaların və zirehli texnikanın keçib irəliyə getdiyi ərazıdə hərəkət etdiyindən özünü təhlükəsiz hiss edir, tələsdiyindən mina ehtimalını ağlına belə gətirmirdi.

Birdən ayağının boşluğa düşdüyünü, ardınca isə ayağının altında partlayan piyada əleyhinə minanın onu havaya qaldırdığını hiss etdi. Yerə düşərkən artıq huşunu itirmişdi. Top komandiri gizir Elçin İsmayılov cəld komandirinə doğru götürüldü. Amma düşmənin sürpriz minalarını xatırlayıb tez də dayandı. Dərhal rəhbərliklə əlaqə saxlayıb batareya komandirinin minaya düşməsi haqqında məruzə etdi.

Gizir İsmayılova tezliklə istehkamçı və təxliyə qrupu göndərəcəklərini bildirib, baş leytenanta yaxınlaşmayıb gözləməyi məsləhət gördülər. İsmayılovunsa istehkamçı və təxliyə qrupunu gözləməyə hövsələsi çatmadı. Döyüş yoldaşının gözlərinin qarşısında köməksiz vəziyyətdə can verməsinə razı ola bilmədi. Minanın havaya qaldırdığı toz-torpaq yerə çökən kimi asta-asta taqım komandirinə tərəf addımladı. Bir neçə addımlığında dayanıb müşahidə aparmağa başladı. Baş leytenant Fərhad Müslümov inildəyib gözlərini açdı. Ağrı hiss etmirdi. Sanki yerdə uzanıb qalan onun cismi deyildi. Azacıq dikəlib cisminə baxdı. Heç nə görə bilmədi. Uzanıb nə baş verdiyini xatırlamağa çalışdı. Düşmənin atdığı artilleriya mərmiləri xeyli qarşıda partlasa da, səsi gəlib Müslümovun minaya düşdüyü yerə çatırdı. Baş leytenant Müslümovsa heç bir səs eşidə bilmirdi.

Bir neçə addımlığında dayanıb ətrafı müşahidə etməklə ona yaxınlaşmağa çalışan gizir İsmayılov döyüş yoldaşının ətrafında şübhəli çuxurlar və telləri görmüşdü. Asta səslə batareya komandirini çağırır, baş leytenantın sağ olub-olmadığını öyrənmək istəyirdi. Bir neçə saniyədən sonra Müslümovun kiprikləri çırpınıb yenidən aralandı. Bulanıq şəkildə döyüş yoldaşının bir neçə addım qabaqda dayanıb ona baxdığını gördü. Azacıq dikəlib yenidən bədəninə boylandı. Sol ayağı yerində deyildi, sağ ayağını isə qəlpələr parçalamışdı, qanı dayanmadan axırdı.

– Gəl məni burdan çıxar! - deyə xırıltılı səslə döyüş yoldaşına səsləndi. Öz səsini eşitməsə də, gizir İsmayılovun: - Səbir et, ətrafında sürpriz minalar var. İstehkamçını çağırmışıq, qoy gəlib ətrafını təmizləsin, sonra çıxaracağıq, - dediyini zəif şəkildə eşitdi: – Amma yerindən tərpənmə. O biri minalara toxuna bilərsən. Bir az dişini sıx.

Komandirinin ölmədiyinə əmin olan gizir İsmayılov huşunu itirməsin deyə onu söhbətə tutmağa çalışdı:

- Döz, qardaşım, bir az da döz!

Müslümov döyüş yoldaşının son sözlərini eşitmədi. Artıq sağ ayağının sanki od tutub yandığını, dizindən aşağı sol ayağının qopduğu yerdənsə dəhşətli bir ağrının baş qaldırdığını hiss etməyə başlamışdı. Qan onu aparır, gözləri getdikcə öləziyirdi. İstehkamçının gecikdiyini, komandirininsə qanitirmədən ölə biləcəyini düşünən gizir İsmayılov ehtiyatla ona yaxınlaşdı. Çətinliklə qolları arasına alıb ayağa qalxdı. Ayağını öz izinə basmaqla asta addımlarla arxa tərəfə yeriməyə başladı. Baş leytenant Müslümov huşunu itirdiyindən döyüş yoldaşının onu qucağına alarkən əlinin parçalanmış sümüyünün arasına keçdiyini hiss edə bilmədi.

Gizir İsmayılov komandirini ayağının altında daha bir mərminin partlaması qorxusu ilə deyil, ruhunu, yaralanmış cismini incidə biləcəyi həyəcanı ilə ehtiyatla onu topların maşınların arxa tərəfinə bağlanıldığı yerə gətirdi. Artıq istehkamçı, həkim və təxliyə qrupu özlərini hadisə yerinə çatdırmışdılar. Gizir İsmayılov yaralını UAZ markalı tibb maşınına yerləşdirən kimi həkim ilkin yardımı göstərməyə başladı. Dərhal da çevrilib tibbi yardım maşınının açıq qalmış arxa qapısından gözlərini intizar içərisində ona zilləmiş baş leytenantın döyüş yoldaşlarına boylandı:

- Arxayın olun, uşaqlar, sağalacaq komandiriniz!

Döyüş yoldaşları baş leytenant Müslümovun hərəkətsiz bədəni, solmuş siması və yumulu gözləri ilə ümid və həsrət dolu baxışlarla vidalaşıb tibbi yardım maşınını gəldikləri yolla geriyə yola saldılar. Getdikcə sürətini artıran sanitar maşını gözdən itənə qədər yerlərindən ayrılmayıb onu müşahidə etdilər.

Qarşıda partlayan mina onları fikirdən ayırdı. Düşmənin uzaq məsafəni vuran toplarının mərmiləri onların durduğu yerə gəlib çata bilmirdi. Bu o demək idi ki, düşmən artilleriyası onlardan xeyli uzaqda mövqe tutmuşdu və onların da atacağı mərmilər düşmən mövqelərini məhv etmək imkanına malik deyildi.

Yerdəyişmə tapşırığını yerinə yetirmək üçün dərhal hərəkətə keçdilər. Maşınlara əyləşib verilmiş koordinatlar üzrə hərəkətə başladılar. Yerdəyişmə tapşırığını adətən gecə qaranlığında həyata keçirməyə öyrəşmiş topçular artıq xeyli irəliləmiş piyada qoşunlarının əks-hücum əməliyyatına dəstək vermək üçün qaranlığın düşməsini gözləyə bilməzdilər...

***

Qarşıdakı təpələrdə düşmənin qovulmuş 41-ci artilleriya alayının qalıqlarının mövcudluğu haqqında məlumat daxil oldu. Düşmən hələ də həmin təpəliklərdən əks-həmlə qüvvələrinin hərəkətini izləyir, fürsət tapan kimi ağır artilleriya qurğuları ilə zərbə vurmaqla irəliləmələrinə mane olmağa çalışırdı.

İlk mərmi ön sırada döyüş topu daşıyan maşından bir neçə metr qarşıya düşdü. Maşın yoldan çıxıb hərəkətdən qaldı. Baş leytenant Fərhad Müslümov yaralanıb döyüşdən çıxdıqdan sonra müvəqqəti olaraq onun vəzifəsini icra edən gizir Elçin İsmayılov kabinədən sıçrayıb:

- Sağ tərəfə, döyüşə! – deyə bağıraraq səxsi heyətin maşınları tərk edib müdafiə olunmalarını əmr etdi.

Şəxsi heyət maşınların banından tullanmağa macal tapmamış ikinci mərmi digər bir maşının önündə partladı və maşını yolundan çıxarıb xeyli kənara aşırdı. Alov maşının motorxanasını bürüyüncə əsgərlər sıçrayıb yerə düşdülər, yaralıları sürüyə-sürüyə kənara çəkildilər. Ətraflarında ard-arda partlayan mərmilərin qaldırdığı toz dumanı, alovlanmış maşınlardan qalxan tüstü döyüş topları batareyasını tamamilə cənginə aldı. Döyüş topları daşıyan maşınlardan üçü tamamilə sıradan çıxsa da, burularaq havaya qalxan tüstü bir-birlərindən xeyli məsafədə aralı yoldan çıxaraq hərəkətdən qalmış digər maşınları arxasında gizlədi.

Düşmən isə eyni istiqamətdə dayanmadan mərmilər yağdırır, əsgərlərə göz açmağa macal vermirdi. Sürünərək xeyli kənara çəkilmiş əsgərlər avtomatlarını düşmənin uzaqdan təyin etdikləri atəş nöqtələrinə tuşladılar, amma atəş açmağa tələsmədilər. Düşmən təxminən min-min iki yüz metr məsafədən onları mərmi atəşinə tutmuşdu.

Gizir Elçin İsmayılov briqada komandiri ilə əlaqə saxlamağa çalışdı. Amma radioda xışıltıdan başqa heç bir səs eşitmədi. Eyni anda əsgərlərdən bir neçəsi bağıraraq yaralandıqlarını, köməyə ehtiyacı olduqlarını söylədilər.

Komandir pusqudan salamat çıxmış əsgərlərə yaralıları təhlükəsiz yerə daşımalarını əmr edib, özü isə yenidən briqada komandiri ilə əlaqə saxlamağa çalışdı. Elə bu an başının üstündə Azərbaycan Silahlı Qüvvələrinə məxsus dronların gurultusunu eşitdi. Arxası üstə torpağa uzanıb dərindən nəfəs aldı. Bir an keçmədi ki, arxa mövqedəki artilleriya qurğuları da dronların həmləsinə qoşuldu. Düşmən mövqeləri istiqamətdə uçuşan mərmilərin gurultusu qulaqlarını batırsa da, sinəsində sıxdığı radiodan xırıltı ilə gələn briqada komandirinin səsini eşidə bildi. Briqada komandiri şəhid və yaralıların sayını soruşur, vəziyyətləri ilə maraqlanırdı.

Gizir Elçin İsmayılov yaralıların daşındığı çuxura sürünüb vəziyyətlə maraqlandı. Dərhal da yeddi nəfərin yaralandığını, şəhidin olmadığını məruzə etdi. Briqada komandiri yaralılara ilkin yardım göstərməyi tapşırıb təxliyə qrupu və həkim gələnə qədər yerlərindən tərpənməməyi əmr etdi...

Ardı BURADA

Tarix
2021.09.24 / 08:30
Müəllif
Etibar Muradxanlı
Digər xəbərlər

Sərnişinlər azərbaycanca salamlandı, qalmaqal yarandı

Ermənilər yalnız bu halda Qarabağa qayıda bilər - Xaçatryan

BTQ-dən Niderlanda cavab: Assimilyasiya siyasəti...

Erməni hərbçilər Azərbaycanla sərhədə göndərilir - Video

Paşinyan Bakıdan bunu istəmir, 3 ölkə isə əl çəkmir

Conson Lavrovdan yazdı: Yarıerməni, yalançı, "Ser Gey"…

Bakı heç kimə baş əymir, Tiflis də... - Mamaladze

Moskva Bakının bu töhfəsini heç vaxt unutmayacaq

MM-dən Niderlanda etiraz: Açıq hörmətsizlikdir!

Paşinyanın hərbi əsirlərlə bağlı gülünc iddiası... - XİN

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla