Ana səhifə Kult Ədəbiyyat |
Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).
Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.
Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.
Əvvəli BURADA
Kəşfiyyat qrupunun ələ keçirdiyi eşelon dayanmadan atəşə tutulur, eşelonun qarşı və arxa tərəflərinə aramsız olaraq mərmi endirilirdi. Başlarının üstündən vıyıldayan qəlpələr, mərmilərin sovurduğu torpağın, daş-kəsəyin üstlərinə dayanmadan yağması əsgərlərin hərəkətini çətinləşdirir, verdikləri şəhidlər, ətraflarında zarıyan yaralılar isə tələsdirir, ləngimədən çalışmaq, heç olmasa yaralıları ölümdən qurtarmaq üçün əllərindən gələni etməyə məcbur edirdi.
Kəşfiyyat qrupu iki hissəyə bölünərək müxtəlif istiqamətlərə ayrılan səngərin içərisini dəqiqliklə yoxladı. Səngərdən kənar, açıq sahədə piyada əleyhinə quraşdırılmış partlayıcı qurğuların təmizlənməsi üçünsə alətlərdən istifadə olundu...
Saat 07:30-da başlayan əks-həmlə əməliyyatı saat 11:00-da tapşırığın tam yerinə yetirilməsi ilə başa çatdı. Azad olunmuş ərazilərin bütün gecə boyu düşmən tərəfindən dayanmadan artilleriya atəşinə tutulmasına baxmayaraq, piyada qoşunları hissə-hissə irəliləyərək mövqeyə yerləşdirildi.
Günəş ətrafı işıqlandırmağa macal tapmamış motoatıcı briqadanın əks-həmlə qrupu növbəti tapşırığı həyata keçirmək üçün artıq əmr gözləyirdi. Kəşfiyyat rəisi piyada qoşunlarının hərəkəti üçün bütün tədbirlərin görüldüyü haqqında briqada komandirinə məlumat vermək istərkən rabitəçi tələsik yaxınlaşıb, kombriqın xəttdə olduğunu və özünün onunla danışmaq istədiyini söylədi. Briqada komandiri məruzəni dinləmədən tapşırıq verdi:
- Hazırda yerləşdiyiniz ərazıdən iki yüz-üç yüz metr qarşı sağ tərəfdə düşmənin idarəetmə məntəqəsi yerləşir. Orada düşmənin canlı qüvvəsinin mövcudluğu və sizin tutduğunuz mövqeyə doğru hərəkətə keçməyə hazırlaşması ehtimalı var. Oranı yoxlayın!
Briqada komandiri gecəykən hərbi hissənin Qərargah rəisi polkovnik-leytenant Fariz Rüstəmov, müavini polkovnik-leytenant Teyfur Rüstəmov, ideoloji iş və mənəvi-siyasi məsələlər üzrə müavini mayor Valeh Mustafayevlə birlikdə manevrlə irəliləyərək Nuzgar kəndinin qarşısındakı təpədə idarəetmə məntəqəsi yaratmış və bununla da döyüş meydanını, düşmənin mövqelərini daha yaxın məsafədən müşahidə etmək, daha dəqiq və operativ qərarlar vermək imkanı qazanmışdı. Briqada komandiri və müavinlərinin idarəetmə məntəqəsi yaratdığı ərazi düşməndən bir gün qabaq azad edilmiş və əks-həmlə qrupunun yerləşdiyi birinci eşelondan təxminən bir kilometr qarşıda idi. Hazırda briqada komandirinin yoxlanılması haqqında tapşırıq verdiyi düşmənin idarəetmə məntəqəsi isə onlardan təxminən altı, yeddi yüz metr arxada, hücuma hazırlaşan həmlə qrupundan isə iki, üç yüz metr qarşıda yerləşirdi...
Kəşfiyyat rəisi kombriqin tapşırığı üzrə dərhal qrup yaradaraq düşmənin artıq susdurulmuş, amma hələ də canlı qüvvəsinin mövcudluğu ehtimal olunan idarəetmə məntəqəsinə doğru hərəkətə başladı. Bu məntəqədə düşmən əsgərlərinin hələ də məhv edilməməsi növbəti həmlə üçün ciddi təhlükə ola bilərdi. Mühəndis maneələrin dəf edilməsi üçün nəzərdə tutulan alətdən istifadə etməklə həmin məntəqə ilə həmlə qrupu arasındakı məsafə təmizləndi. Və qısa bir zamanda kəşfiyyat qrupu məntəqəyə sıza bildi. Dərhal da “aram-taram” işlərinə başlanıldı.
Məntəqədə görünmədən xidmət aparmaq üçün hər cür şərait yaradılmışdı. Qarşı tərəfi izləmək və məlumat ötürmək üçün müasir texnika ilə təchiz olunmuşdu; döyüşmək, hücumun qarşısını almaq və əks-zərbələr endirmək üçün müxtəlif çaplı silahlar yerləşdirilmiş məntəqədə hətta uzun müddətə kifayət edəcək qədər silah-sursat və ərzaq təminatı vardı.
Məntəqədə düşmənin canlı qüvvəsi tapılmadı. Azərbaycan ordusu həmlə edən zaman düşmən məntəqəni tərk edərək qaçmış, məhv edilmiş döyüş yoldaşlarını isə özləri ilə aparmağa macal tapmamışdı. Polkovnik-leytenant Babayev məntəqəni tam yoxlayıb, hər hansı bir təhlükənin qalmadığına əmin olduqdan sonra briqada komandirinə məruzə etdi. Dərhal da piyada qoşunlarından ibarət bir tağımın məntəqəyə yerləşdirilməsi haqqında göstəriş verdi.
Hələ məntəqəni tərk etməmişdi ki, polkovnik Nizami Mövlanovun amiranə səsi yenidən radioda eşidildi:
- Nuzgar tərəfdən üzərimizə dörd düşmən tankı irəliləməkdədir. Daha dəqiqi, Nuzgarın sağ yolundan. Məqsədləri arxamıza keçməklə yolumuzu qapatmqadır. Artilleriya ilə əlaqə saxla!
Düşmən, görünür, briqada komandirinin hərəkətlərini izləmişdi, kombriqi, yüksək rütbəli Azərbaycan zabitlərini və idarəetmə məntəqəsini sıradan çıxarmaqla döyüşdə üstünlük əldə etməyə, nəticələrini öz xeyrinə dəyişməyə can atırdı. Polkovnik-leytenant Babayev dərhal artilleriya divizionunun komandiri mayor Əşrəf Nəsibovla əlaqə saxlayıb, koordinatları diktə etdi. Öndə hərəkət edən düşmən tankı ilk artilleriya zərbəsi ilə alovlandı. Digərləri əvvəlcə dayanıb geri süründülər, sonra tələm-tələsik çevrilib arxa istiqamətdə sürət götürdülər.
Dayanmadan mərmi yağdıran düşmən artilleriyası da istiqaməti atəş nöqtəsinə yönəltməklə tanklarını qorumağa çalışdı. Bir an keçmədi ki, geri dönən düşmən tankları artilleriya mərmilərinin qaldırdığı toz-duman, yanan texnika və digər qurğuların ətrafı bürüyən tüstüsünün arxasında görünməz oldu.
Döyüş meydanını və əks-həmlə əməliyyatlarını binoklla müşahidə edən briqada komandirinin səsi yeni tapşırıqla radioda eşidildi:
- Orta cinah istiqamətində hücuma hazırlaşın! Biz bu mövqeni qısa bir zamanda tutmalıyıq!
Aypara şəklində əks-hücuma keçən Azərbaycan Ordusu sağ və sol cinahlardan xeyli irəliləmiş, düşməni geri çəkilməyə məcbur etmişdi. Sağ cinahda 218 saylı hərbi hissənin bir neçə tağımdan ibarət döyüşçüləri, sol cinahda isə 702 saylı hərbi hissənin digər həmlə qrupu mövqelərini möhkəmləndirib, növbəti həmlə üçün əmr gözləyirdi. Kəşfiyyat rəisi mərkəz haqqında artıq kifayət qədər məlumat əldə edə bilmişdi. Düşmən mərkəz istiqamətdə daha çox texnika və canlı qüvvə toplamış, istehkamlar qurmuş, saysız-hesabsız maneələr quraşdırmışdı. Düşmənin iki tikilidən ibarət komanda məntəqələri də mərkəzdə yerləşdirilmişdi. Komanda məntəqələrinə paralel, amma onlardan təxminən əlli metr aralıda isə minaatanlara məxsus batareya mövqe tutmuşdu.
Polkovnik-leytenant Babayev briqada komandirinin əmri üzrə yubanmadan kəşfiyyat qrupu ilə hərəkətə başladı. Kəşfiyyatçılar sürünüb birinci komanda məntəqəsinə müqavimətsiz daxil oldular. Arama işləri bir-neçə dəqiqə çəkdi. “Təmizdir” - deyə kəşfiyyat rəisinə məruzə edildi. Dərhal birincidən çox da uzaq olmayan ikinci tikili istiqamətində hərəkətə başladılar. İkinci tikiliyə on-on beş metr məsafə qalmış qəfil atəşə tutuldular. Qrup yerə uzanıb atəş nöqtəsini müəyyən etməyə çalışdı. İkinci tikilidən təxminən əlli metr aralıda yerləşən minaatan batareyada mövqelənmiş düşmən pulemyotçusu ardıcıl olaraq üzərlərinə güllə yağdırırdı.
Kəşfiyyatçılar növbə ilə atəş nöqtəsinə həmlə etməklə bir-birlərindən xeyli aralandılar. Qrup rəhbəri iki döyüşçüyə ikinci tikilini nəzarətdə saxlamağı, digərlərinə isə sürünərək irəliləməyi əmr etdi. Özü isə anidən qalxıb dizi üstə çökərək daha bir döyüşçü ilə minaatanlara məxsus batareyada mövqelənmiş düşmən pulemyotçusunu ardıcıl avtomat atəşinə tutdu. Pulemyotçu ani susdu, amma ardınca dərhal da sağ və sol tərəflərində mövqelənmiş avtomatçılarla birgə atəşə başladı. Kəşfiyyatçılar sürünərək özlərini ikinci tikiliyə çatdıra bildilər. Dərhal da əlləri ilə işarə edərək ikinci tikilinin də “təmiz” olması haqqında məlumat verdilər.
Mövqelənib düşmən pulemyotçusu və ətrafındakı atıcıları ardıcıl atəşə tutmaqla komandir və digər yoldaşlarının da yanlarına gəlmələri üçün şərait yaratdılar. Bir neçə dəqiqədən sonra isə artıq kəşfiyyat qrupunun hamısı özlərini ikinci tikiliyə çatdıra bildi.
Düşmən pulemyotçusu susmaq bilmirdi. Komandirin əmri ilə düşmən pulemyotçusunun tutduğu mövqe eyni anda müxtəlif istiqamətlərdən atəşə tutuldu. Avtomat güllələrinin pulemyotçu və ətrafındakı düşmən əsgərlərinin diqqətini cəlb etdiyini görən kimi sağ və sol tərəflərdən iki döyüşçü irəli sürünməyə başladı. Düşmən pulemyotçusunun atəş nöqtəsinin təxminən on-on beş metrliyinə qədər sürünüb bir-birinə baxaraq işarə gözlədilər. Və qəfil yerlərindən sıçrayıb iki əl qumbarasını eyni anda tikiliyə tulladılar. Düşmən susdu. Düşmənlə kəşfiyyat qrupu arasındakı məsafə toz dumandan görünməz oldu. Bundan istifadə edən kəşfiyyat qrupu cəld yerindən sıçrayaraq özlərini düşmən minbatının mövqeləndiyi böyük bir hissəsi yerin altında olan tikilinin içərisinə atdı.
Tikilinin içərisində partlayan qumbaranın təsirindən hələ özünə gələ bilməyən düşmənin sağ qalan əsgərlərinin bir neçəsi avtomatlarından istifadə etməyə macal tapmadı. Kəşfiyyat qrupunun ardıcıl və eyni anda atəşi nəticəsində məhv edildi. Bir neçə düşmən əsgəri arxadakı mövqelərilə əlaqələndirilən səngərin içərisində geri çəkilməyə başladı. Dolanbac səngərlə aradan çıxmağa çalışan düşmən daraqlarında olan bütün güllələri dayanmadan həmlə qrupu istiqamətində boşaltdı. Polkovnik-leytenant Babayev vıyıltıyıa dəbilqəsini dəlib keçən və beynində gurlayan qəfil bir zərbənin təsirindən səngərin divarına çırpıldı. Amma özünü itirmədi, ani görünüb tez də gözdən itən düşmən əsgərinin ardınca irəli sıçradı. Tez-tez dönüb arxaya baxmaqla səngərin dərinliklərinə qaçan düşmən əsgərini başından nişan aldı. Və işğalçı ordunun canını qurtarmağa can atan əsgəri növbəti dolanbacı adlamağa macal tapmadı. Boynunun ardından aldığı avtomat gülləsi zərblə onu üzüstə torpağa çırpdı.
Aradan çıxmağa macal tapmış bir neçə düşmən əsgəri isə səngərdən çıxaraq arxaya çəkilmişdi, bir xeyli arxada mövqelənərək itirdikləri tikilini atəşə tuturdular.
Təxminən üç yüz metr dərinlikdə isə düşmənin daha bir səngəri görünür və orada mövqelənən düşmən, artilleriyanin ardıcıl müşayiəti ilə geri cəkilməkdə olan döyüş yoldaşlarına dəstək verirdi...
Kəşfiyyat qrupu mövqedə möhkəmlənincə, polkovnik-leytenant Babayev başından aldığı zərbəni xatırladı. Dəbilqəni çıxarıb əlini başına çəkdi. Güllə dəbilqəni deşməklə başının sol tərəfindən sivişib keçmiş, xoşbəxtlikdən başına xətər yetirməmişdi...
Axşam çiskinlə bərabər gəldi. Qaranlıq duman kimi qəfil çökdü və özü ilə bərabər gətirdiyi sərin meh çox keçmədi ki, qatı dumanı qovub qarşıdakı dağlara doğru apardı. Yağış səpdi və tez də dayandı. Buludlu səmada pərən-pərən düşmüş ulduzlar müxtəlif istiqamətlərdən parlayaraq qatı zülmətin bağrını yardı. Amma şüası özlərindən bir addım da qabağa gedə bilmədi. Utanırmışlar kimi tez də çəkilib ulduzların arxasında yox oldular. Qaranlığın vahiməsi təbiətin səsini batırdı və tam sakitlik çökdü.
Qaranlıqdan və sükutdan xoflanan düşmən boşluğu atəşə tutdu. Düşmən səngərindən qalxan qırmızı fişəngin işığı həmlə qrupunun üzərini azacıq işıqlandıraraq yox oldu. Gündüz işığında artıq yeri müəyyən edilmiş düşmən eyni məkandan daha bir fişəng atmaqla meydanı nəzarətdə saxlamağa çalışdı. Həmlə qrupunun geri qovduğu işğalçı ordunun aradan çıxmağa macal tapmış əsgərlərinin də toplaşdığı səngərdən daha bir neçə fişəng havaya uçdu. Və meydan yaylımvarı atılan fişənglərin işığından qırmızı rəngdə aydın göründü.
Düşmən Azərbaycan Ordusunun yenidən hücuma keçəcəyindən qorxur və havaya tez-tez fişəng buraxmaqla meydanı nəzarətdə saxlamağa çalışırdı. Həmlə qrupu isə həmin axşam yenidən hücuma keçmək niyyətində deyildi.
Əsgərlər tutduqları tikilidən çıxıb on-on beş metr irəli süründü. Bütün gecəni yatmayıb səhərə qədər səngərlər qazaraq müdafiəni möhkəmləndirdi. Təxminən iki yüz əlli – üç yüz metr uzunluğunda ön sırada zəncirvari şəkildə qazılmış səngərlərdə mövqelənib növbəti hücum üçün hazır dayandı.
Düşmən də əks-həmlə etmək üçün bütün gecəni yatmadı. Azərbaycan Ordusundan təxminən üç yüz metr irəlidə mövqelənib möhkəmlənməyə çalışdı.
Tələsik mövqeyə daşınan artilleriya qurğuları cəbhə boyu düzülərək atəşə hazır vəziyyətə gətirildi. Canlı qüvvənin sayı artırıldı...
Qaranlıq sürünərək meydandan yox olmağa, dan yeri sökülməyə başladı. Alatoranda üç düşmən əsgəri səngərin üstünə qalxıb irəliyə yerdəyişmə etməyə çalışdı. Ardıcıl uçuşan snayper güllələri bayaqdan düşmən tərəfdən ara-sıra gurlayan avtomat atəşinin bağrına ox kimi sancıldı. Snayper gülləsi ilə məhv edilən işğalçı ordunun əsgərlərinin cəsədləri diyirlənib qarşı tərəfə düşdü.
Düşmən ani susdu, sonra artilleriya mərmiləri ard-arda həmlə qrupunun yerləşdiyi mövqe istiqamətdə uçuşdu. Gecə boyu qazılıb hazırlanan səngərlərin ətrafı tufanlı dənizə döndü. Yaxınlıqda düşən mərmilər torpağın altını üstünə çevirdi. Səngərlərin nizamı pozuldu. Ani olaraq səngərə çökən həmlə qrupu başlarını silkələməklə torpağı təmizləyib avtomatlarının qundaqlarını yenidən sinələrinə sıxdı. Bir neçə düşmən əsgəri artilleriya atəşindən istifadə edərək snayper gülləsi ilə məhv edildikdən sonra durduqları yüksəklikdən aşağı diyirlənmiş üç əsgərin cəsədini götürmək üçün hərəkətə keçdi. Amma tez də başları üzərindən uçan gilizlərin xofundan geri çəkildi. Alatoran da artilleriya mərmilərinin havaya qaldırdığı toz dumanı kimi səhərin şehindən ağırlayıb torpağa çökdü. Artıq düşmən mövqeləri aydın görünürdü.
Düşmən gecə uzunu mövqeyə daşıdıqları minaatan qurğularını səngərdən bir-neçə metr arxada sıra ilə yerləşdirmiş, istiqamət verən taxtalarını həmlə qrupunun mövqelərinə doğru tuşlamışdı. Düşmən həmlə qrupunun səngərdən çıxaraq irəli hərəkət edəcəyini gözləyirdi, əlləri tətikdə atəş üçün hazır dayanmış, fürsətə köklənmişdi.
Həmlə qrupu isə tələsmirdi...
Ardı BURADA
Tarix
2021.09.16 / 08:30
|
Müəllif
Etibar Muradxanlı
|