İlandağ yazısı təxminən 30 il əvvəl elm aləminə məlum olub. İlk dəfə Sovet dövründə bölgədə çalışan geoloqlar bu abidə barədə Elmlər Akademiyasına məlumat veriblər. Yazının öyrənilməsi üçün materiallar İtaliyaya göndərilib və burada aparılan tədqiqatlar nəticəsində mətn deşifrə edilərək oxunub. Kitabə Naxçıvana şimal istiqamətindən yürüş edən Urartu hökmdarları ilə bağlıdır.
Mövzu ilə bağlı Axar.az-a açıqlamasında tarixçi alim Zaur Əliyev bildirib ki, İlandağ barədə şumerlərə aid olduğu ehtimal edilən əlyazmalarda da qeydlər var.
Onun sözlərinə görə, Oğuz türkləri dövründə İlandağ qədim müşahidə məntəqəsi kimi istifadə edilib:
“Yaxınlaşan təhlükə haqqında burada yandırılmış ocaq vasitəsilə Əlincə qalaya, oradan isə Çalxanqala və Şapurqalaya məlumat verilirmiş. Burada tapılan Urartu dövrünə aid e.ə. 820-810-cu illərə aid qədim mixi yazılardan aydın olur ki, ərazidə qədim dövrlərdən yaşayış olub. Dağın tarixi barədə yüzlərlə istinad və fakt yazmaq olar”.
Alimin sözlərinə görə, bizim eranın II əsrində qədim yunan alimi Ptolemey, XI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi, eradan əvvəl I əsrdə yaşamış yəhudi alimi İosif Flavi, rus tədqiqatçılarından İ.Şopen, V.M.Sısoyev və K.N.Smirnov və digər alimlər qeyd edirlər ki, əfsanəvi tufandan sonra Nuh Naxçıvanda yaşamış və burada dəfn olunmuşdur:
“İnanca görə, 7500 il bundan əvvəl baş vermiş daşqın zamanı Nuh və ona iman gətirənlərin mindiyi gəmi ilk dəfə Naxçıvanda quruya çıxmış və insanlar burada məskən salmışlar. Beləliklə, yeni nəsil buradan törəyərək artmışdır. Xalq arasında yayılmış və bu gün də mövcud olan inama görə, Naxçıvan şəhərinin cənubunda Nuhun, şimal qərbində isə bacısının qəbri var.
İlandağ yaxınlığında (və bütövlükdə Naxçıvan ərazisində) aşkar edilmiş ən məşhur mixi yazı abidəsi Urartu kralı I İşpuini və onun oğlu Minuanın birgə hakimiyyəti dövrünə aid edilir. Bu abidə elm aləmində çox vaxt tapıldığı yerə yaxınlığına görə "Qalacıq mixi yazısı" və ya geniş mənada İlandağ/Culfa mixi yazıları kimi tanınır. Yazı e.ə. IX əsrin son rübünə aiddir. Ən mühüm tarixi məqam isə budur ki, bu yazı Urartu dövlətinin Araz çayını keçərək Naxçıvan istiqamətində irəliləməsini, buradakı qədim yerli mədəniyyətlərlə toqquşmasını sənədləşdirən ilk rəsmi yazılı mənbələrdən biridir”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" istiqaməti üzrə hazırlanıb.
