Yuxarı

Şuşa əməliyyatı: duman taboru azdırdı...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

Bir ay dayanmadan xüsusi təyinatlılarla bərabər düşməni təqib edən, işğalçıları Cəbrayıldan, Füzulidən, Hadruddan qovub çıxaran qərargah rəisi kapitan Hüseynovun rəhbərlik etdiyi tabor Şuşa qalasını azad etmək kimi vacib bir tapşırıq almışdı. Dərhal da 28 il düşmən əsarəti altında olan Şuşa qalası istiqamətində hərəkət başlamışdı.

Verilmiş koordinat üzrə dağlar və sıx meşələrdən keçib Şuşa qalasının yaxınlığında yerləşən Şuşakənd kəndinə yaxınlaşacaqdılar. Şuşa şəhərini işğalda saxlayan düşmən hərbi birləşmələrinin diqqətini özlərinə cəlb etməklə parçalanmasına, bununla da Azərbaycan xüsusi təyinatlılarının digər istiqamətlərdən şəhərə daxil olmasına şərait yaradacaq, eyni zamanda Xankəndi tərəfdən Şuşa şəhərində müdafiə olunan düşmənə yardım gəlməsinin qarşısını alacaqdılar...

Qatı duman zil qaranlığı cilovlamışdı. İzsiz-tozsuz yollar görünməzliyə aparırdı. Kapitan Hüseynov sıx meşənin dərinliyinə doğru yalnız intusiya ilə addımlayırdı. Tez-tez çevrilib durmadan, addımbaaddım arxasınca sürünən taborun əsgərlərini müşahidə edir, onların yoldan çıxmamaları, səssiz və təhlükəsiz addımlamaları üçün tapşırıqlar verir, arxaya qayıdıb bir-bir əsgərləri ilə söhbət edir, onları dinləyir və döyüşə həvəsləndirirdi...

Düşmən Qalada möhkəmlənmış, ciddi müqavimət göstərir, tez-tez əks həmlə edib, ordumuzu geri çəkilməyə məcbur etməyə çalışırdı. Düşmən Şuşanın alınmaz qala olduğunu bilir, mövqelərinin etibarlı olduğundan, Azərbaycan əsgərinin bu mövqeləri aşa biləcəyinə inanmırdı...

Qılınc qınından sıyrılan kimi zülmət də dağlardan və dağların ətəklərindəki sıx meşələrdən çəkilib yox oldu. Səhərin alatoranı tora düşmüş balıq kimi sıx dumanın cəngində çırpınmağa başladı. Ara-sıra görünüb yox olan Günəş şəfəqləri nə qədər calışsa da, qatı dumanın torundan sıyrıla bilmədi. Paltarlarına hopmuş sübh şehinin nəmindən və dayanmadan hərəkətin tərindən əyinləri tam islanmış əsgərlər neçə günlük yorğunluqlarını unudub ehtiyat və qəti addımlarla meşədən çıxıb qarşıdakı qayalıqlara doğru yeridilər. Təxminən yüz, yüz əlli addım irəlilədikdən sonra kapitan Hüseynovun boğazını yırtıb xırıltıyla püskürən “Uzanın!” sədası düşmənin qəfil açdığı müxtəlif tipli silahların gurultusuyla bərabər dağları lərzəyə gətirdi.

Düşmən Azərbaycan taborunu qayalıqlardan ardıcıl atəşə tutdu. Kapitan Hüseynov uzandığı yerdən atəş nöqtəsini gülləyə tutunca rabitə bölüyünün komandiri kapitan Elbrus Mikayılov sürünüb özünü komandirinə yetirdi. Atəş dəstəyi verməklə bərabər məruzə etdi:

- Cənab kapitan, biz yolu səhv gəlmişik. Şuşakənddən deyil, Daşaltı istiqamətdən Şuşaya yaxınlaşırıq. – Tabor komandirinin üzünə baxmadan əlavə etdi: - Qatı duman bizi azdırıb, Ülvi.

Qərargah rəisi, həm də indiki halda tabor komandiri vəzifəsini icra edən kapitan Ülvi Hüseynov böyrü üstə diyirlənərək yerini dəyişdi. Gözünü atəş açdığı istiqamətdən ayırmadan üzünü rabitə komandirinə tərəf çevirib bağırdı:

- Taboru arxaya, meşəyə tərəf çəkin!

Əsgərlər komandirlərinin səsini eşitdi. Rabitə komandirinin tapşırığını gözləmədən qarşıdakı qayalıqlara doğru ardıcıl atəş aça-aça geri sürünməyə başladılar. Rabitə komandiri dizi üstə çökərək avtomatının qundağını sinəsinə sıxdı.

Düşmənin mövqeləndiyi qayalardan və daha arxada mövqe tutmuş düşmən artilleriya qurğularından açılan atəş səngimək bilmirdi. Qarşı tərəfdə partlayan minaatan mərmisi torpağı havaya qaldırdı. Kapitan Hüseynov cəld sıçrayıb yerindən qaxdı. Toz dumanından istifadə edərək ətrafı bir daha diqqətlə nəzərdən keçirdi. Meşənin çıxacağından xeyli irəlidə, müdafiə olunduqları ərazinin sol tərəfində qəbir daşları diqqətini cəlb etdi. Meşəyə doğru geri çəkilməklə itki verəcəklərini düşünüb, “Qəbiristanlığa qaçın!” - deyə özlərinə daha yaxın və müdafiə üçün daha əlverişli hesab etdiyi qəbir daşlarının arxasında mövqelənməyi əmr etdi.

Taborun bir qismi üstlərinə yağan güllə yağmuru altında qəbiristanlığa doğru sürünməyə başladı. Qəbiristanlığa daha uzaq, arxalarında qalan meşəyə daha yaxın olan digər qismi isə geri, meşəyə doğru çəkilirdi.

Tabor artıq ilk şəhidlərini vermişdi. Əsgərlərin bəziləri yaralı yoldaşlarını geri, meşəyə doğru sürüyür, bəziləri artıq canlarını fəda etmiş şəhid qardaşlarını çiyinlərinə alıb qarşı qayalıqdakı düşmən mövqelərini ardıçıl güllə yağışına tutmaqla geri çəkilirdi. Əks-həmlə taborunun açdığı atəş qayalara çırpılıb vıyıltıyla ətrafa uçurdu, düşmən artilleriyası isə yüksəklikdən kiçik bir vadidə müdafiə olunmağa çalışan Azərbaycan əsgərlərinə daha dəqiq atəş açmaq imkanındaydı.

Kapitan Mikayılovla bərabər qəbiristanlığa çəkilən taborun bir hissəsi qəbir daşları arxasında mövqelənib yuxarıda, qayalıqda gizlənən düşmən silahlılarını atəşə tutdu. Kapitan Hüseynov isə hələ də bir neçə döyüşçü ilə vadinin düz ortasında mövqelənib hər iki cəbhədə döyüşən əsgərlərini idarə etməyə çalışırdı. Artıq düşmənin ağır çaplı silahlardan aramsız atəşindən vadi görünməz olmuş, səma qaralmışdı. Düşmən, sanki, vadidə baş verənləri görmək, hədəfi dəqiq nişan almaq məqsədilə bir anlıq susdu. Artilleriya qurğuları susunca yaralı əsgərlərin səsi eşidildi:

- Yaralanmışam...

- Kömək edin...

- Heç nə görmürəm...

- Burdayıq...

Kapitan Hüseynov ətrafındakı döyüşçülərlə özünü yoldaşlarına çatdırmış, ilkin tibbi yardım göstərmədən dərhal geri, meşəyə çəkilməyi, yaralı və şəhidləri də arxaya daşımağı əmr etmişdi. Kapitan Mikayılov isə vadidə, açıqlıqda qalan yoldaşlarının təhlükəsiz yerə daşınmasını təmin etmək məqsədi ilə düşmən həmləsini öz üzərinə götürdü. Və eyni anda iki qumbaraatan mərmisi ilə düşmən mövqelərini hədəf almağı əmr etdi.

Bir anlıq susan düşmən artilleriyası yenidən qəbiristanlıq istiqamətini atəşə tutdu. Kapitan Mikayılovun əmri ilə əsgərlər iki-bir, üç-bir qəbir daşları arxasından çıxıb meşənin çıxacağındakı yaralı yoldaşlarına tərəf götürüldülər...

***

Payız axşamı düşməkdə, qaranlıq çökməkdəydi. Başdan ayağa papaq kimi vadinin başına qonmuş iriçaplı silahların qaldırdığı toz dumanı zülmət qaranlığın rəngini bozartmışdı. Qəbiristanlığa toplaşmış bütün döyüşçülər taborun əsas heyətinin yanına gələ, bütün yaralı və şəhidləri də meşənin çıxacağındakı təxminən on metr uzunluğu olan kolluqlardan ibarət təbii maneənin arxasına toplaya bilmişdilər.

Düşmən isə hələ də susmamışdı. Qısa fasilələr verməklə aramsız mərmi yağdırır, müxtəlif çaplı silahlarla bütün ərazini, meşənin çıxacağını, qəbiristanlıq istiqamətini, bəzi hallarda isə vadini - baxmayaraq ki, düşmən əsgərlərimizin artıq oradan çəkildiklərini bilirdi - atəşə tutur, nəfəs belə almağa imkan vermirdi...

Əllərində olan bütün tibbi vasitələrdən istifadə edərək yaralılara ilkin yardım göstərildi. Tabor müxtəlif istiqamətlərdən atəşə tutulduğu üçün kapitan Hüseynov gecəni elə orada qalacaqlarını bildirdi. Vaxtdan istifadə edərək bir neçə istiqamətdə kəşfiyyat qrupu göndərdi. Qısa müddətdə geri qayıdan kəşfiyyat qrupları mövqelərindən çox da uzaq olmayan yerdə düşmən əsgərlərinin pusquda durduqları haqqında məlumat gətirdi.

Tabor komandiri vəzifəsini icra edən kapitan Ülvi Hüseynov məsləhətləşmək və yeni tapşırıqlar vermək məqsədilə rabitə bölüyünün komandiri kapitan Elbrus Mikayılovu yanına çağırdı. Sürünərək bölük komandirinin yanına gələn kapitan Mikayılov gəlişi barədə məruzə etməyə macal tapmamış diqqətini gizləndikləri kolluqlardan bir qədər irəlidə basdırılmış dirək cəlb etdi. Baxışlarını həmin istiqamətdən ayırmadan:

- Komandir, qarşıdakı dirəyi görürsənmi? - deyə əlini irəli uzatdı.

Kapitan Hüseynov binoklu gözündən ayırıb yerindən azacıq qalxaraq rabitə komandirinin göstərdiyi istiqamətdə boylandı. Dirəyin yuxarı hissəsinə bərkidilmiş kameranı görüncə:

- Əclaf hiyləgərlər! – öz-özünə söyləndi. Üzunu bölük komandirinə çevirmədən: - Demək, bütün gecəni bizi atəş altında saxlamağa yardım edən bu dirəyə bəkidilmiş kameraymış! - əlavə etdi: - Deməli, düşmən kameralar vasitəsilə bizim bütün hərəkətlərimizi nəzarətdə saxlamağa çalışır.

- Vuraqmı kameranı, komandir? - kapitan Mikayılov avtomatının lüləsini kameraya tərəf tuşladı: - Onsuz da düşmən yerimizi də bilir, hərəkətlərimizi də izləyir.

- Tələsmə, indi yox, görüntü verəcəksən. - Tabor komandiri razılaşmadı: - Sən yaralı və şəhidləri arxaya, meşənin dərinliklərinə, təxliyə qrupunun gələ biləcəyi yerə qədər daşımaqla məşğul ol! – deyə tapşırıq verdi: - Ağır yaralılar var. Təxliyə qrupu gəlib çıxana qədər şəhid ola bilərlər, tələs.

Kapitan Mikayılov arxa-arxaya sürünüb sığındıqları kolluqların altından çıxdı və qalxıb əyilə-əyilə bir qədər arxadakı yaralıları sıra ilə düzdükləri yerə tərəf qaçdı. Yaralıların sayı az deyildi. Düşmənin nəzarəti altında olan bu ərazidən yaralıları təxliyə qrupuna çatdırmaq da asan görünmürdü. Bəziləri qızdırmadan yandıqları, bəziləri dayanmadan qan itirdiklərindən zarıyır, bəziləri də ağrıdan sayıqlayırdılar.

Kapitan Mikayılov bir-bir yaralıları yoxlayıb:

- Şükür, yaralılardan şəhid olanımız yoxdur! – deyə pıçıltı ilə özünə təsəlli verdi. Sonra yanlarında yerə çöküb astadan, amma hamının eşidə biləcəyi səslə soruşdu: - İndi məni diqqətlə dinləyim, aslanlarım! Hazırda biz düşmənin görə bildiyi, hərəkətlərimizə kamera vasitəsilə nəzarət edə bildiyi ərazidəyik. Buradan nə qədər tez uzaqlaşsaq, o qədər yaxşı olar. Kapitan Hüseynov indi bizim buradan təhlükəsiz çıxmağımız üçün bir neçə döyüşçü ilə pusquda duraraq şərait yaratmağa çalışır. İndi aranızda yardım edilmədən özü yeriyə bilən kim varsa, tələsmədən ayağa qalxsın.

Bölük komandiri sözünü bitirər-bitirməz yaralıların böyük əksəriyyəti ayağa qalxmağa çalışdı. Kapitan Mikayılov ağır yaralıların da qalxmağa çalışdığını görüb:

- Siz özünüzə əziyyət verməyin, uşaqlar, kim ki özü yeriməkdə çətinlik çəkir, yerindən qalxmasın. Biz yüngül yaralıları təyin olunmuş yerə çatdırıb sizi aparmaq üçün dərhal geri qayıdacağıq, - dedi.

16 nəfərdən ibarət, qolundan, çiynindən, belindən və s. yerimək imkanını məhdudlaşdırmayan nahiyələrindən yara almış əsgərlər kapitan Mikayılovun ardınca gəldikləri istiqamətdə, meşənin dərinliklərinə doğru hərəkətə başladı. Təxminən beş-altı yüz metr getdikdən, atəş nöqtəsindən uzaqlaşdıqdan sonra bölük komandiri gedəcəkləri istiqaməti yaralı əsgərlərə izah edib geri qayıtdı.

Bu zaman artıq qarşıdakı qayalıqlardan qalxan duman düşmənlə aralarına boz rəngli pərdə çəkməklə həmlə qrupunun düşmənin hədəfindən yayınması üçün şərait yaratdı. Tabor komandiri kapitan Hüseynov tutduğu mövqeni tərk edib dərhal ağır yaralıların yanına gəldi. Komandirlərinin səssiz işarəsini anlayan taborun bütün şəxsi heyəti özlərini tələsik yaralı yoldaşlarına yetirib vəziyyətləri ilə maraqlanmağa başladılar.

Kapitan Hüseynov:

- Yubanmaq olmaz, uşaqlar, yaralıları tez təxliyə qrupuna çatdırmaq lazımdır! Götürün! - deyə özü də avtomatını yerə qoyub yaralıları bir-bir yoldaşlarının çiyinlərinə qaldırmağa kömək etdi.

Hərəkətə başlamazdan qabaq kapitan Mikayılov:

- Komandir, kamera!.. – deyə başının işarəsi ilə arxanı göstərdi.

Kapitan Hüseynov:

- Tez ol, Elbrus, həll et və özünü tez bizə çatdır! - deyə yaralı əsgəri çiynində rahatlayıb meşənin dərinliklərinə doğru yeridi.

Kapitan Mikayılov gəldikləri istiqamətdə bir neçə addım geri qaçıb ayaqüstdəcə avtomatını çiyninə dayadı. Dumanın kamera bərkidilmiş dirəyin qarşısından ötməklə görüntünü çətinləşdirməsinə baxmayaraq, səbirlə gözləyib kameranı dəqiq nişan aldı və atəş açıldı. Kamera yerindən qopub, getdikcə qatılaşan dumanın içərisinə sıçradı. Atəş qarşıdakı dağlarda əks-səda verdi. Düşmən güllə açılan istiqaməti atəşə tutunca kapitan Mikayılov özünü döyüş yoldaşlarına çatdırdı.

Tabor meşənin dərinliyinə çəkilən zaman hərbi hissə komandiri polkovnik Nizami Mövlanov kapitan Hüseynovla əlaqə saxlayıb yaralıları geri aparmaq üçün təxliyə qrupunun artıq yolda olduğunu bildirdi.

Yaralıları təyin olunmuş yerdə saxlayaraq dərhal Şuşakənd istiqamətindən Şuşaya doğru hərəkət etmələri barədə tapşırıq verdi...

Ardı BURADA

Tarix
2021.10.17 / 09:00
Müəllif
Etibar Muradxanlı
Digər xəbərlər

Bu seçki dairələrinin hüdudlarına dəyişiklik edildi

Bakı və İrəvan arasında sülh sazişi... – Gülər

Gələn il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri...

AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video

“Politiko” dezinformasiya yaymaqda davam edir - Hacıyev

Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti

Duda İrəvanda Azərbaycandan danışdı

Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video

Samirə Ermənistana getdi, Paşinyana mesaj verdi - Foto

Kəşfiyyatçılar Moskvada bir araya gəldi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla