Azərbaycanın multikulturalizm siyasətinin mahiyyətini
fərqliliyə, müxtəlifliyə sevgi təşkil edir.
Belə görmüşük ki, mətbuat əsasən layihənin başlaması və
bitməsini işıqlandırmaqda maraqlı olur. Hər ikisi hadisədir. Proses
barədə o iki informasiyada yetərincə açıqlama olduğundan artıq
oxucu nəyin necə, harda həyata keçiriləcəyini bilir. Növbəti
xəbərlərin yayılmasına daha ehtiyac qalmır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan
Universitetinin birgə təşkilatçılığı və "Kulturaplus" internet
televiziyasının informasiya dəstəyi ilə keçirilən "Multikulturalizm
Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş" adlı
beynəlxalq yay məktəbi layihəsinə münasibətdə mətbuat fərqli mövqe
sərgilədi. Hər addımımız oxucuya, dinləyiciyə, tamaşaçıya
çatdırıldı. Statistikaya baxaq: 10 günə 119 yazı, cəmi 60 dəfə.
Xəbər, açıqlama, reportaj, müsahibə, videosüjetlər... Azərbaycan
mətbuatı 15 xarici, 9 yerli olmaqla, ümumilikdə 24 universitetin
tələbəsini ölkəsində belə qarşıladı. Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin mətbuat katibi Yadigar Məmmədli və Bakı
"525-ci qəzet"in əməkdaşı Sevinc Mürvətqızı olan yerdə keçirdiyimiz
günləri muncuq kimi cümlələrə düzmək bu qədər rahatmış.
Reportajın ilk cümlələrini mətbuata həsr etməyimin jurnalist
olmağımla az bağlılığı var. Sərgilədikləri mövqe alqışlanasıdır. Və
alqışlayırıq.
Layihəmizə də bu səslərlə başladıq. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin "Multikulturalizm Azərbaycan
xalqının həyat tərzidir" proqram xarakterli fikri Azərbaycan
Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri, görkəmli yazıçı Kamal Abdullayevin "Biz
xaricilərin Azərbaycana marağını sevgiyə çevirməliyik" tapşırığı
ilə müşayiət olundu. Qədəm qoyduğumuz yol uzaqdan gəlirdi - Ulu
Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrün əvvəlindən.
Azərbaycanlının multikultural əhvalı, tolerantlığı onun qədim
ənənələrindən biridir. Heydər Əliyev bu ənənəni siyasətə çevirdi,
Azərbaycan multikulturalizminə, tolarantlığına ana qanunumuz olan
Konstitusiyamızla hüquqi status verdi. Ulu öndər həmin gündən hər
bir vətəndaşa tövsiyə etdi ki, vətənini bu siyasətlə tanıtdırsın,
sevdirsin.
Akademik Kamal Abdullayevin ideyası ilə gerçəkləşən
"Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır,
paylaş" adlı beynəlxalq yay məktəbi layihəsi də həmin siyasətin
tərkib hissəsi idi. İlk dəfə "Azərbaycan multukulturalizmi" fənni
yaradıldı. 7 xarici, 7 yerli univerisitet seçildi. Müəllimlərin
hazırlığı üçün treninqlər keçirildi və dərs deyəcək müəllimlərin
kimliyi xüsusi imtahanla müəyyənləşdi. Yaz semestri başladı.
Belarus Dövlət və Linqvistik Universiteti, Çexiyanın Praqa Karlov
Universiteti, Litvanın Edukologiya Universiteti, Tiflis Dövlət
Universiteti, Rusiyanın Ural Federal Universiteti, İtaliyanın La
Sapienza, Bolqarıstanın Müqəddəs Kliment Oxrisdski adına Sofiya
Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Slavyan Universiteti,
Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti,
Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti,
Azərbaycan Dövlət İqtisad Universiteti, ilk dəfə "Azərbaycan
multukulturalizmi" fənninin tədris olunduğu məkana çevrildilər.
Azərbycan barədə bilgilər xarici tələbələrə o səviyyədə maraqlı
gəldi ki, ölkəmizi görmək arzularını dilə gətirdilər. Bu mövzuda
esselər yazaraq yerli mətbuatda dərc etdirdilər, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinə məktublar ünvanlandı. Marağın sevgiyə
çevrilməsi mərhələsi: "Azərbaycan multukulturalizmi" fənnindən dərs
deyən müəllimlər nəzəri bilikləri təcrübü biliklərə çevirməyə hazır
olduqlarını dedilər. Azərbaycan Respublikasının Millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi
xidmətinin təşəbbüsü ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı
Slavyan Universiteti ənənəvi olaraq bir araya gəldi. Qərar verildi:
Azərbaycanı görmək, tanımaq istəyən xarici, ölkəsini təqdim etmək
istəyən yerli tələbələrin, nüfuzlu alimlərin iştirakı ilə yay
məktəbi təşkil edilsin. Proqram hazırlandı. Qeyd olundu ki,
"Azərbaycan multikulturalizmi" fənninin tədris olunduğu yerli və
xarici universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm
adamlarının qatılacağı yay məktəbi iyulun 21-dən avqustun 1-dək
keçiriləcək.
7 qrup formalaşdı. Qrup rəhbərlərinin adını çəkməsəm, rahatlıq
tapmaram. Yeni dünyadır, qoy bu cəfakeş həmkarlarımın adları bir
düymənin altında əbədi tarixə yazılsın. Hikmət Babayev, Almaz
Axundova, Sərxanbəy Xudiyev, Araz Məmmədzadə, Nüsal Aydan, Kunina
İrina, Rəvan Həsənov 10 gün ərzində Vətəni təqdim etmək şərəfinə
nail oldular. Bu tarixin özünü də fotoqraflar Abbas Əliyev və Turan
Yusifova tarixiləşdirdi. 5 mindən çox fotolar çəkildi, disklərə
toplanıb, hər bir iştirakçıya hədiyyə verildi. Hələ onların
mühafizəsini təşkil edən hüquqşünasımız Tural Şahbazovsuz mümkün
deyildi. Tural, qonaqları günəşdən də qoruyurdu. Nəticə: 50 xarici
tələbə məktəbin 4-cü günündən bizim dildə danışmağa başladılar,
bizim rəqsləri oynadılar, bizim şeirləri dedilər, bizim filmlərə
baxdılar... Onlar bizimkilər oldular. Məhz dəyərli qrup
rəhbərlərinin səmimi münasibətləri "Biz Azərbaycanı sevdik
kəlməsini" xaricilərin dilindən ürəklərinə daşıdı. İngilis dilində
danışırdıq, sözümüzü kəsib, Azərbaycan dilini eşitmək istədiklərini
deyirdilər. Hansı cümləni eşidirdilər, dəftərçələrinə yazırdılar.
Sonra da bizə yaxınlaşıb soruşurdular: "Görün düz yazmışıq, düz
oxuyuruq?"
Düz idi. Yolumuz hamarlanmışdı. Onlar ölkəmizə elə isnişdilər
ki, ayrılanda ağlamayanı tapılmadı.
BSU-nun akt zalının səhnəsi: 50 xarici tələbə təəssüratlarını
bölüşür. Yenə bizim dildə danışırlar. Yay məktəbinin son
akkordlarıdır. Elə çalınır ki, səsi bütün ölkəyə yayılır. Kamal
müəllim demişkən: "Yay məktəbi sona çatdı, yaşasın yay
məktəbi".
Bu deyim, səhnəni kədərə bürüyür. Zalın nəzarətçisi Fikrət
müəllim keçmişə dönür. Yadına Artek düşərgəsini salır. Deyir: "Biz
ayrılanda düşərgənin rəhbəri infarkt keçirdi. Həkimlər diaqnozu
mikrafonla hamıya çatdıranda yaşadığımız acını heç vaxt
unutmayacağımızı elə ordaca anladıq".
Yay məktəbi iştirakçılarının əhvalını görməsəydim, bəlkə də
infarkt məsələsinə inanmazdım. Amma çox inandım.
Yay məktəbi paytaxtdan başladı. İki gündən sonra Nabrana
gedəcəkdilər. Bakını istisnasız bəyəndilər. Fərqli üslublu binalar,
köhnəliklə yeniliyin vəhdəti diqqətlərini cəlb etdi. İnkişafa nail
olmağımızın sadə sirrini açıqladıq onlara: müxtəlif
mədəniyyətliliyə hörmət. Seçdiyimiz marşrutla da dediyimizi sübut
etdik: Nabran - Quba - Qusar - Şahdağ - Xaçmaz. Bu bölgələrdə
müxtəlif xalqların nümayəndələri kompakt yaşayır. Hansı rayona
getdik yerli gənclər xaricilərə qoşuldular. Qonaqlar məəttəl
qalmışdı: yerli gənclər 5 dəqiqənin içində onlara isinişirdi.
Bizimkilər hansı dildə lazımdırsa, danışırdılar. Müxtəlif dili
bilmələri xarici dostları tərəfindən təəccüblə qarşılanırdı.
Reaksiayaları belə olurdu: "Siz necə də ağıllısınız".
Olduğumuz rayonlarda Azərbaycanın multikulturalizm siyasətinin
çalarlarını tanınmış yerli və xarici alimlərin mühazirələri ilə
öyrənməyə çalışdıq. Tədbirlər daha çox disskusiya xarakterl idi.
Qonaqlar verdiyi suallarla daha ətraflı öyrənmək istədiklərini sadə
məntiqlə anladırdılar. Yay məktəbi boyunca Qubada Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, "Bakı
şəhəri dağ yəhudiləri dini icması"nın sədri Milix Yevdayevin,
İsrailin Hayfa Universitetinin doktorantı, beynəlxalq əlaqələr üzrə
tanınmış ekspert Arye Qutun, Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun, Şahdağda
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət
müşavirliyi xidmətinin baş məsləhətçisi professor Etibar Nəcəfovun,
Xidmətin aparıcı məsləhətçisi Anna Bayramovanın, Xidmətin
məsləhətçisi Sərraf Hüseynovun, Xaçmazda Tarix elmləri doktoru
Həcər Verdiyevanın, AMEA-nın fəlsəfə və hüquq institutunun
direktoru, professor İlham Məmmədzadə, BBMM-in analitika şöbəsinin
müdiri Nəriman Qasımzadənin, Almaniyanın Augsburg Universitetinin
professoru Klaus Volfun, Nabranda Rusiyanın Ural Federal
Universitetinin Avropa araşdırmaları kafedrasının müdiri, professor
Aleksandr Nesterovun, BSU-nun rektoru Asif Hacıyevin, Azərbaycan
ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayevanın,
əməkdar incəsənət xadimi, yazıçı Natiq Rəsulzadənin, Azərbaycan
Yaradıcılıq Fondunun nümayəndəsi, şair Qismət Rüstəmovun maraqlı
çıxışları yay məktəbi iştirakçılarının məlumat bazasını
zənginləşdirdi.
Eurovision-2011 mahnı müsabiqəsinin qalibi, BSU-nun məzunu Eldar
Qasımovun yay məktəbinin iştirakçıları ilə görüşü xariciləri
riqqətə gətirdi. Canlı ifa zalı ayağa qaldırdı. Şəkillər, diskin
imzalnamsı, birlikdə mahnıların ifa olunması dəyərli qonaqlarımızın
xatirəsinə yəqin ki əbədi hopacaq.
Disskusiyalar rayonların Heydər Əliyev mərkəzlərində, gənclər
evində, muzeylərində, mədəniyət mərkəzlərində keçirilirdi. Qonaqlar
məkanlarla tanış olur, tariximizi öyrənir, inkişaf tempimizi
gözləri ilə görürdülər. Quba Soyqırımı Memorialı Kompleksində
eşitdiklərindən dəhşətə gəlmişdilər. Əsrin əvvəlində erməni
vandallarının azərbaycanlılara qarşı törətdiyi soyqırım silahı kimi
təqdim olunan qazantılar zamanı aşkara çıxan paslı mismarın
uşaqların başlarına vurulduğunu eşidən Rusiya təmsilçisi Olga
Markina göz yaşlarını saxlaya bilmədi. Onu sakitləşdirmək mümkün
deyildi, "ne plaç" deyənlər də ağlayırdı.
Qırmızı qəsəbədə isə çöhrələrdə sevinc vardı. Müsəlman ölkəsinin
qəsəbəsində sinaqoq və yəhudi əsilli azərbaycanlıların rahatıq və
təmtəraqla yaşaması faktı qonaqları dəfələrlə "bravo" sözü
işlətməkdən saxlaya bilmədi.
Hər axşam sərbəst saatlar keçirdik. Müsabiqlər, poeziya
axşamları, rəqs yarışları, qaliblərlə yanaşı məğlubların da
mükafatlandırılması böyük coşqu ilə qarşılanırdı. Azərbaycanı
xatırladacaq deyə, ən kiçik hədiyyə belə, xarici tələbələr üçün
dünya demək idi. Yay məktəbinin maraqlı tərəflərini saymaqla
bitməz. Ancaq birini xüsusi ilə qeyd edim: bütün müsabiqələrə
Nabran istirahət mərkəzində dincələn sakinləri də cəlb edirdik.
"Yallı" müsabiqəsi keçirilirdi. 7 qrup "Yallı" rəqsi hazırlamışdı.
Qrup rəhbərləri sözün əsl mənasında rəqabətə girmişdilər. Rus
tələbələr favorit sayılırdı. Nabran sakinlərindən ibarət 5 nəfər
münsif seçilmişdi. Onlar Bolqarıstanı qalib çıxardılar. Gözlənilən
etiraz yaşanmadı. Demokratiya bu qədər cazibədardır. Hər kəsin
seçiminə hörmətlə yanaşamaq məhz multikulturalizmdir. Yay
məktəbinin hər mərhələsində bir qanun vardı: Azərbaycana məxsus
tolerantlıq nümunəsini dünyaya olduğu kimi göstərmək.
Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik
Kamal Abdullayev yay məktəbinin başlanğıcında olduğu, sonunda
olacağı kimi, ortasında da iştirakçılarla görüşdü. Akademikin
görüşü ədəbiyyat mövzusundakı disskusiyalara təsadüf edirdi. Kamal
müəllim Azərbaycan ədəbiyyatının əsas qaynağından danışdı:
"Azərbaycan ədəbiyyatçıları "Kitabi-Dədə Qorqud"un şinelindən
çıxıb. Bu, zaman tanımayan əsərdir. Dastanın bəzi məqamları antik
yunan mifoloji motivləri ilə eynilik təşkil edərək, bizi qədim
miflər dövrünə aparır. Alman alimi Haynrix Fridrix fon Dits də də
qeyd edib ki, "Kitabi-Dədə Qorqud"da bəzi motivlər qədim yunan
mifləri ilə paraleldir. Bu dastanın Avropada nəşrinin və
tanınmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham
Əliyev də xüsusi Sərəncam imzalayıb. Diqqətinizi bu faktlara
yönəltməklə bildirmək istəyirəm ki, Azərbaycanın Renessans
ədəbiyyatının nümayəndələri Nizami, Nəsimi, Füzuli bu əsərdən
mənəvi şəkildə yararlanıblar. XII əsrdə Azərbaycanın qədim şəhəri
Gəncədə yaşayıb-yaradan və hələ o zamandan bütün dünyada məşhur
olan Nizami Gəncəviyə yazdığı əsərə görə hökmdar hədiyyə olaraq
Afaq adlı kəniz göndərib. Nizami həmin qadına aşiq olub və onunla
evlənib. Bu qadın tamam başqa mədəniyyətin daşıyıcısı, başqa xalqın
nümayəndəsi idi. Bu, əsl multikulturalizm hadisəsidir".
Salondakı hava çox yüngül idi. Ədəbiyyat haqqında söhbət belə,
adama rahat nəfəs alamağa kömək edir. Hər ölkənin təmsilçisi öz
şeirini söyləyirdi. Birinci Qismət başladı:
Qoca şəhər yatıbsa, saat üçü keçibsə,
Darıxanlar ordusu səni başçı seçibsə,
Baş götürüb qaçıbsa gözlərinin yuxusu,
İçini yandırırsa kimsəsizlik duyğusu,
Yenə küləklər kimi sərsərisənsə əgər,
Kədər satan gecəyə müştərisənsə əgər,
Bir fotonun önündə yüz fikrə getmisənsə,
Dözməyin köynəyini min tikə etmisənsə,
Asta yağış yağırsa, it hürürsə küçədə,
Küləklər daha əsmir, sənə köks ötürürsə -
Sən yığan nömrələri bu qəribə gecədə,
Eləcə təkrar-təkrar Səssizlik götürürsə -
Gözlərin sulanırsa təkliyin zülmətində,
Ürəyin sıxılırsa, dözürsənsə birtəhər –
Bu çarəsiz gecədə külqabı dövlətində,
Siqaret soyqırımı törədirsənsə əgər –
Buludların eşqinə, küləklərin xətrinə,
İşığı tükənməyən ürəklərin xətrinə,
Yaxın otur, qulas as:
Bir it hürür küçədə, səsi düşür gecəyə,
Elə bil ki, darıxır, kömək istəyir, kömək.
İstəyirəm boylanım pəncərədən küçəyə,
Bir ağız da mən hürüm, darıxmasın o köpək...
Ardınca Litva, İtaliya, Rusiya, Belarus, Çexiya, Gürcüstan
şeirinin ahənginə düşdük. Doğrudan da ədəbiyyatın bir dili var -
sevgi dili. Çex şeirininin tərcüməsini bilmidik, amma mərhəm
gəlirdi, ruhumuzu oxşayırdı.
10 günlük yay məktəbinin ovqatı büsbütün ruhun rahatlığına
köklənmişdi. Müstəqil ölkə olmağın ləzzətini bir daha yaşadıq. Səni
nəinki tanıyırlar, həm də sevirlər. Rusiya təmsilçisi Mariya Cayani
bağlanış mərasimində Səməd Vurğunun "Azərbaycan" şeirini şirin
ləhçə ilə dedi. Ondan "Anam doğma vətənimisən..." nidasının
mənasını soruşdum. "Yəni mənim vətənimdir" cavabını verdi. Ardınca
"məgər adamın iki Vətəni ola bilməz" sualını da ünvanladı.
Gülümsünərək başımın hərəkəti ilə "ola bilər" dedim. Və
qürurlandım.
Gələcəyi bu gün qurarlar. Bizə gələcək qurmağı tapşıranlara
böyük minnətdarlıq hissi ilə söyləyirik ki, yay məktəbinin hər bir
xarici iştirakçısı Azərbaycanın diasporuna çevriləcək. Daha bizi
qərəzli Semlər yox, obyektiv Konistantinlər təqim edəcək.
Azərbaycana qazandırdığımız sevgisi ilə, sevgisi ilə, sevgisi
ilə