Yuxarı

Edam fərmanıdır, qollamaq olmur...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Edam fərmanıdır, qollamaq olmur...

Bu gün tanınmış Azərbaycan şairi Salam Sarvanın doğum günüdür, onun 49 yaşı tamam olur.

Salam Sarvan yarım əsrlik ömründə böyük bir eranın mənəvi yükünü öz şeirlərinə sığdırıb. O, təkcə yazdığı şeirlərlə deyil, həm də publisistik məqalələri ilə ədəbi mühitdə inqilab yaratmış şairdir.

"Alın yazısında imza yeri boş –
edam fərmanıdı, qollamaq olmur.
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur" – deyən Salam Sarvan bir çoxlarının büdrədiyi bu ədəbiyyat yolunu sərrast addımlarla keçən söz adamıdır.

Onun yaşla bağlı maraqlı bir ironiyası var. Şair deyir ki, heç bir yaş ili bədən temperaturunun 40, təzyiqin 180, şəkərin 300-ü kimi təhlükəli rəqəm deyil.

Bu fikirləri ilə o, zamana da müəyyən mənada məişət əşyası kimi yanaşır:

"Hər şey sağa burulub bağlanır, sola burulub açılır – "şurup"dan tutmuş butulka qapağınadək. Saatın əqrəbləri də daima sağa burulur, ancaq bağlanmır ki, bağlanmır. Bu, nə deməkdi, zaman "sarvat" olub?"

Axar.az olaraq şairi 49 yaşının tamam olması münasibətilə təbrik edir, ona can sağlığı arzulayır və ən çox sevilən şeirlərindən bir neçəsini təqdim edirik:

Bağışla, otağım tör-töküntüdü

Yuvam dimdiyimdə gəzirəm hələ…
Sənsiz yer də yoxdu, dərbədər mənə
Gəl e, gəl qırılıb qırağa düşmüş
o qol budağımdan meyvə dər mənə.

Bilmirəm keçirim hansı halını –
Oynayım toyuna, batım yasına?..
Hər gün neçə məktub yazıb cırıram,
cırıb tullayıram… poçt qutusuna.

Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə –
bağışla, otağım tör-toküntüdü.

Gəl gedək oturub saata baxaq

Neynirdim bu boyda ömrü ilahi,
bu boyda yırtıq yox bu yamaq üçün…
Bir göz qırpımınca ömür verəydin –
o da ki gözümü qapamaq üçün.

Mən ki GÜNÜN gecə gözətçisiydim,
niyə basdı yuxu, nooldu yatdım?..
Bir uzaq yol gəldi bu baxt mənəcən,
o da gələn kimi yoruldu yatdı.

Söndür ekranları, ta bundan belə
nə filmə, nə də ki həyata baxaq.
Deyirlər saatda yaxşı vaxt gedir –
gəl gedək oturub saata baxaq.

Öləsən bir düşmən sevindirəsən

Ölüb yıxılasan yıxılanda da…
Salxım buzlar kimi sınıb gedəsən…
Deyirlər torpağın altı soyuqdu,
nola, qəbrinə də yanıb gedəsən.

Gözlərin tavana dəyib - qayıda,
ürəyin atlanıb çöllərə düşə…
Salıb itirəsən xatirələri,
ancaq etibarlı əllərə düşə.

Öləsən bir düşmən sevindirəsən,
ardınca barı bir "sağ ol"un ola …
Gözünü qapaya bir qız əlləri –
bu sənin ilk qadın sığalın ola!

Tarix
2015.08.10 / 12:09
Müəllif
Nigar An
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla