Axar.az
Yuxarı

Tağıyevə altdan yuxarı baxmaq istəyənlərə!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacı Zeynalabdin Tağıyevin ötən gün “İçərişəhər” metrosunun yanında abidəsinin o cür canlı, əlçatan qoyulduğunu görüb də, dəstəkləyənlərdən olduq. Ancaq gecəyə doğru sosial şəbəkələrdə xüsusilə tanınmış imza sahiblərinin və media nümayəndələrinin münasibətini izləyəndə təəccübləndik.

Az qala hər kəs Tağıyevin abidəsinin postamentsiz qoyulmasından narahatlığını ifadə edir. Niyə? Niyə abidələrimiz mütləq 4-5 metrlik postamentin üstündə olmalıdır?

Postamentli abidəni qoymaq üçün mütləq şəhərdə münasib yer ayrılmalıdır, böyür-başı düzəldilməlidir. Bakının mərkəzi hissəsində postament və təmtəraq üçün ayrılmalı nə qədər yer var? Ümumiyyətlə yer varmı?

Ancaq Tağıyevin abidəsi timsalında ilk nümunənin genişlənməsi böyük imkanlar vəd edir! Məsələn, sabah Musa Nağıyevin İsmailiyyəsinin yanında bu cür abidəsini qoymaq nə qədər gözəl olar və yaxud Şirvanşahlar sarayının önündə, lap elə içərisində Şeyx İbrahimin tuncdan bu cür abidəsi niyə olmasın?! Yer tutmur, tarixi abidələri korlamır, böyür-başında xüsusi tikinti aparıb, Şirvanşahlar sarayını zədələməyə qəti ehtiyac yoxdur və s. Əvəzində sarayı ziyarətə gələn şagirdlər, yeniyetmələr, gənclər Şeyx İbrahimi “canlı olaraq” görüb, böyründəki tunc lövhədən tarixini əyani öyrənə bilər!

İllərdir Səməd Vurğunla, yaxud Cəfər Cabbarlı ilə “şəkil şəkdirə” bilmirəm. Misilsiz abidələrdir, əsl sənət əsərləridir, şübhəsiz, ancaq praktik deyil: yanında dayanıb şəkil çəkdirmək istəsən, “fotoqraf” mütləq 100 metrliyə getməlidir ki, abidə də görünsün; abidə görünəndə, sən fotoda görünməz olursan, sən görünəndə isə abidənin yalnız postamentinin bir hissəsi düşür.

Ancaq istənilən turist, istənilən vətəndaş Hacı Zeynalabdinlə “selfi” çəkə bilər. Bu abidə o qədər praktik, canlı, təbliğat üçün o qədər uğurludur ki, bunu nəinki alqışlamaq, tətbiqini genişləndirmək lazımdır.

Bu yeni forma ənənəyə çevrilərsə, Məmməd Əminin BDU önündə abidəsi üçün də “xüsusi yer” ayırmağa gərək olmayacaq; Babək üçün də Babək prospektinin başında, yalnız Günəşli sakinlərinin getdiyi yolun üstündə, yekə bir postament qoyub, abidəni illərlə gözləməyə gərək qalmayacaq.

İnsanlar istirahətə daha çox hara üz tuturlar? Bəs, turistlər Bakıda haranı gəzirlər?

Hansı biriniz indiyədək Koroğlunun abidəsini görmək üçün o parka üz tutmusunuz? Ya Babəkin heykəli qoyulanda, hansı biriniz və yaxud hansı turist Yeni Günəşliyə onu görmək üçün gedəcək?

Ancaq bu yeni formalı abidələri Milli Parkda, Fəvvarələr meydanında, İçərişəhərin küçələrində yerləşdirmək rahatlıqla mümkündür! Turislər də, şəhəri gəzməyə çıxanlar da bu abidələri görəcək, onlarla fotolarını çəkdirib, özü ilə hər yerə daşıyacaq, çünki maraqlıdır, canlıdır, rahatdır!

Abidə təbliğatdır, həmin şəxsin yaddaşlarda yaşaması, gənc nəslin onu öyrənməsi üçündür. Tağıyevin abidəsi onun təbliği üçün yeni imkanlar deməkdir.

O ki qaldı hansısa dələduz və ya dələduzların bu ilk nümunəyə dərhal zərər verməsinə, bu, təfəkkür məsələsidir, düşüncədir.

Nə vaxta qədər biz böyük kişilərə, lap olsun xanımlara altdan yuxarı baxmağa məcbur olacağıq? Nə vaxta qədər məmurlar əlçatmaz olacaq, bilirsinizmi?

O vaxta qədər ki, təfəkkürümüz dəyişəcək! Biz öz sıralarımıza enən abidələrə münasibətimizi hələ formalaşdırmamışıq. Bu yanaşmanı dəyişməyincə “yekələr” elə hər zaman əlçatmaz qalmağa üstünlük verəcəklər!

Nə qədər qəribə də olsa, bizdə hər şey yuxarıdan başlayır - “katarsis” kimi, sanki Tanrı lütfüdür. Xatırlayıram, Birinci Avropa Oyunlarında gənclərin çağırışı ilə Prezident oturduğu yerdən qalxıb, onların yanına getdi, əyilib birgə fotolar çəkdirdi!

Niyə də olmasın? Niyə Qarabağı alan Prezidenti ilə ən adi vətəndaş şəkil çəkdirməsin ki! Niyə nazirlər, məmurlar xalqın içində olmamalıdır, sözünü eşitməməlidir, tənqidini, yeri gələndə sevgisini görməməlidir? Niyə sadə vətəndaşın nə düşündüyünü şəxsən müşahidə etməməlidirlər?

Çünki bizim təfəkkürümüz, yanaşmamız doğru deyil! Biz hələ bir abidənin “yanımıza gəlməsinə” hazır deyilik! Dərhal təsbehinə, əsasına əl uzadırıq!

Abidələrin də, məmurlar da əlçatan olmasına ilk növbədə biz hazır olmalıyıq! Biz şərait yaratmalıyıq ki, nazirin işə piyada və yaxud velosipedlə getməsi adiləşsin.

“Yuxarıdan” gələn bu müsbət təşəbbüslərə “təsbehini” əlindən almaq və “əsasını” sındırmaqla reaksiya verəcəyiksə, heç nə dəyişməyəcək! Biz hər kəsə - heykəllərə, insanlara, elə hadisələrə də - altdan yuxarı baxa-baxa qalacağıq. Ya taxtda, ya darda, ya başımızdan papaq düşüncəyə qədər ucalıqda, ya da ayaqlar altında... kimi sürü təfəkküründən qurtulmaq gərəkdir.

Qazaxıstanda etirazçılar içərisinə yeridilənlərin ilk işi Nazarbayevin abidəsini yıxmaq oldu. Nə düşüncədir bu? Bunları görən vəzifədən əl çəkərmi? Bunları görən xalqın hiss-həyəcanında yanında olarmı?

Bu gün altdan yuxarı baxıb, sabah vəzifədən enəndə salam belə verməmək təfəkküründən qurtulmaq üçün birincisi elə Tağıyevin “yanımızda” olmasının səbəbini dərk etməliyik.

Yoxsa düzəlməyəcək...

Tarix
2022.01.19 / 14:26
Müəllif
Şeyx Teymur
Şərhlər
Memorial Zefer
Digər xəbərlər

Bəhram tənqiddən sonra videonu sildi - Açıqlama

Müjganın “rəisi” cəmiyyətə nələr edib?

Azərbaycanda ilk: daş buğa fiquru aşkarlandı - Foto

Zaura Şuşada buna görə xəbərdarlıq edildi - Video

ABŞ professoru: İrəvan müsəlman şəhəri idi

75-ci Kann Film Festivalı başladı

Azərbaycan niyə kənarlaşdırıldı? - Avropa YŞ-dən cavab

Bakıda “petuxlar”ın azadlıq aksiyasına sözardı

“Avroviziya” Rusiyada keçiriləcək – Simonyan güldürdü

Bakı muzeylərində bu tədbirlər keçiriləcək

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla