Yuxarı

Cığatel: “Səməd Vurğun mənə ağır sözlər dedi”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairə Cığatel Azərbaycan teleməkanında tez-tez görünən simadır. 5 kitab müəllifi, "Qızıl qələm" mükafatı laureatıdır.

Axar.az şairə Cığatel ilə onun həyat və yaradıcılığı haqda söhbəti təqdim edir.

Ərimin xasiyyəti olduqca ciddidir

- Cığatel xanım, ilk sualım kifayət qədər qəliz və qeyri-adi adınızla bağlı olacaq. Adınızın mənası nədir?

- Daşıdığım ad qədim türk tayfalarının birinə aiddir. Vaxtilə bu adı rəhmətlik babam mənə verib. Türk dilindən tərcümə etdikdə incə, zərif tel anlamını daşıyır.

- Maraqlıdır, nə üçün müsahibəyə razılıq verdikdə "sən Allah, elə suallar ver, problem-filan yaranmasın", - dediniz? Ümumiyyətlə, nədir sizdə bu qədər təşviş yaradan?

- (Gülür) Təşviş yaradan deyəndə ki, ərimin, oğlumun xasiyyəti olduqca ciddidir. Onlar hədsiz qısqancdırlar. Amma sizin adınızda nur var, özünüz də nurlu xanımsınız. İnanmıram ki, mənə problem yarada biləcək suallar ünvanlayasınız.

- Hansı tip suallar problem yarada bilər?

- Məsələn, hansısa verilişdə kimsə sizə tərəf baxmadı, kimsə nə isə dedi, siz cavab vermədiniz və s. və ilaxır...

Məni yaradıcılığımdan uzaqlaşdıracaqlar

- Yoldaşınızın və oğlunuzun həddindən artıq qısqanc olduğunu dediniz. Amma getdiyiniz teleməkanlar və tədbirlər, orada çəkinmədən çıxışlar etməyiniz kifayət qədər sərbəst xanım olmağınızdan xəbər verir.

- Yox, mən ailəmlə sadəcə, şərt kəsmişəm ki, əgər hər hansı bir narazılıq olarsa, onlar məni yaradıcılığımdan uzaqlaşdıracaqlar.

- Yaradıcılıq demişkən, sizin yaradıcılığa təsadüf nəticəsində gəlməyiniz haqda çoxları bilir. Amma istərdim bir daha bu mövzuya qayıdaq. Evinizin yanıb kül olması və əvəzində...

- Mənim həyatım, əslində, təsadüflərlə doludur. Hər təsadüfü bir zərurət sanıram – istər yaxşı, istər pis təsadüf olsun. Həyatımda baş verən qəribə hadisəni dəfələrlə danışmışam, şairliyə başlama hekayəm heç kəs üçün sirr deyil. 33 yaşımda evim yandı və ilahi tərəfindən onsuz da qeyri-adi həyatıma daha bir yenilik əlavə olundu – bədahətən şeir yazmaq bacarığı. Əvvəlcə düşündüm ki, kənd adamıyam, şeir hara, mən hara? Hətta yazdığım dəftərləri cırıb atdım, qələmi belə sındırdım ki, yazmaq istəyim olanda yaza bilməyim. Amma çox qəribə, hətta mistik bir hadisə məni yenidən şeir yazmağa vadar etdi.

- İstərdim bu qəribə hadisəni bizimlə də bölüşəsiniz.

- Bunu heç bir yerdə deməmişəm, yalnız sizinlə bölüşürəm. Təsəvvür edin ki, mənim şeir aləmindən uzaqlaşmaq istədiyim məqamda, 3 gecə eyni saatda rəhmətlik Səməd Vurğun yuxuma gəlib mənə "Ay, ... (ağır söz işlətdi, o sözü deyə bilmərəm), götür qələmi əlinə və yazmağa davam elə. Sonra qolumdan tutdu və yaxınlıqda ağac kötüyünün üzərinə qalxmağa köməklik etdi. Bu yuxu düz 3 gün davam etdi.

Bəlkə də bunları deməməliyəm

- Yəni yazar olmağınız təsadüfi deyil...

- Bəlkə də söylədiklərimi yazmağınızı istəməzdim ki, insanlar birdən səhv anlayar məni, amma həqiqəti də gizlədə bilmirəm sizdən. Təsəvvür edin ki, saat 6-da yuxudan oyanmalıyam, amma yatıb qalıram, anam rəhmətlik yuxuma gələrək məni oyadır. Oyanıram və dəhşətə gəlirəm, saat düz 6 tamam olur. Ümumiyyətlə, hər dəfə əvvəlcədən gedəcəyim yerlər haqda yuxuda mənə müəyyən məlumat verilir.

- Yuxulara inanan Cığatel xanımın fala, öncəgörməyə münasibəti necədir? Ümumiyyətlə, caduya, tilsimə inanırsınızmı?

- Mən yalnız Allaha inanıram.

- Əvvəlki sadə kənd həyatınızdan razısınız, yoxsa indiki şöhrət dolu ömrünüz sizi qane edir?

- İndiki həyatımdan çox razıyam. Doğrudur, kirayədə qalıram. Müəyyən maddi sıxıntılara baxmayaraq, hər zaman yaradana şükür edirəm. Hətta bir çörək almağa pulum olmadığı zamanda belə Allahımdan razılıq etmişəm.

Həyat yoldaşım anlayışlı biridir

- Cığatel xanım, şəxsi həyatınızdan necə, razısınızmı?

- Bəli, razıyam. Həyat yoldaşım mənə qarşı son dərəcə anlayışlıdır. Bəxtimə yaxşı insan yazılıb, olduqca gözəl xasiyyəti var. 3 övladım var, kiçik qızım Leyla Camal da yazıçıdır, eyni zamanda gözəl səs diapazonuna malik bir qızdır. Deyəsən, mənim missiyamı məhz Leyla davam etdirəcək.

- Həyat yoldaşınızla necə tanış olmusunuz?

- Bizim zamanda ailə başçıları həll edərdilər evlənmə məsələlərini. Yoldaşımla biz valideynlərimizin istəyi ilə ailə qurmuşuq, bir-birimizə olan hörmət getdikcə böyük sevgiyə çevrildi desəm, yanılmaram.

- Müasir Azərbaycan ailəsində yaranan narazılıqlar boşanmaya gətirib çıxarır. Sağlam ailəmodelini necə qorumaq olar?

- Əvvəlcə onu deyim ki, müasir Azərbaycan ailəsi dedikdə, ümumi fikir söyləmək olmaz. Çünki indi ailələr bir-birindən hədsiz dərəcədə fərqlənir. Boşanma faktlarının çoxalması məni də çox narahat edir. Bu barədə dəfələrlə efir məkanlarında söyləmişəm. Ayrılıq anlamı çox zaman müasirlik adı altından gənclərin "azad" yaşaması istəyindən irəli gəlir.

Adət-ənənələrimizin unudulması...

- Statistik və araşdırma məlumatlarına əsasən, dağılan ailələrin əsas səbəbi sevgi olmadan həyat qurmaqlarındadır.

- Deməzdim. Bütün narazılıqların başlıca səbəbi məhz adət-ənənələrimizin unudulması və riayət edilməməsindən irəli gəlir.

- Ola bilərmi ki, bizim gənclər Avropadan götürdükləri mənfi xüsusiyyətləri bəzən dəb və imic ilə səhv salırlar?

- Avropa dəyərlərinin də öz özəllikləri və gözəllikləri var, amma bizim dinimiz, məsləyimiz tam fərqlidir. Unudulmaqda olan o qədər dəyərli adət-ənənələrimiz var ki! Bax bunları təbliğ etmək lazımdır! Təəssüf ki, Avropa dəyərləri çox zaman gəncləri yanıldır.

- Şairə Cığatel xanım evdar qadın obrazında necədir?

- (Gülür) Əla. Mənim əlimdən gəlməyən ev işi yoxdur. Çox gözəl əl işlərim var – toxumaq, tikmək, biş-düş etmək. Öz geyimlərimi də özüm hazırlayıram. Üstəlik, makiyajımı da özüm edirəm. Bir sözlə, universalam.

Təmənnasız yazıram, amma...

- Yəni Cığatel xanımın heç mənfi xüsusiyyəti yoxdur?

- Vallah, ola bilər, təvazökarlıqdan uzaq olsun söylədiklərim, amma olduqca sadə və səmimi insanam. Pisliyə heç bir zaman pisliklə cavab vermirəm. İnsanları çox sevirəm. Məni tanıyan insanlar həqiqət söylədiyimi deyə bilər.

- Bir çox tanınmış müğənnilər sizin sözlərinizə həsr edilmiş mahnılar səsləndiriblər. Hansı müğənninin ifası sizin üçün daha ürəkaçan olub?

- Şeirlərim mənə övladlarım qədər əzizdir. Təbii ki, onların dillərdə əzbər olması mənə xoş təsir bağışlayır. Müğənnilərə gəldikdə, əgər birinin adını çəkib, digərinin adını unutsam, məndən inciyə bilərlər. Mənə görə hər birinin öz yeri var.

- Şeirlərinizə görə müğənnilərdən nə qədər qonorar alırsınız?

- Təmənnasız yazıram, amma hədiyyələr təqdim edən də olur.

- Necə düşünürsünüz, xaricdə yaşasaydınız, maddi imkanınız yaxşı olardımı?

- Əvvəllər Ukrayna və Özbəkistanda yaşamışam. Amma Azərbaycanı çox sevirəm. Düşünmürəm ki, Azərbaycandan kənarda yaşasam, maddi məsələ daha yaxşı olar. Amma bu günümə də min şükür! Kirayədə qalırıq, amma torpaq sahəsi almışıq, ev tikirik. İndiyə qədər çox əzab-əziyyətlə qarşılaşdım, amma ailəmi qoruyub saxlamağa müvəffəq oldum. Düşünürəm ki, bütün sınaqlara görə bir gün yaradan tərəfindən mükafat alacam.

Tarix
2015.09.01 / 09:19
Müəllif
Aynur Nurlu
Digər xəbərlər

İlham Əliyev Xankəndidə BƏƏ nazirini qəbul etdi - Foto

Ərdoğanın təyyarəsi Füzuliyə endi

İmaməli Rəhman Xankəndiyə gəldi - Foto

Azərbaycanda Türkiyə bazası? - Konstitusiya imkan vermir

Prezident Şahbaz Şərifi Xankəndidə qarşıladı

Kiyevdə Azərbaycan restoranı darmadağın edildi - Foto

Bu ölkələrin başçıları Xankəndidədir

Rusiya Bakıya doğru “barışıq addımı” atdı - Kommersant

Milli Məclisin növbəti iclası başladı

İlham Əliyev Donald Trampı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla