Ötən gün Azərbaycanın böyük
şairi Məhəmmədhüseyn Şəhriyarın anım günü idi.
Əsil adı Seyid Məhəmmədhüseyn Behcət olan, Şəhriyar təxəllüsü
ilə şeirlər yazan şair 1906-cı ildə Təbrizdə anadan olub, ilk və
orta təhsilini də doğma şəhərində alıb.
Şəhriyar Tehranda Tibb Universitetində təhsil alsa da, şair kimi
məşhurlaşmışdı. Azərbaycan və fars dillərində yazan şairin ilk şeir
kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məliküşşüəra
Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə
nəşr olunub.
Şeirlərinə də bir həkim həssaslığı ilə yanaşan şairin şeirləri
həmişə sağ qaldı, ölmədi.
Lirik şeirləri ilə uşaqdan böyüyə hamının ürəyində öz məxsusi
yerini tutan Şəhriyarın adını çəkəndə yada birinci "Heydərbabaya
salam" poeması düşür. Azərbaycan dilinin nə qədər axıcı, rəvan
olduğunu bu poemanın hamımızın yadında asanlıqla əzbər qalması
sübut edir.
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Şal istədim, mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
Daim Azərbaycanın cənubunda şimalın həsrəti ilə yaşayan
Məhəmmədhüseyn Şəhriyar 1988-ci il, sentyabrın 18-də bu dərdlə də
dünyadan köçdü və vəsiyyətinə əməl olunaraq Təbrizin "Şairlər
məqbərəsi"ndə dəfn olundu.
Böyük şairin həyata vida etdiyi gün hər il İranda "Milli şeir
günü" kimi qeyd olunur.
Axar.az jurnalist Kürçaylı Məmmədovun Şəhriyar haqda hazırladığı
videonu təqdim edir: