Sabahdan etibarən oktyabrın
7-nə qədər Bakıda Rusiya Federasiyası Mədəniyyət Nazirliyi,
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "Kinofest"
Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə
Rusiya Filmləri Həftəsi keçiriləcək.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən
Axar.az-a verilən məlumata görə, film həftəsi ilə əlaqədar rusiyalı
kinematoqrafçılardan ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək.
Nümayəndə heyətinin tərkibinə xalq artisti Boris Şerbakov, həftənin
filmlərində çıxış edən digər aktyorlardan Denis Şvedov, Valeri
Şkirando, Olqa Lomonosova, Aleksandra Rozovskaya, prodüserlər
Yekaterina Filippova, Dmitri Savinski, Georgi Malkov, nümayiş
olunacaq "Quzum Dolli kinli idi, tez öldü" bədii filminin ssenari
müəllifi, rejissoru və prodüseri, tanınmış televiziya xadimi
Aleksey Pimanov və "Kinofest" Prodüser Mərkəzinin baş direktoru
Sergey Bragim daxildir.
Film həftəsi çərçivəsində oktyabrın 1-də saat 19:00-da "Sakit
üfüqlər", oktyabrın 2-də saat 18:40-da "Yaşıl karet", oktyabrın
3-də saat 18:40-da "Quzum Dolli kinli idi, tez öldü", oktyabrın
4-də saat 18:40-da "Kabus", oktyabrın 5-də saat 18:40-da
"Batalyon", oktyabrın 6-da saat 18:40-da "Ələkeçməz", oktyabrın
7-də saat 18:40-da isə "Əziz anam" bədii filmləri Nizami Kino
Mərkəzində tamaşaçılara təqdim olunacaq. Film nümayişlərinə giriş
sərbəstdir.