Bu gün tanınmış jurnalist, İctimai Televiziya və Radio
Yayımları Şirkətinin İctimai-siyasi proqramlar departamentinin
direktoru Anar Yusifoğlunun doğum günüdür.
Axar.az əməkdaşının Anar Yusifoğlu ilə 41 yaşının tamam olduğu
gün qısa söhbətini təqdim edirik.
- Anar bəy, illər gedir və insanın zahiri görünüşü ilə
yanaşı, təfəkküründə də dəyişikliklər olur. Sizcə, 41 yaşın
ədəbiyyata baxışı ilə 21 yaşın baxışı arasında fərq nədir? O vaxt
mətni, poeziyanı necə görürdünüz, indi necə
görürsünüz?
- 21 yaşımda o poeziyanı yaşayırdım, indi isə dediyiniz kimi,
görürəm. Ramiz Rövşən gözəl təsvir edib: "23 yaşında məni sevənlər
33 yaşında sevəmməz daha". Yəni yaş artdıqca baxış da dəyişir. O
vaxt mənə elə gəlirdi ki, poeziya hər şeyin açarıdır. Və poeziyanı
rəng kimi yox, səs kimi görürdüm. Amma yaş ötdükcə Sözün dəyərini
anlamağa başladım; Sözlə nəfəs aldıqca, əslində, onun dəyərini
bildim. Bəzən də yazdım. O vaxt poeziya, mətnlə yaşayırdım, indi
isə yaşadıqlarım Sözə çevrilir. O vaxt poeziyanı gözümlə yox,
ürəyimlə görürdüm.
Bir də 21 yaş sirrdi, sehrdi: hər kəsə bağlısan, sənin hansı
qabiliyyətə sahib olduğunun və istedadının ölçüsü bilinmir; dünyanı
fərh eləməyə hazır görünürsən. 41 yaşda isə anlayırsan ki, dünya
fəth olunmaq üçün deyil, ona azacıq cəhd etməyin isə ağır
məğlubiyyətinə səbəb olar; anlayırsan ki, dünya üçün vuruşmaq yox,
axirət üçün çalışmaqdır insanın mahiyyəti…
- Anar Yusifoğluna ad günündə verilən hədiyyələr
sırasında kitab oldumu?
- Düzünü deyim ki, son illər ad günlərimdə ilk kitabı dünən
qızım hədiyyə edib: Dostoyevskinin seçilmiş əsərlərini. Amma orta
məktəbdə oxuyanda sinfimizin qızları 23 fevralda həmişə bir kitab
hədiyyə edirdilər və o kitablar bu gün də kitabxanamdadır.
Qəribədir ki, dostlar sanki oxumağımı deyil, yazmağımı istəyirlər –
çünki ad günlərimdə daha çox qələm hədiyyə alıram. Görünür, bunun
da öz mistikası var.
Əslində, mənə kitab hədiyyə edənlər olur, mənim də dostlardan
oğurladığım kitablar olur (gülür) – amma bunlar ad günlərində yox,
vaxtaşırı baş verir.
- Bildiyimiz qədər, siz jurnalistika ilə yanaşı, ədəbi
fəaliyyətlə də məşğulsunuz. Jurnalistika bədii yaradıcılığa nə
dərəcədə təsir edir? Məsələn, sizin daha çox bilgi, informasiyaya
sahib olmağınıza və ya yazı dilinizdə, üslubunuzda hansı "izlər"
salır?
- Hər iki sahə Sözə bağlıdır. Mən bu gün teleaparıcıyam. Ədəbi
fəaliyyətlə ara-sıra məşğul oluram. Amma jurnalist kimi bəzən içimi
nələrsə tərpədəndə, nəsə məni narahat edəndə, yazıram. Özümü yaxşı
informator hesab edirəm və hər gün də bilgilərimi artırmağa,
oxumağa çalışıram. Çox təəssüf ki, ənənəvi mediadakı yazılar indi
yoxdur. Amma yaxşı yazılar da az deyil.
Yazdıqlarım – kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq
- Sözə xidmət edir. Çünki mən Sözdən qorxmuram, daha çox Sözə
inanıram. Söz də inanılmaq üçün deyilir. Ona görə də jurnalist
fəaliyyətim ədəbi yaradıcılığa kömək edir.
- 41 yaşda özünüzü formada hesab edirsinizmi – sözün hər
mənasında…
- Futbol oynaya bilməyən adam topu başqasına atıb həmişə. Amma
mən Sözə inandığım üçün hələ ki, oyundan kənar vəziyyətə
düşməmişəm.
Təəssüf ki, bizdə sözü də şoulaşdırırlar. Mənsə şoudan uzaq
adamam.
Dünyada ən ağır cinayət sözü öldürməkdir. Yazdıqlarımın ölü
sözlərin sərgisinə çevrilməsini heç vaxt istəməmişəm.