Yuxarı

“Hollivud ulduzlarını geridə qoyardım...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Hollivud ulduzlarını geridə qoyardım...”

Aktyor Elçin Məmmədli son dövrlərdə seriallarda oynadığı rollarla diqqət çəkir. O, bizimlə müsahibəsində həyatı, sənəti və gələcək planları haqda bəzi gizli məqamlardan söhbət açıb.

Axar.az aktyor Elçin Məmmədli ilə müsahibəni təqdim edir.

Bunu özümə rəva bilmirdim

- Elçin bəy, gəlin, həyatın maraqlı dönəmindən – uşaqlıq illərindən başlayaq...

- Uşaqlıq illərim, əslində, mənim üçün bir o qədər də yaddaqalan və sevincli anlarla bol olmayıb. Hələ 6 aylıq körpə ikən atam ağır xəstəlikdən vəfat etdi. Anam mənim üçün həm ata, həm ana olmağa çalışıb. Əfsus ki, həyatda ən böyük arxa-dayağım olan anam artıq 7 ildir yataq xəstəsidir.

- Bildiyim qədərilə, uşaq ikən ananızla xaricə üz tutmusunuz...

- Bəli, valideynim mənim üçün daha xoş həyat arzusu ilə dayımın yaşadığı yerə – Ukraynanın Donetsk vilayətinə yollandı və mən uzun illər bu şəhərdə yaşamalı oldum.

- Bəs sizə xoş həyat bəxş etdilərmi?

- İnanın, həyatımda ən ağır, bəlkə də özüm-özümə sual edərək, cavab tapmadığım sualları mənə ünvanlayırsınız. Amma cavablarımda səmimi olacağam: yox, xoş həyat mənim kimi əzab-əziyyətli yollarla gedən insanlardan uzaqdır.

- İstedadlı gəncin bu sözlərində bir qədər naşükürlük sezdim...

- Qətiyyən, mən hər zaman "şükür" kəlməsini dilə gətirən insanam. Amma zaman olub ki, təhsil, tədris və ictimaiyyətdən uzaq dönəmimdə, özümlə həmyaşıd uşaqlara baxaraq, onların daha rahat və daha qayğısız həyatını görürdüm və bununla da əzablarım birə-beş artırdı. Bəzən hətta ac, pulsuz məqamımda yanımda kifayət qədər imkanlı insanları hiss edir, lakin onlardan nə isə istəməyi özümə rəva bilmirdim.

Həyat cilddən-cildə girməyi diktə edir

- Bütün bu çətinliklərə baxmayaraq, gözəl təhsil ala bildiniz və hətta universiteti də bitirdiniz. Maraqlıdır, niyə məhz aktyorluğu seçdiniz?

- Məndən aktyorluq peşəsini seçməyimin səbəbini soruşduqda, cavab verirəm ki, aktyorluq ixtisasını, əslində, universitetə qəbul olmazdan əvvəl, öz həyat təcrübəmdə qazandım. Bəzən istəmədən və ya məcburi olaraq obrazlara girməyi, cilddən-cildə düşməyi amansız həyatın qəddar qanunları diktə edir. İncəsənət mənim həyatımda çox şeyi dəyişdirdi, insanları daha yaxından və daha yaxşı tanımağa şərait yaratdı. Ailəmizdə yaradıcı insana gəldikdə onu deyim ki, rəhmətlik atam və babam Şəki şəhərində kifayət qədər tanınmış nağaraçı olublar. (Əslən Şəki şəhərindənəm). Bizim tərəfdə bir toy belə onların iştirakı olmadan keçməzdi.

- Elçin bəy, həm həyat, həm də peşəkar təcrübə nəticəsində kifayət qədər püxtələşdiyiniz təqdirdə niyə ekranda daha böyük çərçivədə yer alaraq, öz seçiminiz və qeyri-adiliyinizlə yadda qalmadınız?

- Mənim seçimim rəngarəng və maraqlı idi, üstəgəl, hədəfim Azərbaycan kinosunda yeniliklərlə yanaşı, müasirliyi təbliğ etmək idi. Bütün arzularım gerçəkləşərdi, əgər başımda daha bir amansız imtahan olmasaydı.

- Hansı imtahan?

- 4 il əvvəl şəxsi motosikletimlə yağışlı havada yüksək sürətlə idarəetməni itirdim. Ayılanda, artıq başımdan, ayağımdan güclü xəsarət aldığımı anladım. Ən çox zərbə isə sağ ayağıma dəymişdi: zaman keçdikcə ayağımda güclü ağrılar daha da şiddətlənir, damarlarımda olan genişlənmə normal yeriməyimə imkan vermir.

Hollivud ulduzlarını kölgədə qoyardım

- Çox güman ki, müalicələr olub. Onların təsiri və müraciətləriniz əsasında həkimlər nə dedilər?

- Ancaq əməliyyat... Lakin bu rəy riskli olduğundan hələ ki, düşünür və yubadıram. İnanın, səhhətimdə problem yaşamasaydım, Hollivud ulduzlarını kölgədə qoyardım.

- Lakin səhhətinizdə ciddi problemlərə baxmayaraq, yenə də öz sahənizdə çalışırsınız və hər zaman çəkilişlə bağlı səfərlərdə olursunuz.

- Elədir. Mən öz peşəmi sevirəm. Sevgi isə insanın ağır günündə və çətin anında belə ürəyində olur. Heç bir amil ona xələl gətirə bilmir.

- Elə isə Elçin bəy sevgi ilə hansı obrazları canlandırıb? İstərdim çəkildiyiniz film və ya seriallar haqda danışasınız.

- Böyük məmnuniyyətlə. Mən həm teatrda, həm filmdə yer almışam. Rejissor Samir Qulamovun çəkdiyi "Küləklər şəhərində" düz 20 seriya polis kapitanı Zaur obrazını canlandırdım. Ardınca "Həkimlər" serialında doktor-travmotoloq Rasim obrazında çəkildim. Xəzər TV-nin yayımladığı və reytinqlərdə birinci olan "Səndən sonra" serialında mənə Famil obrazı tapşırıldı və düşünürəm ki, bu işin öhdəsindən layiqincə gəldim.

- Seriallardan bəhs etmişkən, qeyri-peşəkar aktyorların ifası haqda sizin fikrinizi öyrənmək istərdim.

- "Qeyri-peşəkar" sözü bir qədər müasir incəsənət aləmində birmənalı qarşılanmır: qeyri-peşəkar dediyimiz heç bir aktyor əziyyətsiz və tamaşaçı sevgisi olmadan kiminsə yerini tutmur. Ola bilər ki, bu sahədə sözügedən insanların bilgiləri azdır, başqa peşə sahibidirlər, incəsənət aləmində onların sevgi və maraqları olmasa, tamaşaçı rəğbəti və tələbi yoxdursa, onlar bu zirvəyə qədər yüksələ bilməzlər.

Fərda və Fəlakət illərin sınağından keçib

- Yəni peşəkar aktyor olaraq, qeyri-peşəkar aktyorları incəsənətdə qəbul edirsiniz?

- İstedadlıları qəbul edirəm. Fərda, Fəlakət (Elşən Orucov) – bu insanlar uzun illərin sınağından keçmiş şəxslərdir. Düşünürəm ki, onlar öz təcrübələri və əziyyətləri bahasına nail olduqları işdə peşəkarlardan heç də geri qalmırlar.

- Xanımlar üçün maraqlı ola biləcək suala cavab istərdim: Elçin Məmmədli ailəlidir, yoxsa subay?

- Vaxtı ilə ailəli olmuşam, 3 yaşında bir qızım böyüyür. Lakin bəzi səbəblərdən ayrılmalı oldum, indi subayam.

- Elçin bəydən ayrılmamaq üçün xanımı hansı xasiyyətə malik olmalı idi?

- Keçmiş xanımım özü yaradıcı insandır, bizim indiki münasibətimiz də normaldır. Sadəcə olaraq, mənim xasiyyətim olduqca ciddidir. Mənim düşüncəmə görə, kişi olan məclisdə qadın susar, öz yerini bilər. Bəzi məqamlar var ki, onlar haqqında danışmaq istəməzdim. Bu gündən sonra ailə qurmaq haqda düşünmürəm, bütün fikrimi yalnız karyerama yönəltmişəm. Maliyyə cəhətdən müəyyən vəsaitim olsaydı, çox gözəl bir film ərsəyə gətirərdim. Hətta fikrimdə ssenari belə hazırlamışam.

- Sözügedən filmin ssenarisində öz obrazınız varmı?

- (Gülür) Əlbəttə, mənsiz film olar? Özü də baş rolda. Ümumiyyətlə, ikinci dərəcəli rollar mənə görə deyil. İddialı olaraq bildirirəm, əgər hər hansı bir film həvalə edilirsə, orada ya əsas rollardan birində yer alıram, ya da ümumiyyətlə, filmdə çəkilməkdən imtina edirəm.

Sözügedən film ərsəyə gələrsə, baş rolda özüm oynayacam, həyatımın baş rolumda özüm yer aldığım kimi...

Tarix
2015.10.23 / 08:15
Müəllif
Aynur Nurlu
Digər xəbərlər

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

Zelenskinin danışıqlar üçün Bakı təklifi - Rusiyadan cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla