Xalq artisti Yalçın Rzazadə sevilən və illər keçsə də,
öz səsini qoruyan sənətkarlarımızdandır. Onun mahnıları bəzi
filmlərimizdə də yer alaraq yaddaşımıza həkk olunub.
Axar.az xalq artisti Yalçın Rzazadə ilə müsahibəni təqdim
edir.
Rəşid Behbudov kimi sənətkarlar...
- Yalçın müəllim, necəsiniz? Sizin üçün
darıxmışdım...
- Yaxşı olmağa çalışıram, qızım. Məni də yaşadan sizlərsiniz. Ən
əsası sənətkara qiymət verməyi bacaran jurnalistlər. Beş günlük
dünyadır, amma inanın, bu sözünüz mənim üçün qiymətsizdir.
- İcazənizlə, istəyirəm bir başa söhbətə keçim: sənətkar
olmaq üçün insan nə etməlidir?
- Sənətkar olmaq üçün birinci Allah vergisi - səs olmalıdır.
Doğuşdan şanslı doğulmalısan. Səsin də gözəl olmalıdır. Məsələn,
Rəşid Behbudov kimi sənətkarlar elə anadan sənətkar doğulurlar,
onlarda fitri istedaddır. Allah vergisi onun səs tellərində var
idi. Amma indiki ifaçılar mütləq akademik məktəb keçməlidirlər.
Gözəl səsi, sənətkar müəllimi, yaxşı məktəbi və ağlı olan əsil
sənətkar ola bilər.
Mirzə Babayev qastrollarda spirtli içki
içib
- Səsinizi necə qoruyursunuz?
- Səsi olan hər zaman oxuyur. Mən dondurma yeyib, buzlu su
içərək səhnəyə çıxıb konsert vermişəm. Qorumaqla deyil ki... Yenə
də oxuyaram, şükür ki, səsim yerindədir. Ustad sənətkar xəstə səsi
ilə də vəziyyətdən çıxar. Ancaq elə zamanlar olur ki, simfonik
orkestrlə konsert verməli olmuşam, qoz yeməmişəm, az danışmışam,
çoxlu yatmışam, ancaq alınmayıb. Bəzi vaxtlarda isə buzlu su
içmişəm, çox yorğun olmuşam, amma studiyaya girmişəm, orkestr
çalıb, özüm də ifama heyran qalmışam. Üzr istəyirəm, bir söz deyim,
səs köpəyoğlu şeydir, səsi tərbiyə etmək lazımdır. Amma hər kəs
Yalçın ola bilməz. Rəşid Behbudov viskinin içərisinə buz atıb içib,
sonra səhnəyə çıxıb, konsert verirdi. Mirzə Babayev qastrollarda
spirtli içki içib, 3-4 şiş kabab yeyib, ifa edirdi. Mat-məəttəl
qalırdım.
- Sizə nə mənfi təsir edir?
- Əsəb, stress səsimə çox mənfi təsir göstərir.
- Nə əsəbiləşdirir sizi?
- Yerini bilməyən, üzlü, səviyyəsiz insanlar. Əsəbiləşəndə çox
zaman pəncərədən baxıram, günəşi görüb sevinirəm. Daha sonra geyim
dolabımı açıram, ən sevdiyim geyimlərimi, ayaqqabılarımı çıxarıb
baxıram. Ürəyim açılır, xatirələr gözümün önündə canlanır.
Flora xanımın ifasını bəyənməmişəm
- "Əlvida"nı sizdən sonra yaradan oldu?
- Yox! Səmimi söhbət edirəm sizinlə, hər kəsin öz səsinin tembri
var. Sizin səsinizin tembrində o qədər mülayimlik var ki, mən
sizinlə çox rahat danışıram. Kompliment deyil ha, həqiqətdir
(gülür). Bizim dövlət fondunda 743 mahnım var, onlar artıq yazılıb.
Mahnılarımı çox xalq artistləri, əməkdar artistlər də oxuyub,
bəyənməmişəm. Sizə bir misal çəkim. Deməli, "Baladadaşın ilk
məhəbbəti" filmindən mahnı ifa etmişəm. Fikrət Qoca deyir ki,
"kirpiklərinlə qoru, saçlarınla yaşıl yar", bu, lirik mahnıdır. Bu
mahnıya çarpayıda, yataqda oturub klip çəkdiriblər. Gülməlidir,
olmaz! (Qeyd edək ki, həmin mahnıya xalq artisti Zülfiyyə
Xanbabayeva klip çəkdirib...)
- Bəs Flora Kərimova? O da sizin mahnılarınızı ifa
edib.
- Flora xanımın ifasını bəyənməmişəm. Deyin niyə? Çünki o
mahnılar Yalçının səs tembri üçün yazılıb. Təbii ki, Flora Kərimova
digər ifaçılara baxanda mənim mahnılarımı ən yaxşı ifa
edənlərdəndir, amma ifası tam ürəyimcə olmayıb. F.Kərimova
sənətkardır, çox gözəl mahnıları var, amma...
- Yalçın müəllim, nəyə görə sizin kimi pedaqoq bu gün
müxtəlif səs yarışmalarında münsif kürsüsündə deyil?
- Çünki mən o təklifləri qəbul etmirəm.
- Səbəb?
- Soruşuram ki, məndən başqa münsiflər kim olacaq? Elə ifaçıları
deyirlər ki, heç tanımıram. Balansı saxlamaq lazımdır.
- Bu gün sizi nə hörmətdən sala bilər?
- Heç nə, heç kəs. Çünki mən tarixdə şəxsiyyət kimi qalacam.
Məni azərbaycanlılar da, bütün dünyada da kişi kimi, mərd
azərbaycanlı kimi tanıyırlar. Üç nər boyda oğlum, iki nəvəm var.
Hər biri də kişidir.
Bu, artıq biabırçılıqdır
- Sənətkar kimi sizi tanıyırıq, söz ola bilməz. Bəs ata
Yalçın Rzazadə necədir?
- Mən bütün uşaqları çox sevirəm. Öz övladlarımla da dost
olmuşam. Balalarımla həm dostam, həm də çox sərt. Çünki əsil
müsəlmanam. İçki içmək, böyüyə cavab qaytarmaq, böyüyün yanında
oturmaq olmaz. Ana-ata danlayanda dilləşmək olmaz.
- Heç olubmu həyat yoldaşınıza və yaxud övladlarınıza əl
qaldırasınız?
- Heç vaxt. O zaman mən ən alçaq adam olaram ki... Qadına əl
qaldırmaq kişilikdən deyil, qəbahətdir. Qadın axı zərif məxluqdur,
onu incitmək olmaz.
- Elə məşhur xanımlar da var ki, efirdə belə etiraf
ediblər ki, həyat yoldaşları onları döyəndə ləzzət
edir.
- Bu artıq biabırçılıqdır. Qadın şillədən necə həzz ala
bilər?!
- Yalçın müəllim, Allah sizə bundan sonra uzun ömür
versin, yüz yaşayasınız. Ancaq ölüm hər birimiz üçün
var.
- Təbii... Mən ölümdən qorxmuram.
- Bəs Yalçın Rzazadə həyatdan necə köçmək
istəyər?
- Bu gün 70 tələbədən imtahan götürmüşəm. Bir tələbəm çox gözəl
ifa etdi, kövrəldim. Atasını itirən uşaq idi... Mənim üçün çox ağır
idi (ağlayır).
- Allah sizin də, övladlarınızın da canına
dəyməsin.
- Bu çox ağırdır, qızım. Çünki mən ata, ana, qardaşlarımın
itkisini görən adamam. Amma heç vaxt arzulamaram ki, Allah
eləməsin, övladımın mafasını çiyinlərimdə daşıyam. Bundan ağır şey
yoxdur. Həmişə arzu edərəm ki, meyitimi oğlanlarım şərəflə
çiyinlərində apara bilsinlər. Ömrümü xalqıma həsr etmişəm. Mən
torpağımı ölümcül sevən insanam. Elə olmasaydı, çoxdan çıxıb
gedərdim buradan... Şansım da var idi, amma getmədim. Çünki buradır
mənim torpağım, vətənim, xalqım. Azərbaycanı sevirəm.
- Yalçın müəllim, siz xoşbəxt
sənətkarsınız...
- Qızım, çox sağ ol. Sizin bu sözünüz mənim
üçün qızıl tacdır, tacın da üstündə brilyantlar, zümrüdlər var.
Allah sizə xoşbəxtlik nəsib etsin. Bu gün ağır gün idi, ancaq
sizinlə söhbətləşdik, ürəyim açıldı. Mən Allah adamıyam, sizə də
arzu edirəm ki, Allah hər zaman başınızın üstündə olsun.