Yaddaqalan obrazlarla tamaşaçı rəğbəti qazanan Firəngiz
Mütəllimova sevilən sənətkarlarımızdandır. Xalq artisti şəxsi
həyatında baş verən bəzi hadisələri, o cümlədən, mərhum sənətkar
Yaşar Nuri ilə şəxsi münasibətləri haqda qaranlıq məqamları ilk
dəfə bizimlə bölüşdü.
Axar.az xalq artisti Firəngiz Mütəllimova ilə müsahibəni təqdim
edir:
Elə məşhurlar var ki...
- Firəngiz xanım, necəsiniz?
- Şükür Allaha, yaxşıyam.
- Sizi tamaşaçıya sevdirən nədir?
- Səmimiliyim, hər şeyi düzgün danışmağım, dürüstlüyüm.
- Heç yalan danışmırsınız?
- Yox, tamaşaçıya heç vaxt yalan danışmamışam, danışmaram da...
Sadəcə, şəxsi həyatımla bağlı açıqlama vermirəm, çünki bu mənim
şəxsi həyatımdır.
- Firəngiz xanım, insanlar sizi sevir, tanıyır. Xalqın
sənətkarı olduğunuz üçün şəxsi həyatınız da tamaşaçıya maraqlıdır.
Hesab edirəm ki, onlar da sevdikləri sənətkarın əsl həyatını bilmək
istəyirlər.
- Bax, insanlar cürbəcür olur. Elə məşhurlar var ki, şəxsi
həyatlarını nümayiş etdirmək onlara zövq verir, elə insanlar da var
ki, bunu bəyənmirlər, gizli saxlayırlar. Bəzən hər şeyi açıb
deyəndə, xoşbəxtliyin ömrü də azalmağa başlayır.
Firəngiz Mütəllimova dünyasını dəyişib
- Bu günə qədər haqqınızda yayılan hansı xəbər sizi
sarsıdıb?
- Ölüm xəbərim. Yazmışdılar ki, Firəngiz Mütəllimova dünyasını
dəyişib, pis oldum. Bir dəfə də deyiblər ki, guya qızım var, amma
mən onu gizli saxlamışam. Düzdü, o xəbər mənə pis təsir eləmədi,
amma təəssüfləndim. Dedim ki, kaş düz olardı...
- Təbii, ana olmaq hər qadının arzusudur...
- Əlbəttə, ana olmaq hər bir qadının arzusudur, istəyidir. Hansı
qadın ana olmaq istəməz ki?! Amma hər şey Allahın əlindədir. O,
necə məsləhət bilirsə, elə də olur.
- Firəngiz xanım, çox gözəl qadınsınız, sevilən
aktrisasınız. Nə qoymadı ki, şəxsi həyatda xoşbəxt
olasınız?
- Şöhrət. Səmimi yanaşanları belə anlamadım. Bilmədim ki, onlar
məni sevir, ya Gülnarı. Qaranlıq qaldı o məsələ mənə.
Aramızda məhəbbətdən başqa hər şey olub
- Rəhmətlik Yaşar Nuri ilə sevgili
olmusunuz?
- Xeyr, Yaşar müəllimin ailəsi də məni çox gözəl tanıyır. Yaşar
bilirdi ki, mənim həyatımda kim var. O, çox gözəl sirdaş idi. Biz
əsl dost idik, aramızda məhəbbətdən başqa hər şey olub. Mən Yaşara
elə dərdlərimi demişəm ki, heç ailə üzvlərim o məsələlərdən bixəbər
olublar.
- Üzünüz gülsə də, mən hər zaman sizin gözlərinizə fikir
vermişəm. Gözləriniz heç gülmür, səbəb nədir?
- Hə, o, sözsüz elədir. Üzüm gülsə də, gözlərim gülmür. Düz hiss
eləmisiniz.
- Firəngiz xanım, dediniz ki, həyatınızda olan şəxsin
kimliyini Yaşar Nuri bilib. Həmin şəxslə niyə sona kimi
alınmadı?
- Siz nə bilirsiniz ki, həmin şəxslə sona kimi alınmadı?! Həmin
şəxs indi də həyatımdadır. Mən təzəlikcə xalamı itirdim, bunu
açıqlayacaqdım. Qismət belə imiş, sizə deyirəm.
- Belə başa düşdüm ki, bizə şad xəbər
verəcəksiniz.
- Sadəcə, ürəyimdən keçənləri deyəcəkdim. Bəzi insanlar bunu düz
başa düşmürlər. Ürək dostu deyəndə səhv anlayırlar. Hər bir qadına
ürək dostu lazımdır. Elə gərək nəsə olsun?! Sənin həyatda dərdini,
sevincini bölüşəcəyin bir şəxs olmalıdır.
- Anladım, sizin həyatınızda artıq belə bir insan
var.
- Var, bəli. İlk dəfə sizə etiraf edirəm.
O insan 15 ildir həyatımdadır
- Bəs yenidən ailə quracaqsınız?
- Yox, elə bir şey istəmirəm. Hər şey vaxtında gözəldir. Bir
dəfə ailə həyatı qurdum, alınmadı. O insan 15 ildir həyatımdadır.
Mənə belə rahatdır. Nə o ailəlidir, nə də mən.
- Nikah yoxdur, ancaq birlikdəsiniz.
- Bəli, nikah yoxdur. Bütün günü bir yerdəyik, yalandan
"yox", - deyə bilmərəm axı...
- Firəngiz xanım, məşhur insandır?
- Xeyr, tanınmış deyil. Hər bir qadın kimi, mənim də həyatımda
kimsə olmalıdır. Arada düşünürdüm ki, ailə quraq, ancaq sonra
əməliyyat olundum, gözümü açan kimi o insanı gördüm. Onunla yaxşı
və pis günlərimizi bir yerdə keçiririk, həyatda da əsas budur. Ona
görə deyirəm ki, qadına ürək dostu lazımdır.
Niyə də mən Məhsətini oynamayım?
- Niyə yenidən ailə həyatı qurmursunuz?
- Ailə həyatı qurdum, amma övladım olmadı. Səhnəyə, efirə çıxıb,
deyib-gülürük, amma bu o demək deyil ki, problemimiz yoxdur. Mənim
də ailəm var, onların da problemləri olur. Həyatdır... Yəni başım o
qədər qarışıq olur ki, hərdən özüm də yadımdan çıxıram. Teatrda
tamaşa oyna, seriala çəkil, universitetdə dərs de, tələbələrin
dərsləri qalsın bir kənara, şəxsi həyatları ilə maraqlan, bu, çox
çətindir.
- Firəngiz xanım, ən çox nədən qorxursunuz?
- Qorxuram, Şuşanı görmədən həyatdan köçərəm. Şuşanın havasını
ata-anamın əvəzinə də ciyərlərimə çəkmək istəyərdim.
- Yaradıcılığınızda nə yenilik var?
- Hazırda İlyas Əfəndiyevin "Qarabağnamə" əsərində Tubu xanımı
oynayıram. Ən böyük arzum əsl Azərbaycan xanımını oynamaqdır. Niyə
də mən Məhsətini oynamayım? Və yaxud da ki, qaçqın-köçkün bir
qadını və ya şəhid anasını?!
- Rolun böyük-kiçiyi varmı?
- Mənim üçün yox. Rolun yox, aktyorun böyüyü, kiçiyi var. Səhnə
hərəkət sevir. XXI əsrdir, mən də hərəkətli rolları sevirəm.